Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Zəlimxan YAQUB
“PEY­ĞƏM­BƏR”
Poema


Hüseynbala MİRƏLƏMOV
QIRXINCI OTAQ
Roman


Fikrət QOCA
DÖRD ADDIM
Poema


Haynrix BÖLL (Almaniya)
Hekayələr


Əşrəf VEYSƏLLİ


İnqilab İSAQ


Reyhan YUSIFQIZI
QARANLIQLAR IÇINDƏ
GÖYLƏRDƏN GƏLƏN SƏS
İki hekayə


İlham MƏMMƏDLI
USTAD AŞIQ, INCƏ RUHLU ŞAIRƏ, CƏNGAVƏR QADIN


Almaz ƏLIQIZI
"YARIMÇIQ ƏLYAZMA"
VƏ YAXUD TARIXIMIZIN IBRƏT DƏRSLƏRI


YENİ TƏRCÜMƏLƏR
 

Haynrix BÖLL (Almaniya)
Hekayələr


 

XX əsrin ən görkəmli ədəbi simalarından biri, Nobel mükafatı laureatı Haynrix Böllün yaradıcılığı nəinki müharibədən sonrakı alman ədəbiyyatında, eləcə də çağdaş dünya ədəbiyyatında yeni bir mərhələ olmuşdur.
1917-ci ildə anadan olmuş Böll İkinci cahan müharibəsinin iştirakçısı olmuş, 1939-cu ildən müharibənin sonunadək müxtəlif ölkələrdə, müxtəlif cəbhələrdə vuruşmuş, dəfələrlə yaralanmış, əsir düşmüşdür və tədqiqatçılarının fikrincə, alman ədəbiyyatında onun kimi yaradıcılığı şəxsi həyatı ilə son dərəcə sıx bağlı olan ikinci yazıçı tapmaq çətindir. Doğrudan da, onun, janrından asılı olmayaraq bütün əsərlərində əsas təsvir obyekti birbaşa şahidi olduğu hadisələr, yaratdığı obrazlar isə müasirləri olmuşdur. Beləliklə, Böllün yaradıcılığı üçün əsasən iki mövzu səciyyəvi olmuşdur: müharibə və müharibə qurtarandan sonra onun iştirakçılarının yaşamağa məcbur olduqları ictimai-sosial şərait... Daha doğrusu, müharibənin dəhşətləri, insanların istər fiziki, istərsə də mənəvi şikəstliyi, onların "qaçqınlar və əsirlər əsrində" (H.Böll) üzləşdikləri çətinliklər, soyuq müharibə və "balaca adamların" hər gün dəyişən siyasi oyunların, dini-əxlaqi dünyagörüşlərinin qurbanına çevrilməsi H.Böll yaradıcılığının əsas motivləri olmuşdur.
Dünya mədəniyyəti xəzinəsinə "O illərin çörəyi", "Və heç nə demədi", "Sahibsiz ev", "Haradaydın Adəm?", "Saat onun yarısında bilyard oyunu", "Bir təlxəyin düşüncələri" və s. kimi qiymətli romanlar bəxş etmiş H.Böll hekayə janrının da ustalarından hesab olunur. Böll hekayə janrını öz müsahibələrinin birində "ən çox sevdiyi cazibədar nəsr forması" adlandırmışdır və doğrudan da, yaradıcılığının son günlərinədək bu janra müraciət etmiş, "Yolçu, yolun düşsə Spar...", "Mənim qəmli sifətim", "Çörəyin dadı" və sair kimi gözəl hekayə nümunələri yaratmışdır.


ÇÖRƏYİN DADI

Zirzəmidən gələn kəsif, turşumuş qoxu üzünə vurdu. Yavaş-yavaş sürüşkən pilləkənlərlə düşdü, alaqaranlıq bir yerə çıxaraq dəvdənə - dəvdənə irəlilədi. Hardansa damırdı: ya evin damı zədələnmişdi, ya da su borusu partlamışdı. Toz-torpağa, zir - zibilə qarışan su pilləkənlərı akvarium şüşəsi kimi sürüşkən eləmişdi. Yoluna davam etdi. Qapılardan birindən işıq gəlirdi, alaqaranlıq dəhlizin sağ tərəfindəsə bir lövhə asılmışdı: "Rentgen otağı. İçəri girmək olmaz". İşığa tərəf getdi. Sarımtıl, öləzimiş bir işıq idi və şöləsinin titrəyişindən bilinirdi ki, şam işığıdır. Gedə - gedə qaranlıq otaqlara baxdı: hamısında üst - üstə yığılmış stol-stullar, yumşaq divanlar, bir - birinə sıxılmış dolablar...
İşıq gələn otağın qapısı tamam açıq idi. Böyük altar şamının yanında mavi mantolu bir rahibə dayanmışdı və pardaxlı qabda salat qarışdırırdı. Qabdakı göyərti yarpaqları ağ rəngə boyanmışdı və o gördü ki, yerə düzülmüş qablardakı şorba asta-asta çalxalanır. Rahibənin iri, qırmızıya çalan əlləri altında qabın divarları boyu fırlanan yarpaqlar aşaraq yerə düşür, rahibəsə onları sakitcə götürüb təzədən qaba qoyurdu. Şamdanın yanında iri bir tənəkə qazan vardı və ondan güclə sezilən şorba, isti su, soğan, ədviyyat qoxusu gəlirdi.
Ucadan dilləndi:
- Axşamınız xeyir!
Rahibə geri döndü, enli, qırmızıya çalan yanaqlarına qorxu çökdü, astadan dedi:
- İlahi!! Nə istəyirsiniz?
Uşaq əllərinə oxşayan zərif əllərinə xırdaca-xırdaca göyərti yarpaqları yapışmışdı və onlardan sıyıq sous süzülürdü.
- İlahi!!- qiz təzədən dilləndi. - Məni lap qorxutdunuz. Nəsə istəyirsiniz?
- Acmışam! - yavaşdan dedi.
Daha rahibəni görmürdü: baxışları sağa - qapısı açıq qalmış, daha doğrusu, sınmış dolaba sancılmışdı. Sınmış qapının yarısı çərçivədən asılı qalmış, üstü pardaxlı taxta qırıqları döşəməyə səpələnmişdi. Dolabda çörək vardı! Çoxlu çörək... Üst-üstə qalanmışdı, qırçın-qırçın düzülmüşdü çörəklər... O dəqiqə ağzı sulandı, udqundu və ürəyindən keçirdi: "Çörək yeyəcəm! Hər halda, çörək olacaq!" Rahibəyə baxdı. Qızın baxışlarından məsumluq, ürkəklik yağırdı.
- Acsınız? - qız dilləndi. - Acıbsınız? - O, sualedici nəzərlərlə salat qabına, şorba qazanına və çörəklərə baxdı.
- Çörək! - O güclə dilləndi. - Xahiş edirəm, çörək....
Qız rəfə yaxınlaşıb bir çörək götürdü, onu stolun üstünə qoydu, çəkməcədə bıçaq axtarmağa başladı.
- Sağ olun! - dedi yavaşdan. - Bıçaq lazım deyil... Çörəyi əllə də kəsmək olur...
Rahibə salatı və şorba qazanını götürüb çıxdı...
Tələsik çörəyi parçaladı. Çənəsi əsirdi... Hiss etdi ki, ağzının, almacıq sümüklərinin bütün əzələləri titrəyir... Sonra dişləri çörəyin parçalanmış hissəsindəki yumşaq yerə sancıldı...Yeməyə başladı. Yedi...Yedi... Çörək köhnə idi, bir həftədən qalmış olardı. Qurumuşdu, üstündə də hansı fabrikinsə qırmızımtıl rəngə çalan yarlığı vardı. Dişlərilə çörəkdə "lağım atmağa" başladı, quruyub qaxaca dönmüş yerlərini ovcuna yığdı, bir parça da qopardı, sağ əli ilə həmin parçanı yeyə-yeyə qaxaca dönmüş yerlərini sol ovcunda sıxdı... Elə hey yeyir, yeyirdi... Sonra ordakı qutuların birinin kənarında oturdu... yedi... Hər dəfə təzə bir parça qoparanda, kəsilmiş yerin yumşaq tərəfindən dişləyirdi, çörəyin bütün dadını ağzında hiss eləyirdi... Hər dəfə dişlədikcə də bu quru çörək onun ağzını sanki nəvazişlə oxşayırdı....

ƏDALƏTLİ DANİEL

Nə qədər ki qaranlıq idi, yanında uzanmış qadın onun sifətini görmürdü, hamısına dözə bilirdi. Düz bir saat idi ki, qadın danışırdı və elə hey "hə", "əlbəttə, elədir", "hə, haqlısan" demək o qədər də çətin deyildi. Yanında uzanan qadın arvadı idi. Ancaq həmişə onun haqqında düşünəndə "qadın" sözü ağlına gəlirdi. Çox gözəl qadın idi və hətta belə bir arvadının olmasına paxıllıq edənlər də vardı. Arvadını qısqanmağa əsas çox idi, ancaq özü qısqanc adam deyildi. İndi sevinirdi ki, qaranlıq arvadının sifətini ondan gizlədir, sevinirdi ki, gərginləşmir. Bütün günü işıqda kiməsə başqa bir sifət göstərməkdən yorucu heç nə yoxdur və onun da işıqda arvadına göstərdiyi sifət qondarma sifət idi.
Qadın dedi:
- Uli keçməsə, dəhşət olacaq. Mariya buna dözməz. Özün bilirsən ki, o nələr çəkib... Elə deyil?
- Əlbəttə elədir, - o, cavab verdi, - bilirəm...
- Yavan çörək yeyib. Adam inana bilmir ki, bütün bunlara dözüb... Həftələrlə quru taxtanın üstündə yatıb... Uli doğulanda Erix itkin düşmüşdü... Uşaq bu imtahandan keçməsə, heç bilmirəm necə olacaq. Düz demirəm?
- Hə, düz deyirsən...
- Çalış imtahan keçirilən sinfə girməmişdən əvvəl uşağı gör, ona bir-iki xoş söz de... Sən əlindən gələni edəcəksən, elə deyilmi?
- Elədir...
Düz otuz il bundan əvvəl, bir yaz günündə onun özü də qəbul imtahanı vermək üçün şəhərə gəlmişdi. Həmin axşam bibisigil yaşayan küçəyə düşən günəş işığı qıpqırmızı idi və onda on bir yaşlı oğlana elə gəlmişdi ki, kimsə evlərin damına qığılcım səpələyir, ətrafdakı yüzlərlə pəncərədə həmin qırmızı rəng metal kimi parıldayır.
Sonra yeməyə oturdular və onda da pəncərələrə yaşılı rəngə çalan bir qaranlıq qonmuşdu. Yarım saat belə oldu və qadınlar bilmədilər, işığı yandırsınlar ya yox. Onun bibisi də tərəddüd edirdi. Axırda düyməni burdu və bununla da sanki yüzlərlə qadına işarə verdi, bütün pəncərələrdən süzülən sarımtıl işıq yaşılı rəngə çalan qaranlığın bağrına sancıldı. Bu işıqlar elə bil tikanlı kal meyvələr kimi qaranlıqdan asıla qalmışdılar.
- Keçə biləcəksən? - bu sualı bibisi verdi və həmin anda pəncərənin qabağında qəzet oxuyan əmisi başını buladı, sanki bununla demək istədi ki, yersiz suallar verməsin, xətrinə dəyər.
Sonra bibisi onun yerini mətbəxdəki taxtın üstündə düzəltdi və döşək əvəzinə onun altına sırıqlı yorğan saldı. Əmisi öz yorğanını, bibisi isə yastığını verdi.
- Tezliklə sənin də öz yorğan-döşəyin olacaq, - dedi bibisi, - indi yat, gecən xeyrə qalsın.
- Gecəniz xeyrə qalsın.
Bibisi işığı söndürüb yataq otağına keçdi.
Əmisi getmədi və özünü elə göstərdi ki, guya nəsə axtarır. Əlləri oğlanın üzünə toxunaraq pəncərənin qarşısında nəsə axtardı, sonra təzədən onun üzünə toxunaraq geri qayıtdı. Bu əllərdən meyxana, qətran qoxusu gəlirdi. Əmisinin utancaqlığı qurğuşun kimi havadan asılı qaldı, demək istədiyini demədən yataq otağına keçdi.
"Keçəcəm, - deyə oğlan tək qalan kimi ürəyindən keçirdi və indi yəqin ki, sobanın qarşısında oturub nəsə toxuyan anası gözləri önündə canlandı. O hərdən əllərini qoynuna qoyur, qorxa - qorxa müqəddəslərdən hansınasa dua edirdi." Ən çox pərəstiş etdiyi Judas Tedousa dua edirdi? Yoxsa gimnaziyaya girməyə hazırlaşan bu kəndli oğlan üçün Don Boskoya dua etmək lazım idi?
- Elə şeylər var ki, onlar gərək heç vaxt olmasın, - yanında uzanmış qadın dilləndi. Hiss etdi ki, o, cavab gözləyir və ona görə də yorğun halda dedi:
- Elədir...
Və birdən ümidsizliklə hiss etdi ki, dan sökülür, açılan səhər onun qarşısında çətinlər çətini olan bir vəzifə qoyur: özü üçün ayrı bir sifət qondarmaq!
"Yox, - deyə ürəyindən keçirdi, - çox vaxt baş verməli olmayan şeylər də baş verir..."
O vaxt, otuz il bundan əvvəl, qaranlıq mətbəxdə özünü daha inamlı hiss edirdi. Riyaziyyat, inşa haqqında düşünürdü. İnanırdı ki, hər şey yaxşı olacaq. Yəqin ki, inşanın mövzusu belə olacaq: "Şahidi olduğun ən qəribə hadisə" və dəqiq bilirdi ki, nəyi yazacaq: Tomas dayının qaldığı ruhi xəstəxanaya getdiyini; qəbul otağındakı yaşıl rəngli stullar və bir də onun dediyi yeganə cümlə: "Kaş bu dünyada ədalət olaydı". Həmin cümləni çox vaxt onun özünə də deyirdilər...
- Sənə qırmızı rəngli gözəl bir isti köynək toxumuşam... - Anası dedi bu sözləri. - Sən axı... rəngli şeyləri çox xoşlayırdın...
- Kaş bu dünyada ədalət olaydı...
Onlar havadan, inəklərdən və bir az da siyasətdən danışdılar. Tomas dayı isə bircə cümlə deyirdi:
- Kaş bu dünyada ədalət olaydı...
Və sonra onlar divarları yaşıl rəngli dəhlizlə geri qayıdanda, arıq bir kişinin çiyinlərini qısaraq sakitcə bağa tərəf baxdığını gördü. Darvazaya çatmağa az qalanda mehriban, xoş təbəssümlü bir kişi onlara tərəf gəldi və dedi:
- Madam, mənə "əlahəzrət" deməyi unutmayın...
Anası yavaşdan dedi:
- Əlahəzrət...
Bir qədər sonra onlar tramvay dayanacağında gözləyərkən geri dönüb bir daha ağacların arasında gizlənmiş yaşıl rəngli binaya baxdı və gördü ki, arıq kişi hələ də çiyinlərini qısaraq pəncərədən baxır. Həmin anda bağdan gülüş səsi eşidildi, sanki kimsə korşalmış qayçı ilə tənəkə kəsirdi...
- Qəhvən soyuyur... - Bu sözləri arvadı olan qadın dedi: - Nəsə bir şey ye...
Qəhvə dolu fincanı ağzına yaxınlaşdırdı, nəsə yedi.
- Bilirəm, - deyə qadın əlini onun çiyninə qoydu, - bilirəm ki, sən yenə də "ədalət" barədə düşünürsən. Məgər uşağa azacıq kömək etmək ədalətsizlikdir? Ulini sevmirsən?
- Sevirəm, - dedi. Və doğrudan da belə idi: Ulini sevirdi. Nərmənazik, mehriban, çoxbilmiş bir oğlan uşağı idi. Ancaq gimnaziyada oxumaq onun üçün əzaba çevriləcəkdi: şöhrətpərəst ananın təhriki ilə çoxlu əlavə dərslərə getməli olacaq. Nə qədər çalışsalar da, nə qədər xahiş-minnət eləsələr də, orta səviyyəli bir şagird olacaq. Ömrü boyu gücü çatmayan bir iddia yükü daşımaq məcburiyyətində qalacaq.
- Uliyə kömək etməyə söz verirsən, elə deyilmi?
- Elədir, - dedi, - ona kömək edəcəm.
Və arvadının qəşəng yanaqlarından öpüb evdən çıxdı.
Yavaş-yavaş gedirdi. Siqaret yandırdı, qondarma sifətindən canını qurtardı, sərbəstliyindən ləzzət aldı, öz doğma sifətinə qayıtdığına sevindi. Xəz mallar mağazasının vitrininə baxdı. Üstünə qəhvəyi rəngli suiti və xallı pələng dərisi qoyulmuş qara məxmərin üstündə sifətinin əksi görünürdü. Solğun, bir az da şişkin görünən, təxminən qırx yaşlarında olan şəkkak, bəlkə də abırsız bir kişinin sifəti idi. Bir il öncə rəhmətə getmiş dostu Alfred həmişə deyərdi: "Sən hələ də bəzi kin-küdurətli xasiyyətlərindən əl çəkməyibsən və bütün hərəkətlərində də emosiyaya üstünlük verirsən".
Alfred bunu pis mənada demirdi, əksinə, onu daha dəqiq səciyyələndirməyə çalışırdı, ancaq insanı heç vaxt sözlərin köməyi ilə olduğu kimi səciyyələndirmək olmazdı. Ona elə gəlirdi ki, "kin - küdurət" sözü ən ziyansız, ən miyanə sözlərdən biridir. O vaxt, otuz il bundan əvvəl mətbəxdəki taxtın üstündə uzananda fikirləşirdi ki, belə bir inşanı heç kim yazmayacaq. Yəqin ki, heç kəsin başına belə qəribə iş gəlməmişdi və yuxuya getməmişdən əvvəl başqa şeylər haqqında da, düşündü: bu taxtın üstündə doqquz il yatacaq, mətbəx stolunun üstündə ev tapşırıqlarını edəcək. Düz doqquz il... Əbədiyyətin özü qədər uzun çəkəcək bu doqquz ili anası həmişə evdəki sobanın qarşısında oturub nəsə toxuyacaq, dualar zümzümə edəcək. Qonşu otaqda əmisi ilə bibisi nə barədəsə alçaqdan söhbət edirdilər və o, bircə sözü eşidə bildi. Öz adını: Daniel... Deməli, onun haqqında danışırdılar. Heç nə başa düşməsə də bilirdi ki, yaxşılığına danışırlar. Onu çox sevirdilər. Özlərinin uşağı yox idi. Qəflətən onu qorxu bürüdü. "İki ildən sonra, - deyə ürəyi döyünə - döyünə fikirləşdi, - bu taxt mənim üçün balaca olacaq... Bəs harada yatacam?"
Bir xeyli narahatlıq içində bu barədə düşündü, sonra öz - özünə dedi: "İki il... sonu - sonucu görünməyən bir vaxtdır bu... Hər gün işıqlanan nə qədər qaranlıqlar olacaq..." Və qəflətən özü də bir parça qaranlığa qarışdı. İmtahana qalan bir gecənin qaranlığına... Dolabla pəncərənin arasında asılmış şəkil yuxusuna girdi. Üz - gözlərindən qəzəb yağan kişilər hansı fabrikinsə qapısına yığışmışdılar. Birinin əlində didik - didik olmuş qırmızı bayraq vardı. Bayaq alaqaranlıqda güclə hərfləyib oxuduğu sözü yuxusunda aydınca oxudu: TƏTİL...
Suiti və xallı pələng dərilərinin arasındakı qara məxmərə sanki gümüşü rənglə həkk olunmuş solğun sifətindən ayrıldı... Ancaq tərəddüdlə ayrıldı, çünki bu sifətin arxasında uşaqlığını gördü...
On üç il sonra məktəbin müşaviri ona dedi:
- Tətil... Tətil.... Fikrinizcə, bunu ibtidai sinif şagirdlərinə inşa mövzusu kimi vermək olar?
Onda bu mövzunu verməmişdi və o vaxt da, yəni 1934-cü ildə əmisigilin mətbəxindəki həmin şəkli də çoxdan götürmüşdülər. Ancaq ruhi xəstəxanadakı Tomas dayısına baş çəkmək, yaşıl rəngli stullardan birinin üstündə oturaraq siqaret çəkmək, Tomas dayıya qulaq asmaq olardı. Tomas dayı sanki yalnız ona ünvanlanan qədim bir kilsə nəğməsinə - litanaya cavab verirdi. Kirimişcə oturub diqqətlə qulaq asırdı. Ancaq onun yanına gələn adamların dediklərinə yox, gözəgörünməyən bir xorun sızıltısına qulaq asırdı. Bu xor sanki dünya üzünə çəkilmiş bir pərdənin arxasından bu dünyaya litanay pıçıldayır və ona da yalnız Tomas dayı cavab veriridi. Və həmin cavab da belə olurdu: "Kaş bu dünyada ədalət olaydı.."
Həmişə pəncərənin qabağında dayanıb bağa baxan kişi o qədər arıqlamışdı ki, günlərin birində dəmir barmaqlıqların arasından sürüşüb yıxıldı, acı gülüşlərini də özü ilə apardı. Ancaq əlahəzrət hələ yaşayırdı və Hemke də hər dəfə ora yolu düşəndə kişiyə yaxınlaşıb təbəssümlə pıçıldayırdı: "Əlahəzrət". Bir dəfə qapıçı ona dedi:
- "Belələrinin canı it canıdır... Çətin ölərlər..."
Ancaq yeddi il keçəndən sonra əlahəzrət də öldü, Tomas dayı da... Onları qətlə yetirdilər... Və dünyanın üzərinə çəkilmiş pərdənin arxasından litanay oxuyan xor əbəs yerə öz duasına cavab gözləyirdi... Axı bu cavabı yalnız Tomas verə bilərdi...
Hemke məktəbin yerləşdiyi küçəyə döndü və imtahana gələn şagirdləri görəndə qorxdu: kimisi anası, kimisi isə atası ilə gəlmişdi və hamının da üzündə həyəcan dolu saxta bir təbəssüm ifadəsi vardı. Imtahanqabağı həmişə belə olurdu: anaların üzündə ümidsizlik dolu bir sevinc, ataların üzündə isə ümidsizlik dolu biganəlik...
Onun diqqətini azacıq aralıqdakı uçuq evin astanasında tək - tənha oturmuş bir uşaq cəlb etdi. Hemke dayandı və hiss etdi ki, onu bürüyən qorxu hissi daha da çoxalır, üşənməyə başlayır. "Ehtiyatlı olmaq lazımdır, - deyə ürəyindən keçirdi, - özümə fikir verməsəm, günlərin birində Tomas dayı yatan yerə gedəsi olacam, bəlkə də onun sevimli cümləsini təkrar edəcəm."
Qapının astanasında oturan uşaq ona oxşayırdı. Otuz il bundan əvvəlki Hemkeyə yaman oxşayırdı və ona elə gəldi ki, aradan keçən həmin otuz il birdən-birə toz kimi uçub getdi, sanki heykəlin üstünə qonmuş tozu üfürüb təmizlədin...
Səs-küy... Gülüş səsləri.... Günəş qarı ərimiş damların üstündə parıldayırdı. Yalnız xarabalıqların gün düşməyən yerlərində qar qalmışdı...
Onda əmisi onu buraya lap tezdən gətirmişdi... Tramvayla körpünün üstündən keçdilər, kəlmə də kəsmədilər. Əmisi oğlanın qara corablarına baxıb düşündü: utancaqlıq da xəstəliyin bir növüdür. Onu da göy öskürək kimi müalicə etmək gərəkdir. Əmisinin, üstəlik də özünün utancaqlığı onu sanki boğurdu. Boğazına qırmızı şarf dolamış, qəhvə şüşəsini pencəyinin sağ cibinə qoymuş əmisi bomboş küçədə onun böyründə lal-dinməz dayanmışdı. Qəflətən "Işə getdim!" -deyib aralandı. Oğlan qapılardan birinin astanasında oturdu: yanından göy-göyərti dolu əl arabaları keçdi, çörəksatan uşaqlar harayasa çörək apardılar. Süd satan qız əlində bardaq qapı - qapı gəzdi və hər qapının ağzında maviyə çalan süd izləri qaldı. Ona elə gəldi ki, bəlkə də heç kəsin yaşamadığı bu evlər çox zəngin evlərdi. Zənginlik əlaməti hesab elədiyi sarı rəng xarabalarında da qalmışdı..
- Sabahınız xeyir, cənab direktor! - Yanından keçən bir nəfər onu salamladı. Başını yüngülcə tərpətdi. Bilirdi ki, içəri girən kimi həmkarları deyəcək: "Qoca yenə nəsə özündən uydurub..."
"Mənim üç yolum var, - deyə ürəyindən keçirdi. - Ya indicə qapının astanasında otururmuş uşağa çevrilər, ya solğun bənizli, şişkin sifətli kişi kimi qalar, ya da Tomas dayı olaram." Ən xoşagəlməzi özü kimi qalmaq idi: qondarma sifət gəzdirmək kimi ağır yük daşımalı idi. Uşaq olmaq da çox ürəyincə deyildi: sevdiyi, nifrət etdiyi kitablar... Bu kitabları mətbəxdəki stolun üstünə sərib acgözlüklə oxumuşdu, su kimi içmişdi. Dəftər, qaralama kağızı çatmırdı, hamısını qeydlərlə, hesablamalarla, inşa mövzuları ilə doldurmuşdu. Bütün bunlar üçün həftədə 30 pfenniq lazım idi, onu da tapmaq olmurdu. Axırda müəllimi dedi ki, məktəbin zirzəmisində köhnə dəftərlərin ağ vərəqlərindən istifadə etsin. Ancaq o, bir üzü yazılmış vərəqləri də cırdı, qara sapla onlardan qalın dəftər tikdi... İndi hər il həmin müəllimin qəbrinin üstünə qoymaq üçün kəndə gül göndərir...
"Heç kəs bilmədi ki, bütün bunlar mənə nəyin bahasına başa gəldi..." - deyə ürəyindən keçirdi. - Heç kəs... Bəlkə Alfred bilirdi. Ancaq o da bütün bunları ifadə etmək üçün səfeh bir söz tapmışdı: gizli kin-küdurət... Bu barədə kiminləsə danışmaq, onu kiməsə başa salmağa çalışmaq da mənasızdır. Hər axşam yanımda uzanan o gözəl çöhrəli qadın isə heç vaxt başa düşməzdi..."
Bir anlığa keçmişdən ayrılmağa tərəddüd etdi. Ən yaxşısı - Tomas dayının yerinə olmaq, dünyanın üzünə çəkilmiş pərdənin o tərəfindən litanay oxuyan xora həmişə eyni, yeganə cavabı vermək idi....
Yox, təzədən həmin uşaq olmaq çətin idi. İndiki zəmanədə hansı oğlan uşağı qara corab geyinər?! Burda orta yolu seçmək lazım idi - yəni solğun bənizli, şişkin sifətli kişi kimi qalmaq. Axı həmişə orta yolu seçmişdi...
Oğlana tərəf getdi. Onun kölgəsini üzərində hiss edən uşaq başını qaldırdı, qorxa - qorxa tanımadığı kişiyə baxdı.
- Adın nədir? -Hemke soruşdu.
Oğlan tez ayağa durdu, yanaqları allandı:
- Virtsoq.
- Hərf-hərf de ... - Hemke qeyd dəftərçəsini çıxardı və uşaq adını hərfləməyə başladı:
- V...i....r....t....s....o....q
- Haralısan?
- Vollershaymlı.
"Allaha şükür ki, mən olduğum kənddən deyil"- Hemke ürəyindən keçirdi. "Soyadı da bizlərdən deyil... qohumlarımın uşağı deyil..."
- Bəs şəhərdə kimin yanında qalacaqsan?
- Xalamgildə.
- Çox gözəl.... İmtahanı da yaxşı verərsən... Yəqin qiymətlərin də yaxşıdır, müəllimlərdən müsbət xasiyyətnamən də var... Düz deyirəm?
- Elədir, mənim qiymətlərim həmişə yaxşı olub!
- Qorxma, - dedi Hemke, - hər şey yaxşı olacaq, sən...
Kəkələdi...Yəqin ki, Alfred bunu hisslərə qapılmaq, gizli kin-küdurət adlandırardı. Sonra yavaşdan dilləndi:
- Buz kimi daşın üstündə oturma, soyuqlayarsan...
Qəflətən geri dönüb dalandarın oturduğu otaqdan keçərək məktəbə girdi. Uli ilə, Ulinin anası ilə rastlaşmaq istəmirdi. Dəhlizdəki pəncərənin pərdəsi arxasında dayanaraq bir daha bayırda gözləyən uşaqlara, onların validyenlərinə tamaşa etdi və hər il olduğu kimi yenə də kədərləndi, ona elə gəldi ki, bu on yaşlı uşaqların sifətində sıxıntılı bir gələcəyin izi var.
Uşaqlar məktəbin qapısı ağzında tövlədən azad olmuş qoyun sürüsü kimi basabas salmışdılar. Onlardan ikisi, ya üçü orta səviyyəli olacaq, qalanları isə özlərini pis cəhətdən göstərəcək. "Alfredin həyasızlığı mənə də keçib", - deyə ürəyindən keçirdi və kömək diləyən baxışlarla Virtsoqu axtardı. O yenə öz yerində oturmuşdu və xəyala dalmışdı.
"O vaxt özümü yaman soyuğa vermişdim..." - Hemke ürəyindən keçirdi.
- "Bu uşaq imtahan verəcək... Əgər mən... əgər mən...Əgər mən neyləsəm?!"
Yox, əziz Alfred, gizli kin - küdurət, emosiya indi mən keçirdiyim hissləri ifadə edə bilməz!
Müəllimlər otağına keçib onu gözləyən həmkarlarını salamladı, onun paltosunu tutan dalandara dedi:
- Uşaqları buraxın gəlsin.
Həmkarlarının üz-gözündən oxudu ki, özünü qəribə aparıb. "Yəqin küçədə yarım saatdan çox dayanıb balaca Virtsoqa baxmışam," - deyə deyə ürəyindən keçirdi, qorxa - qorxa saata baxdı: doqquza dörd dəqiqə işləyirdi....
- Cənablar, - deyə ucadan dilləndi, - nəzərə alın ki, bu günki imtahan bəzilərinin on beş il sonra verəcəkləri doktorluq imtahanlardan daha vacib, daha önəmlidir...
Həmkarları onun çox danışacağını gözləyirdilər. Tanıyanlar onun addımbaşı dediyi həmin sözü gözləyirdilər:" Ədalət" Ancaq o özgə heç nə demədi, yalnız həmkarlarının birindən pıçıltı ilə soruşdu:
- İnşanın mövzusu nədir?
- "Şahidi olduğun ən qəribə hadisə"
Sonra Hemke müəllimlər otağında tək qaldı. Sən demə, mətbəxdəki taxtın iki ildən sonra ona balaca olduğundan qorxması əbəs imiş, çünki imtahan verə bilmədi, halbuki inşanın mövzusu "Şahidi olduğun ən qəribə hadisə" idi. Onları məktəbin qapısından içəri buraxdıqarı ana qədər özünə inanırdı, ancaq məktəbə girən kimi həmin inam əriyib yoxa çıxdı.
İnşanı yazmağa başlayanda, nə qədər çalışsa da, onu Tomas dayı ilə bağlaya bilmədi. Tomas birdən-birə ona yaman doğma oldu. Elə doğma ki, onun haqqında inşa yaza bilmədi. Əvvəlcə başlığı yazdı: "Şahidi olduğun ən qəribə hadisə". Onun altında isə "kaş bu dünyada ədalət olaydı" yazmaq istədi. Ədalət sözünü də səhv yazdı... Deyəsən, sonu qisasla bitən "ədavət" sözü ilə qarışıq saldı....
Onun "ədalət" ilə "ədavət"in ayrı - ayrı şeylər olmasını başa düşməsi üçün on ildən çox vaxt lazım oldu...
Bu on ilin ən dəhşətlisi imtahandan kəsiləndən sonrakı il oldu. Zahirən daha gözəl görünən bir həyata qədəm basanda gördü ki, burada da adamlar o biriləri kimi amansızdırlar,heç nə bilmirlər, heç nədən xəbərləri yoxdur. Ataları ilə bircə telefon danışığından sonra bütün ağrı - acılarını, dərd - qəmlərini unudurdular. Anaların təbəssümü və bir də bazar günü ibadətdən sonra bir - birinin əlini sıxması... Ardınca da tələsik deyilən sözlər: Bu da dünyanın ədaləti... Ancaq o Tomas dayının istədiyini istəyirdi,ancaq tapmırdı ki tapmırdı... Bu arzusu ona ləqəb də qazandırmışdı: "Ədalətli Daniel". Qapı açılanda diksindi. Dalandar Ulinin anasını içəri ötürdü.
- Mariya?! Bu nə demekdir? Niyə...
- Daniel, mən...
Qadının sözünü kəsdi:
- Vaxtım yoxdur! Bircə saniyə də...yoxdur...
Və tələsik otaqdan çıxdı, ikinci mərtəbəyə qalxdı. Aşağıda gözləyən anaların səs-küyü güclə eşidilirdi. Həyətə açılan pəncərənin qabağına gəldi, damağına bir siqaret qoydu, ancaq yandırmağı unutdu.
"Bütün çətinliklərə sinə gərmək, nə istədiyimi aydınlaşdırmaq üçün mənə otuz il lazım olub. Ədaləti sonu qisas olan ədavətdən ayırmışam. İndi işləyib çörək pulumu qazanıram, hamıya sərt üzümü göstərirəm və çoxlarına elə gəlir ki, məqsədimə çatmışam. Ancaq mən məqsədimə çatmamışam. Hələ indi başlayıram. Daha bu sərt üzüm mənə lazım deyil, köhnəlmiş papaq kimi çıxarıb atacam. İndi başqa bir üzüm olacaq .... Bəlkə də öz üzüm olacaq...."
Ancaq Virtsoqu bu çətin illərdən azad edəcək. Heç bir uşağı özünün keçdiyi uşaqlıq illərini keçirməyə qoymayacaq! Bircə uşağı da.... Ən azı da bu gün rast gəldiyi, ona çox oxşayan uşağı....

ELZA BASKOLAYTIN ÖLÜMÜ

Bizim əvvəllər yaşadığımız evin zirzəmisini Baskolayt adlı bir ticarətçiyə kirəyə vermişdilər. Dəhliz həmişə portağal qutuları ilə dolu olurdu və ordan çürümüş meyvə iyi gəlirdi: Baskolayt hamısını dəhlizə yığıb hazır qoyurdu ki, zibildaşıyanlar gəlib aparsınlar. Süd rəngli şüşənin arxasından onun şərqi prussiyalılara xas olan gur səsini eşidirdik: zəmanədən şikayətlənirdi. Ancaq Baskolayt ürəyinin dərinliyində çox şən adam idi. Yalnız uşaqlara məxsus olan bir həssaslıqla duyurduq ki, onun bu şikayəti üzəgörədir və bizim də üstümüzə yalandan qışqırır. Həmişə iki-üç pilləkən yuxarı qalxar, cibinə doldurduğu almaları, portağalları top kimi bir-bir bizə atardı.
Onda çox adam Baskolaytı qızı Elzaya görə tanıyırdı. Bilirdik ki, Elza rəqqasə olmağa hazırlaşır. Bəlkə də elə rəqqasə idi. Ancaq hər halda, çox məşq edirdi. Özü də mətbəxin böyründəki, divarlarına sarı rəng çəkilmiş otaqda məşq edirdi. Sarışın, nazikbədən, solğun bənizli qız idi, əynində yaşıl rəngli idman trikosu, gah barmaqlarının ucunda dövrə vurur, gah da qu quşu kimi süzür, tullanır, yerində fırlanırdı. Qaranlıq düşəndə mənim yataq otağımdan hər şey görünürdü: al yaşıl rəngli paltardakı arıq bədəni, gərginləşmiş solğun bənizi. Tullanarkən sarışın saçları hərdən tavandan asılmış çırağa toxunur, onu yelləndirirdi və həmin anda qaranlıq həyətdəki sarımtıl işıq dairələri bir az genişlənirdi. Bir də görürdün kimsə həyətdən qışqırır: "Qəhbə!" Mən onda bilmirdim "qəhbə" nə deməkdir. Bəziləri də deyirdi: "Yaramazlığa bax!" Mənə elə gəlirdi ki," yaramazlığın" nə olduğunu bilirəm və inanmırdım ki, Elzanın bununla nəsə bir əlaqəsi olsun. Həmin anda Baskolaytın mətbəxinin pəncərəsi taybatay açılırdı və içəridəki tüstü-dumanla birlikdə onun iri, daz kəlləsi də çölə çıxırdı, açılmış pəncərədən həyətə işıq düşürdü və bir qatar söyüş də həmin işığa qarışırdı. Ancaq bu söyüşlərdən heç birini başa düşmürdüm. Bütün bunlara baxmayaraq, tezliklə Elzanın otağının pərdəsi qalınlaşdı, daha həyətə ordan işıq düşmədi. Ancaq mən yenə də hər axşam tutqun işıq görünən pəncərəyə baxırdım, heç nə görməsəm də bilirdim ki, Elza Baskolayt al yaşıl trikosunu geyinib, arıq və sarışındır, yuxarıdan asılmış papaqsız çırağın altında süzür. Sonralar biz ordan köçdük, mən yaşa doldum, "qəhbə"nin nə olduğunu bildim, inanmağa başladım ki, "yaramazlığın" da nə olduğunu başa düşürəm. Çoxlu rəqqasə gördüm, ancaq heç biri Elza Baskolayt kimi xoşuma gəlmədi. Onun haqqındasa heç nə bilmədim. Biz başqa şəhərə köçdük, müharibə başladı, özü də lap çox çəkdi və mən Elza Baskolaytı tamam unutdum. Hətta qayıdıb bu şəhərə köçəndə də yadıma düşmədi. Böyük topdansatış firmasında sürücü işləyənə qədər özümü müxtəlif sənətlərdə sınaqdan keçirdim. Məlum oldu ki, mən yalnız bu yük maşınının dilini bilirəmmiş. Hər səhər tezdən siyahını alır, alma, portağal qutuları, gavalı zənbilləri ilə yüklənmiş maşını şəhərə sürürdüm.
Günlərin bir günü yenə maşını yükləmək üçün anbarın qarşısında saxlamışdım və müdir də əlində siyahı, yüklənən malları yoxlayırdı. Bu vaxt hesabdar qapısına banan reklam edən şəkillər vurulmuş otağından çıxıb müdirdən soruşdu:
-- Baskolayta da nəsə göndərəcəyik?
-- Nə sifariş verib? Yenə göy üzüm?
-- Bəli, - deyə hesabdar gicgahına qoyduğu qələmi götürdü və təəccüblə müdirə baxdı.
-- Hərdən nəsə sifariş verir, - dedi müdir, - özü də göy üzüm. Niyəsini bilmirəm, ancaq göndərə bilməyəcəyik, - sonra da əyinlərinə boz xalat geyinmiş fəhlələrə tərəf döndü: - İşinizdə olun!
Hesabdar öz otağına çəkildi və mən həmin andan sonra izləyə bilmədim ki, siyahıda olanların hamısı yükləndi ya yox. O dəqiqə dördkünc, gur işıqlı mətbəx pəncərəsi, arıq, solğun bənizli, al yaşıl triko geyinmiş Elza Baskolaytın necə rəqs etdiyi gözlərimin önündə canlandı və mən bu səfər marşrutu dəyişdim.
Bir vaxtlar yanında oynadığımız küçə lampalarından biri hələ qalmışdı, ancaq papağı yox idi. Evlərin çoxu uçub - dağılmışdı, maşın tez-tez çala - çuxura düşürdü. Əvvəllər uşaqların arı kimi vızıldaşdığı küçədə indi bircə uşaq görünürdü. Qarayanız, solğun bənizli oğlan idi, yorğun halda uçuq bir divarın üstündə oturub ağ rəngə çalan toz-torpaqda fiqurlar çəkirdi. Yanından keçəndə baxışlarını qaldırdı, ancaq o dəqiqə də başını aşağı saldı. Baskolaytın evinin qarşısında əyləci basıb düşdüm. Balaca vitrinləri toz basmışdı, piramida şəklində üst-üstə yığılmış qutular uçub-dağılmışdı, sarı rəngli qutular zir-zibilin içində qaralmışdı. Divar uzunu yuxarı baxıb tərəddüdlə qapını açdım, yavaş - yavaş aşağı düşdüm. Qapının lap yaxınlığındakı qutularda üst-üstə yığılmış əzik - üzük ədvələr kəskin nəm iyi verirdi. Sonra da Baskolaytın çiyinlərini, papağının altından çıxmış ağ saçlarını gördüm. Hiss etdim ki, böyük çəlləkdən sirkəni şüşəyə boşaltmağa çətinlik çəkir. Axıra kimi də bacarmadı, şüşənin ağzını krana düz tutmadığı üçün turşumuş maye onun barmaqları arasından süzülərək döşəmədə gölməçə yaratdı. Həmin anda çürümüş, turşumuş iyi verən döşəmə ayaqları altında cırıldayırdı. Piştaxtanın yanında qırmızımtıl palto geyinmiş arıq bir qadın dayanıb biganəliklə ona baxırdı. Deyəsən, şüşəni birtəhər doldura bildi, onun qapağını burdu və mən bayaq qapıdan içəri girəndə dediyim sözləri bir də təkrar etdim:
-- Sabahınız xeyir.
Heç biri cavab vermədi.
Baskolayt şüşəni piştaxtanın üstünə qoydu. Sifəti solğun idi, qırxılmamışdı və qadının üzünə baxıb dedi:
-- Qızım ölüb...Elza...
-- Bilirəm, - qadın əsəbiləşdi. - Beş ildir bilirəm... Qab-qacağı yumaq üçün qum da verin.
-- Qızım ölüb... - deyən Baskolayt təəccüblə, yazıq - yazıq qadına baxdı.
Qadın isə dedi:
-- Qurusundan... bir kilo.
Baskolayt piştaxtanın altından qaralmış bir çəllək dartıb çıxardı, tənəkə kürəkciyi onun içinə salıb qarışdırdı. Əlləri əsə-əsə sarımtıl qumdan kağız torbaya yığdı.
-- Qızım ölüb! - dedi. Qadın susdu. Mən ətrafa baxdım, toz basmış əriştə qutularından, kranından yavaş-yavaş damcılayan sirkə çəlləyindən, qumdan, sarışın bir oğlan uşağının irişə - irişə çoxdan yoxa çıxmış şokolad yeməsini təsvir edən pardaxlı lövhəcikdən başqa heç nə görmədim. Qadın şüşəni tor zənbilə qoydu, qumu onun böyründə yerləşdirdi, piştaxtanın üstünə bir neçə dəmir pul atdı, geri dönüb mənim yanımdan keçəndə əlini gizlicə gicgahına apardı, yəni "başı xarab olub" - dedi və gülümsədi.
Yadıma keçmiş günlər düşdü. O qədər balaca idim ki, burnum piştaxtaya dəyirdi, ancaq buna baxmayaraq, hansı qənnadı firmasınınsa şüşə qutusunu görə bilirdim. İndi həmin şüşə qutunun içində toz basmış un kisəcikləri vardı. Birdən mənə elə gəldi ki, balacalaşdım, burnum o çirkli piştaxtaya dəydi, ovcumda konfet almağa gətirdiyim pfenniqləri sıxmışam. Gördüm ki, Elza Baskolayt rəqs edir, cammat həyətdən qışqırır: "Qəhbə!" "Yaramazlığa bax!"...
Baskolaytın səsi məni ayiltdı...
-- Qızım öldü....
Bu sözləri qeyri - ixtiyari deyirdi, heç bir hiss-həyəcan yox idi. Şüşəli piştaxtanın yanında dayanıb küçəyə baxırdı.
-- Elədir, - dedim.
-- O öldü! - dedi.
-- Elədir,- dedim. Arxası mənə tərəf dayanmışdı, əlləri də bomboz, ləkə-ləkə olmuş qısa xalatının cibində...
-- Üzümü çox xoşlayırdı... Özü də göy üzümü... ancaq öldü...
Məndən heç soruşmadı ki, nə istəyirəm, ya da nə buyururam. Sadəcə, şüşəli piştaxta ilə kranından yavaş-yavaş damcılayan sirkə çəlləyinin arasında dayanıb çölə baxır, öz-özünə deyirdi: "Qızım öldü!" "O öldü!" Və heç mən tərəfə də baxmırdı.
Deyəsən lap əbədiyyətin özü qədər orada dayandım, özümü tamam unutdum, xatirələrin qoynunda itib - batdım, həzin bir şırıltı ilə yan - yörəmdən axıb gedən zamanı hiss eləmədim. İçəri bir qadın girəndə, özümə gəldim. Balacaboy, kök bir qadın idi. Baskolayt ona tərəf çevrilib dedi:
-- Qızım öldü....
-- Bilirəm, - deyən qadın qəflətən ağlamağa başladı.- Bir kilo qum... quru olsun...
Baskolayt piştaxtanın arxasına keçib kürəkciyi çəlləyin içinə saldı.
Mən çıxıb gedəndə qadın hələ də ağlayırdı.
Bayaq uçuq divarın üstündə oturmuş qarayanız, solğun bənizli oğlan mənim maşınımın üzəngisinə qalxmışdı, diqqətlə içəri baxırdı. Sonra əlini açıq pəncərədən içəri salıb əvvəlcə sağ, sonra da sol dönüm lampalarını yandırdı. Qəflətən məni yanında görəndə diksindi, əlimi uzadıb tutdum, qorxu yağan solğun sifətinə baxdım, maşındakı qutudan bir alma götürüb ona verdim. Onu buraxanda təəccüblə üzümə baxdı. Elə baxdı ki, özüm də diksindim, bir alma da götürdüm... birini də götürdüm... ciblərinə doldurdum, sonra qoynuna yığdım... yığdım...
Sonra maşına minib getdim...

ÖLMƏZ TEODORA

Həmişə Benqleman küçəsindən keçəndə, Akademiyanın bu yaxınlarda "Ölməzlər" siyahısına daxil etdiyi Bodo Benqlemanı xatırlayıram. Hətta Benq­leman küçəsinə yolum düşməyəndə də tez-tez Bodo haqqında düşünürəm. Həmin küçə birinci nömrədən başlayıb yüz yetmiş səkkizdə qurtarır, mərkəzdəki gecə barlarının reklamları önündən keçərək şəhərin kənarındakı çəmənliyə qədər uzanır. Bu çəmənlikdə otlayan inəklər böyürə - böyürə kiminsə gəlib onları sulamağa aparacağını gözləyir...
"Bekerin ucuz mallar mağazası", lombard da Bodonun adını daşıyan küçədə yerləşir və mən də Bodonu xatırlamaq üçün tez-tez "Bekerin ucuz mallar mağazası"na, lombarda gedirəm.
Saatımı lombarddakı piştaxtanın arxasında oturmuş məmura tərəf itələyəndə və o da gözünə zərrəbin taxaraq onu yoxlayandan sonra ikrahla "dörd mark" - deyib geri sürüşdürəndə, mənsə əyilərək qəbzə qol çəkib onu təzədən geri itələyəndə, axırda da yavaş - yavaş kassaya tərəf gedib orda alacağım pulu gözləyəndə, Bodo Benqleman barədə düşünmək üçün kifayət qədər vaxtım olur. Axı bir zaman onunla bu kassanın qabağında dayanıb çox gözləmişdik...
Bodonun "Reminqton" markalı makinası vardı, şeirlərini də həmişə dörd nüsxədə çap eləyirdi. Düz beş dəfə əbəs yerə onu lombarda qoyub, əvəzində borc pul götürmək istədik. Ancaq makina həddən artıq köhnə idi, sökülüb-dağılırdı və ona görə də lombardın rəhbərləri yola gəlmədi, dedilər ki, qanunu poza bilmərik. Onda heç kəsin girov götürmək istəmədiyi (özü də ayda iki faiz sələmlə!) bu makinanı düz üç nəsil - dəmir məmulatı ilə alver eləyən babası, vergi məsələləri üzrə müşavir işləyən atası və nəhayət, özü, şair Bodo - tıqqıldatmışdı.
Məlum məsələdir ki, Benqlemanın xatirə-muzeyini yaradıblar. Ordakı şü­şənin altında qırmızımtıl rəngli, ucu çeynək-çeynək olmuş bir qələm saxlanılır. Yanında da belə yazılıb: "Bodo Benqelman öz şeirlərini bu qələmlə yazmışdır."
Əslində, Bodo özünün beş yüz şeirindən yalnız ikisini bacısının çantasından oğurladığı həmin qələmlə yazmışdı. O, şeirlərinin çoxunu bənövşəyi rəngli karandaşla, bəzilərini də makina ilə yazırdı...
Sonralar vəziyyətimiz çox ağırlaşanda, həmin makinanı lap su qiymətinə- altı mark səksən pfenninqə Hayzinq adlı bir kişiyə satdıq. O heç bilmədi ki, həmin makinanın dillərindən nə qədər ölməz şeirlər çıxıb. Hayzinq indi Humbolt küçəsində yaşayır və köhnə şeylər alıb - satmaqla dolanır. Bodo özünün "Bayquş kimi tək qalmış çərçinin hücrəsi" adlı şeirində ona əbədi bir heykəl ucaldıb.
Beləliklə, indi Bodonun xatirə-muzeyində onun öz şeirlərini yazdığı makina deyil, dəstəyində bacısı Lotte Benqlamın dişlərinin yeri qalmış bu qələm nümayiş etdirilir! Həmin qələmin vaxtilə kimə məxsus olduğunu Lotte də çoxdan unudub və tez - tez gəlib onun qarşısında dayanır, ağlayır, olmayan bir iş üçün göz yaşları axıdır. Lap dəqiq yadımdadır ki, Bodo iki kotleti, xeyli salatı, bir dənə iri, vanilinli pudinqi və iki dilim də pendiri aşırandan sonra bacısının öz mənasız-məzmunsuz inşalarını cızmaqara elədiyi həmin qələmlə "Payız dumanı çökmüş ürək", "Ağla, ağla" adlı şeirlərini birnəfəsə yazdı. Bodo ən yaxşı şeirlərini, adətən, toxqarına yaradardı və ümumiyyətlə, o da bütün dərdli adamlar kimi qarınqulu idi. Poetik yaradıcılığı səkkiz ildən çox dövrü əhatə etsə də, bacısının qələmindən on səkkiz dəqiqə istifadə eləmişdi.
Lotte indi qardaşının poetik şöhrəti ilə öyünür. Düzdür, Hose adlı bir kişi ilə ailə qurub, ancaq yenə də özünü hər yerdə "Bodo Benqelmanın bacısı" kimi təqdim edir. Ancaq yaman əclaf qız idi. Bodo şeir yazanda, gedib onu şeytanlayırdı. Çünki Benqelmanlar ailəsində şeir yazmaq "lazımsız iş", "vaxt itirmək" hesab olunurdu.
Bodonun dərdi çəkiləsi dərd deyildi. Poeziya onun ən zəif yeri idi və yazmaya bilmirdi. Yazmağa başlayanda da Lotte onu görür və görən kimi də haray - qışqırığı dəhlizi, mətbəxi başına götürürdü. Sonra da sevinə - sevinə özünü cənab Benqelmanın kabinetinə salırdı:
-- Bodo yenə şeir yazır!
Dəhşətli dərəcədə ciddi adam olan cənab Benqelman çığırırdı:
-- O donuz haradadır? ( Benqelmanlar ailəsinin lüğət tərkibində bir az qabalıq vardı! )
Sonra da "əzişdirmə" mərasimi başlayırdı. Bütün lirik şairlər kimi kövrək olan Bodonun əl-ayağını bağladıb pilləkənlə aşağı sürüyür və cənab Benqelmanın istifadə etdiyi dəmir xətkeşlə döyürdülər.
Axırda Bodo gəlib öz şeirlərini bizdə yazmağa başladı. İndi onun yetmişə yaxın çap olunmamış şeiri məndədir. Hamısını da ondan yadigar saxlayıram. Həmin şeirlərdən biri belə başlayır: "Ay satqın, sözgəzdirən Lotte.." Bodo şeirdə alliterasiya formasına yenilik gətirən şair hesab olunur).
Bodo bu əzablar içində boğula-boğula, döyülə - döyülə on səkkiz yaşına çatdı və orta yetkinlik dövrünün ən gözəl çağlarına qədəm qoydu. Onu divar kağızı satan bir tacirə şəyird verdilər. Burdakı şərait Bodonun poetik məhsuldarlığının inkişafı üçün böyük zəmin yaratdı. Sərxoş tacir çox vaxt piştaxtanın altına girib yatır, Bodo da nümunə üçün qoyulmuş divar kağızlarının arxasına şeir yazırdı...
Beləliklə, Bodo on doqquz yaşına çatdı və dekabr ayının birində bütün şəyirdlik dövrü üçün yığılıb qalmış əlli mark məvacibini aldı. Şeirlərindən üç yüzünü seçib, üç yüz müxtəlif redaksiyaya göndərdi və heç birinə də cavab məktubunun haqqını əlavə eləmədi. Bu, ədəbiyyat aləmində hələ indiyənəcən görünməmiş bir cəsarət idi! Dörd ay keçəndən sonra iyirmi yaşın içində olan Bodo birdən-birə məşhurlaşdı.
Şeirlərindən yüz əlli ikisi çap olundu və qan - tərə batan poçtalyon da hər səhər Benqelmanların evinin qarşısında öz velosipedindən düşəsi oldu. Bodonun sonrakı gəlirini hesablamaq üçün şeirlərinin sayını qəzetlərin sayına vurmaq, alınan rəqəmi də qırx dəfə artırmaq lazımdır.
Ancaq heyf ki, öz şöhrətindən ikicə il ləzzət ala bildi. Axırda da gülməkdən qıc olub öldü. Bir gün mənə etiraf elədi ki, "şöhrəti adicə poçt xərci ilə də qazanmaq olar." Sonra da pıçıltı ilə sözünə davam etdi:
-- Axı mən o şeirləri elə - belə, maraq xatirinə göndərmişdim.
Bu sözləri deyib şaqqanaq çəkdi, güldü, güldü.. və birdən də keçindi! Bu sözlər onun nəsrlə dediyi yeganə sözlər idi və mən də hamısını olduğu kimi gələcək nəslə çatdırıram.
Bodoya ən çox şöhrət qazandıran "Teodora haqqında nəğmələr" kitabı oldu. Kitaba hələ də tayı - bərabəri tapılmayan iki yüz odlu - alovlu məhəbbət şeiri salınıb. Onun mövzusu barədə müxtəlif t