Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Zəlimxan YAQUB
“PEY­ĞƏM­BƏR”
Poema


Hüseynbala MİRƏLƏMOV
QIRXINCI OTAQ
Roman


Fikrət QOCA
DÖRD ADDIM
Poema


Haynrix BÖLL (Almaniya)
Hekayələr


Əşrəf VEYSƏLLİ


İnqilab İSAQ


Reyhan YUSIFQIZI
QARANLIQLAR IÇINDƏ
GÖYLƏRDƏN GƏLƏN SƏS
İki hekayə


İlham MƏMMƏDLI
USTAD AŞIQ, INCƏ RUHLU ŞAIRƏ, CƏNGAVƏR QADIN


Almaz ƏLIQIZI
"YARIMÇIQ ƏLYAZMA"
VƏ YAXUD TARIXIMIZIN IBRƏT DƏRSLƏRI


TƏNQID VƏ ƏDƏBIYYATŞÜNASLIQ
 

İlham MƏMMƏDLI
USTAD AŞIQ, INCƏ RUHLU ŞAIRƏ, CƏNGAVƏR QADIN


 

Kəlbəcərin Lev (Lök) kəndində dünyaya göz açmış Aşıq Bəsti Azərbaycan ozan-aşıq sənətinin qüdrətli qadın nümayəndələrindən biridir. Məşhur Ağdabanlı Qurbanın müasiri və sənət yoldaşı olan, çox ağrılı bir tale və yaradıcılıq yolu keçən Aşıq Bəsti ədəbiyyatımıza zəmanəsinə boyun əyməyən mübariz bir qadın, ustad aşıq və incə ruhlu bir şairə kimi də daxil olub. Hələ gənc yaşlarından sevdiyi oğlanın zalım bir bəy tərəfindən gözləri qarşısında vəhşicəsinə doğranaraq qətlə yetirilməsi Bəstinin sinəsinə sağalmaz yara vuraraq onun həyatını və dünyabaxışını kəskin şəkildə dəyişib. Dərəbəylik cəmiyyətində qarşılaşdığı dəhşətli faciədən sarsılmış və əli heç yerə çatmayan binəva Bəsti şeirlərində Xançoban adlandırdığı nakam sevgilisinin intiqamını onu qətlə yetirən düşmənlərindən yalnız həyatının axırınacan bu zümrəni kəskin ifşa edib lənətləyən şeirləri ilə alıb. O, bütün şeirlərində günahsız, məsum insanların qanını tökən, dövrünün harın bəylərini zalım, "hallı-havalı", varına-dövlətinə güvənən, yaxşı insanların başını kəsməyə hazır, qudurğan xislətli insanlar kimi lənətləyib:

A bəy, nə gəzirsən hallı-havalı,
Süleyman mülkünün yiyəsi kimi?
Nədəndir yaxşının başın kəsməyə
Hazırsan xəncərin tiyəsi kimi?!

Yaşadığı faciənin ağırlığına tablaşmayan Bəsti bu hadisədən sonra doğma yurdunda qala bilməyərək əlinə saz alıb aşıqlığa başlayır, köçüb başqa yerlərə gedir. Bir müddət Daşkəsən bölgəsinin Qabaqtəpə kəndinə köçür, sonra Göyçənin Sarıyaqub, Gədəbəyin Miskinli kəndlərində və Samuxda yaşayır. Harada yaşamasından asılı olmayaraq, yazdığı bütün şeirlərində çəkdiyi üzücü məhrumiyyətləri, zəmanənin dözülməzliyini, ölkədəki dərəbəyliyi, haqqın, ədalətin yoxluğunu yanıqlı bir dillə bəyan edir:

Bu qınağa Vallah, mənəm dözürəm,
Usanmışam, ölməyə də hazıram.
Dərdimi deməyə divan gəzirəm,
Yerdə axtarıram, göydə tapılmaz.

Dərdli aşığın bu bir bəndlik qəlb çırpıntısında yaşadığı dövrün ictimai-siyasi mənzərəsi, insanların adi hüquqlardan belə məhrum olmaları, hakimiy­yətsiz­liyin, özbaşınalığın yaratdığı zülm, əsarət bütün çılpaqlığı ilə əks olunub. Sonralar tanınmış el aşığı kimi məşhurlaşanda da Bəsti hakim təbəqəyə qarşı üsyankar şeirlər yazaraq ömrünün sonunacan onlarla barışmayıb.
Uzun illər yazıya alınmayan, yalnız xalqın yaddaşında yaşayan Aşıq Bəsti yaradıcılığını ilk dəfə araşdırıb kitab şəklində ortaya qoyan tanınmış folklorşünas-alim, professor Sədnik Paşa Pirsultanlı olub. Onun redaktorluğu ilə 1969-cu ildə ulu sənətkarın şeirləri toplanmış "Lalə" adlı ilk şeirlər kitabı işıq üzü görüb. Sədnik Paşa Pirsultanlı bu istiqamətdəki araşdırmalarını davam etdirərək, 2001-ci ildə aşığın "Bənövşələr" adlı ikinci kitabını nəşrə verib. Tədqiqatçı-alim həm də Aşıq Bəsti yaradıcılığını dərindən araşdıraraq, onun Azərbaycan ozan-aşıq sənətindəki yeri, əsərlərinin məziyyəti, poeziyasının dili, şeirlərinin bədii-estetik dəyəri barədə çoxsaylı məqalələr qələmə alıb. Sədnik Paşa Pirsultanlı Aşıq Bəstiyə məxsus "Bəsti və Xançoban" dastanını da bərpa edib nəşrə hazırlasa da, hələ ki, bu əsər kitab şəklində çap olunmayıb.
Aşıq Bəsti yaradıcılığı zaman-zaman daha neçə-neçə tədqiqatçının diqqətini çəkib. Ədəbiyyatımızda ilk qadın-aşıq sənətkarlardan biri, eləcə də yetkin poetik yaradıcılığa malik şəxs olduğundan bir sıra yazıçı və şairlər də Aşıq Bəstinin özü və yaradıcılığı haqqında dəyərli fikirlər söyləyib, onun haqqında dolğun məqalələr yazıblar. Bu sıradan Aşıq Bəstinin yaradıcılığı haqqında tanınmış alimlərdən M.H.Təhmasib, P.Əfəndiyev, Şamil Qurbanov, şair və yazıçılardan Nigar Rəfibəyli, Əzizə Cəfərzadə, Elçin, Məmməd Aslan və başqalarının fikirləri daha maraqlıdır.
Cəmiyyətin basqıları üzündən insanın yaşadığı şəxsi ovqatının bədii təsviri kəlbəcərli aşıqların yaradıcılığında həmişə aparıcı xətt olub. Bu cəhət Aşıq Bəsti yaradıcılığında da geniş şəkildə özünü göstərir. Yaşadığı faciəli və ağrılı tale aşığın şeirlərində canlı, yanıqlı bir dillə təsvir olunur:

Fələk, sənlə çox eylərəm savaşı,
Ahımdan dumandı dağların başı.
Üzümü yandırır gözümün yaşı,
Ağlamaq Bəstini kor eylər, eylər.

Onu da xatırladaq ki, Aşıq Bəstinin əlinə saz götürüb aşıqlıq etməsinin özü o dövr üçün çox böyük bir inqilab idi. Feodal-patriarxal adət-ənənələrinin, dini xurafatın hökm sürdüyü bir cəmiyyətdə bütün qadağalara qarşı çıxaraq qadının aşıqlıq etməsi, həm də hakim təbəqəni kəskin tənqid atəşinə tutması o zaman insandan çox böyük cəsarət və iradə tələb edirdi. Lakin bu mərd qadın nə dövrün amansız qadağalarına boyun əymiş, nə düşmənlərinin hədələrindən qorxmuş, nə də artıq-əskik söz-söhbətlərdən çəkinmişdir.

Taleyimin sultanı mən, xanı mən,
Dürüst bax, Bəstiyəm, yaxşı tanı, mən.
Başına çevirrəm bu dünyanı mən,
Dünyanı düz gəzdim, yollardan soruş.

Xalqımızın qədim bir deyimi var. Deyir, "aşığı el saxlar". Görünür xalqın da Bəstiyə olan böyük sevgisi və dəstəyi düşmənlərini qorxutmuş, ona qarşı pisliklər etməkdən çəkindirmişdir.
Ədəbiyyatşünasların Azərbycan ozan-aşıq sənətinin ən böyük qadın nümayəndələrindən biri hesab etdikləri Aşıq Bəstinin dili olduqca zəngin, şirin və anlaşıqlı, poetik cəhətdən lirik və oynaqdır. Onun şeirlərində sözlər sanki Murovun, Dəlidağın durna gözlü bulaqları kimi axır, Xan Tərtər kimi coşub, çağlayır. "Bənövşələr" şeirində Aşıq Bəsti sözün gücü ilə insanın gözləri önündə əsrarəngiz, təkrarsız bir təbiət lövhəsi yaradır, pak və məsum bir varlıq canlandırır:

O yar gəzən oylaqlarda,
Bir də açdı bənövşələr.
Səpələndi dağa- daşa,
Yaldan aşdı bənövşələr.
Yaralı bülbüllər kimi,
Kola düşdü bənövşələr.
Yarəb, o Tutqu çayını,
Necə keçdi bənövşələr?

Bənövşəyə ədəbiyyatımızda böyük klassiklər çoxsaylı şeirlər həsr ediblər. Bu ilk bahar mücdəçisi əksər şairlərin ilham pərisi olub. Lakin Bəstinin bənövşəsi başqalarına bənzəmir, digərlərini təkrar etmir, onun bənövşəsi özünəməxsusdur, məsumdur, təzətərdir. Bəstinin bənövşəsi həm də sanki canlı bir varlıq, ana təbiətin bir parçasıdır. Görünən də budur ki, Aşıq Bəstinin qələmə aldığı bu şeir sadə xalqın öz dilində, elə ustalıqla işlənib ki, elə bil mahir bir zərgər incəliklə qızıl sapa mirvari düzüb. Onu da nəzərə alsaq ki, Aşıq Bəstinin yaşadığı illərdə Azərbaycan ədəbi dili heç də ölkənin bütün əyalətlərində hələ bir o qədər də işlənmirdi, onda onun nə dərəcədə gözəl sənətkar olduğu bir daha aydın şəkildə özünü göstərər. Bədii məcazlardan, poetik təsvir vasitələrindən məharətlə istifadə edən Aşıq Bəstinin şeirlərini oxuduqca adam inana bilmir ki, o heç bir təhsil görməyib, məktəb oxumayıb, ancaq ilhamının və fəhminin gücü ilə bu səviyyəyə yüksələ bilib:

Bəsti deyər: gözdə qaldı murazım,
Həyanım yollardı, bir də ki, sazım.
Hələ ki, ellərdən gəlir avazım,
Deyirlər, yaşayır, sağ, yavaş-yavaş.

Aşıq Bəsti yaşadığı dövrdə Ağdabanlı Qurbanın yaratdığı "Qurban bulağı"nın da iştirakçılarından olmuş, məşhur Aşıq Ələsgər və Ağdabanlı Qurbanla birlikdə çox məclislərdə iştirak etmişdir. Təsadüfi deyil ki, ozan-aşıq sənətimizin korifeyi Aşıq Ələsgər Bəstini "nəğməkar bülbül" adlandırıb, onun sənətinə yüksək qiymət verib. Bəlkə də Aşıq Ələsgərin və Ağdabanlı Qurbanın Bəstiyə olan böyük hörmətləri, eləcə də onların xalq arasındakı yüksək nüfuzları düşmənlərini bu zərif vücudlu, cəngavər ürəkli qadına qarşı digər fitnələrə əl atmaqdan çəkindirib. Hər iki ustad sənətkar Aşıq Bəstiyə böyük hörmət bəsləmiş və sənətini yüksək qiymətləndirmişlər. Dövrünün böyük saz-söz ustası Ağdabanlı Qurbanın ona ünvanladığı şeirdə aşıq-şairənin cəmiyyətdəki yeri, mövqeyi real boyalarla təsvir edilir:

Bağça bülbülüsən güllər eşqinə,
Nəğməlisən-şirin dillər eşqinə.
Sənətkar olubsan ellər eşqinə,
Şöhrətin yayılıb hər yana, Bəsti.

Elə Bəsti də dövrün ədalətsizliyindən cana yığılanda, qəm-ələm üstün gələndə dərdini sirdaş saydığı Qurbanla bölüşür:

Bu yazıq canımı gətirdi cana,
Ədalətsiz divan, zalım zamana.
Atəşə pərvanə, oxa nişanə,
Piltəyə şam oldu canım, a Qurban.

Aşıq Bəsti ölkəni diyar-diyar gəzib məclislər keçirdiyindən xalqın həyatını, adət-ənənələrini, dilini gözəl bilib. Məhz bu amillər onun yazdığı şeirlərin daha canlı, daha təbii alınmasında böyük rol oynayıb:

Ayrılıq mənə dərd oldu,
Zamana çox namərd oldu.
Ev- eşiyim yer-yurd oldu,
Bəsti, Löyü görmədim heç.

Bəsti yalnız gəraylı, qoşma canrlarında şeirlər yazmaqla məhdudlaşmayıb, o, ozan-aşıq şeirinin əksər formalarında qiymətli nümunələr yaradıb. Ulu sənətkar bədii məcazlardan, xüsusilə təbiət təsvirlərindən elə böyük ustalıqla istifadə edib ki, bunu yalnız həyatı və təbiəti dərindən bilən insan bacara bilərdi:

Qayada- daşda gəzərsən,
Çəməndə gülə bənzərsən.
Gəlin kimi bəzənərsən,
Açılıbdı yaxan, kəklik.

Xalqımızın tarixən yaşadığı çeşidli ağrıları, mənəvi sıxıntıları əks etdirmək baxımından bayatı canrı da aşıq ədəbiyyatında və şifahi xalq yaradıcılığında aparıcı yerlərdən birini tutur. Xəstə Qasımdan, Sarı Aşıqdan tutmuş ədəbiyyatımızın bir çox nəhəng nümayəndələri bu canrda xeyli qiymətli bədii nümunələr yaradıblar. Aşıq Bəsti yaradıcılığında da bayatı canrı özünəməxsus mövqeyə malikdir. El aşığı yaratdığı bayatılarında da yaşadığı dövrün mənəvi ağrılarını dilə gətirir:

Bəstini qəmi üzər,
Dərdi-ələmi üzər.
Gözüm yaşı göllənsə,
İçində gəmi üzər.

Aşıq Bəsti kövrək qəlbli bir şəxs olmaqla yanaşı, dostluqda da olduqca etibarlı bir insan imiş. Uzun illər sənət dostu olmuş Ağdabanlı Qurbanın ölümünü faciə kimi qəbul edən sənətkar onun ozan-aşıq sənətindəki yerini də dəqiq göstərib:

Aşıqların ürəyiydi, gözüydü,
Məclislərin söhbətiydi, sözüydü.
Elə bil ki, Ələsgərin özüydü,
Axtarma gözlərim cahanı, getdi.

Aşıq Bəstinin özü tərəfindən yaradılan, onun yaşadığı faciəli sevgi hekayətini əks etdirən "Bəsti və Xançoban" dastanı hələ öz sağlığında sürətlə dildən-dilə yayılaraq məşhurlaşıb, aşıqlar tərəfindən toy şənliklərində həvəslə söylənərək xalqın sevdiyi ədəbi nümunəyə çevrilib.
Bəsti ölənəcən ilk sevgisinə sadiq qalıb, dönə-dönə Xançobanın doğulduğu elləri, gəzdiyi yerləri ziyarət edib:

Bu dağlarda neçə Leyli ağlamış,
Bəsti kimi dağı, daşı dağlamış.
Yardan bizə nə nişanə saxlamış,
Nə taparam torpağından, Ərgünəş?

Təəssüf ki, vaxtında yazıya alınmadığından Aşıq Bəstinin yaradıcılığının az bir qismi bizlərə gəlib çatıb. Sənətkarın doğulub-ərsəyə yetdiyi Kəlbəcərin bu gün erməni işğalı altında olması, onun yaradıcılığına az-çox bələd olan yaşlı kəlbəcərlilərin əksəriyyətinin artıq dünyalarını dəyişmələri Aşıq Bəstinin əsərlərinin toplanması işini bu gün daha da çətinləşdirir. Lakin bütün bu itkilərə baxmayaraq böyük sənətkarın günümüzə gəlib çatmış şeirləri onun Azərbaycan ədəbiyyatı və ulu ozan sənəti var olduqca yaşayacağından tam əminiklə xəbər verir.