Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Zəlimxan YAQUB
“PEY­ĞƏM­BƏR”
Poema


Hüseynbala MİRƏLƏMOV
QIRXINCI OTAQ
Roman


Fikrət QOCA
DÖRD ADDIM
Poema


Haynrix BÖLL (Almaniya)
Hekayələr


Əşrəf VEYSƏLLİ


İnqilab İSAQ


Reyhan YUSIFQIZI
QARANLIQLAR IÇINDƏ
GÖYLƏRDƏN GƏLƏN SƏS
İki hekayə


İlham MƏMMƏDLI
USTAD AŞIQ, INCƏ RUHLU ŞAIRƏ, CƏNGAVƏR QADIN


Almaz ƏLIQIZI
"YARIMÇIQ ƏLYAZMA"
VƏ YAXUD TARIXIMIZIN IBRƏT DƏRSLƏRI


TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ
 

Almaz ƏLIQIZI
"YARIMÇIQ ƏLYAZMA"
VƏ YAXUD TARIXIMIZIN IBRƏT DƏRSLƏRI


 

Universitetdə oxuyarkən bir dəfə dərsdə Bəxtiyar Vahabzadə (bizə müasir Azərbaycan ədəbiyyatından dərs deyirdi) rus dilini bilənlərə bir bolqar yazıçısının "Baryer" adlı əsərini oxumağı tövsiyə etmişdi. Səhv etmirəmsə, həmin yazı "İnostrannaya literatura" jurnalında dərc edilmişdi. Düşünərsiniz ki, Kamal Abdullanın "Yarımçıq əlyazma"sı ilə bu hadisənin nə əlaqəsi? İş bundadır ki, gənclik illərində o əsəri oxuyub bitirəndən sonra başqa bir dövrə, zamana düşdüyümü zənn etmişdim. Bəlkə də yazıçı insan düşüncəsi və psixologiyası ilə bağlı məsələləri gözəl bildiyindən, təsvirləri inandırıcı olduğundan əhvalım dəyişmişdi. Qəribədir, üstündən nə qədər illər keçib, birdən-birə o anları, o hissləri yenidən yaşadım. Mən bu hissləri izah etməkdə acizəm. Hadisələr, zaman baxımından yanaşmalar da tamamilə bir-birinin əksidir. Bajenovun əsəri fantastik əsərdir. Zaman baxımından da, hadisə və insanlar da fərqlidir, daha çox sonrakı əsrlər təsvir olunur. Məkan da başqadır. Düşüncə və əxlaq da həmçinin... Tələbəlik illərində keçirdiyim o hissi çox-çox sonralar "Yarımçıq əlyazma"nı oxuyandan sonra ikinci dəfə yaşadım. Odur ki, "Yarımçıq əlyazma"nı oxuyandan sonra düşündüklərimi yazmaq qərarına gəldim. İlk növbədə romanda tariximizin müxtəlif dövrlərinin sintezi diqqətimi çəkdi.
Məlumdur ki, yazıçı hər hansı bir əsər üzərində o vaxt çalışmağa başlayır ki, təsvir edilən hadisə və problem yazıçını həddindən artıq düşündürür, onu rahatsız edən hər hansı bir ideyanı təlqin etmək istəyir. Kamal Abdullanı uzaq keçmişimizlə bağlı hansı problem maraqlandırır? Kitabi-Dədə Qorqud dastanının qəhrəmanları ilə səfəvilər hakimiyyətinin əsasını qoyan Şah İsmayıl Xətai dövrünün bəzi məqamlarının əsərə daxil edilməsində yazıçının məqsədi nədir? Müəllifin bir dilçi-alim olaraq "Dədə Qorqud" boyları ilə əlaqədar ciddi tədqiqatları olduğu elm aləminə məlumdur. Ancaq həmin qəhrəmanların bədii obrazlarını yaratmaq, Şah İsmayıl dövrünün bəzi məqamlarına müraciət etməklə əsəri istintaq səpkisində yazmaq görəsən yazıçıya hansı mətləbləri açmağa kömək edib? Kiçik bir məqalədə bütün bu suallara cavab verməyin müşkül bir məsələ olduğunu nəzərə alıb, bizi daha çox düşündürən mətləblər ətrafında fikirlərimizi cəmləşdirməyi lazım bildik.
Əvvəla, yazıçının böyük tarixi keçmişimizi, igid babalarımızın yaşam, du-yum və qəhrəmanlıqlarla dolu həyatını əks etdirən Dədə Qorqud dastanının qəhrəmanlarına müraciət etməsi təqdirəlayiq bir haldır. Maraqlısı budur ki, tarixi qəhrəmanlıq dastanından müəllif onu düşündürən sorğularına cavab almaq üçün məharətlə faydalana bilmişdir.
Təkzibedilməz faktdır ki, düşmənlərimizin həmişə türk torpaqlarında gözü olmuş, türklərin yaşadıqları əraziləri mənimsəmək üçün yollar axtarmış, bəzən öz içimizdən zəif iradəliləri, təkəbbür və mənəmlik xəstəliyinə tutulmuşları, bizə qarşı çevirməyi bacarmışlar. Bu isə çox zaman türk dünyasının daxildən zəifləməsi, qardaşın qardaşa qarşı qoyulması ilə nəticələnmişdir. Həmişə içimi yeyən bir sual əsəri oxuyandan sonra məni daha çox düşündürdü. Doğrudanmı, biz bu qədər sadəlövh olmuşuq ki, bütün olub-keçənlərdən nəticə çıxara bilməmişik?! Bunu isə tarix heç zaman bağışlamır. Təəssüf ki, biz bu gün də babalarımızın səhvlərini təkrar etməkdə davam edirik. Səhvlərimizin kökü isə tarixin daha dərin qatlarına gedib çıxır.
Romanda Bayandır xanın casusu qaçırdanları və Oğuzda daxili düşmənləri üzə çıxarmaq üçün çalışdığını görürük. Əsərin sonrakı hissələrilə tanış olan oxucu tədricən Oğuzda baş verənlərdən məlumatlanır, çox mətləblərdən hali olur. Məlum olur ki, Qazan xan Oğuzun bölünməsinin əsasını qoyur. Hadisələri qələmə alan gənc Qorqud həmin mənzərəni belə ifadə edir. "Ölüm, bir tək ölüm, ancaq ölümdü onun mükafatı, şaqqalamaq, ikiyə bölmək, asmaq, kəsmək, yox olmaq, məhv eləmək, tək onu yox, hələ şübhəli bir çox adam var Oğuzda. Dəli Dondar var, Alp Rüstəm var, Bəkil var... Aruz var, Xanım. Dış oğuz başdan-başa düşmən ocağıdı, ağızlarına gələni danışırlar, nə istirlər edirlər. Onlar bizi İç oğuzu yox etmək dilərlər, amma heç vədə! Olmayacaq. Biz onları məhv edəcəyik. Hamısını, bircəciyinə qədər hamısını...".
İstintaqı xatırladan bu hadisələri qələmə alan gənc Qorqud ürəyində öz-özünə deyir: "Qadir Tanrı, xeyrə cala. Qadir Tanrı, sən böyüksən. Bağışla, bağışla bizi. Mən Qazanı heç düz-əməlli tanımamışam. Qadir Tanrı, bağışla, bağışla onu, özü də duymadı nələr söylədi, beləcəsinə Oğuzu bölmək istədi. Ayrı-seçkilik salmaq dilədi. Bağışla onu. Qadir Tanrı, sən bağışla".
Daha sonra oxuyuruq: "Qazan düşündüyünü bir qədər sonra həyata keçirəcək idi. Bayandır xan barış üçün ona "...evini İç oğuz, Dış Oğuz bəylərinə yağmalat" buyruğunu verəcək idi. ...Əməl eləməyəcəkdi. Evini yağmaladacaqdı. Amma Dış Oğuz bəylərini çağırmayacaqdı. Bu səbəbdən də düşmənçilik get-gedə artmağa başlayacaqdı".
Düşməni kənarda deyil, öz içimizdə aramaq, var-dövlət, mənsəb və hakimiyyət üçün toplumu parçalamaq, ən böyük səhvimiz və qəbahətimiz deyildimi? Tariximizdən, babalarımızın yaşadıqlarından nəticə çıxara bilməməyimiz, səhv üstündən səhvlər buraxmağımız ən böyük bəlamız deyildimi?
Bəlkə Bayandır xanın gənc Qorquda dediyi: "Oğul, bir gün gələcək, bütün bu əhvalatlar, qəziyyələr, vaqeələr, duşlar sənə gərək olacaq, lazım olacaq. Odur ki, diqqətin olsun. Diqqətin olsun, amma ondan da öncə ədalətin olsun. Ədalətli olmaq asan bir iş deyildir - biləsən".
Bayandır xanın dediyi "bir gün gələcək bütün bu əhvalatlar, qəziyyələr, vaqeələr, duşlar sənə gərək olacaq, lazım olacaq" sözlər dediklərimizi bir daha təsdiq edir. Göründüyü kimi, Bayandır xanın tövsiyələrindən biri də ədalətli olmaqdır. Ədalətli olmaq mənəvi-əxlaqi keyfiyyətdir. Bayandır xan üçün ədalət həm də dövlətin dayağıdır. Ədalət olmadan çağdaş və gələcək nəsil heç bir nailiyyət və yükşəliş yoluna çıxa bilməz.
Qorqudun əsil dedikləri əlyazmada xarici təsir nəticəsində pozulub ya da oxunmur. Müəllif bunu kiminsə etdiyini düşünür, sonra isə buna inanmadığını söyləyir.
Biz isə hesab edirik ki, yazıçı nəticə çıxarmağı oxucunun öhdəsinə buraxır. Müəllif çox uğurlu bədii gedişlə daha qlobal məsələlərə toxunur, demədiklərini oxucunun özünün dərk etməsinə səy edir. "Yarımçıq əlyazma" deyərkən, həm də orada qoyulan problemlərin əsərin özü kimi yarımçıq qaldığını, onların davamının bu günümüzə qədər gəlib çıxdığını göstərir. Əvvəl oxucu doğrudan da müəllifin yarımçıq bir əlyazma ilə rastlaşdığına, əlyazmalar fondunda çalışan qızın son dərəcə həvəssiz bir şəkildə onunla (müəlliflə) soyuq davranışına az qala inanır. Sanki oxucu bədii bir əsər deyil, əlyazmalar fondunda çalışan bir alim-tədqiqatçının gündəliyini oxuyur. Həmin əlyazmanı çox illər əvvəl kimlərsə oxuyub, sovet dönəmində bir çox hadisələr və əlyazmalar kimi, həmin hissələr də əbədi olaraq tarixdən silinib. Nə üçün? Ona görə ki, Dış Oğuzla İç Oğuzda baş verənləri türk olaraq dərk edəcək, ayılacaq, nəticə çıxaracaqdıq.
Əsərdə elə hissələr var ki, onları təsirlənmədən, daxili sarsıntı keçirmədən oxumaq olmur. İstintaqın başa çatması məqamında məlum olur ki, xanlar xanı Bayandır xana hər şey əvvəldən aydınmış. Onun məqsədi Qalın Oğuzu içəridən gəmirən canavarı tapmaqdır. Bu isə kimə aydın olmasa da Bayandır xana məlumdur. Ən sonda xanlar xanı içini dağıdan mətləbləri heç kimə yox, yalnız Oğuza söyləyir. "Bilirəm bir zaman gələcək, gərəyin olacaq. Qorqud, oğul, ava gedən qonaq bütün ordunu özü ilə apararmı?... Qazan ava çıxınca Aruz ona doğru getdi sordu: Uzağa, çox uzağa qorxulu səfərə gedirsən, yurdda ordun üstünə kimi qorsan? Qazan nə etdi? Aruzu ordusu üzərinə qoymadı, ağzından süd qoxusu gələn oğlançığını qoydu. Aruzu küsdürdü. Aruz Qazandan sonra birinci olmaq dilər. Qoymadı, olmaz dedi, mən səni saymanam, dedi. Sonuc? Düşmən yurdu daradı, ulu savaş oldu... Bəkilin yediyini burnundan tökdü, hünərinə sənin hünərin deyil, atın hünəridir dedi. Bəkili dəxi küsdürdü. Bəkil geri evinə gedər oldu, Oğuza asi olmaq istədi, qoymadılar, ava çıxdı, dərdini dağıtsın deyin, atdan yıxıldı, sındı, düşmən Qoca Təkur Oğuzun sınırına qondu. Sonuc? Yenə savaş! Bunları Qazan yapdı, Qorqud, Qazan... düşünürmüsən?
Bu yana, qavat oğlu qavat evini yağmalatdı. İç Oğuzu çağırdı, bu dəfə Dış Oğuzu çağırmadı. Səbəb nə idi?... Bir səbəb yox ki. Bəylərbəyinin kefi belə istədi, demi? Olurmu? Olurmu soruram, Qorqud? Sənə soruram. Olmaz! Olmaz, Qorqud, oğul, olmaz. Heç olmaz."
Göründüyü kimi, düşmənçilik ədalətsizlikdən törəyir. Hakimiyyət isə hər şeydən əvvəl ədalət tələb edir. Qazan xan isə təcrübəsinə, yaşına baxmayaraq uzaq səfərə gedərkən ordunun başında Aruzu deyil, öz oğlunu qoymaqla sonrakı bəlaların özülünü qoyur. Ədalətin pozulmasıyla dövlətin əsasları laxlayır. Dış və İç Oğuz arasında olan mübarizə, narazılıq bunun üstündə rəvac tapır. Oğuzun parça-parça olmasının təməli qoyulur, daxili çəkişmələrə gətirib çıxarır.
Bəlkə də əsərdən gətirdiyimiz sitat həcminə görə çoxdur. Ancaq Bayandır xanın dediklərindən bir sözü belə çıxarmaq günahdır. Çünki xanlar xanının dedikləri ibrətamizdir. Elin, ulusun başında duran Qazan ədalətsizlik etdiyi üçün digər ədalətsizliklərin baş alıb getməsinə özü rəvac verir, zəhməti olanlara deyil, heç bir iş görməyərək hazıra nazir olanlara meydan verilir. Deməli, məhşər günü yaxınlaşır. Bayandır xan isə ağıllı, tədbirli, uzaqgörən bir başçı kimi bunları görür, yaxınlaşan fəlakətin qarşısını almaq üçün yollar axtarır. Qurulan istintaq da məhz bu səbəbdən reallaşır, nəticədə isə bir çox qaranlıq mətləblərə aydınlıq gəlir. Əsər irili-xırdalı bir çox problemləri özündə ehtiva edir. Romanın baş xətti vətən, onun tarixi və bütövlüyüdür. Təbii ki, fikirlərimizi yenə də romandan gətirdiyimiz parçalarla təsbit etməyə çalışacağıq.
"Bir dəxi onlara adam salalım əhvalatı necə var eləcə də söyləyəlim! Xanlar xanı bir tədbir töksün. Bu gün Dış Oğuzun başı dərdli isə, sabah İç Oğuz, sonra baxarsan Qalın Oğuzun başı dərdə girər".
Güman edirik ki, romandan gətirdiyimiz bu sitatın heç bir izaha ehtiyacı yoxdur. Dövlət yaratmaq, onu qorumaq, ədalətlə idarə etmək qədim türklərin ən böyük tanrı vergisi, onları başqalarından fərqləndirən xüsusiyyətlər idi. Təsadüfi deyildir ki, bəzi Avropa mənbələrinin və alimlərinin yazdığı kimi, Avropa xalqları dövlət qurmağı və döyüşməyi türklərdən öyrəndilər. Ancaq sonrakı tarixi inkişaf göstərdi ki, daxili çəkişmələr, ədalətsiz idarəçilik, mənəmlik iddiaları onların ən zəif cəhətləri kimi, məğlubiyyət və süqutlarının əsasını qoydu.
"Yarımçıq əlyazma" əsərində bir çox problemlərlə yanaşı, insanı düşündürən, böyük idraki əhəmiyyət kəsb edən məsələlər də var. Bu günümüz üçün son dərəcə aktual olan fikir və mülahizələr insanı bir daha dönüb keçmişinə baxmağa, bu günümüzün özündə belə amansız zamanın silə bilmədiyi izləri görməyə imkan yaradır.
Doğrudan da dastanda olan bəzi fikir, mülahizə və atalar sözlərinə çevrilmiş deyimlərin yaranma şəraiti və səbəbi aydınlaşır. Düşünürük ki, dastanı tədqiq edən tədqiqatçılar diqqətlə əsəri oxusalar, oradan yeni məlumatlar əldə edə bilərlər. Tariximizlə, ədəbiyyatımızla, mədəniyyəti­mizlə, bütünlükdə söykökümüzlə bağlı olan nəinki, yarımçıq əlyazmaların, hətta kiçik bir yazının, hətta səhifənin də böyük qiyməti var. Başqa xalqlar tarixlərinin daha zəngin, daha qədim olduğunu göstərmək üçün dəridən-qabıqdan çıxdıqları bir zamanda biz daha diqqətli, daha ayıq olmalıyıq.
"Yarımçıq əlyazma"da ədalətin istintaq şəklində üzə çıxması məsələsi ilə millətin, dövlətin bütövlük məsələsi önə çıxır. Danışılanlar, yuxugörmələr, Nur daşı ilə söhbətlər, bəzi insanların sirlərini Qorquda danışması bir xəttə - İç və Dış Oğuzun bütövlüyünü qorumağa, həmçinin ikitirəliyin, bölücülüyün əsasının qoyulmasına "yardımçı" olanların üzə çıxmasına səbəb olur. Əslində casusun kimlər tərəfindən qaçırılması ətrafında başlanmış istintaq daha böyük məsələləri aydınlaşdırır.
Qorqudun yuxu adı altında bildiklərini Bayandır Xana çatdırması bütün bu əhvalata yeni bir ahəng, yeni bir çalar verir. Azərbaycan nağıllarından gələn - haqq aşiqlərinə yuxuda buta verilməsi, hadisələrin bəzi məqamlarda danışılan söhbət və əhvalatlarda üzə çıxması və bir çox digər xüsusiyyətlər bu əsərdə də özünü göstərir. Xüsusilə, Qorqudun bir çox mətləblərin açılmasında yuxuda gördüklərinin əhəmiyyəti dediklərimizi bir daha sübut edir. Digər tərəfdən, Qorqudun bütün hadisələrdən xəbərdar olması, hamının inanaraq öz sirrini ona deməsi, onun qeyri-adi bir insan olması - müqəddəsləşdirilməsi və s. məsələlər də bu qəbildəndir.
Şah İsmayılla bağlı hissələr isə daha böyük maraq doğurur. Əvvəla, Azərbaycan tarixinin daha qədim dövrlərindən birdən-birə Səfəvilər hakimiyyəti illərinə düşmək öncə oxucunu bir az çaşdırır. Ancaq müəllif məharətlə çıxış yolu tapır. Bütün hadisələrin yuxugörmələr, Nur daşı ilə danışmalar vasitəsilə verilməsi, əsərdə gözəgörünməz sirli bir qüvvənin də varlığından xəbər verir. Şah İsmayıl hələ sağlığında özünəoxşar bir insanı yerinə hazırlayır. Duruşu, baxışı, boy-buxunu, ədaları, hətta şairliyilə Şah İsmayılın eyni olan bu insanı yerinə hazırlamaqda onun məqsədi nə idi? Görünür, Şah özündən sonra da onun qayda-qanunlarının yaşamasını, xalqı idarə etmənin özünün varlığı zamanında olduğu kimi qalmasını arzulayır. Odur ki, Şahın həyatda olmadığı bir məqamda da onun xofu camaatın başı üzərindən əksik olmur.
Romanda maraq doğuran bir sıra qadın obrazları vardır. Müəllif bu obrazların hər birinin vasitəsilə müəyyən mətləbləri diqqətə çatdırmaq istəmişdir.
Qazanın arvadı Burla xatun xanlar xanı Bayandır xanın qızı olduğu üçün ona aid olmayan işlərə baş qoşur, bundan sui-istifadə edir.
Boğazca Fatma ana olmaqla bərabər həm də çox hiyləgər bir insan kimi verilir. Digər tərəfdən, istər-istəməz düşünürsən ki, eli, toplumu idarə edə bilən bu ər igidləri Boğazca qarı necə olur ki, aldada bilir? Oğlunu ölümdən qurtarmaq üçün Qazan xandan tutmuş digər bəylərin hamısını aldadaraq ayrı-ayrılıqda oğlunun onların övladı olduğunu deməklə tək övladını ölümdən qurtara bilir. Burada ikinci, digər bir cəhət də oxucunun gözündən yayınmır. Deməli, səlahiyyət sahibi olan bu insanlar heç də özlərinə arxayın deyillər. Boğazca Fatma onların bu zəif cəhətlərini bildiyindəndir ki, istəyinə asanlıqla nail olur. Nəhayət, digər bir cəhət isə onların tutduqları yüksək mənsəbdən dövlət maraqları üçün deyil, şəxsi maraqları üçün istifadə etmələri aşkarlanır.
Əsərin "Yarımçıq əlyazma" adlandırılması, əlyazmada yazıların pozulması və yarımçıq qalmış bəzi məsələlər də diqqətdən yayınmır. Müəllifin qurduğu forma ilə əsərin məzmunu arasında eynilik mövcuddur. Göründüyü kimi, roman "Yarımçıq əlyazma" adlanır. Yəni əsər hələ tamamlanmayıb. Çox mətləblərə aydınlıq gətirilməyib. Kamal Abdulla həmin problemlərin bu gün də öz həllini gözlədiyini nəzərə çatdırır. Keçən bu əsrlər ərzində yarımçıq qalan ziddiyyətlər, problem və naqisliklər həll olunmayıb. Romanın Bayandır xanın "...Deyəcəyəm, həpsini deyəcəyəm. Dinlə məni, gərəkin olacaqdır. Babam Qamğan derdi ki,..." yarımçıq cümləsi ilə bitməsi də bir daha dediklərimizi sübut edir.
Ruhumu titrədən, məni düşündürən, qürurlandıran, həm də mütəəssir edən romanın təsiri altında qələmə alınmış bu yazıda təbii ki, şəxsi fikir və düşüncələr üstünlük təşkil edir. Ancaq bütün müsbət keyfiyyətlərinə baxmayaraq Kitabi-Dədə Qorqud dastanlarından tanıdığımız Qazan xan, Beyrək və s. obrazların bu romanda qüsurlu, kobud səhvlər edən insanlar kimi təqdim edilməsi bir az qəribə görünür. Çünki oxucu qəhrəmanların çoxunu dastandan kifayət qədər tanıyır və sevir.
Tövsiyə xarakterli digər iradımız isə əsərin əvvəlində dünyanın qədim xalqları sırasında müəllifin bədnam qonşularımızın da adını çəkməsilə (səh.9) bağlıdır. Kamal Abdullanın bir alim-tədqiqatçı olaraq tarixi həqiqətlərə vicdanla yanaşmasını qəbul edirik. Çox zaman həqiqətdən möhkəm-möhkəm yapışaraq bu naqis, paxıl, xüdbin millətin bir vaxt yazdıqlarımızı əsas gətirərək, bizi öz əlimizlə vurmağa çalışacaqlarını, həmən mənbədən bizə qarşı istifadə edəcəklərini unuduruq. Müəllifin vətən və millət sevgisinə zərrə qədər şübhə etmədən bunları söyləməyi özümüzə borc bildik.
Təbii ki, məzmununda böyük mətləb və ideya daşıyan bir əsər üçün de-diklərimiz çox cüzi iradlardır.
Əsərlə bağlı fikirlərimizi belə yekunlaşdıra bilərik. Bu gün bütün dünyada mənəvi köklərə qayıdış prosesi gedir. Artıq millətindən asılı olmayaraq hamı dərk edir ki, mənəvi əsaslara söykənməyən cəmiyyət gec-tez iflasa uğrayır. Bunu dərk etdikləri üçün hər kəs soy-kökünü öyrənmək, araşdırmaq, həyata tətbiq etməklə mənəvi çürümənin, mənəvi tənəzzülün qarşısını almağa çalışır. Biz də bəşəriyyətin bir parçası olaraq bu mütərəqqi prosesdən kənarda qala bilmərik. Və qalmırıq.