GÖRÜM AĞAC KİMİ ÇİÇƏKLƏRƏMMİ..? İçim çiçəkləyən badam ağacı, Tanrı möcüzəsi, ruh ehtiyacı. Dövlətim, sərvətim şeir qazancı, Gəl bölək səninlə, şeir oxuyum. Sona VƏLİYEVA Sona Vəliyevaya açıq məktub … İldən artıqdır ki, qəlbim Məlikməmmədin 40-cı otağı kimi bağlıdı. O bağlı otaqda nə saçından asılan gözəl var, nə də özündən asılan sirr… O bağlı otaqda taledənmi küsən, məndənmi inciyən dopdolu bir SÖZ DÜNYASI var… İçimin gözləməyə məhkum etdiyi, çözələməyə qıymadığı bir söz dünyası … Sadəcə və sadəcə çəhrəyı rəngdə olan, bəmbəyaz saf duyğulara bələnmiş içimin bütün riyalardan uzaq, yalnız özüməməxsus dünyasını bu qarmaqarışıq, hər cür rənglərə boyanmış, görmək istədiyim ancaq görməyi bacarmadığım, dünyaya daşımaq istəmədiyim duyğularımı o bağlı otaqda daha yaxşı qoruyuram… İldən artıqdır ki, əlimə qələm almıram… Bu zaman çərçivəsində məndən inciyənlər də oldu, hətta küsənlər də… Kitab bağışlayıb «söz yaz»- deyənlərin, yubleyini xatırladan tanışların söz umduğu baxışları qarşısında əridim, yox oldum… Və baxıb gördüm ki, o 40-cı otağımdayam… Özümü tapdım, sevindim, ancaq bu biri dünyaya gəlməyi bacarmadım… Gənclik illərindən içimə yığılan çox-çox çonralar qələmə aldığım bir mənsur şeirim var «Payızda çiçəkləyən alça ağacına». Bizim həyətimizdə o ağac əvvəlki yazda bütün ağaclardan tez çiçəklədi, yazın qəfil yağan qar sovurdu çiçəklərini, sonra bir də payızda çiçəklədi və o il alca ağacı bar vermədi. İnsan ömrünə bənzətmişdim nədənsə alça ağacını… İnsanlar da belədir, ömrün lap əvvəlində, bir də sonunda çiçəkləyir… Çox nadir hallarda bu çiçəklərdən bar, bəhrə yaranır… Bəzən heç çiçəkləməyən ömürlər də var… Bu sabah içimin, qəlbimin 40-cı otağının çiçəkləyən duyğularına səbəb nədir görəsən? Sənin mənə bağışladığın kitabı əlimə aldığım an çox qəribə, sehrli bir əl toxundu sanki qəlbimə… «Çəhrəyı rəngli dünyam» - bu sənin kitabının adı idi! İlkin olaraq məni sehrləyən bu söz oldu. Bu söz mənim ürəyimin adı idi… 40-cı otağımın qapısına vurulmuş kilid… Bu söz «buraya girmək qadağandır!» mənimçün belə şifrəli, şifrəsini unutduğum, açmağı bacarmadığım qəlbimin yoluna işıq saldı. Və mən o işıqda o şifrəni xatırladım… Bu şifrənin adı DƏRD idi… İldən çoxdur ki, bütün duyğularıma, düşüncələrimə, yazmaq ehtiyacıma möhür vuran DƏRD. Payız xəzanından qorxmayıb belə, Bu çiçək ömrünə haradan gəldi? (Ay bulud bacılar, şimşək qardaşlar,) İçimə bir ulduz sevda göndərin. Görüm ağac kimi çiçəklərəmmi? Diqqət etmişəm, bütün Naxçıvan yazarlarının demək olar ki, çoxunda var bu payızda çiçəkləyən ağac mövzusu. Bu, bəlkə də Tanrının bizə bağışladığı bir az qeyri-adi iqlimdəndir. Özümüz də o torpaqlara bənzəyirik. Sevgimiz də böyükdur, nifrətimiz də… «Ata evim» şeirini oxuyuram. Və sənin o yüyənsiz şeir atınla mən də öz ata yurduma dönürəm. Və gedib nə görsəm yaxşıdır?! Mənim ürəyimə vurulan o qıfılın eyni o qapılardan asılıb… Nə ata evində, nə qardaş qapısında mən kimsəni tapmıram… Qapımızın ağzında məcnun söyüd yamyaşıldı, altında nə bir vaxt kətildə açılan yaz süfrəsi var, nə çay süfrəsi… Eləcə yaz küləyinin sovurduğu quru yarpaqlar yığılıb… Alma ağacımız çiçəkləyib, heyva da, əriklər, şaftalılar… Ancaq nə bir vaxt onları ay işığında öpüb-əzizləyən qız var, nə də «harda qaldın?» - deyə haraylayan ana səsi… Bir az kənara, qardaş qapısına boylanıram. Həyət başdan-başa yasəmən ağacları ilə doludur. Qardaşım çox sevərdi yasəmənləri. Həyətin hər yerinə əkmişdi. İndi bu sahibsiz yasəmən ağaclarının altında ot-ələf boy atıb… bir də həsrət. Ömür yoldaşı ilə əl-ələ verib başqa bir dünyaya çıxıb gediblər… Əzabla qurub-yaratdıqları ev yarımçıq qalıb… Həyətdən rezin boruyla axan suya nə hovuz tikilib nə də haçansa oğul-qız toyu edəcəkləri balkona qapı-pəncərə vurulub… Evləri kimi, balalarını da yar-yrımçıq qoyublar… Çox sevdiyim o yasəmən ağaclarına baxıram, baxıram baxıram… Siz Allah qınamayın məni, doğmalar, Özüm də bilmirəm nəyin möhtacıyam. Mən bu yollardan nigaran, yol ayrıcında bitən, tənha gilas ağacıyam! Sənin «Ata evim»- də nə qədər göz yaşı varmış, Sona! Ürəyimi göyüm-göyüm göynədən bu qədər xatirəni necə sığışdırmısan misralarına?! «Bir budaq kölgəyə möhtac», «bir bulud yağışa ac» könlümü «Sən Allah məni də götür» - deyə sənə sığınan könlümü götür, «yarıyaq bu yoldaşlıqdan» «Yol başlayıb gedən karvan»a qoşulaq. Vətəndə Vətənə varaq, Yolu yarı yolda qoyaq. Haqqa üz tutub yalvaraq, Çıxaq döyüşdən qəhrəman, Yol başlayıb gedən karvan. Sən bu şeiri «Yol başlayıb gedən karvan»amı yazmısan, yoxsa… Ağ dəvənin üstə gözəl, Gözündən yaş xəzəl-xəzəl. Ölüm goğulmadan əzəl, Qəribliyi, dərdi dastan, Yol başlayıb gedən karvan. Yoxsa İNSANAMI?! «Sarı gözəl, sarı çiçək» şeirini oxudum. Bir çiçək sevgisinində, bir yurd sevgisini, bir Qarabağ, Şuşa dərdini necə də gözəl vermisən… «Qarabağım, Şuşam getdi. Sən günəşi sevdiyin tək, Biz sevməyi bacarmadıq. Sən günəşi sevdiyin tək Durub dayanmağa tab almadıq. Əziz bacım, əslində biz öz çəhrəyı rəngli dünyamızda doğulduğumuz gündən dünyamızı sevdik, insanları sevdik. Amma nədənsə… Bu sevgi özündən əvvəl doğulan, Səni taleyimə yazdı Yaradan. Bir ömür yol gəldim, dolanbadolan Dilim susan oldu, ay Qaragilə. Sona, hərdən mənə bu ağlı-qaralı dünyaya uymağı, yovuşmağı, isinməyi öyrədirlər. Deyirlər ki, xoşbəxt olmaq üçün sən də yalan danışmalısan, sən də aldatmalısan, sən də … sən də… sən də… Qulağımda cingildəyir sözlər, ordan ürəyimə yol alır. Və gedib görür ki… Mən layla eşitdim çəhrayı rəngdə, Mən öyüd eşitdim çəhrayı rəngdə. Üzümdə göz yaşım möcüzə, vallah Görsən inanmazsan – çəhrayı rəngdə. Sən düz deyirsən, bacım – Gözümmü, ağlımmı, qəlbimmi haqlı, Bu yaşımda nə dəyişim, nə anım? Dünyanı ağ, qara görmək üsün mən Gərək əlifbadan başlayam, canım. Mənim içimdəki çəhrayı dünyada başqa rənglərə yer yox… «Gəl, sənə bir həzin şeir oxuyum» - deyirsən. Bu da bir fürsətdir ələ düşməyən Sözlərin mələklər göydən gətirən. Min ildir heç kimə söylənilməyən, Gəl, sənə bir həzin şeir oxuyum. Sən mənə sadəcə şeir oxumursan. Məni 17 yaşımdan bu yana içimin «badam ağacı kimi çiçəkləyən» - vaxtından «Min bir gecə»dəki Şəhrazad kimi» sübhəcən çiçəklərə şeir söyləyən könlümü təzədən varaq-varaq çözələyirsən… İçim bir qurumuş ərik ağacı idi… Şeirin nəfəs verdi, sözlərin məlhəm oldu… Ömrun, günün bir bayatı Bu dərd səni hardan tapdı? Bəxt ki, yatdı, yatacaqdı, Üzülmə, ərik ağacı. Çarən dağamı çəkilib? Dərdin özünlə əkilib. Tale sınağamı çəkir Dözümlə, ərik ağacı. «Bu nə yolçuluqdur belə, İlahi»? Sənin şerinin yolçuluğunda mən uşaqlığımdan indiyəcən bütün qəribə, sehrli yuxularıma bir-bir baş vurdum. Bir bahar axşamı atamla qol-boyun yatdığım gecə görmüşdüm ki, uzun bir mavi işıqda atam gedir, mən arxasınca elə hey baxıram, baxıram, o isə gedir və sonunda lap kiçik bir nöqtəyə dönür… O gün atam geri dönməmişdi… Həm də o gün Novruz çərşənbəsi idi… İçimin içimə sığmadığı o gündə içimə bir ata yoxluğu necə sığındısa, hələ də o yoxluğa nəyisə, kimisə sığdıra bilmirəm. Evimdən nigaran bu necə gediş, Balamdan nigaran bu necə səfər. Hərdən yuxularımda bir mavi işıq zolağında mavi atlı, mavi geyimli bir qəribə yolsu gəlir. O yolçu kimdir, bilmirəm. Bildiyim bir şey var, o yolçu gələndə dolaşığa düşən işim düzəlir… Bəlkə bu mavi işıq zolağı bizim o biri dünya ilə gediş-gəliş körpümüzdür? Yuxularımız görüş yeri… Ömrümüz dayanacaq… Mən görünməz dünyada qərib Səyyaham, Nə vaxtsa qayıdacağam. Mənim nicarançılığımı başqa dünya götürməz. Təki bu dayanacaq nicaranlıqların bitdiyi yerdə dayansın… Sona, (bağışla ki, mən sənə nə Siz dedim, nə xanım. Mən əslində bu məktubu özümə yazıram) biz çox söhbət etmişik. Amma bu şeirlərlə dərdləşirik… Şair əslində qorxa-qorxa, çəkinə-çəkinə əlini qələmə atır, bilir ki, özündən belə gizlədiyi duyğularını vərəqlərə tökəcək… Sənin ömür-gün yoldaşına yazdığın «Adi qayğılardan bezmişəm daha…» şeirin məni daha sox tutdu… Bilmirəm niyə… Bəlkə ona görə ki, biz qeyri-adilikləri daxilimizdə məhkum edib adiliklərə qucaq açmışıq. Mənim gənclik illərində «Adilik… Sənsizlik… Tənhalıq…» adlı bir mənsur şeirim «Azərbaycan qadını» jurnalında dərc olunmuşdu. Onda mən xeyli məktub almışdım. Mənimçün ən maraqlısı o idi ki, hər gün görüb tanıdığım biri də mənə çox geniş və mənalı məktub yazmışdı. O dost tələbəlik illərinin şirin bir xatirəsi kimi elə o illərdə qalıb. Məktub isə hələ də mənimlədir. O mənsur şeir belə bitirdi: Çıxıb adiliklər çərçivəsindən Sənə qovuşmağa tələsirəm mən. O mənsur şeir əslində görmədiyim, tanımadığım qəlbimdə yaratdığım birinə yazılmışdı. Mən o vaxt onu bəlkə də bir fərd kimi başa düşürdüm. Amma illər mənə başa saldı ki, o fərd hamımızın içində göyərməyə, çiçəkləməyə möhtac olan şeir dünyası imiş… Narahat ömrümə sığmayan ruha Qərib yolçu kimi məkan gəzirəm. Mənə qoşulmağın bəlkə gərəksiz, Möcüzə axtaran səyyaham vallah, Özümə qoşmağa insan gəzirəm. Sona, bizləri bir-birimizə bağlayan qəribə bir tel var. Biz fikir qohumuyuq, düşüncə qohumuyuq, dərd qohumuyuq… Bax, indi sən çox, lap çox XOŞBƏXTSƏN!!! Elə bu şeirinlə bilirsənmi özünə nə qədər insan qoşmusan? Yox, bu möcüzə deyil, vallah! Sən də qərib yolçu deyilsən! Ətrafına bax… Biz çoxuq! Uzat əllərini, əziz bacım, səninlə bu şeir yolçuluğunda lap dünyanın o başına getmək olar! Gəncliyimdən üzü bəri nə qədər şeir kitabı oxumuşam. Hələ məktəbli ikən Cəfər Cabbarlının «Ana» şerini bütün tədbirlərdə söylərdim. Bir gün məni Şahmar Ələkbərzadənin «48 ölçüdə qadın paltarı» şeiri çox ağlatdı. Şair Elçin İsgərdərzadənin yanına rəfiqəm Kəmalə Nəsrinin kitabının nəşri üsün getmişdik. Elçinin iş otağında bu şeir çərçivədən asılıb. Mən o günlərdə aylardan bəri xəstə yatan anamın yanından gəlmişdim. Uşaqlarımı, evimi töküb getmişdim və aydan çox anamın yanında qalmışdım. Acı dərmanların, ağrılı iynələrin əlindən birtəhər ayaq üstə qoymuşduq anamı… Gözümə sataşan lövhələki şeir əslində mənim bir vaxtlar əzbər bildiyim şeir idi. Möcüzəyə bax ki, sanki ilk dəfə idi oxuyurdum o şeri. Nə yaxşı ki, otaqda tək idim. Gözümdə sel kimi axıb gedən yaşı kimsə görmürdü… Sənin «Bir ana köçünə çatmamışam mən» şeirin isə bir özgə cür kövrəltdi məni. Bəlkə inanmayacaqsan, ancaq bu bir həqiqətdir. Dörd balasını dönə-dönə mənə tapşıran gəlinimizin köçü məni qardaşımın itkisindən çox üzdü. Dünyada bəlkə ən ağır köç ANA KÖÇÜ –dür. Balasından nigaran Ana köçü… Gördüm başı açıq, ayağı yalın, Gördüm küçə-küçə, ev-ev gəzirəm. Qonşular, qohumlar qalsın bir yana, Ağacdan, çiçəkdən sorub gəzirəm. Siz mənim anamı görməmisiz ki? Biz sənin Ananı görmüşük, Sona! Öz analarımızın üzündə… Biz sənin ananı görmüşük, Sona! Öz analarımızın gözündə… Mən sənin ananın köçünü belə görmüşəm. Bir ananın köçündə… Bu «taleyi birtəhər yazılan qadın», «özu payız, dərdi xəzəl», «bəxtiylə küsülü qadın» bildinmi nələr çəkdi kitabını oxuya-oxuya… Bildinmi başımdan nələr keçdi, bildinmi qəlbimdən nələr? Sənin «kəsilən məktublar»ını oxudum. Ona görə sənə bu məktubu yazıram. İstəyirəm biləsən səni heç kim unutmayıb. İstəyirəm biləsən ki, elə bu şeirinlə sən də sübut elədin ki, sən də dünyada gözəl nə varsa heç birini unutmamısan…
Nağıla, yuxuya dönə bu məktub, Qapısı, bacası çətin tanına Bəlkə, bəlkə, fikirləşəm, Min ad düşə yadıma Qırxıncı otaq tək yol uzun ola. İndi bildinmi ki, niyə 40-cı otağın şifrəsini mənə xatırlatmısan? Bilmirəm sənin kitabın haqqında mənim məktub ünvanlı bu yazım sənə gözlədiyin məktubdan bircə sətir belə gətirəcəkmi? Bircə şeyi bilməni istəyirəm. Sənin «ürəyində arpa boyda, buğda boyda böyüyən. «sətir-sətir ünvanıma yol gələn» bu şeir kitabın mənim ildən artıqdır ki, DƏRDİN kilid vurduğu ürəyimin qapısını sözün əsl mənasında açdı. İçimdəki yığın-yığın söz dünyasından sənə məktub şəklində göndərdiyim bu söz boğçasında tək bircə hədiyyə var: SƏMİMİYYƏT…
|