|
Piqmalion (pritça) Çoxdan oxuduğu bir əfsanəni—Piqmalion əfsanəsini tez-tez xatırlayırdı son vaxtlar. Xatırlayırdı deyəndə ki, heç unutduğu vaxt olmurdu, düzü. Elə hey belə bir şedevr yaratmaq eşqiylə yanır, onun böyük sevgidən canlanacağı günü gözləyirdi. Xəyallarında topdağıtmaz ümid qalaları ucaldırdı. Yox, başlamaq lazımdı bu işə. İnanaraq, sevərək, necə deyərlər, böyük əzmlə. Elə belə də etdi. İndi onun şedevr yaratması üçün hər şey vardı: vaxt, pul, material, inam, gənclik enerjisi, üstəgəl tükənməsi mümkün olmayan yaradıcılıq eşqi - sevgilərin ən göyçəyi. Çox cansız materiallara can vermişdi heykəltaraş, indiyədək yaratdıqlarından narazı qalana, dodaq büzənə rast gəlməmişdi hələ. Bu işi isə yaradıcılığının pik nöqtəsi olacaqdı çox güman. Həyat nağıl olmasa da, dili yüyrək olur çox vaxt. Xüsusən də bu həyatı, onun bir də yaşanmayacaq hər anını nəyəsə ürəkdən həsr edəndə. Ürəkdən, həm də bilərəkdən, bütünlüklə həsr etmişdi özünü bu işə.Tanrının verdiyi ömrün ən gözəl anlarını bəzən bu heykəlin bircə telini, üzündəki hansısa doğma cizgini, bal kimi şirin təbəssümünü yaratmağa qurban verirdi. Beləcə nə az, nə çox, iyirmi beş il keçdi.Bir igidin ömrüydü bu… Nə igid, bu, sənətkarın ömrüydü, o sənətkarın ki, bütün ecazkar, şirin duyğularını, məhrəm hisslərini, ümidlərini, sevgilərini – qiymətli nəyi vardısa, bu heykələ vermişdi. Heykəl canlı idi, diri idi heykəl; indicə danışacaq, addım atacaqdı, lap elə bu saat, bu dəqiqə, bu an gülümsəyəcək, yaradanına şükür, təşəkkür edəcəkdi. Allahmı yaratmışdı onu, heykəltaraşmı??? Əstəğfürullah! Can verən odur axı, ucalardan uca… Hə, barmağımı dişlədim.Tanrı zəhməti, bir də böyük sevgini qiymətləndirəndi axı.Belədə heykəlin canlanması da möcüzə deyil heç. …Heykəl adamdan seçilmirdi – canlılığı, dipdiri baxışları, çox səmimi, təmiz gülüşləriylə. O, yalnız əzəməti, nəhəngliyi ilə seçilirdi adamlardan,bir də doğmalığıyla… Bu, bəlkə də sənətkarın ən böyük qələbəsi idi, bəlkə də ən böyük səhvi, sadəlövhlüyü… O, Piqmaliondan geri qalmamışdı, onu ötüb keçmişdi bəlkə də. Piqmalion da, onun sevimli heykəli də vardı, yaşayırdı, özü də bizim günlərdə.O da sələfi kimi öz işinə – qəhrəmanına vurulmuşdu, əlbəttə, sözün əsl mənasında vurulmuşdu və indi, sənətkar xəyalı göylərdəykən sevimli heykəlini başı üstünə qaldırmaq, ucalarda görmək, hamıya, hər kəsə göstərmək fikrindəydi. Beləcə, heykəltaraş öz sevimli qəhrəmanını, qibləgahını əllərindən, tellərindən öpə- öpə kürsüyə qaldırdı. Və… hekayə bilirsənmi nə ilə bitdi, «Happu end» gözləyən oxucum?.. Deməyə dilim də gəlmir, amma bu, tərtəmiz həyat həqiqətidi, nə edəsən,.. Haqqında söhbət açdığım sənətkar öz bircəciyini o qədər hündürə qaldırmışdı ki, indi qəhrəmanı onu görmürdü. Onun sənətkarın barmaqlarından, qəlbinin odundan güc alan o xoş təbəssümü də indi əlçatmaz idi. P.s. Candan can alan heykəli əsla günahlandırmayın.O neyləsin ki, yuxarıdan aşağı baxmaq çox çətin, bəzən də mümkünsüzdür.
|
|