Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Aləmzər SADIQQIZI
GÖRÜM AĞAC KİMİ ÇİÇƏKLƏRƏMMİ..?


Kamal Abdulla
A d a ş l a r
/hekayə/


Məhəmməd ƏLİ


Abid TAHİRLİ
Bir səfərin ədəbi və əbədi sədası


Kamran NƏZİRLİ
Şüşə xoşbəxtliyi
(hekayə)


Şiringül MUSAYEVA
NAHİDƏ


Ziyadxan ƏIİYEV
AĞACOYMANIN MÖCÜZƏLƏRİ


Hicran HÜSEYNOVA
Piqmalion
(pritça)


Rüstəm Kamal



 

Rüstəm Kamal


 

1. Qocaları «öldürmək» zamanı


Milli poeziyamızın təkamül mənzərəsini, onun varlığını, fəlsəfi mahiyyətini, etnopsixoloji mexanizmini, ədəbi «məktəblərin dailektik əvəzlənməsini» (Y.Tınyanov), mədhiyyə-fəxriyyə kompleksli minillik poetik ənənənin M.P.Vaqifə və M.F.Axundova, Cavidə və M.Ə.Sabirə gəlib çıxma qanunauyğunluğunu anlamaq və təsəvvür etmək özlüyündə maraqlı işdir. 
Gənc nəsil nümayəndələrinin ədəbi atalara, qocalara, yaşlı yazıçılara münasibəti, xələflərin sələflərlə mübarizəsi kimi maraq doğurur.  Nəsillərarası mübarizə, təsir-əkstəsir məsələsi poeziya tarixi üçün, ola bilsin, doğrudan da aktualdır. Azərbaycan ədəbiyyatının «savaş meydanı» fərqli ənənələrin və üslubların rəqabəti deyil, «qocalar» və «cavanlar» arasında yaşanılan dramatik proses məkanına çevrilir.
Ədəbiyyat tarixi zahiri xronoloji ardıcıllığı, sakit ədəbi axarı ilə deyil, həm də hər bir şairin içində, təhtəlşüurunda sələfindən (qocalardan) asılılığı ilə təsbitlənir.
Şübhəsiz, ədəbiyyat tarixini şairlər yaradırlar. Və hər bir şair bir qayda olaraq öncə öz sələfini oxuyur, ondan təsirlənir, ona nəzirə-təxmiş yazır, yaxud onu təftiş edir, parodiya edir…
Hər bir Azərbaycan şairinin içində (birbaşa və ya dolayısı) ədəbi qocaların  qorxusu yaşayır. Bizim Qocalar ədəbiyyatda «ənənə», «məktəb» adı («maskası», «pərdəsi») altında mövcud olub. Bizim Qocalara elə gəlib ki, uşaqları gözdən kənara buraxmaq olmaz. Cavanlara isə elə gəlib ki, qocaların varlığı onları daha köklü, arxalı edir. 
Bizdə milli ədəbi ənənənin obrazı yoxdur. «Məktəb» anlayışı görkəmli şairin (Nizami, Füzuli, Vaqif, S.Vurğun...) təsir məkanıdır, onun sözünün «energetik» hüdudlarıdır.
Psixoloji elmdə valideyn nüfuzundan aralanma «böyüməkdə olan hər bir fərdin inkişafının ən vacib, ən ağrılı nəticələrindən biridir. İctimai tərəqqi iki nəslin antaqonizminə əsaslanır» (Freyd Z. Semeynıy roman nevrotikov////Freyd Z. Xudojnik i fantazirovanie, M., Respublika, 1995. s.135//).
Beləliklə, etnik-pedaqoji düşüncə ədəbi nəsillərin davranışına dərindən sirayət edibdir. Gənc şair özünün içindəki başlığı ədəbi qocalarda görür. Qocalar onlara potensialını (çapolunma, tərcümə və xaricə çıxma, ödülalma və s.) gerçəkləşdirməyə mane olur.
S.Vurğunun, R.Rzanın, M.Hüseynin, İ.Şıxlının atalıq himayəsindən danışanlar, Ə.Əylisliyə «ustad» deyib yanında olmağı, M.Araza (daha çox onun adından) kitablarına «ön söz», yaxud «uğurlu yol» (sovet ədəbi ideologiyasının anlaşılmaz janrı) yazdırmağı özünə şərəf və fəxarət bilənlər indi Qocalardan qurtulmaq istəyir. Qocaları görmək istəmirlər.
Bu asılılıq vaxt olub gizli, vaxt olub açıq-aşkar rəqabətə, qısqanclığa qarşılıqlı ittihamlara, paxıllığa, nifrətə… çevrilir və gənc şairdə Qocanı «öldürmək», yaxud «qocalar evinə vermək» istəyi yaranır.
Yaşlı yazıçıları «öldürmək» və bununla da özünü günahkar bilməmək bir çoxunun davranış-yaşam tərzinə çevrilibdir. Yadıma gəlir: vaxtilə Qabilin karikaturasını yazan, onu YB-da qoca «monstr» adlandıranlardan biri şairin ölümündən sonra peşmançılıq hissini ifadə etdi. («Rəhmətlik yaxşı kişiydi, səmimi şair idi…») və «Tramvay parka gedir» şeirini oxudu.
Bugunki xoşagəlməz mental-ədəbi və psixoloji durumumuz belədir: yaşlı yazıçıların – «qocaların» ölümünü məmurun ölümü arzusu əvəz edir. Ədəbi oğullar ədəbi qocaların sosial statusuna, ictimai-sosial məkanına göz dikiblər. Bunu yazıçıların sonuncu qurultayı ərəfəsində sezmək olardı. Qocaların ölümünü arzulayanların içindən Məmur (deputat, YB sədri, jurnal redaktoru…) olmaq arzusu keçir. Anar, Z.Yaqub Milli Məclisdə idi, Ə.Əylişli küsürdü. Ə.Əylisli, A.Abbas deputat seçilən kimi nisbi sakitlik bərqərar oldu, yoxsa zalım uşağı sola-sağa od püskürürdülər… Gənc «çayxana inqilabçıları»nın bir-ikisinin də YB-də ehtiyacı ödənildi. (Necə deyərlər, «istədiyi yar idi - yetirdi pərvərdigar».)
Qocaları «öldürməyin», qocaları «aradan götürməyin» bir yolu da onları parodiya etmək, ələ salmaqdır. Qocaların parodiya edilməsi özlüyündə bir tərəfdən müsbət haldır, çünki əslində qocaların ölümü onun dirilməsi olur. Parodiya təkrar emal aktıdır. Ataların-qocaların irsini «torpağa gömüb» yenidən ədəbi dövriyyəyə buraxmaq cəhdidir. «Parodiya tarixi ədəbiyyatın təkamülü ilə sıx bağlıdır» (Tınənov Ö.N. O parodii//Tınənov Ö.N. Pogtika. İstoriə literaturı. Kino M., Nauka, 1977, s.310). Bunu «Molla Nəsrəddin»  şairləri, Füzuli aşiqlərı olan M.Ə.Sabir və Üzeyir bəy yaxşı bilirdilər...
Bunu Qoqol üslubunu müxtəlif kombinasiyalara salan F.M.Dostoyevski (V.Belinski Qoqolu «Dostoyevskinin atası» adlandırırdı) mükəmməl bilirdi.
Öz qocalarımızdan qurtulub, özünüyaratma dramını yaşayan gənc şair Yaponiydan, Rusiyadan, Latın Amerikasından «modern qocaları», postmodern qocaları gətirib «Ruh və Varlıq evimizin» yuxarı başında oturmaq istəyir.
Qoca Freydin bir araşdırması var: «Nevrotiklərin ailə romanı». Dahi filosof və psixoloq uşaqların yazdığı avtobioqrafik hekayətləri təhlil edərək belə bir qənaətə gəlir ki, uşaqlar bir qayda olaraq  fantaziyalarında öz atalarını daha yüksək sosial durumda olanlarla əvəz edirlər (Freyd Z. Semeynıy roman nevrotikov //Freyd Z. Xudojnik i fantazirovanie. M.. Respublika, 1995). Psixoanaliz dili ilə desək, subyekt öz təxəyyülündə valideynləri ilə əlaqəni dəyişdirir (məsələn, özünü atılmış hesab edir və s.) (Laplanş J., Pontalis J-B. Slovarğ po psixoanalizmu. M., Vısşaə şkola. 1996. s.458).
Ata-şeirimizdə genetik hadisədir, etnik-ədəbi düşüncəmizidə arxepik obrazdır.Azərbaycan şairi yaradıcılıq və yaşam fantaziyasında artıq Dilinin, Varlığının mütləq hakimi  «Ata» arxetipinə tabe olmağa məhkumdur.
Yaxın tariximiz də belə olubdur. S.Vurğun Böyük Atadan (Hüseyn Caviddən) həmişə qurtulmaq istəyib. Bu möhtəşəm istedad sahibinin Qoca Əfəndi ilə dramatik (həm də travmatik) rəqabəti, dialoqu ömrünün sonuna qədər davam edib. Turan-Azərbaycan, «Xəyyam» - «Vaqif», «İblis»-«Peyğəmbər» - «İnsan»… qarşıdurmaları Qoca Əfəndinin (Atanın) aldığı dərin travmalardan xəbər verir. Ancaq S.Vurğunun fitri istedadı Qocanın poetik kəşflərini yeni dövrün ideoloji-estetik kontekstinə, ritorik dilin konfiqurasiyasına uğurla daxil edə bildi... və özü Ata səviyyəsinə qalxdı.
Azərbaycan ədəbiyyatında özünü atılmış hesab edən xeyli «saqqallı uşaq» peyda olubdur. Müəyyən səbəblərə görə (bu, ayrıca araşdırma  mövzusudur), «ədəbi bəxtsizlik» zolağına və nevroz duruma düşmüş həmin uşaqların Qocalarla, Atalarla virtual-verbal savaşı davam edir...
Bu, Qocaları öldürmək istəyi, qocalmağı bioloji-fiziki durumu kimi (bir çoxu əlli yaşını haqlayıb) yaxına buraxmaq istəməyənlərin gərəksiz problemidir.
Bu, ədəbi inisiyasiyadan (sınaqlardan) keçməyənlərin, «ustad şilləsini» yeməyənlərin şüuraltı Edip kompleksi ilə əlaqədardır.  
Bizdə Ataya, Qocaya mərhəmət, sevgi, anlamaq hissi yox, Qoca Atanı «səbətə qoyub dərəyə atmaq» istəyi yaşayır.
Təəssüf...


2. Klassik seçmə zamanı


Görəsən, klassikləri kimlər və necə seçir? Xalq – yoxsa ziyalı elitası (zümrəsi, təbəqəsi)? Bu seçim məsələsi hansı ədəbiyyat qanunlarına, mənəvi imperativlərə, tarixi-ideoloji, estetik qanunauyğunluqlara əsaslanır? Vaxtilə V.Şklovski rus ədəbiyyatında kanonlaşdırılan «ədəbi müqəddəslərdən» kinayə ilə yazırdı.
Totalitar rejimlər, bir qayda olaraq, ədəbiyyatın müəyyən hissəsini, müəyyən konkret şəxsləri mütləqləşdirir və cəmiyyətin diqqətini onlara tərəf yönəldir. Məsələn, İ.V.Stalin 1935-ci ildə «V.Mayakovski epoxanın ən yaxşı və istedadlı şairidir» deyimi, bunun bariz subutudur,  Stalin mükafatı da bu məqsədə xidmət edirdi.
Əlbəttə, klassiklərin kanonlaşdırılması, kitabların nəşri, onların abidələrinin, büstlərinin qoyulması, adlarının dərsliklərə salınması milli mədəniyyətdə müsbət hadisədir.
Axı, M.F.Axundovdan başlayaraq bizim milli ədəbi ənənə, etnik-mədəni dəyərlər sistemi ilə bağlı təsəvvürlərimiz dəyişkən və ziddiyyətlidir. Hətta deyərdim ki, tamam yanlışdır. «Ədəbi təsərrüfatımız» isə bərbad haldadır. Ədəbi-tarixi xronologiyanı hər yerindən qalxan bir cür yozur. Hər özündən müştəbeh filoloqun öz «ədəbiyyat tarixi» var.
Milli ədəbi düşüncə tariximiz və taleyimiz bizim üçün artıq sabit, dəyişməz klassiklərin panteonunu yaratmış, ədəbi Tanrılar bir neçə nəsilin beyninə yeridilmiş, yaddaşına köçürülmüşdür. Necə deyərlər, klassiklərin (ədəbiyyat tanrılarının) panteonunda təbii ki, Gəncəli Şeyx Nizami mifoloji mədəni qəhrəmandır, Zevsdir... 
Azərbaycanda klassiklərin seçimi uzun müddət fars şeiri pərəstişkarlarının, ya da milli ədəbiyyatdan qətiyyən başı çıxmayan partiya funksionerlərinin «püşkatması» ilə baş veribdir. XIX-XX əsrlərin milli klassik seçimi adətən rus ədəbiyyatı müstəvisində, müqayisələr, paralellər şəklində (Qoqol – Mirzə Cəlil paralleli. M.Ə.Sabirə, Ə.Hüseynzadəyə, H. Cavidə tay tapılmırdı – deməli, onlara yer yox idi…) aparılıbdı və həmişə ədəbi yerarxiyada birincilik, ilkinlik statusu «böyük qardaşın» ədəbiyyatına verilirdi.
Tarixi-coğrafi məsələlər, sərhəd problemləri, dil-ləhcə mübahisələri klassik seçiminə həmişə mane olubdur (Bu mənada yada salaq: Qazi Bürhanəddinin, Həsənoğlunun taleyini). Vaxt vardı ki, böyük millətsevərlər, F.B.Köçərli, S.Mümtaz kimi sözümüzün aşiqləri Əlişir Nəvaini (haqlı olaraq) klassiklərimizin sırasına qatırdılar, onu Füzulidən, yaxud Vaqifdən, Xətaidən qətiyyən ayırmırdılar. Orta əsrlərin etnodil, etnoədəbi stixiyasında onun möhtəşəm mövqeyini yaxşı dərk edirdilər. Sevgili türkçəmizin mübarək cığatay ləhçəsində poetik təcrübələr (məsələn, Kazımağa Salikə qədər) tarixi bunun isbatı deyilmi?
Bizə elə gəlir ki, «Bir millət, iki dövlət» formulu siyasi məfkurəmizə, etnik düşüncəmizə daxil olandan sonra dərsliklərdə klassiklərin seçimi və təqdim məsələsinə yenidən baxılmalıdır. Görək, onlardan bizə, yaxud bizdən onlara kimlər düşür? Təsəvvür edirsiniz bir tərəfdə – Hüseyn Cavid və Tofiq Fikrət, Mirzə Cəlil, Əlibəy Hüseynzadə, Yəhya Kamal, Orxan Pamuk, digər tərəfdə – Şəhriyar – Səməd Vurğun – Məhmət Akif Ərsoy… eyni bir ədəbiyyat dəsliyində, eyni bir səhifədə tədris olunur, eyni tarixi kontekstdə öyrənilir, araşdırılır. Klassiklərin seçimi ilə Azərbaycanın gələcək siyasi, etnik-mədəni perspektivləri müəyyənləşdirilir, ortaq dil problemini də xeyli asanlaşdırır.
Başqa ağrılı məsələ – müstəqillik dövründə klassik seçimidir. Bu 17 ildə kimləri klassik etməlidirlər?Ümumi durğunluğun, qarşılıqlı ittihamların, kitab nəşrində özbaşınalığın və makalaturanın baş alıb getdiyi bir dövrdə bu işi kimlərsə görməlidir. Yenə də bir zavod direktorunun, yaxud bir hökümət adamının, pulu adamların maddi yardımına və xahiş-minnətinə arxalanan filoloqlarımı? Yoxsa deputatların, SMS-in öhdəsinə buraxaq?.. 
Klassik seçimi sosiomədəni mexanizmi mübarək Prezident fərmanları və sərəncamlarıyla tənzimlənir. Yubileylərin təşkili, bozumtul, şit təriflərlə dolu radio-televiziya verlişləri, qəbirüstü büst və abidələrin qoyulması, yaşadıqları binalarda barelyerlərin təntənəli açılışı, tanınmış sənət adamlarının, dostların  bu cür «savab» işlərə cəlb olunması, imkanlı, vəzifəli övladların öz şair atalarının şeirlərinə kliplər çəkdirməsi və s…
Azərbaycanda klassik mifi yaratma prosesi Fəxri xiyabandan başlayır. Fəxri xiyaban Azərbaycan ədəbiyyatının qutsal məkanına çevrilir. Fəxri xiyabana düşmək hər bir YB-nin hər bir üzvünün, hər bir yazarın ən böyük arzusudur. Oraya düşmək artıq klassik olmağın qarantıdır. Daha «o» dünyada, «bu» dünyada rahat yata bilərsən! Səni heç bir ədəbi müxalifət bu statusdan məhrum edə bilməz.
XX əsri pis-yaxşı başa vurduq. Sosrealizmi ilə, 37-ci ilin dəhşətli qorxunc repressiyası ilə, bitməyən Qarabağ müharibəsinin gətirdiyi etnik travma ilə.  XXI əsrin yeni ədəbi nəsli müxtəlif manifestlərdə, cərəyanların bayraqları altında XX əsrə, onun taleyi faciəli klassiklərinə bir az cığal, köntöy, bir az da incik-radikal, təhqir-söyüş ruhunda  başladı… «Postmodern kinayə» adı altında, əslində təhqirlə yaşlı yazıçıları ələ salmaq və s. «ədəbi mühit» yaratmağa çalışdılar.
Və klassik seçimi Azərbaycanda yenə düyünə düşübdü. Görəsən, son əlli ilin klassiki kimdir? İ.Əfəndiyev, Ə.Məmmədxanlı, N.Xəzri B.Vahabzadə, H.Arif, Anar, Elçin, Ə.Əylişli, M. və R.İbrahimbəyovlar, İ.Məlikzadə, İ.Hüseynov… Dirilərin «yorğan» davası, ölülərin (Ə.Haqverdiyev, S.S.Axundov, Ü.Hacıbəyovun, M.S.Ordubadi, S.Rəhman, S.M,Qənizadə…) klassik olma (I dərəcəli) ümüdlərini bir qədər də uzaqlaşdırır. Dirilərin iddialı, təkəbbürlü monoloqu ölülərin səsini eşitməz edir.
Azərbaycan ədəbiyyat klassiklərini  seçmə zamanı gələcəkmi?