QARA DAŞA Haçandan düşübsən, Bu dərin dərənin dibinə? Üstünü ot basıb, mamır basıb gör nə günə düşübsən, nə günə?!
Bir zamanlar qartallar ətrafında qıy vurar, dolaşardı, Günəş şəfəqlərini səndən alıb, yanıb alışardı.
İndi bu dərin dərənin dibində qalıbsan tənha, qarala-qarala, dərdini bilənin yox nələr çəkdiyini bilənin yox, acı taleyinə acı-acı gülənin çox. Mənim kimi için-için yanıb qaralıb qara daş olubsan, sanma özünü tək, mənə sirdaş olubsan. Heyranam səndəki dözümə, Bu dözüm qaytardı məni özümə. 29.07.2007 TAPANMADIM Yol getdim, yol boyunca bir yoldaş tapanmadım. Dərdimi söyləməyə Bir qardaş tapanmadım. Yellərə verdim yaşı, qarşılayıram qışı. Qoymağa bir başdaşı qara daş tapanmadım. Göydə süzər qızılquş, əzələn belə olmuş, Göylərdə yuva qurmuş, qızılquş tapanmadım. A qara bəxtim, oyan, unma kimsədən aman. Məni anlayan, duyan, bir sirdaş tapanmadım. 23.07.2007 GÖZLƏRİNDƏN DÜŞƏN İŞIQ Gözlərindən düşən işıq, üzümə, gözümə qəlbimə nur çilədi. Bütün varlığımı nura qərq etdi, nura bələdi. Gözlərindən düşən işıq, qəlbimdə ümid ocağı çatdı. Başımdan dumanlı fikirləri çıxartdı, atdı. Gözlərindən düşən işıq, qanad taxıb qaldırdı məni göylərin yeddinci qatına, apardı məni, apardı özü ilə ömrün yeni həyatına. Gözlərindən düşən işıq, qollarımda güc oldu, dizlərimdə təpər oldu, onun ziyasından qaranlıq gecələr dönüb aydın səhər oldu. Gözlərindən düşən işıq, Aydan da, Günəşdən də gur idi, o, adi işıq deyildi, qəlbindən qəlbimə süzülən ilahi nur idi. Gözlərindən düşən işıq, üzümə, gözümə, qəlbimə nur çilədi. Bütün varlığımı nura qərq etdi, nura bələdi, gözlərindən düşən işıq. BU GECƏ YAĞIŞ YAĞDI... Bu gecə yağış yağdı, Buludlar güllələndi, Yer-göy silkələndi Çaylar daşdı, selləndi. Bu gecə yağış yağdı, Göylər fişəng atdı, Buludlar tonqal çatdı, Buludlar ürəyini boşaltdı. Bu gecə yağış yağdı, ancaq bilən olmadı səhərədək o ki var tökülən damcılar sevinc yaşıdır, kədər yaşıdır, Bu gecə buludlar necə yaşadı. 02.01.2007 YOLUN HAYANADIR, AY ALLAH BƏNDƏSİ? Yol var çəməndə, bağçada itir. Yol var tində, dolanbacda bitir. Yol var dərə keçib, dağ aşır, dünyanı dolaşır. Yol var qalxır, ucalır göyə. Yol var gedənlər qayıtmayır geriyə. Çıxıbsan yola, gedəsisən, gedəsi, Yolun hayanadır, ay Allah bəndəsi? Hər yolun yüz-yüz yolu var. yüz-yüz qolu var. Tanrı yolu: haqqın yolu, işıq yolu, nur yolu, namus yolu, qeyrət yolu, qürur yolu, igidlik yolu, ölməzlik - şəhidlik yolu! Mərhəmət yolu, rəhmət yolu... ... şeytan yolu: - kor yolu, nankor yolu, rəzalət yolu, cəhalət yolu, kin-küdurət yolu, insanlığa nifrət yolu, lənət yolu! İstəsən də istəməsən də bu yollardan biri tapacaq səni, özü ilə aparacaq səni. Çıxıbsan yola gedəsisən, gedəsi, Yolun hayandadır, ay Allah bəndəsi? Zirvə-qartalındır, Meşə - maralındır. Çöl-çəmən -ceyranındır. Bu yollar da sənin - İnsanındır. Hansını istəsən seç Hansını istəsən keç. Ancaq addımını atanda düşün, fikirləş bir az, sonra olacaqdır gec! Çıxıbsan yola, Gedəsisən, gedəsi. Yolun hayanadır, ay Allah bəndəsi? Yolun hayanadır, ay Allah bəndəsi? 13.01.2008
|