|
Şüşə xoşbəxtliyi (hekayə) Xoşbəxtlik şüşə kimi bir şeydi; əlindən düşdü, ya sınıb çilik-çilik olacaq, ya da çatdayacaq. Onu gərək bərk-bərk qoruyub saxlayasan; ya da qoyasan balışının altına, toy boxçası kimi gizlədəsən, vaxtı-vədəsi gələndə çıxarasan üzə. Qadın ömründə ilk dəfəydi ki, belə düşünürdü. Səhərin gözü açılar-açılmaz bu qənaətə gəldi ki, onun “şüşə xoşbəxtliyi”nin vaxtı yetişib; o, əslində heç harda gizlətmədiyi və heç harda axtarmadığı xoşbəxtliyi ötən gecə qəfil tapdı və innən belə nə balışa, nə də toy boxçasına ehtiyacı yoxdu. Həmin “şüşəni” ürəyinin başında gəzdirəcək. Kimin hünəri var onu sındırmağa? Axı o, öz ürəyinin yeganə və əvəzolunmaz hakimiydi! Bu hakimiyyəti ondan heç kəs ala bilməzdi, ölümdən başqa! Bu gün, oktyabr ayının iyirmi üçündə, Vyananın “Astoriya” hotelində, səhər tezdən məhz bu qatmaqarışıq düşüncələrlə yuxudan duran Aygün avstriyalı Yurgenlə yaşadığı anları, dəqiqələri xatırlayırdı; gah gülümsəyir, gah ürəyində danışır, gah da əl-üzünü yuya-yuya Bakı haqqında düşünürdü. “Bakıda mənim kimi qadınla evlənməzlər. Bakıda mənim kimi qadını bir saatlıq, bir dəqiqəlik, bəlkə də bir saniyəlik sevir, tərifləyir, xoş sözlər deyir, sonra da atıb gedirlər. Amma burada əsl kişi gördüm, təbii ki, əsl kişi yanında özüm haqqında pis qadın kimi düşünmədim, əsl xanım kimi hiss elədim özümü... Bəli, bəli... Nə qədər ki, əsl kişiyə rast gəlməmişəm, pis qadınlar çox olacaq. Bax belə... İnnən sonra mən özümü heç kəsin, heç bir kişinin yanında sındırmayacaq, mənə pis qadın kimi baxanlara da bir toy tutacam ki, külli-aləm tamaşasına gəlsin...” Bura gələndən avstriyalı Yurgenlə dostlaşmışdı; bir şüşə Bakı konyakı və iki qutu qara kürü onların alış-veriş sövdasına əlavə istəklər, görünməmiş ehtiraslı münasibətlər gətirdi. Yurgen ucaboy, gülümsər ağ adam idi, təxminən qırx-qırx beş yaşlarında olardı. Qadının qaldığı hoteldə yaşayırdı; əyalətdən Vyanaya biznes forumuna gəlmişdi; forum iki gün çəkdi, amma Yurgen daha beş gün hoteldə qalmalı oldu. Əlbəttə, buna səbəb bayaq dediyim qara kürü və konyakdan başqa həm də qadının özü oldu. Yurgen ondan ötrü demək olar ki, divanəyə döndü; ona hər gün bir ədəd qərənfil bağışladı, restorana apardı, Vyananın ən bahalı mağazalarından onun üçün hədiyyələr aldı. Bütün bunların müqabilində qadın onunla yatdı; elə həmin gecə Yurgen ona evlənmək təklif edəndə qadından bir şaqqanaq qopdu ki, az qala hotelin divarları çatdayacaqdı. Yurgen təəccüblə və bir qədər də müəmmalı baxışlarla onu süzdü; qadın gülə-gülə soruşdu: - Məgər biz evlənmədik? Neçə gündü səninlə nə edirik? - Mən səni öz kəndimə aparmaq istəyirəm, orada atam-anamla, qardaş-bacımla tanış olandan sonra kilsəyə gedərik, rəsmi nigaha girərik...-Yurgen dedi. - Axı məndə nə görmüsən? Mən pis qadınam, başa düşürsənmi? Pis qadın bilirsənmi nədir? Bizdə heç bir kişi pis qadını almaz... Elə mən özüm də sevmirəm...-deyə qadın yenə şaqqanaq çəkdi. - Mənə sənin keçmişin lazım deyil, sən mənim üçün indisən; beləcə gözəl, qayğıkeş, zərif, xöşbəxt indi... Sənin bu günkü həyatın mənim üçün daha müqəddəs və əzizdir, doğru deyirəm, sevgi elə budur...- deyə ucaboy, gülümsər alman əllərini onun saçlarında yüngülcə gəzdirdi. Qadın bir qədər duruxdu; o, hələ heç kimdən belə sözlər eşitməmişdi; “necə yəni, sən mənim üçün indisən?... sevginin keçmişi, gələcəyi yoxdu?... sevgi indidir, bu gündür, lap bu dəqiqələrdır??? Ondan böyük xoşbəxtlik var???”. Nə qəribə məntiqdi? Əlbəttə, Yurgeni tamam anlamasa da düşündü ki, bu ağ dərili ətirli alman kişisi onu doğurdan da sevir. Qadın bundan qürur duydu, lakin Yurgenə cavab verməyə tələsmədi. Hotel otağının pəncərəsindən şəhərə baxa-baxa qılıqla dilləndi: - Biz ayrı-ayrı adamlarıq, ser... Təsəvvür elə ki, heç nə olmayıb aramızda. Öz ölkəndə məndən də yaxşısını tapa bilərsən.... - Səndən yaxşısını tapa bilmərəm, əzizim. Sən yeganə qadınsan ki, mənim ürəyimin tən yarısını əbədi zəbt etdin... Qadın yenə şaqqanaq çəkdi və beləcə həmin gecə onun üçün həm anlaşılmaz, həm də heyrətedici həzzlə qatışdı; tərəddüdlər, narahatlıqlar doğuran, lakin cazibəli bir gecə oldu. Daha sonra Yurgen əyalətə getdi və dedi ki, Vyanadan onların əyalətinə cəmi beş saatlıq yoldu, səhər mütləq gələcək, onu götürüb aparacaq evlərinə. Elə ordan da birbaşa kilsəyə gedəcəklər... “Gör ha, burada evlənmək çox sadə və su içim kimidi. Bizdə uzun həngamədi. Bax, indicə otağın qapısı açılacaq, Yurgen içəri girib deyəcək: “Hə, sevgilim, hazırsanmı? Gedirik bizim kəndə. Sonra kilsəyə... sonra restorana... sonra səyahətə... sonra.... sonra...” Bu ilıq, əsrarəngiz, həm də çox uzaq görünməyən xəyali duyğularla o, əslində Bakıda da yaşaya bilərdi. Bəs necə oldu ki, bu duyğular birdən-birə qərib şəhərdə onun bütün vücudunu oynatdı, hə? Axı bu, necə oldu? Beynində fırlanan fikirlər qarışıq mallar mağazasını xatırladırdı. Qadın bu anlarda deyəsən Vyanaya nə üçün gəldiyini belə unutmuşdu... Qapı döyüldü, içəri biri-birindən güləş, qəşəng iki qız və onları Vyanada müşaiyət edən bəstəboy, dolu bədənli, otuz-otuz beş yaşlarında olan cavan oğlan hay-küylə daxil oldu. - Hardasan, Ayka? Dünən gecədən yoxsan... Gecə qapını nə qədər döydük açmadın...- deyə bəstəboy, göygöz, sarışın saçlı cavan (o, bu kiçik qrupun meneceri idi) tövşüyərək birnəfəsə soruşdu. - Olmaya mister Yurgenlə... bəlkə vurulmusan, hə? –deyə qızlardan biri marağını gizlətmədi. Aygün dinmədi, könülsüz-könülsüz çarpayının üstünə tulladığı narıncı rəngli dəsmalı götürüb vanna otağına keçdi... - Buna noolub?- bəstəboy menecer qızlardan cavab istəyirmiş kimi sağ əli ilə Aygünü göstərdi. - Onun sonuncu müsabiqəsiydi... Heyf ki bu dəfə də keçmədi... Yəqin buna görədi...- bu dəfə çantasından qəhvəyi rəngdə uzunsov siqaret çıxarıb menecerdən alışqan istəyən o biri qız dilləndi. - Nu şto? Podumayeş, eto ne naşa vina... Kak firma, eto mı pastradali, ne ana....-menecer qızın siqaretini yandıra-yandıra mızıldadı. Bütün bunları qadın eşidirdi, amma o, ayrı şey haqda düşünürdü. Bu müsabiqə onun üçün birdəfəlik bağlı qapılar arxasında qalmışdı... Firma onları Vyanaya gözəllik müsabiqəsinə göndərmişdi. Bakıda üç gözəl seçilmişdi və firma bu gözəlçələri Vyanaya yola salanda ən çox ümid Aygünəydi. Çünki o, üçüncü dəfəydi ki, belə bir müsabiqədə iştirak edirdi və onu tanıyanlar bilirdilər ki, bir qədər yaşı ötsə də Aygünün mütənasib bədən quruluşu və füsunkar gözəlliyi ona bu dəfə mütləq qalibiyyət gətirəcək. Və bu qalibiyyətdən həm qadın, həm də firma şöhrət və sərvət qazanacaqdılar. Lakin gözləntilər özünü doğrultmadı. Gözəlçələr müsabiqədə yer tutmadılar. Menecerin qanı qaraldı; müsabiqənin sonuncu günü bir az qızlara əsəbləşdi, bir az jüri üzvlərinə etirazını bildirdi, bir qədər də Bakıda qızların əyin-başına cavabdeh olan firmanın dalınca deyindi; paltarlar son moda ilə tikilməmişdi və qızların uğursuzluğuna əsas səbəb də bu oldu. Amma artıq gec idi, heç nəyi dəyişmək olmazdı; müsabiqə ildə bir dəfə keçirilir. Qismət olsa, gələn ilin oktyabrında daha gözəl pal-paltarla gələrlər. Lakin Aygün belə düşünmürdü; bu müsabiqənin və səyahətin ona xöşbəxtlik gətirmədiyini yəqin edəndən sonra otaqda tək qalmaq istədi. Sonra restorana düşüb bir qədəh konyak içdi; bu vaxt neçə gündən bəri onun başına pərvanə kimi fırlanmaqdan doymayan Yurgeni yanında gördü... Söhbətləri uzun çəkdi. Aygün ingilis dilində danışa bilirdi və o biri qızlara nisbətən onun bu sahədə təcrübəsi daha çox idi. Onun gecələdiyi “Astoriya” hotelinin demək olar ki, əksər sakinləri Aygünü, həm də ingiliscə yaxşı danışdığına görə tanıyırdılar. Bu bir həftənin içində hotelin sakinləri və personalı arasında heyrətamiz gözəlliyinə görə də məşhurlaşmışdı; nazı-işvəsi və həddən artıq qılıqlı olması onu şıltaq uşağa bənzədirdi. Onunla təmasda olmaq, ona gözəl-gözəl komplimentlər demək, restorana dəvət etmək, rəqs etmək, gəzintiyə çıxmaq, ona hədiyyələr almaq istəyənlərin sayı isə çox idi, lap çox idi. Lakin necə oldusa, o, birini seçdi; Yurgeni... Vanna otağından çıxanda otağı papiros tüstüsü bürümüşdü. Menecer özündən razı halda kresloda əyləşmiş, qıçlarını bir-birinin üstünə aşırmışdı; qolundakı qızıl zəncir onun aşağı sallanan sol qolunun bilək nahiyyəsini az qala tamam örtəcəkdi. Zəncir qalın və böyük ölçüdəydi, buna görə də menecer tez-tez onu sağ əli ilə yuxarı qaldırır, gah da qızlarla laqqırtı vururdu. - Hələ vaxtımıza iki saat var,- deyə menecer saatına baxdı. Sonra üzünü Aygünə tutub: -Taksini sifariş vermişəm... saat doqquza...-dedi.-Yır-yığış eləyin... Gecikməyək... - Mən getmirəm!..-Aygün birdən-birə qətiyyətlə dedi. - Nəəəə??? Nə dedin???-hamı bir ağızdan az qala çığırdılar. - Eşitdiniz, nə dedim, getmirəm! -Zarafat edirsən?-menecer hələ də nə baş verdiyini anlamadı. -Zarafat eləmirəm, mən bir daha Bakıya qayıtmayacağam! Otaqda bir neçə anlıq ağır sükut yarandı. Qızlar bir-birlərinə heyrətlə, təəccüblə və bəlkə də təsəvvür edilməsi çətin olan müəmmalı nəzərlərlə baxdılar. Menecer boğazına kip bağlamış sarı rəngli qalstukunu bir qədər boşaltdı, yerində qurcalandı, narahat-narahat əlindəki mobil telefonu oynatmağa başladı, dedi: - Ya ne razreşayu... Tı... -Kto tı takoy?- Aygün çəmkirib onun sözünü kəsdi. O biri qızlar elə bil indi anladılar ki, bu, nəsə ciddi və xoşagəlməz söhbətdi... - Ya ne rebyonok... Sama reşayu... –qadın əlavə etdi. -Tfuuuu... İşə düşmədik?!!-menecer hikkəylə ayağa qalxdı. – Tı panimayeş şto delayeş? Sən belə edə bilməzsən!!! Mı tebe denqi dayom... A şto ya skaju şefu, ha??? - Sizin verdiyiniz qəpik-quruş heç mənim bir həftəlik xərcimi ödəmir! Denqi dayut!? O pulu havayı verirsiz bəyəm? Menecerin az qala gözləri hədəqəsindən çıxacaqdı; ona qəfildən, özü də heç vaxt belə sözlər deyilməmişdi. - Bilirsən nə var? Sən bizimlə qayıdacaqsan, vəssalam... Bakıda özün bilərsən... İstəyərsən, yenə gələrsən, istəməzsən... lap Amerikaya çıx get... Şəhərdə razborka-filana qatılmaq istəmirəm... Özüm də bu saat səfirliyə xəbər verəcəm... Menecer qapını çırpıb getdi. Qızlar lap şoka düşmüşdülər. Heç kəs danışmaq istəmirdi. Ya qorxurdular, ya da yaşca bir qədər onlardan böyük olan Aygündən artıq-əskik söz eşitmək istəmirdilər. Nəhayət, Aygün paltar şkafından bir kağız parçası götürüb qızlardan birinə uzatdı. Məktub idi. - Zoyka, bunu mamama çatdır... Mən qəti qərara gəlmişəm... Burda hamısını izah eləmişəm... Xahiş edirəm məni düzgün başa düşəsiniz... Mən öz xöşbəxtliyimi tapmışam... Onu əldən vermək istəmirəm... Sonrası necə olacaq, bilmirəm... Fakt budur ki, bu gün məni çox gözəl başa düşən adam var... Hələ də özünə gələ bilməyən siqaret sümürən qız heyrətlə Aygünə baxdı: - Yurgen? Axı o səndən yaşca böyükdü? Ay qız, ağlını başına yığ...-dedi. - Ağlım başımdadı... narahat olma! Ok? - Ayka, bəlkə.... Vallah, bu xaricilər adama bir stəkan su da vermirlər havayı... Sən gör kimin dalınca qaçırsan? -Guya bizimkilər verirlər? Siz hələ uşaqsınız... təzəcə gəlmisiz firmaya... Görərsiz, bu firmada çalışmaq nə deməkdi... Adamın anasını ağladırlar... Özümüzünkülər... Sizi əski parçası kimi hara gəldi sürtəcəklər... Mən bezmişəm... Sürünməkdən yorulmuşam... Eşidirsiz, sürünmək... alçalmaq... özümü qadın kimi hiss etmək istəyirəm... Qadın kimi... fahişə kimi yox! Eşidirsiz?! Qadının titrəyə-titrəyə söylədiyi sözlər hotel otağının dərin sükutunda daş döşəmənin üstünə düşüb çilik-çilik olan şüşə vazanın cingiltisini xatırlatdı və bu cingiltidən hürküb qorxan, bir qədər də hövllənən gözəlçələr çınqırlarını belə çıxarmadılar. Az sonra Aygünün məktubunu ehmalca büküb çantasına yerləşdirən qız ağlamsına-ağlamsına kəkələdi: - Ayka, mən sənsizzz... nekuda... net... ni şaq... oy... ya ne maqu... Şto za den?.. Çort vazmi!!! ... Bir azdan menecer qayıdıb gəldi. Üzündə bayaqkı sərtlik və kobudluqdan əsər-əlamət görünmürdü. Doğrudur, həssas adamlar onun sifət cizgilərində dərhal dərin nigarançılıq və bir qədər də təşviş tapardılar. Əlbəttə, o, səfirliyə zəng vurmamışdı. Əslində səfirliyin bu səfərdən xəbəri yox idi. Və bu səfər qeyri-rəsmi şəkildə onların firması tərəfindən təşkil edilmişdi; əgər bəstəboy menecer bu barədə səfirliyə xəbər versəydi iş böyüyəcək, onun şefi üçün başağrısı yaranacaqdı. Ona görə də menecer mobil telefonu ilə ilk növbədə şefə məlumat verdi və ondan aldığı təlimata əsasən taktikanı dəyişmək qərarına gəldi. - Ayka, izvini... bir az kobudluq etdim... Şeflə danışdım... Dedi Aykaya nə qədər istəsə maaş verəcəm... gəlsin Bakıya danışarıq... - O yalanlardan çox eşitmişəm... Lap çox... İndi məni heç kəs aldada bilməz... Heç kəs!!! -İstəyirsən, al özün danış...-deyə mobil telefonu qadına uzatdı. - Heç kəslə danışmaq istəmirəm... Qurtardıq bu söhbəti... Mən getmirəm, vəssalam!.. Saat doqquz oldu. Onlar bü gün hoteli tərk etməliydilər; menecer hotel inzibatçısı ilə hesablaşıb sifariş verdiyi taksinin düz hotelin qarşısına gəldiyini şvetsardan öyrəndikdən sonra çıxışa doğru addımladı. Qızlar Aygünlə görüşüb ayrıldılar, menecer dodaqucu söyüş söydü. Hava səhərdən tutqun idi. Menecer və iki qız taksiyə oturan kimi göylərdən bir şaqqıltı qopdu ki, deyirdin bəs, bu saat dünya dağılacaq və bu dəhşətli gurultu onları taksi qarışıq aparıb tullayacaq Vyana çayına. Amma dünya dağılmadı, əvəzində sel su yerinə axdı. Yağış elə tökürdü ki, taksi sürücüsü yolu güclə görürdü. Yarım saatlıq yolu düz iki saata getdilər, çünki yolda tıxac əlindən tərpənmək mümkün deyildi. Taksiyə oturandan, ta hava limanına qədər menecer Aygünün dalınca yarırusca, yarıazərbaycanca lüğətdə olmayan söyüşlər yağdırdı. Hətta onu “vətəni satan fahişə” də adlandırdı. Arabir taksi sürücüsü dönüb təəccüblə yanındakı balacaboy menecerə baxır, başını bulayırdı. Yəqin demək istəyirdi ki, “kişi qadının dalınca söyüş söyməz!”. Amma hava limanında taksidən düşən bu qəribə sərnişinə pulun qalığını qaytarandan sonra ayrı şey dedi: - Padles! Menecerin heç tükü də tərpənmədi, amma qızların heyrətdən gözləri bərəldi... Sonra taksi sürücüsü üzünü qızlara tutub səsinə bir qədər mülayimlik qatdı: -Afv edersiniz, xanım efendi... Şurada iş yapiyoruz, ama veteni satmıyoruz... Hoteldə pəncərə qabağında dayanıb həyətə baxan və Yurgenin gəlməsini sonsuz həyəcanla gözləyən Aygün birdən-birə içində böyük bir buz parçasının sındığını duydu; yox, yox, bu, onu bayaqdan bəri ovunduran həmin o şüşə deyildi; yaxşı, axı bu, nəydi belə? Qadın balasını gözü qarşısında pişik yemiş ana sərçə kimi çırpınmağa başladı. Düşündü ki, yağış sularının şırhaşırla tökülməsi, havanın üzünün qaralması heç də yaxşı əlamət deyil. Yağış dayanmaq bilmirdi. Havanın üz-gözü zəhrimara dönmüşdü. Vəziyyətin beləcə davam etməsi Aygünü heç açmadı; narahatlıq anbaan şişirdi; qərib yerdi, Yurgendən başqa heç kimi tanımır... Birdən o, gəlmədi? Hər şey ola bilər... Yox, yox... ola bilməz! O, söz verdi ki, saat on ikidə gələcək, məni burdan aparacaq! Bu da sənin müsabiqən. Əntiqədi, əcəb səyahətdi! Bir qədər əvvəl “Astoriya”dan çıxıb hava limanına gedən həmyerlilərinə bu anda paxıllığı tutdu. Cəmi beş-altı saatdan sonra Bakıda olacaqlar.... Mən isə... Yox... Yox... Bu, ola bilməz! Almanlar dəqiq adamlardı.... Söz verdilərsə, mütləq yerinə yetirəcəklər... Bu isti, min dənə başı olan, həm də cəlbedici düşüncələr içində çabalayan Aygün rahat hotel otağının pəncərələrini döyən leysan yağışına tamaşa etdikcə fikirlərini cəmləşdirə bilmirdi; ona şüşə kimi xöşbəxt anlar vəd verən gözəlliyini belə unutmuşdu; o, indi otağın pəncərələrini taqqıldadan yağışın nə üçün birdən-birə leysana döndüyünün fərqinə varmaq istəyirdi. Saat on iki oldu... Ürəyi daha bərkdən döyünməyə, həyəcanları artmağa başladı. Yurgendən səs-səmir yox idi. On dəqiqə də keçdi. Gözü qapıdaydı. Qapını heç kəs döymədi. Yenə on dəqiqə keçdi... Yurgen gəlib çıxmadı. Birdən nə düşündüsə pişik kimi yerindən sıçradı, cəld çantasını götürüb bayıra çıxdı. Hələ ikiyə vardı... Hava limanına çatacaq. Yox... o bu saat taksi saxlayacaq... Gedib hamıdan üzr istəyəcək... Necə də sarsaq bir gündü?!. Vestibüldə çıxış qapısına çatar-çatmaz inzibatçı arxadan onu səslədi: -Miss, miss! Ay moment! Geri döndü; elə bildi ki, hotelin hesabını ödəməlidir. Lakin yox, bu günə qədər bütün hesablar firma tərəfindən ödənmişdi. İnzibatçının gülümsər çöhrəsi onu bir qədər duruxdurdu. - What iz it? - soruşdu. - You have a message from Mr. Yurgen! Çantanı vestübüldəki divanın üstünə tulladı; inzibatçıya tərəf demək olar ki, yüyürdü. - Let me see… İnzibatçı pul tapmış uşaqlar kimi sevincək kompüterdən çıxartdığı kağızı qadına uzatdı. O, acgözlüklə oxudu: “My darling, please wait for me! Sorry, I am late because of raining cats and dogs… See you soon”. Aygün gözlərini əlləri ilə bağlayıb divana söykəndi; onun hönkürtüsü şaqqanağa da bənzəyirdi. Bu dəqiqə özündən başqa heç kəs deyə bilməzdi ki, dünya kimindi; onunkudu, yoxsa Yurgeninki? Hotel xidmətçiləri isə bir qədər ehtiyat edə-edə qadına yaxınlaşıb təəccüb və heyrət içində astadan pıçıldadılar: “ What’s happened?”
DÜZGÜN OLMAYAN HƏQİQƏT 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi deyilən dəhşətli gedərgəlməzə minlərlə soydaşımız yollanmışdı. Həlak olanlar, yaralanıb qayıdanlar, itkin düşənlər, əsir həyatı yaşayanlar barədə yüzlərlə əsər yazılıb. Bu hekayə də olmuş əhvalat əsasında ərsəyə gəlib və mən bu əsəri Ziya Bünyadov, Mirzə Cəbiyev və İlya Kaverin kimi qəhrəman övladlar doğmuş, atalarının, ərlərinin, oğullarının, qardaşlarının yolunu bu gün də gözləyən fədakar qadınlarımıza ithaf edirəm. Kənddə xalama “qarımış qız” deyirdilər. Camaat danışırdı ki, min doqquz yüz qırx birin noyabr ayından sonra onun başına hava gəlib. Hərdən dükan-bazara çıxan, yaxud məni bağçaya aparıb-gətirən xalamın dalınca xısın-xısın pıçıldaşanlar da olurdu. Bəziləri Xanım xalanın həddən artıq sakit, qaradinməz, daim fikirli və kədərli olmasını qeyri-adi əlamət kimi qələmə versə də buna qətiyyən inanmaq istəmirdim. Səbəbini fərli-başlı anlamırdım; hər halda, xalam haqqında gəzən bu söz-söhbətlər məni açmırdı; ona “qarımış qız” deyən adamlardan da zəhləm gedirdi. Xalam bizimlə bir həyətdə, anam və nənəmlə birgə yaşayırdı; onun səliqə-sahmanlı, zəhmətsevər və qıvraq olması məni heyran edirdi. Heç vaxt onu danışıb-gülən görməmişdim. Hərdən mənə elə gəlirdi ki, o, elə anadangəlmə lal doğulub. Bir gün anamdan bütün bunların səbəbini soruşdum; ümumiyyətlə, nə üçün evimizdə daim hüznlü bir sükutun yaşanması səbəbi ilə də maraqlandım. Yaxşı, deyək ki, atam müharibədən qayıtmayıb, buna görə anam iztirab çəkir; ərini cavan yaşında itirməyindən, dul qalmağından, üzünü görmədiyim atamın yeganə yadigarını - məni atasız böyütməyindən ağrılı-əzablı günlər yaşayır. Bəs xalam? Axı nə üçün ona “qarımış qız” desinlər, hə? Anam kədərli gözlərini mənə zilləyib dedi: - Sən hələ uşaqsan, danışsam, qəlbin paralanar... Çox keçmədi ki, nənəm bəzi mətləbləri mənə anlatdı: bayaq dediyim kimi, hələ müharibə vaxtı Xanım xalanın nişanlısından qara kağız gəlibmiş və o da üz-gözünü cırmaqlaya-cırmaqlaya kəndin mərkəzindəki poçtxanadan payi-piyada ayaqyalın bizim evə tərəf qaça-qaça deyirmiş: - Ay bacı, ay bacı (yəni mənim anamı çağırırmış), Heybət gəlir, Heybət gəlir, toyumuz olacaq! (Heybət mənim əmim, onun isə nişanlısıymış!) Nənəm danışırdı ki, atamla anam müharibədən üç ay qabaq evlənmişdilər; bundan sonra əmimgil xalama nişan gətiriblər, onların da toyları olmalıymış; rəhmətlik babam deyib ki, qoy qalsın payıza; sonra bu lənətə gəlmiş dava başlayıb, kəndin əli silah tutan bütün cavanları kimi atamla əmim də gediblər döyüşə; beş aydan sonra Heybətdən qara kağız gəlib, atamın isə itkin düşdüyünü yazıblar. Nənəm deyirdi ki, xalamın qara xəbərdən sonra hərəkətlərini seyr edənlər başlarını kədərli-kədərli yellədərək bir-birlərinə deyirmişlər: “Yazıq Xanım, nişanlısının ölüm xəbərini gör necə qarşılayır... Deyəsən havalanıb.” O vaxtdan Xanım xala yaddaşlarda beləcə qalmışdı; dindirməsən dinməz, soruşmasan cavab verməzdi. Kənddə ən qaradinməz qadın kimi tanınmışdı və müharibədən neçə illər keçsə də hələ də ərə getməmişdi, nişanlısını gözləyirdi; sən demə ərə getməyən qızlara “qarımış qız” deyirmişlər. Xanım xalanın başından qırmızı-qara güllü şal əskik olmazdı. Yayda da qırmızı-qara güllü şalı başına elə möhkəm bağlayardı ki, bircə gözləri görünərdi; mən hələ də o hüznlü gözləri unuda bilmirəm. Məhəllə uşaqları ondan çəkinirdilər. Daha doğrusu, ona bir söz deməyə qorxurdular, çünki bir balaca xətrinə dəyəcək söz deyilsəydi, tutub adamı əzişdirə bilərdi. Belə vaxtlarda mən də ondan qorxurdum. O, əsəbi¬ləşən zaman gərək gözünə görünməyəydin. Xalam haqqında bu qədər bilirdim və düzü onun kədərli taleyi mənim də qəlbimi sızladırdı. Bir dəfə şəhərdə yaşayan Abbas dayım bizə gəlmişdi. Nənəm onun ən çox sevdiyi yeməklərdən bişirmişdi; səbzi plov, turş kabab və dovğa. Həyətdə ocağın üstündə yekə bir qazanda buğlanan dovğanın qoxusu ətrafa yayılırdı; dayım deyirdi ki, bu qoxu üçün burnumun ucu göynəyir; ümumiy¬yətlə, nənəmin dovğası həmişə ləzzətli olurdu; dovğaya təzə-tər pərpətöyün, giləmərzə, nanə və adını bilmədiyim digər göyərtilər qatır, bunlar onu daha ətirli və dadlı edirdi. Nənəm dovğadan iri piyalələrə töküb məni çağırdı və həmişəki kimi yeddi qapıya göndərdi (hər dəfə bax beləcə, ya turşulu aş, ya da dovğa bişirəndən sonra deyərdi ki, həyətdən iy gəlir, şuğluzumba olarıq, apar qonşuların payını ver). Günorta naharımızı yeyəndən sonra adətən nənəm məni yanına çağırar, eyvanda bardaş qurub söykənərdi qırmızı-qara gülləri olan sandığına; mənə də deyərdi ki, gəl başını qoy dizimin üstə, yıxıl yat. Uşaq nə qədər çox yatsa sağlam böyüyər. O gün də beləcə dadlı-ləzzətli nahardan sonra anam və xalam həyətə düşüb köhnə kilimləri yumaqla məşğul oldular; nənəmlə dayım isə üzbəüz oturub pürrəngi çay qabaqlarında söhbətləşirdilər. Mən başımı nənəmin dizləri üstünə qoyub şellənir, onun qıvrım saçlarımda gəzən cod barmaqlarının sığalından xumarlanırdım. Elə təzəcə gözlərimi yummuşdum ki, nənəm dayıma dedi: - Hə, nənə qurban, səni onnan ötrü çağırmışam ki, bir məsləhət eləyək. Axı neyləmişdik ki, başımıza kül töküldü? Bacılarının ikisi də bədbəxt oldu: birinin nişanlısı Heybətdən ölüm xəbəri gələndən bəri havalı olub, o birinin də əri Əkrəmdən xəbər-ətər yoxdu. Nə ölüsündən, nə də dirisindən. Yazıq balam, indiyədək deyir ki, gələcək. Ay gəldi ha! (Bunu mənim atam üçün deyirdi). Nemes köpəyoğlunun əlindən qaçmaq olar? Bu tifil də qalıb atasız... (Əli ilə məni göstərib ah-vay etdi). Bəlkə bunu sən aparasan şəhərə, Məsmə də yazıqdı, istəyəni var, verək ərə, hə? Dayımın rəngi qapqara qaraldı, qalın qara qaşları çatıldı, dinmədi. Qabağında buğlanan çay bəlkə də çoxdan soyumuşdu; gözucu gördüm ki, kədərli-kədərli dağlara sarı baxdı, sonra üzünü həyətimizdəki quyudan su çəkən anama döndərib soruşdu: - Özü nə deyir, razıdı? - Nənə qurban, razı olmasa da razı salarıq... - Yox, bir özündən soruş, sora.... Amma ehtiyatla... - Yaxşı, nənə sənə qurban... Axı mən onların ikisini də belə görəndə ürəyim kabab olur. Az qalıram özümü öldürəm... Səni çağırmağımın məqsədi də buydu... Qəhər məni boğdu; birdən məndən elə bir hönkürtü qopdu ki, nənəm diksindi; anam həyətdən eyvana cumdu, dayım başımı sığallayıb məni toxtamağa çalışdı. Amma məni ovundura bilmirdilər. Qaçıb evimizin günbatan tərəfdəki pəncərələri yaşıl dağlara açılan otağında üzümü balışa sıxıb o ki var ağladım. Hönkür-hönkür ağladım. Sonra anamın mehriban, nəvazişli baxışları və nəfəsini lap yaxından duyanda onun boynunu qucaqladım, hıçqıra-hıçqıra soruşdum: - Sən mə-ni a-tıb... ərə ge-dəcək-sən? Anam qəhərləndi və bir qədər qeyzlə soruşdu: - Onu kim deyir, mənim balam? - Nənəm... - Yox, mama qurban, nənə zarafat eləyir! Heç elə şey olar? Bu vaxt dayım və nənəm də otağa girdilər. Nənəm amiranə səslə: - Ədə, yekə kişisən, kişi də ağlayar? - deyə mənim kürəyimdən yüngülcə bir şillə vurdu. Anam nənəmə açıqlandı: - Uşağın yanında ağzına gələni danışma da! Nə ərə getmək salmısan? Onu kim dedi? Yığışdır bu söhbətləri birdəfəlik! - deyə məni bağrına basıb o biri otağa apardı. O gecə səhərədək anamla birgə qaldım və anam mənə atamdan xeyli danışdı, dedi ki, o inanır ki, atam ölməyib, gələcək. Mən bu şirin xəyalla yuxuya getdim. Səhəri gün Abbas dayım bizimlə sağollaşıb şəhərə getdi; o, anamın ərə getməmək qərarını bəyənmişdi və xudahafiz¬ləşəndə mənə mehribanlıqla baxıb dedi: - Dərslərini oxu, məktəbi qurtar, kişi kimi! Gəl instituta, nə qədər ki, dayın var, əziyyət çəkməyəcəksən! Çörəyə çatarsan inşallah! Aylar ötür, illər biri-birini əvəz elədikcə mən də yaşa dolurdum. Anamın saçlarına düşən ağ dənlər artdıqca mənim atamı və əmimi görmək ümidlərim də puça çıxırdı. Nənəm lap heydən düşmüşdü, xalam əvvəlki kimi yatanda da güllü şalını başından açmırdı. Mən məktəbi bitirdim, anam məni Bakıya yola salanda qürur və nəm dolu gözlərini əlinin arxasıyla silə-silə dedi: - Sən mənim yeganə ümidim və pənahımsan, oğlum! Bütün ömrüm boyu Əkrəmin iyini səndən almışam, odur ki, səni gözləyəcəyəm. Sən burda daha çox lazımsan... Mən anamın arzusunu yerinə yetirdim. Bakıda universiteti bitirib kəndə qayıtdım, işə düzəldim. Evləndim, uşaqlarım oldu. Nənəm dünyadan köçmüşdü, amma indi anam nənə olmuşdu və o, bəxtəvər-bəxtəvər nəvələrinə gah atamdan danışır, gah da mənimlə bağlı uşaqlıq əhvalatlarını söyləyirdi. Müharibədən təxminən otuz ilə yaxın bir zaman ötsə də anam hələ də atamı gözləyirdi; ona həmişə elə gəlirdi ki, atam sağdır, o ölməyib. Anam atamla bağlı uydurduğu əhvalatları hər dəfə danışarkən gah kövrəlir, gah da vüqarla məni göstərib nəvələrinə ərinin mənim kimi cüssəli, boy-buxunlu, nemeslərin dərisinə saman təpən bir igid olduğunu söyləyirdi. Min doqquz yüz altmış doqquzuncu ilin yazı idi. Bir gün işlə əlaqədar şəhərə getmişdim. Elə oldu ki, dayımgildə gecələməli oldum. Abbas dayım Bakıda tanınmış alim, professor idi. Müharibədən sonrakı illərdə tez-tez kəndə gələr, bizə əl tutar, hərdənbir də mənə zarafatla tənə vurardı ki, niyə ananı qocaltmısan. Dayımla birgə onların bulvara baxan mənzilində səhər yeməyini təzəcə bitirmişdik ki, daydostum Lətafət xala onu bir qadının telefona çağırdığını dedi. Abbas dayım bir qədər duruxdu. “Səhər-səhər nə məsələdir görəsən?”. Tələsik telefonun dəstəyini götürdü. Lətafət xala dedi ki, yəqin bu gün kiminsə müdafiəsidir, ya dekanlıqdan, ya da kafedradan olar. Dəstəyin o tayından qadın səsi gəldi: - Professor Quliyev? - Bəli... -deyə dayım tanış olmayan səsi eşidib az qala təəccüblə cavab verdi. - Danışan xalq artisti Zibeydə xanımdır... - Zibeydə xanım? - Bəli, bəli... Gecə özüm narahat etmədim, Abbas müəllim... Gözlədim səhər olsun, xoş xəbərim var sizə. - Buyurun Zibeydə xanım, nə xəbərdi elə? - Professor, məsələ bundadır ki, dünən qastroldan gəlmişəm... Münhendən... Sizin bir uşaqlıq dostunuz var Əkrəm... - Əkrəm???... - Bəli, bəli... Əkrəm... Şahinoğlu... Həəə... - Ola bilməz! - dayımı soyuq tər basdı. Hamımız - Lətafət xala, mən və uşaqlar matdım-matdım onun rəngi ağarmış üzünə baxıb anlamağa çalışırdıq ki, bu xoş xəbərdi, yoxsa pis xəbər. Mən heç bir şey anlamırdım, beləcə evdə hamımız ayaq üstəcə donmuşduq. - Bəli, o sağdı... Mənə məktub verib, sizə çatdırmalıyam... - Ola bilməz!!! Zibeydə xanım, Əkrəm 41-də gedəndi...Necə??? - Vallah, mən nə deyə bilərəm... Münhendə konsertdən sonra mənə çalsaçlı ucaboy bir cənab yaxınlaşdı, özünü Əkrəm Şahinoğlu kimi təqdim etdi, dedi ki, bu məktubu da mənim uşaqlıq dostum və qaynım Abbas müəllimə verər¬siniz.... Mən də gələn kimi öyrəndim ki, siz respublikada tanınmış adamsınız. Bu, mütləq siz ola bilərsiniz.. Bəlkə səhv düşmüşəm, bağışlayın... - Yox, yox... Zibeydə xanım... Düzdü... Dayım cibindən dəsmal çıxarıb alnından süzülən tər damcılarını silə-silə astadan pıçıldadı: - Yaxşı, Zibeydə xanım... Gəlirəm... Bu xəbərə inanmağım gəlməsə də, o gün dünyanı tamam ayrı cür gördüm; mənim atam sağ-salamat idi. Bircə bunu düşündüm ki, görəsən anama necə çatdıraq bu xəbəri və görəsən o, bu xəbəri eşidəndə nə edəcək? Zibeydə xanım bizi mehribanlıqla qarşıladı. O, dayıma uzunsov, lakin kifayət qədər qalın məktub uzadanda mənim canım gizildədi, düşündüm:”Görəsən bu, doğrudan da atamın məktubudu?” - Abbas müəllim, - deyə Zibeydə xanım nara¬¬hatlıq ifadə edən zərif səsiylə dilləndi. - Bilirsiz də... mən böyük risk etdim.... Bunu xaricdən bu tərəfə keçirtmək... Bütün məsuliyyəti öz üzərimə götürdüm... Axı məni yoxlamırlar? Həm də bir ailəyə bu şad xəbəri çatdırmaq... Ehhh... O qədər ağlamışam... o qədər... Təsəvvür edin... O Əkrəm qardaş elə göz yaşı tökür... elə yalvarırdı ki... Taleyin işinə bax... Deyirdi... arvadı var... müharibəyə gedəndə hamilə olub.... Mən bu məktubu gətirməyə bilməzdim... Dayımın gözləri dolmuşdu; qalın, uzunsov məktubu aça-aça əlləri əsirdi. Məktubun birinci cümləsini oxuyan kimi hönkürtü ilə ağladı, Zibeydə xanım da ona qoşuldu. - Bu, odur! Əkrəm!- dayım ucadan dedi, sonra məni Zibeydə xanıma göstərib əlavə etdi. - Bu da onun oğludur, Yaşar, heç Yaşarın doğulmasından xəbəri yoxdur! - Allah, allah! Faciədi, nədi bu? -Zibeydə xanım göz yaşlarını silə-silə mənə baxdı. -Oğlum, Yaşar, anan dururmu? - Bəli... Anam indi də onun yolunu gözləyir... - Vay səni, dünya! Niyə dağılmırsan?-bu dəfə Zibeydə xanım əlini-əlinə çırpdı. ...O gecə səhərədək yatmadıq. Bilmirdik sevinək, ya sevinməyək, bilmirdik kədərlənək, ya kədərlənməyək; Abbas dayı məktubu elə hey oxuyur, göz yaşlarını saxlaya bilmirdi; aradabir Lətafət xala ondan məktubu alıb dalısını oxuyurdu. Mənim üçün tamam təptəzə dünya yaranmışdı; qəribə hisslər bürümüşdü canımı. Atama olan xiffət, sevgi, həsrət, isti münasibət, uzun illərin ayrılığından doğan anlaşılmaz soyuq¬luq... bütün bu duyğular biri-birinə elə qarışmışdı ki, bilmirdim ağlayım, yoxsa gülüm... Məktubda kədərli, hamıdan daha çox anam üçün dəhşətli ola biləcək xəbərlər vardı: mühari¬bənin yeddinci ayı atam əsir düşüb, onu Almaniyaya aparıblar; əsir düşərgəsində düz 3 il 23 gün olmazın işgəncə¬lərə məruz qalıb, sonra da müharibənin qurtarmağına az qalmış bir alman qadını ona düşərgədən qaçmaqda kömək edib və həmin qadınla birgə İsveçrəyə gediblər. Müharibə qurtarandan sonra isə Sovet İttifaqına qayıda bilməyib; orada deyirmişlər ki, Stalin qayıdanların hamısını Vətən xaini adı altında güllələtdirir. Atam bu ad altında ölməkdənsə naməlum qalmağı daha şərəfli bilib. Sonralar atam həmin alman qadını ilə evlənib, üç uşağı var - iki oğlan, bir qız. Deməli, mənim bacım və qardaşlarım da varmış?! Aman Allah! Bu yuxudurmu? Bütün bunlar bir yana, bu xəbəri anama necə çatdıracağıq? Bu barədə xeyli düşünüb-daşındıq, Abbas dayım qərara aldı ki, kəndə birlikdə gedək. Kəndə az qalmış ürəyim guppultu ilə döyünməyə başladı. Günəş dağların arxasında gizlənsə də hava hələ tutulmamışdı. Dağların başı ağappağ çənə bürünmüşdü. O anlarda mənə elə gəlirdi ki, dağlar kədərlidir; onlar da bizim Qum kəndinin adamlarına bənzəyir; gah düşüncəli, gah qayğılı, gah kədərli, gah da parlaq günəş şüalarından işıq saçır, sanki bununla kənddəki toy-bayram əhval-ruhiyyəsini nümayiş etdirirlər. Bu dəfə isə elə bil ətəklərindəki yaşıllıqlar və meşəliklərın üstünə nəhəng bir kölgə qonmuşdu; həmişə başını dik və məğrur, qarlı və təmiz saxlayan bizim dağların başı görünməz olmuşdu. Kəndə girəndə evimizin qabağındakı məscidin minbərin¬dən əzan səsi gəldi. Məşədi Şıxəlinin yanıqlı və həzin səsi bütün kəndi başına götürmüşdü. Şıxəli əmi uzun illər idi demək olar ki, hər gün üç dəfə minbərə çıxıb azan verirdi. Kənddə danışırdılar ki, minbərə çıxmağa ixtiyarı olan yeganə molla Şıxəli əmidir; ona ilahidən elə bir avaz, elə bir səs verilmişdi ki, bu avazı eşidəndə (istər sübh tezdən, istər günorta namazında, istərsə də axşam namazı vaxtı) adamın tükləri biz-biz qalxır, istər-istəməz onu dinləmək, ona qulaq asmaq istəyirsən. Mən isə hələ uşaqlıqdan bu səsin sehrinə düşmüşdüm: Şıxəli əminin azan səsi mənim içimi tərpədirdi; elə bilirdim ki, kənddə nəsə bir hüznlü hadisə baş verir. Bu dəfə də bu hisslər məni tərk etmədi. Onun azan səsinin həzin sədaları altında dayımla mən həyətə girdik. Həmin axşam bütün qohum-əqrəbanın bircə göz qırpımında bizə yığışması, onların maraq və sonsuz müəmma dolu baxışları altında dayımın anama həyəcan dolu titrək səslə müraciət etməsi yadıma düşdükcə ondan sonrakı səhnələri danışa bilmirəm. Bircə onu deyə bilərəm ki, xalam otuz il əvvəl poctxanadan qara kağız alanda kəndin mərkəzindən ayaqyalın, başaçıq qaça-qaça necə gəlmişdisə, indi də beləcə həyətin tən ortasında o tərəf-bu tərəfə vurnuxur, hönkürtü vuran anama deyirdi: - Ay Məsmə, gördün, demədimmi mənim Heybətim də sağdı, ölməyib? O gələcək, baxarsan? Əkrəm onu harda olsa tapıb gətirəcək! Bəs axı əmanət aparmışdı onu!? ...Atamın o məşum məktubundan iki ay sonra anam qəflətən vəfat etdi. O, bu dərdi özüylə qəbirə apardı. Abbas dayım Bakıda “KQB”də işləyən bir general dostuna bu məktub barədə məlumat vermişdi. Ondan xahiş etmişdi ki, atama vətənə, öz oğlu, qohum-əqrəbası ilə görüşmək üçün Sovet İttifaqına gəlməkdə kömək göstərsin. Dayım danışırdı ki, KQB generalı bu əhvalatı ürək ağrısıyla qarşılamış, dayıma söz vermişdi ki, Moskva ilə danışıb bu məsələdə əlindən gələn köməyi göstərəcək. Günlərin bir günü dayım kəndə gəldi; o qədər sevinirdi ki, gəl görəsən. Bizə dedi ki, tədarük görün, Əkrəm gəlir. Dəqiq vaxtını da dedi. Onu da əlavə etdi ki, atamı o, özü qarşılayacaq, sonra öz maşınında kəndə gətirəcək... Kənddə həmin gün, demək olar ki, balacadan tutmuş böyüyədək hamı mərkəzi meydana toplaşmışdı. Dayımın qəhvəyi “Pobeda”sı klubun qabağında dayanan kimi camaat maşını dövrəyə aldı; əvvəlcə atam, sonra dayım gülərüzlə maşından düşdülər; kənd ağsaqqalları, qohumlar ucaboylu, çalsaçlı atamla qol-boyun qucaqlaşır, ağlayan ağlayır, sevinən sevinir, bir-birlərinə gözaydınlığı verənlər əllərini məscidin minbərinə uzadıb: “O minbərin sahibi səni qorusun!” - deyirdilər. Atam məni tanımadı; dayım işarə ilə məni göstərəndən sonra atam qollarını açıb məni bağrına basdı. Camaat ağlayırıdı, sonra atam dizləri üstə yerə yıxılıb torpağı qucaqladı; göz yaşları içində soruşdu: - Məsmə hanı? Heç kəs ürək eləyib anamın ölüm xəbərini ona demək istəmirdi. Elə bu vaxt lap uzaqdan xalam qırmızı-qara güllü şalını əlində yellədə-yellədə adamları yara-yara, tövşüyə-tövşüyə, hıçqıra-hıçqıra özünü atamın ayaqları altına atdı. - Əkrəm, başına dönüm, bəs mənim Heybətim hanı? Camaatdan elə bir uğultu qopdu ki, deyirdin bəs, bu dəqiqə yer titrəyib aralanacaq. Arvadların oxşaması alqışlara qarışmışdı. Xanım xala otuz il bundan qabaqkı kimi əlindəki qırmızı-qara güllü şalını yellədə-yellədə oynamağa başladı. Atam bircə anın içində büküldü; mənə elə gəldi ki, o, inildədi, Abbas dayımın göz yaşlarını görüb astaca: - Qəbiristanlıq bu yandadı? -deyə əli ilə üzü qibləni göstərdi. Abbas dayım göz yaşlarını silə-silə başını tərpətdi. Aman Allah, nə dəhşətli səhnə baş verdi! Atam qəflətən dizi üstə yerə çökdü; hamı elə bildi ki, o, müvazinətini itirdi. Amma yox, o, üzü qibləyə- qəbiristanlığa doğru inildəyə-inilədyə iməkləməyə başladı. Dayım və mən nə qədər çalışdıqsa onu durğuza bilmədik. Camaat da bizim dalımızca düşmüşdü; ağlaşma, hönkürtü, uğultudan başqa qulağım heç nə eşitmirdi. Atam düz anamın qəbrinə kimi beləcə iməklədi. O səhnəni Allah heç bir bəndəsinə göstərməsin. Amin, Ya Rəbbil Aləmin!
|
|