|
AĞACOYMANIN MÖCÜZƏLƏRİ Çağdaş bədii prosesin hiss olunacaq dərəcədə mürəkkəbləşdirilmiş rəmzlərlə dolu bugünkü xaotik axarında bəzən elə bir sadə və cazibədar qüvvə tapılır ki, öz ovsunlayıcı məziyyətlərinə görə tamaşaçısını heyrət və düşüncələr burulğanına salır.Ustad Seyfəddin Mənsimoğlunun təxəyyülünün nəticəsi olanağacoyma işləri məhz belə sənət nümunələrindəndir.Onun ağacoyma ilə xəttatlığı özündə birləşdirən əsərləri zaman çərçivəsinə sığmayan sənət möcüzələridir, desək, yanılmarıq.Onlardakı icra sənətkarlığı o qədər yüksəkdir ki, əsərləri, adları həkk olunmuş böyük dühaların yaşadığı uzaq keçmişin də, bugünün də məhsulu hesab etmək olar.Sənətkarla tanışlıq məqsədilə deyək ki, bir vaxtlar «Əzimzadə məktəbi»ndə rəssamlığın sirlərinə yiyələnən ustad Seyfəddin heç ağlına belə gətirə bilməzdi ki, təbiətimizin təbii yaraşığı olan çeşidli ağaclar bir vaxtlar onun üçün rənglər palitrasına çevriləcək. Əslində bu sənət zirvəsinə yüksəliş nəyəsə vurğunluqdan, kimlərisə heyrətləndirmək istəyindən yaranmadı.Reallıqda onun oyma sənətinə vurğunluğu dərddən- kədərdən qaynaqlanmışdı. Övlad itkisi rəssamın qara saçlarını nə qədər bəyazlaşdırsa da, balası üçün qurduğu son daş mənzilin naxış örtüyündəki sonsuz sevgiyə bələnmiş iradə onun qəddinə dayaq olmuşdu. Az sonra kədərlə yoğrulmuş sənət sevgisinin mənası əvəzləndi.O, özünü inandıra bildi ki, daşda elədiklərini ağacda da təkrarlaya bilər və bu yeni bir üslub ola bilər. Və «Qurani-Kərim»dən götürülmüş «O, hər şeydən xəbərdardır!» kəlamının ağaclaşmış görkəmi zənnində yanılmadığını təsdiqlədi. Allah kəlamının özünəməxsus və yeni bir formada təqdimatı, etiraf edək ki, çox gözlənilməz idi.Belə ki, qoz ağacından hazırlanmış kompozisiya həlli üçün simmetrik bədii şərh seçilmişdi.Kompozisiyanın sağ tərəfini kəlamın ustalıqla yazılmış və ona ayrılmış sahədə zərgər dəqiqliyi ilə yerləşdirilmiş əsli, sol tərəfini isə onun tərsinə yazılmış güzgü əksi təşkil edir.Ötən əsrin 80-ci illərinin əvvəllərində yaradılan və az sonra sərgidə nümayiş atdirilən bu əsərböyük maraqla qarşılandı. İlk uğur onun mənəvi dəstəyi oldu,yeni axtarışlara həvəsləndirdi. Həyat sınaqları ilə mübarizədə bərkimiş ustad az sonra tərəddüdlü, fikirparalayıcı anlarında belə, sevimli işindən ayrılmadı. İlk nümunənin ardınca o, xvı əsrin görkəmli miniatürçü rəssamı Soltan Məhəmmədə, Azərbaycan poeziyasının korifeyləri Nizami Gəncəviyə, Xaqani Şirvaniyə, İmadəddin Nəsimiyə və Məhəmməd Füzuliyə, eləcə də astronom Nəsrəddin Tusiyə, bəstəkar Üzeyir Hacıbəyova, şair Əlişir Nəvaiyə, Babur şaha, Molla Nəsrəddinçi Mirzə Cəlilə, rapressiya qurbanı Hüseyn Cavidə, Aşıq Qurbaniyə, Şəms Təbriziyə, Cəlaləddin Rumiyə, Şah İsmayıl Xətaiyə həsr etdiyi ağac lövhələr yaratdı. Ağaclarda maddiləşən bu ecazkar yazıların kağız üzərində ilkin variantlarının yaranmasında tanınmış xəttat Müzafəddin Əzizov ustad Seyfəddinə yardımçı oldu. Sadaladığımız əsərlərdə görkəmli şəxsiyyətlərin təkcə adları deyil,həm də onların yaradıcılıq aləmi ilə səsləşən elementlər- atributlar da verilir və oyma nümunəsini daha da dolğunlaşdırır.Mübaliğəsiz demək olar ki, bütün işlər heyrətamiz zərifliyi, gözoxşayan axıcı ritmi, özünəməxsus ifadə tərzi ilə seçilir. Onun hazırladığı bir neçə «Bismllahir- rəhmani- rəhim» lövhəsi, «Elm nur, cəhalət isə zülmətdir!» kəlamı və Allahın mübarək adını hifz edən kompozisiyalar da duyğulandırıcıdır. Ustad bir cox əsərlərində ağacoymanın bədii- texniki imkanlarını genişləndirməyə də nail olub.Onun yazı nümunəsiniavarlı qayığa bənzətməsi və bəzək elementləri ilə əhatələndirməsi, Şah İsmayıl Xətai dünyasını açıq vərəq üzərində portreti və qılınc- qələmlə təqdim etməsi doğrudan da çox təsirli və bədii məziyyətlərlə zəngin ağac görüntüləridir. Ustadın hazırladığı bir neçə rəhil isə ilk növbədə konstruksiyalarının orijinallığı və naxış elementlərinin incəliyi ilə göz oxşayır.Rəhillərin biri öz çevrəvari konstruksiyası sayəsində üzərinə kitab qoyarkən aşağı1ya doğru əyilir və nəticədə maili vəziyyət almasına görə masa arxasında oturmaqla da kitabı oxumaq olur. Belə rəhillərdən biri hazırda Berlin İslam Muzeyinin Azərbaycan bölməsində, digəri isə Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılır. O, demək olar ki, əksər ağac növlərini «sınağa» çəkib.Qırmızı ağac, fıstıq və qoz ağaclarında düşündüklərini ifadə etməyə nail olub. Onun sənətkarlığını mütəxəssislər çox yüksək qiymətləndirib; dəfələrlə müxtəlif müsabiqələrin qalibi olub, əsərləri sərgilərdə müvəffəqiyyətlə nümayiş etdirilib. Bütün bunlar onun sənətinə və təmsil etdiyi xalqa həm də beynəlxalq şöhrət gətirib. Bu gün onun əsərlərinin Bakı, İstanbul, Berlin muzeylərində və neçə- neçə şəxsi kolleksiyalarda saxlanılması da bunun təsdiqidir. Onun 2007- ci ilin sonlarında Səudiyyə Ərəbistanında keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirakı və oradakı sərgidə əsərlərinin nümayiş etdirilməsi də sənətkara diqqətin ifadəsidir. … Çox vaxt sənət əsərlərini onu yaradanların iç dünyasından ziya alanpəncərələrə bənzədirlər. Bu mənada, Seyfəddin Mənsimoğlunun əsərləri tamaşaçısını duyğular selinə salan sənət inciləridir. Belə əsərlərin adicə texniki vasitələrlə başa gəldiyini düşünmək də ədalətsizlikdir. İnanırsan ki, axıcı ritmi, dərinliyi ilə özünün işıq-kölgəsini, təzadlı görüntüsünü yaradan bu agac- lövhələr dəmirlə yox, qəlbin istisi, sevgisi ilə kəsilib, bədii görkəm alıb… Ziyadxan ƏIİYEV, Əməkdar incəsənət xadimi
|
|