|
Əbülfəz ağanın səyahət eləməklə çox arası yox idi, ömründə cəmi üç vilayət görmüşdü. Qəzvin onun gördüyü əvvəlinci şəhər idi. Orda dünyaya gəlmişdi, elm- savad kəsb eləmişdi. On səkkiz yaşı olanda, fiqh, kəlam, hikmət, ələlxüsus da hesab elmində elə bir zirvəyə çatmışdı ki, hətta ustadları da onun fikirlərinə qulaq tutur, onunla hesablaşırdılar. Əbülfəz ağanın böyük əmisi Ustaclu tayfasının o vaxtkı əmiri Hüseyn xan yüzbaşı ilə möhkəm dost idi və elə onun köməyilə də, Əbülfəz ağanı Qəzvin sarayına, müstövfi-əl-məmalik Mirzə Şükrulla xanın idarəsinə kiçik mirzə vəzifəsinə düzəlmişdi, bir müddət sonra Əbülfəz ağa yenə də əmisinin, daha dürüst desək, Hüseyn xan Ustaclunun köməyilə mənsəb pilləkənilə qalxmağa başlamışdı. İnsafən, özü də işinə şövqü olan adam idi, amma o da məlumdur ki, məmur öz işində nə qədər bacarıq sahibi olsa da, sarayda, yainki dövlətxanada arxası, dayağı olmasa, heç vəchlə irəli gedə bilməz, bu baxımdan Əbülfəz ağanın bəxti gətirmişdi, həm savadı, elmi vardı, həm də Səfəvi sarayında ən hörmətli əyanlardan hesab olunan Ustaclularla yaxınlığı vardı, elə o səbəbdən də ona dəyib-dolaşan olmurdu, müxtəlif fitnə-fəsad oxları ondan yan keçərdi, heç onun özü də belə işlərə burun soxmağı sevməzdi, başını aşağı salıb sakitcə öz işiylə məşğul olardı. Dövlətxanada xidmət elədiyi beş-altı il ərzində Əbülfəz ağa mühasibat işinə elə yiyələnmişdi ki, bütün vilayətlərin vergilərinin miqdarını, vilayət hakimlərinin, bəylərbəyilərin məvaciblərinin miqdarını, xəzinədən hansı divana ildə nə qədər xərc ayrıldığını, hansı əmirin nə qədər soyurqal torpağa sahib olduğunu əzbər bilirdi, çox iti hafizəsi olduğundan, hesabat kitablarına baxmağa lüzum olmurdu. Xəttinə də ki, söz ola bilməzdi. Əməlisaleh, əlitəmiz, dürüst adam olduğundan, heç vaxt bəxşeyiş almadığından Divani-məmalikin bütün dolaşıq işlərini yoxlamağı da ona tapşırardılar. Haman ərəfələrdə Əbülfəz ağada çox əcaib bir vərdiş yaranmışdı. Əvvəllər o özü bu vərdişi əqlinin hesab işindəki itiliyini artırmaq üçün bir vasitə zənn etsə də, sonralar məlum oldu ki, əqlin bu məşğələsi ayrı mətləbləri də zahirə çıxarırmış. Nə idi bu vərdiş? Məsələ ondaydı ki, Əbülfəz ağa hər gün evdən çıxıb dövlətxanaya yol alan kimi ona verilən salamları saymağa başlardı, ta axşam evə dönəndə kağıza qeyd eylərdi ki, filan gün mənə filan sayda adam salam verdi. Əlbəttə, hafizəni itiləşdirməkçün gözəl bir məşğələydi, amma bir neçə aydan sonra Əbülfəz ağa bu xüsusda yazdığı qeydləri gözdən keçirəndə anlamışdı ki, rəqəmlərin dəyişməsi həm də onun saraydakı nüfuzunun, adamların ona münasibətinin də göstəricisidir. Əgər Müstövfi-Əl-Məmalik idarəsində işə başladığı Balıq ilinin Səfər ayında ona gündə yeddi səkkiz adam salam verirdisə, haman ilin Zil-həccə ayında gündəlik salamların sayı artıq otuz beş-qırxa qalxmışdı. Bir dəfə iş elə gətirmişdi ki, əyalət divanlarının hesabatı zamanı bütün gün ərzində Vəziri-Əzəm Mirzə Salman İsfahanini müşayiət eləməli olmuşdu, sayıb görmüşdü ki, səhər tezdən ta axşam düşənəcən baş vəzirə dörd yüzə yaxın adam salam verir, onunçün də ürəyində fikirləşmişdi ki, hərgah mən də gündəlik salamların sayını bu miqdara yaxınlaşdıra bilsəm, deməli, bu fəna dünyada nəyəsə nail olmuşam. Əvvəl-əvvəl Əbülfəz ağa hər salamın qədr-qiymətini bilərdi, irisinə-xırdasına, gözəlinə-çirkininə, ucuzuna-bahasına baxmazdı. Hərgah bu gün ona verilən salamların sayı dünənkindən iki-üç dənə artıq olardısa, şam namazından sonra buna görə Allaha əlli dəfə şükr edərdi, öz rizasın bildirərdi. Və əksinə, sayıb görsəydi ki, bu günkü salamlar dünənkindən iki-üç ədəd əskikdi, haman gecə səhərəcən yata bilməzdi, fikirləşərdi ki, yəqin hansısa naqis əməlimin ucbatından belə olub, allahın mənə qəzəbi tutub; əhvalı korlanardı, namaz üstə başını möhürə döyüb gözünün yaşını tökərdi, Allahdan təvəqqe edərdi ki, günahından keçsin, salamları bol eləsin, ruzisini kəsməsin. Amma hamıya bəllidir ki, bəni-adəmin əlində hansı bir nəsnə çox olarsa, qədr-qiymətdən düşər və bu da nankorluq əlamətindən savayı bir şey deyil. Əbülfəz ağa da, nə qədər əməlisaleh adam olsa da, mənsəbi çox yüksələndə başına eyni vaqeə gəldi. Gün ərzində verilən salamların sayı yüzü aşdıqdan sonra, onlara barmaqarası baxmağa, laqyedləşməyə başladı. Əlli-altmışa qədərini sayandan sonra hesabının ucunu buraxardı, day bilməzdi ki, bu gün ona nə qədər adam salam verib, bu rəqəm dünənkindən azdı, yainki çoxdu. Sayını bilmədiyinə görə Allaha dua eləməyi də yavaş-yavaş yaddan çıxartdı. Məmalik Divanına Baş Möhrdar təyin olunandan sonra salamların sayı o qədər artdı ki, Əbülfəz ağa ümumən onları saymağı tərgitdi. İçində belə bir arxayınçılıq yarandı ki, elə həmişə belə olacaq, salamların sayı durmadan aracaq, çoxalacaq, bütün günü ətrafına səpələnən bu salamları yığıb-yığışdırmaqla məşğul olacaq və nəhayətdə bundan bezəcək. İş o yerə çatdı ki, artıq Əbülfəz ağa salamların bəzilərini - ən xırdalarını, ən çirkinlərini bəyənmirdi, almırdı. Sonra yaxşılarına da qulp qoymağa başladı; filankəs salam verəndə üzümə sırtıq kimi gülür, gərək cidd olsun; filankəsin salamından Qəzvin sallaqxanalarının iyi gəlir; filankəsin salamı sanasan ağzından yox, burnundan çıxdı; filankəs salam verəndə yaxşı təzim eləməmişdi və ilaxır. Müxtəsəri, ən çox xoşuna gələn, özünə ən çox sərfəli olan salamları alırdı, qalanlarına heç gözucu da fikir vermirdi. Günlərin bir günü Əbülfəz ağa öz şəxsi qorçisiylə bahəm məmalik-divanından çıxanda dövlətxananın iri darvazasının yanında hardansa əli kəşküllü, təsbehli, beli xirqəli, başı külahlı qoca bir dərviş peyda oldu, əlini sinəsinə qoyub kamalü-ədəblə təzim edib onunla salamlaşdı: "Əssəlamün-əleyküm, Əbülfəz ağa. Allah-təalanın sayeyi - rəhməti başından əskik olmasın. Əhvalın nə təhərdi?" Əbülfəz ağa bu qocanın salamını almazdan əvvəl onu haradan tanıdığını xatırlamağa çalışdı, elə bu vaxt onun qulamı dövlətxana divarına sırayla bənd edilmiş dəmirlərdən atların yüyənini açıb gətirdi və Əbülfəz ağa da elə fikirləşə-fikirləşə atın belinə sıçrayıb yoluna düzəlmişdi ki, qəfildən kişinin kimliyini xatırladı: bu qoca neçə sənələr əvvəl, növcavan vaxtlarında əmisinin evində ona xəttatlıq dərsi keçmiş Ərdəbil dərvişinə bənzəyirdi. Bunu xatırlayan kimi geri dönüb qocanın salamını almaq istədi, fəqət fikirləşdi ki, artıq ondan neçə addım aralanmışam, bir də kişinin salamını almaq, hal-əhval tutmaqçün geri qayıtmaq mənə layiq deyil, ayıbdı. Onunçün də üzünü çevirməyib, atını sürməkdə davam elədi. Amma bu vaxt arxadan qoca sufinin səsi eşidildi: "Salam Allahın adıdı, Əbülfəz ağa. Allah onun adını almayıb toz-torpaq içinə atanları sevməz." Doğrusu, Əbülfəz ağa belə sözlərə adət etməmişdi. Kiminsə salamını almırdısa da, salam verən kəs sakitcə başını aşağı salıb səsini çıxartmadan aralanardı, dillənməyə qorxardı, amma bu qoca sufi ona, sanasan, ağıl öyrədirdi. Bu səbəbdən əvvəl elə bildi ki, səsi ayrı bir səmtdən eşidib, fəqət qulaqları ona dedi ki, yox, danışan elə haman qocaydı. Biixtiyar Əbülfəz ağanın qəzəbi cuşa gəldi, istədi, yanındakı qulamı göndərsin, başından yekə qələt elədiyinə görə sufini elə dövlətxananın qapısındaca doğrasın, amma fikrindən daşındı, fikirləşdi ki, gərək onu şəxsən özüm cəzalandırım. Əlini dəməşq poladından qayrılmış xəncərinin qızılı qəbzəsinə sıxıb, atının başını geri çevirdi, elə o saat da yerində donub qaldı. Nə dövlətxananın həyətində, nə də darvazanın qarşısındakı iri meydanda qocadan əsər-əlamət yox idi. Elə bil, göyə çıxmışdı qoca sufi. Əbülfəz ağa fikirləşdi ki, yəqin gözümə görünüb bu adam. Yoxsa kimin hünəri var ki, Məmalik divanının Baş möhrdarına böylə bir irad tutsun. Beləcə, xatirindən çıxartdı bu vaqeəni. Amma, belə məlum oldu ki, bu hadisədən sonra salamların da səbr kasası daşıbmış və bir yerə cəm olub sözü bir yerə qoyublar ki, Əbülfəz ağadan itib-batan həmcinslərinin, yəni, almayıb ora-bura səpələdiyi, ayaq altına atıb tapdaladığı əvvəlki salamların qisasını alsınlar. Bəs salamlar ondan hansı üsulla qisas aldılar? Dövlətxana qarşısında qoca sufinin peyda olmasından düz bir həftə sonra cənnətməkan Təhmasib şah dünyadan köçünü çəkdi. Şahın dəfnindən sonra çərxi-fələk Əbülfəz ağadan üz çevirdi. Onun saraydakı ən ali himayədarı olan Hüseyn xan Ustaclu öz tayfasıyla bahəm Təhmasib şahdan sonra onun kiçik oğlu Şahzadə Heydər mirzənin hakimiyyət hüququnun müdafiəsinə qalxdı, amma məğlub oldular, taxtü-taca Şah Təhmasibin o biri oğlu İsmayıl Sani çıxdı və təzə şahın əmriylə bütün məmləkətdə Ustaclu tayfasına qarşı hücumlar başladı. Çünki Şah İsmayıl Sani Ustacluların onu yox, qardaşı Heydər mirzəni taxta çıxartmaq cəhdini unutmaq istəmirdi, onları, bir növ, özünə düşmən sayırdı. Həmin dövrdə istər paytaxt Qəzvində, istərsə də məmləkətin başqa vilayətlərində xeyli Ustaclı əmirləri, bu tayfadan olan mənsəb sahibləri qətlə yetirildi, Əbülfəz ağanın himayədarı Hüseyn xan Ustaclu isə Luristana qaçmaqla canını qurtara bildi. Düzdü, Əbülfəz ağa birbaşa Ustaclu tayfasından olmadığından, ona dəyib-dolaşan olmamışdı, elə divani-məmalikdəki əvvəlki vəzifəsində qalmışdı, amma canını vahimə bürümüşdü, bilirdi ki, İkinci Şah İsmayıl sərsəm bir adamdı, keyfi istəsə, elə onun özünü də bir vaxt yaxın olduğu Ustaclulara qatıb cəzalandırar. Onunçün də Məmalik divanına bir əlixəncərli qorçi, bığıburma qulam girən kimi elə bilirdi ki, onu qətlə yetirməyə gəliblər. Hərçənd, divanın rəisi Mirzə Şükrulla xan onu arxayın eləmişdi ki, sənə toxunmaqlarına heç vədə izn vermərəm, amma bu söz Əbülfəz ağanı sakitləşdirməmişdi, bilirdi ki, şahın fərmayişi olarsa, Şükrulla xanın sözünə heç kim məhəl qoymayacaq. Həm də, hiss edirdi ki, vəzarət mirzələri arasında ona münasibət də dəyişib və bu, ilk növbədə, ona verilən salamların sayında özünü göstərdi, gündəlik salamların sayı birdən-birə iki yüzdən on-on beşə düşdü ki, bunlar da, tələsik, başdansovdu verilənlər idi. Haman ərəfələrdə Əbülfəz ağa birdən-birə hiss elədi ki, özü də fikir vermədən yenə salamları saymağa başlayıb, amma bu dəfə hər axşam onları hesaba vuranda qanı qaralırdı, əhvalı pozulurdu. Salamlar azalırdı ki, artmırdı və Əbülfəz ağanın hesabına görə, bir-iki aya ona heç salam verən olmayacaqdı. Dövlətxanadakı mənsəbində də təğyirlər olmuşdu, Şah İsmayıl Saninin fərmayişiylə Divani-məmalikin əsas möhrlərindən dördü ondan alınıb münşi-əl-məmalikə verilmişdi ki, bu da onun aldığı salamlarla bərabər, mənsəb pilləsində də enmək üzrə olduğunun sübutuydu. Əvvəl hər salamı bəyənməyən Əbülfəz ağa indi ən eybəcər, ən xırda salamların da dalısıyca gəzirdi, dövlətxanada qarşısına çıxan mirzələrin, müstövfilərin, katiblərin gözlərinin, ağızlarının içinə baxırdı, ona veriləsi salamı az qala özü zorla dartıb çıxartmağa çalışırdı. Amma çifayda. Rastına çıxan kəs bir bəhanə ilə ya üzünü yan çevirər, ya yolunu dəyişər, ya da elə onun üzünə baxa-baxa heç zad söyləmədən yoluna davam edərdi. Elə bil kimsə onu görmürdü, özünü cansız, vücudsuz kölgə kimi hiss edirdi Əbülfəz ağa. Sanasan salamlar sözləşmişdilər ki, iti görək, qurdu görək, Əbülfəz ağanı görməyək. Əgər əvvəllər, həm öz elm-savadının, həm də Ustaclu əmirlərinin köməyiylə Əbülfəz ağanın mənsəb pilləkəniylə lap yuxarı qalxacağı, hətta nə vaxtsa naziri-büyutat və yaxud Vəziri-Əzəm mərtəbəsinə yüksələcəyi güman edildiyindən, hamı onunla yaxşı münasibətlər qurmağa cəhd eylərdisə, indi, Ustacluların nüfuzdan düşməsindən sonra Əbülfəz ağa ilə üzbəüz gələnlərin çoxu tez ondan uzaqlaşmağa çalışırdı. Əvvəllər onun mənsəbinə paxıllıq edənlər indi sevinirdilər, onu saymamaqlarını açıq hiss elətdirib bundan ləzzət tuturdular. Bir çox məmurlar isə qorxardılar ki, onları Əbülfəz ağa ilə bir yerdə görsələr, Ustaclularla yaxınlığı təxmin edilər, bu isə həmin ərəfələrdə çox qorxulu idi. İşin axırı haman mirzənin öz kəlləsiylə, ən yaxşı halda isə, saraydakı mənsəbiylə xudahafizləşməsiylə qurtara bilərdi. Beləcə, Əbülfəz ağanın zindəganlığı çox narahat bir şəkil aldı. Hər dəfə bir salam itirəndə, bu günkü salamların sayı dünənkindən bir dənə əskik gələndə, elə bilirdi ki, ürəyinin bir teli qırılıb düşür. Daha cümə günləri heç kim onunla covkan oynamağa getmirdi, əvvəlki covkan rəfiqləri minbir bəhanə ilə onu başlarından eləmişdilər. Hərdənbir yolunu covkan meydanlarına salanda da, oyunçuları uzaqdan seyr etməkdən savayı əlacı qalmazdı. Hamama gedəndə fikir verirdi ki, nökərlərin də, kisəçilərin də, sutökənlərin də, dəlləyin də ona əvvəlki rəğbəti qalmayıb. Daha Əbülfəz ağa hamamın kandarından içəri qədəm qoyanda nökərlər hər tərəfdən üstünə cumub, salam-əleyk yağdıraraq libasını soyundurmurdular. Daha kisəçilər onu məxsusi şiraz kətanıyla kisələmirdilər, daha sutökənlər ona ətirli İstanbul sabunu qıymırdılar, dəllək onu görən kimi Dəməşq poladından olan zərif ülgücünü tez gizlədirdi, hətta çayçı da qabağına naxışlı çini saxsıdan olan qəlyanı qoymurdu. Ona salam verməyə də ərinərdilər. Eləcə, hamama gəlib özü libasını soyunardı, salam-kəlamsız içəri çağırardılar, kobud, qaba kisəylə bədənini sürtərdilər, keçi piyindən düzələn pis qoxulu Qəzvin sabunuyla yuyundurardılar, dəllək üzünü,başını qırxanda kütləşmiş ülgücünü qayışa çəkməyə tənbəllik edərdi, çayçı da rəngi rufu getmiş gil qəlyanlardan birini qoyardı onunçün. Müxtəsəri, birtəhər yola verərdilər onu. Bəzən elə günlər olurdu ki, heç bircə nəfər də ona salam vermirdi. Şah Təhmasibin ölümündən və İkinci Şah İsmayılın taxta çıxmağından artıq bir ildən də çox ötürdü və bir gün Əbülfəz ağanın başına daha bir qəziyə gəldi. Tək-tənha Dövlətxanadan çıxıb Cümə məscidinə tərəf yol almışdı və adətincə, salam almaq ümidiylə rastına çıxan köhnə tanışlarının gözlərinə, ağızlarına baxarkən qəfildən, əlli-altmış addım aralıda, dabbaqlar məhəlləsinin girəcəyində, dabbaqxanaların qabağında yığışmış adamların içində bir il əvvəl qabağına çıxıb ona salam vermiş qoca sufini gördü. Küçə boyu xeyli adam olsa da, Əbülfəz ağa gözdən iti olduğundan, qocanı o saat tanıdı və birdən-birə ağlına gəldi ki, onun dalısıyca qaçıb salam versin. Bu niyyətinin səbəbini heç özü də anlamadı, heç anlamağa cəhd də eləmədi. Sanasan, ilahidən ona nida gəldi ki, nə olursa-olsun, elə bu saat sən bu qoca sufiyə salam verməlisən. Çuxasının ətəklərini yığıb irəli, dabbaqxanaların qarşısıyla yeriyib asılmış cürbəcür dəri çarıqlara, yəhərlərə, kürklərə tamaşa edən qoca sufiyə tərəf cumdu, küçə adamla dolu olduğundan, gah bir kəndliyə toxundu, gah ayağı divar dibində oturmuş dilənçiyə ilişdi, gah üstünə yüklü bir ulaq yeridi, müxtəsəri, yıxıla-dura özünü dabbaq dükanlarına çatdırdı və başını qaldırıb camaatın içinə nəzər yetirəndə gördü ki, qoca dərviş artıq dabbaqxanaların axırındadı. Əbülfəz ağa onu səsləmək istəsə də, adını bilmədiyindən, yenə də ardınca getdi, dabbaqxanalarda aşılanan, qurudulan dərilərin pis iyində ögüməməkçün burnunu tutub dükanların axırına yetişdi. Burada artıq adam az idi, qoca sufi də əsasını taqqıldadaraq irəlidəki Əsb meydanının o biri başına tərəf gedirdi. Əbülfəz ağa artıq ona yetişdiyini düşünüb bir dəm ayaq saxladı, nəfəsini dərdi, özünə gələndən sonra yerindən tərpənib qocaya yaxınlaşmaq istədi ki, Cümə məscidinin qarşısına gedən küçədən bir dəstə qara geyimli, yaraq-yasaqlı atlı qorçi çıxdı. Əbülfəz ağa atların ayağı altında qalmamaqçün biixtiyar divarın dibinə qısıldı. Dəstə isə o qədər böyük idi ki, irəlidəki bığıburma qorçilər atlarının nallarıyla meydana döşənmiş daşları taqqıldadaraq, artıq o biri küçəyə çatsalar da, dəstənin ardı hələ kəsilməmişdi, eləcə dörd-dörd düzülümüş sırayla tindən çıxırdılar. Əbülfəz ağa qorçilərin dalının kəsilməyini gözlədiyi bir vaxtda, qoca sufi ahəstə addımlarla meydanın başına çatdı, küçələrdən birinə dönüb yox oldu. Qorçilərsə hələ də keçib qurtarmamışdılar. Deyəsən Qəzvin civarında nə qədər şah ləşkəri vardısa, hamısı bu saat buradan keçirdi. Min idimi, iki min idimi, bunu saymağa Əbülfəz ağanın halı yox idi. Birdən-birə ona elə gəldi ki, bu qoşun-ləşkərin ardı heç vaxt kəsilməyəcək, qorçilərin dalıyca qulamlar çıxacaq, sonra oxsular, çərxçilər, topçular gələcək, müxtəsəri, dünyada əli silahlı nə qədər adam varsa, hamısı bu saat Cümə məscidinin qarşısında sıraya düzülüb və nizamla Əsb meydanına tərəf gəlirlər və o, heç vaxt bu küçənin o biri üzünə keçə bilməyəcək, bir vaxtlar ona xəttatlıq dərsi keçmiş bu qoca sufiyə heç vaxt salam verə bilməyəcək. Birdən-birə Əbülfəz ağanın əhvalı tamam pozuldu. Az qaldı onu ağlamaq tuta. Gözləri qaraldı. Elə bildi ki, qara çuxalı, başı külahlı, beli xəncərli, bığıburma qorçilərin hamısı eyni sifətdədi, zərrə qədər də, biri-birindən fərqlənmirlər. Hətta rəngi boza çalan atları da eynidi. Eyni rəng, dərilərində eyni xallar.
Əbülfəz ağa hiss elədi ki, bədənini soyuq tər basır, huşu başından çıxır, ayaqları boşalır. Elə yerə yıxılan məqamda hiss elədi ki, kimsə ona dirək oldu, yıxılmağa qoymadı, böyründə yerə düşmüş iri bir daşın üstündə oturtdu. Əbülfəz ağa gözünün ucuyla ona kömək olan adama baxanda heyrətdən dili tutuldu. Bayaq Əsb meydanının o biri başında gözdən itən haman qoca sufi idi. Əbülfəz ağanın fikrindən keçdi ki, qoca bu qədər atlının arasından meydanın bu biri tərəfinə nə təhər keçib? Sufini başı üstə görən kimi Əbülfəz ağaya elə bil, biixtiyar güc gəldi. Tez dilləndi ki, salam-əleyküm, baba dərviş, necəsən, əhvalın necədi? Dərviş əleykəssalam deyib yun xirqəsini çıxardaraq Əbülfəz ağanın çiyninə atdı, tələsmədən əynindəki cübbədən bir parça cırıb onun tərini yaxşıca sildi, qoynundakı balaca tuluqdan ona su verdi. Sonra ayağa qalxıb getmək istəyirdi ki, Əbülfəz ağa dözə bilməyib soruşdu, bəs sən burada necə peyda oldun? Axı bayaq meydanın o biri başındaydın? Qoca sufi ona baxıb cavab verdi ki, məni, o vaxt verdiyim, fəqət, sənin almadığın haman salam gətirdi bura. Əbülfəz ağa təəssüflə içini çəkib dedi ki, deyəsən, Allah məni cəzalandırıb. Almadığım salamlar heç vaxt mənim günahımı əfv etməzlər. Qoca sufi gülümsünüb cavab verdi ki, sənə demişdim, salam Allahın adıdı. Xatirindən çıxartma ki, Allahın özü kimi, adının da mərhəməti sonsuzdu, intəhasızdı. Sufi bunu deyib əlini Əbülfəz ağanın alnına qoydu, sinəsini yoxladı və özünə gəldiyini görüb, xirqəsini onun çiynindən götürdü, əyninə keçirtdi, divara söykətdiyi əsasının əlinə alıb, Əbülfəz ağayla sağollaşdı, yoluna düzəldi. Amma beş-altı addım atmışdı ki, qəfildən ayaq saxlayıb geri çöndü, qəribə ifadəyli dedi ki, mənim savadım yoxdu, heç vaxt bircə xətt də yazı yaza bilməmişəm. Sözünü deyib tini buruldu. Əbülfəz ağa isə uzun müddət yerində donub qaldı, fikirləşdi, fikirləşdi, yalnız Cümə məscidindən azan səsi ərşə bülənd olanda yerindən qalxıb evinə tərəf yol aldı. Düz üç gün sonra Qəzvinə xəbər yayıldı ki, Səfəvi hökmdarı İkinci Şah İsmayıl gecə təğyiri-libas olub sarayın halvaçısı Həsən bəyin evinə mehman olubmuş və elə oradaca şahı zəhərləyib öldürüblər. Əbülfəz ağa dövlətxanaya gələn kimi gördü ki, aləm bir-birinə dəyib. Vəzirlər, mirzələr, müstövfilər, katiblər, müxtəsəri, cümlə məmurlar başlarını itiriblər, heç kim sabahkı günün nə təhər olacağını dürüst bilmir. Hamı xovf, vahimə içindədi. Amma ən çox heyrətdə qalan Əbülfəz ağa idi. Rastına çıxan haman qoca sufinin surəti bir neçə gün ərzində heç cür onun xəyalının lövhəsindən getmirdi, dediyi sözlər yüz dəfə, min dəfə onun qulaqlarında səslənirdi. Nə qədər nüfuzdan düşsələr də, hər halda, Ustaclular Qızılbaş səltənətinin ən böyük tayfalarından biriydi və Şah İsmayıl Saninin il yarımlıq hakimiyyətindən sonra onlar Qəzvin sarayında tayfalarının əvvəlki nüfuzunu bərpa edə bildilər və beləcə, Kor Məhəmməd Xudabəndənin hökmdarlıq zamanında səltənətin heç bir əsas işi Ustacluların iştirakı olmadan həll edilmirdi. Bu bir-iki illik soyuqluqdan sonra dövlətxanada Əbülfəz ağaya münasibət yenə də istiləşməyə başladı, dünən onunla ünsiyyətdən qaçan adamlar bu gün təzədən üzünə gülürdülər, minbir bəhanə ilə ona hörmət eləməyə çalışırdılar. Əlbəttə ki, salamların sayı da yenə kəlləçarxa çıxmışdı, elə olurdu ki, gün ərzində iki yüzü keçirdi, Əbülfəz ağa ona da fikir vermişdi ki, ötən il ərzində ona yaxın gəlməkdən çəkinən adamlar indi ona gündə iki dəfə, hətta üç dəfə salam verirdilər, gah bahəm covkan oynamağa dəvət edirdilər, gah bir yerdə zorxanaya tamaşaya çağırırdılar, bəlkə də bu yolla öz günahlarını yumaq istəyirdilər. Bir sözlə, ətrafdakıların ona münasibəti yenə də iki-üç il əvvəlki kimi olmuşdu, fəqət Əbülfəz ağanın özü daha iki-üç il əvvəlki deyildi, çox dəyişmişdi. Onsuz da o, heç uşaqlıqdan öz igidliyi, şücaəti, cəsarəti ilə seçilən adamlardan deyildi, yəni bu xislətlər onda olsaydı, elmü-savad kəsb eləmək yolun tutmazdı, əlinə xəncər alıb qızılbaş qazilərinə qoşulardı, cəngü cidal eləməyi özünə peşə seçərdi, Əbülfəz ağa isə qan-qada sevməzdi və Şah İsmayıl Saninin hakimiyyətdə olduğu vaxtlarda xof-vahimə içində yaşamağı onun ürəyini lap naziltmişdi, yağını əritmişdi, qorxudan boğazından asudə tikə keçmədiyinə görə hətta bir xeyli arıqlamışdı. Şah İsmayıl Saninin zəhərlənib öldürülməyindən və Ustaclu tayfasının əmirlərinin qızılbaş sarayında yenidən nüfuz sahibinə çevrilməsindən sonra Əbülfəz ağa baxıb görmüşdü ki, məmləkətdə ara qarışır, Şah Məhəmməd Xudabəndəni də saya salan yoxdu, hamı öz bildiyini edir, xeyli götür-qoy eləmişdi, fikirləşmişdi ki yox, daha innən belə şah Təhmasibin zamanındakı kimi əmin-amanlıq olmayacaq, düzdü, Ustaclular yenə də əvvəlki kimi zorludurlar və ona yenə də himayədarlıq edirlər, gündəlik salamların sayı yüzdən kəm deyil, amma bilmək olmaz, bəlkə sabah yenə də tayfalar arasında qovğa düşdü, aləm dəydi biri birinə. Müxtəsəri, saraydan uzaqlaşmağı qərara almışdı Əbülfəz ağa və Ustacluların o vaxtkı əmiri-əzəmi Qara Piri Məhəmməd xanın yanına gedib təvəqqe eləmişdi ki, onun əyalətlərdən birinə göndərilməsinə kömək eləsin. Piri Məhəmməd xan Ustaclu onu bu fikrindən daşındırmağa cəhd eləmişdi, amma, nail olmamışdı, nəhayət, Vəziri-əzəm Mirzə Salmanla məsləhətləşib Əbülfəz ağanı dərya kənarındakı Gilan mahalının paytaxtı Lahican şəhrinə göndərib, oranın hakimi Əhməd xan Karkiyanın möhrdarı vəzifəsini icra etməyi tapşırmışdılar. Bu minvalla, Əbülfəz ağa varid olmuşdu Gilanın paytaxtına... ...Lahican onun gördüyü ikinci şəhər idi... Elə ilk ünsiyyətdən sonra məlum olmuşdu ki, Gilanın təzə hakimi Xan Əhməd Karkiya ilə Əbülfəz ağanın söhbəti tutur, o səbəbdən də aralarında möhkəm dostluq yaranmışdı. Düzdü, əslində, Əhməd xana təzə hakim demək dürüst olmazdı, çünki Karkiyalar sülaləsi artıq neçə yüz il idi ki, Gilan vilayətinə hakimlik edərdilər, elə xan Əhmədin özü də Şah Təhmasibin zamanında, atasının vəfatından sonra bir neçə il müddətində bu mənsəbdə olmuşdu, amma dinc oturmamışdı, dikbaşlıq eləmişdi, bəzi adamların fitvasıyla Səfəvi xanədanına qarşı qiyam bayrağı qaldırmışdı və Şah Təhmasib onu tutub Qəhqəhə qalasına saldırmışdı, Gilanı da qızılbaş əmirlərindən birinin idarəsinə vermişdi. Əhməd xan on ildən çox bir müddət ərzində bu qalada dustaq olmuşdu və yalnız Şah Məhəmməd Xudabəndənin hakimiyyətə cülusundan sonra şahın hərəmi Məhdi Ülya ilə yaxın qohum olduğundan, Xan Əhməd Qəhqəhə qalasından nicat tapa bilmişdi və yenə də şah hərəminin köməyiylə Gilana təzədən hakim təyin edilmişdi. Elə həmin ərəfələrdə də Əbülfəz ağanı ona möhrdar göndərmişdilər. Gilana yenidən hakim təyin olunduqdan sonra Xan Əhməd bir neçə vaxt ərzində Qəzvin sarayındakı fitnə-fəsadlara baş qoşmadı, başını aşağı salıb vilayəti idarə etməklə məşğul oldu, bekar vaxtlarını da möhkəm dostlaşdığı Əbülfəz ağayla şirin söhbətlərlə, Lahican meşələrində ov eləməklə, Gilandakı şairlərin, xanəndələrin zövq-səfa məclisləriylə keçirərdi, insafən, özünün də iti təbi vardı, qəzəl deməkdə zamanının məşhur şüərasından geri qalmazdı, hətta çoxlarından artıq idi.. Gilandakı belə sakit ab-havaya ən çox sevinən Əbülfəz ağaydı. Qəzvindəki keşməkeşdən, qan-qadadan, xof- vahimədən sonra Lahicandakı həyatı ona cənnət kimi gəlirdi, güman edirdi ki, elə ömrünün sonunacan burda zindəganlıq edər. Hesabını apardığı gündəlik salamların sayı da sabitləşmişdi. Düzdü, burda paytaxt Qəzvindəki kimi yüz əlli-iki yüz salama ümid eləmək gülünc idi, Xan Əhməd Karkiyanın özünə gündə, uzağı, yetmiş adam salam verirdi, amma Əbülfəz ağa son zamanlar qina əhli olmuşdu, tamahı yox olmuşdu. Gündə təxminən otuz-otuz beş salamı vardı və salamsız günlərini xatirinə salıb buna da şükür edirdi, fikirləşirdi ki, elə bu otuz salamı ömrümün axırınacan sabit saxlasam, dərdim olmaz. Deyir, sən saydığını say, gör fələk nə sayır. Fələk də deyəsən Əbülfəz ağanın saydığından bixəbər idi. Bir neçə ildən sonra Səfəvi məmləkətinin vəziyyəti lap bərbad oldu, şah Məhəmməd Xudabəndənin acizliyindən istifadə eyləyən əmirlər öz keyfi istəyəni eylərdilər, qoşun, ləşkər beş-altı yerə bölünmüşdü, dövlət xəzinəsində də nəinki siçanlar, hətta pişiklər, itlər, hələ bəlkə də atlar, eşşəklər oynayırdı. Məmləkətdəki bu qatmaqarışıqlıq yavaş-yavaş Xan Əhməd Karkiyanı da qızışdırmağa başladı və xanədana qarşı içində olan kin-küdurət zahirə çıxmağa başladı, zindanda yatmağının əvəzində Qəzvin hökumətinə qarşı pis-pis işlər görməyə başladı. Gah vilayətdə yığılan vergiləri şahın xəzinəsinə göndərməkdən imtina elədi, gah Lahicandakı şah qorçilərinin azuqəylə təminatını dayandırdı, gah da Şirvandan aldıqları malları gəmiylə Rəştə gətirib oradan da karvan yoluyla Qəzvinə aparmaq istəyən paytaxt tacirlərinin əmlakını özbaşına müsadirə elədi. * * * Ordubadın sərin yaz axşamlarında vaxtı birtəhər öldürməkçün başına gələn vaqeələrdən bəzi məqamları həmsöhbətlərinə danışan Əbülfəz ağa rəvayətinin bu yerinə çatanda Mustafa bəy ağzını yanında əyləşmiş Keçəl Həmzənin qulağına yaxınlaşdırıb yavaşca pıçıldadı ki, bütün bu işlər bizim "əqrəb" dediyimiz haman adamın fitnələridir, Əhməd xan Karkiyanı da, o qızışdırırmış. Həmzə də yavaşca başını tərpətdi ki, məsələ elə sən deyəndi. Həmsöhbətlərinin pıçıldaşdığını görən Əbülfəz ağa sözünə ara verib onlara baxdı və xəbər aldı ki, başağrı verirəmsə, danışmayım. Mustafa bəy də cavab verdi ki, yox, başağrı deyil, yadıma bir şey düşmüşdü, onu dedim Həmzəyə... Artıq üç-dörd gün idi ki, pusqu qurulmuşdu və indi yalnız gözləmək qalırdı, gözləmək, əslində, hər bir tədbirin ən çətin məqamıdı, ələlxüsus, bu gözləməyin nə qədər çəkəcəyi naməlum olanda, qaranlıq intizar adamı lap darıxdırır və Ordubada gələn Bəlli Əhməd də, Keçəl Həmzə də, Mustafa bəy də, elə Əbülfəz ağanın özü də bekarçılıqdan möhkəm darıxırdılar, şəhərə çox çıxmaq da istəmirdilər, ehtiyat eylirdilər ki, qələbəlik olan yerlərdə Əbülfəz ağanı oğurlaya bilərlər, müqavimət göstərmək də çətin olar, adam arasında xəncər qınından çıxsaydı, şəksiz ki, bigünah adamlara da xətər dəyərdi, o səbəbdən də qarara almışdılar ki, İbrahim ağanın mülkündən kənara çıxmasınlar. Ev yiyəsi həm özünün, həm də Əbülfəz ağanın külfətini uzaq dağ kəndlərinin birində yaşayan qaynatasının yanına aparmışdı ki, onlar da əl-ayağa dolaşmasınlar. İndi İbrahim ağanın mülkündə qonaqlardan, bir də nökər-naibdən savayı heç kəs yox idi və hərə vaxtını birtəhər keçirirdi. Gündüzlər Mustafa bəy çox vaxt harasa çıxıb gedərdi, Bəlli Əhmədlə dəlilər həyətdə aşıq-aşıq oynayardılar, İbrahim ağayla Əbülfəz ağa şeirdən-qəzəldən bəhs edərdilər, Həmzə də gah həyətdə sülənərdi, gah da divarı adlayıb qonşu həyətlərdəki dəlilərə baş çəkərdi, axşamlar da hamısı İbrahim ağanın eyvanına cəm olub, gecə keçənəcən söhbət eylərdilər, gah biri, gah da o biri öz başına gələnlərdən danışardı, bu minvalla vaxtı keçirərdilər. İbrahim ağa son illərdə Ordubadda baş verənlərdən danışardı, Keçəl Həmzəylə Bəlli Əhməd Çənlibeldən, Qoç Koroğludan, Mustafa bəy də Ərdəbil sufilərinin qəribə tərzi-həyatından, təsəvvüf yolunun əcaib məqamlarından nəql edərdi, bu axşam da Əbülfəz ağa öz başına gələnləri danışırdı, hamı da maraqla qulaq asırdı, ələlxüsus da Mustafa bəylə Keçəl Həmzə.... Eyvanda oturanların sakitləşdiyini görən Əbülfəz ağa sözünə davam elədi.: - Ümumən götürəndə, Xan Əhməd Karkiya şeytanxislət adam deyil, yəni elə olsaydı, mən heç onun yanında xidmət eləməzdim, dostluğumuz da tutmazdı, Çox ağıllı, elmli, şirinməcaz bir kişidi, çox iti də təbi var, indi bilmirəm, o vaxtlar çox baməna şerü-qəzəl yazardı. Amma bir naqis xisləti vardı ki, onu qızışdırıb özündən çıxarmaq çox asan bir iş idi, tez fitvaya gedərdi. Neçə dəfə bir yaxın rəfiq kimi onun başına ağıl qoyurdum, cəhd edirdim sakitləşdirim, amma bir müddət sonra elə bil yenə birdən-birə çarxı çönürdü, təzədən başlayırdı öz bildiyini eləməyə. Xan Əhmədlə bu xüsusda söhbətlərimiz çox olurdu, hər şeyi ona açıq deyirdim, o da oturub fikirləşirdi, düşünüb, daşınırdı, çox vaxt da mənim dediyimlə razılaşırdı, amma sonra nə olurdusa, yenə də öz işləklərinə başlayırdı. Açıq-aydın hiss eylirdim ki, kimsə gizlincə onun qulağını doldurur. Axırı bezdim belə vaqeələrdən, başa düşdüm ki, daha Gilanda da sakitlik olmayacaq, Belə getsə, Xan Əhməd gündə bir hoqqa çıxardacaq. Qərara gəldim ki, məmləkətin bir az da ucqarına çəkilim. Qəzvinə gəlib saraydakı rəfiqlərimə müraciət elədim, bir neçə dəfə məsləhətləşəndən sonra mənə dedilər ki, İmam Rza əleyhüssalamın Şirvanda dəfn olunmuş bacısı Həkimə xanımın Bakuyə şəhrindəki türbəsinin şeyxi bu yaxınlarda vəfat eləyib, övladı da yoxdur ki, onun yerinə təyin edək. İstəyirsənsə, səni ora göndərib Bibiheybət türbəsinin mütəvəllisi vəzifəsini həvalə edək. Bakuyə şəhri gözdən-qulaqdan uzaq bir yerdi, orada rahatlıq taparsan. Mən də o saat razılaşdım, Təzə mənsəbimə keçəndən sonra yenə də salamları saymağa başladım, yayda yetmişə yaxın, qış aylarında isə qırxdan az olmurdu. Bir neçə il sonra dəftərimə baxıb gördüm ki, bütün ömrüm boyu ilk dəfədi ki, belə uzun müddətdə aldığım salamların sayı sabit qalır, nə artır, nə də azalır. Öylə bil ki, bundan əvvəlki ömrüm enişli-yoxuşlu bir yol idi, gah salamların sayı məni dağ başına qaldırırdı, gah da dərəyə salırdı. Fəqət, dünyəvi mənsəblərdən əl üzüb, sakit bir guşəyə çəkilib özümü imam bacısının türbəsinin nökərinə çevirəndən sonra yol da elə bil düzəlmişdi, hamarlaşmışdı, daş-kəsəkdən təmizlənmişdi. Bəlkə bu da bir işarəydi, üzümü dünyadan ayırıb Allaha tutan kimi, Allah da məni daşkəsəkdən hamar yola çıxartmışdı. Nə isə, Xan Əhmədin üstünə qayıdım. Dürüst xatirimdə deyil ki, mən Bakuyə şəhrinə gələndən neçə ilsə sonra xəbər gəldi ki, Xan Məhəmməd Xudabəndə Səfəvi taxtını ortancıl oğlu Abbas mirzəyə təslim eləyib. Elə həmin zamanlarda da Şirvana İstanbuldan vali göndərilən Həsən paşanın yanına Gilandan ara vermədən xan Əhmədin elçiləri gəlməyə başladı. Mən başa düşürdüm ki, onu yenə də qızışdırıb növcavan şah Abbasa qarşı qiyama təhrik eylərlər, o isə yəqin ki, qızılbaş qorçilərinin qabağında təkbaşına dayana bilməyəciyini anladığıyçün, Şirvanın Osmanlı hakimi Həsən paşadan kömək umurdu, hətta mənə verilən xəbərə görə, Gilan vilayətinin yarısını Sultan Murada bəxş eləmək niyyətində olduğunu da ərz eləmişdi. Görürdüm ki, xan Əhməd Karkiyanı çox xətərli bir fitnəyə çəkirlər. Hamıya məlum idi ki, Şah Abbas nəinki atası Kor Məhəmməd Xudabəndənin, hətta babası Şah Təhmasibin də tayı deyil, onlardan qat-qat zalımdı, qəddardı, kinlidi. Ona qarşı qiyam qaldıranların, asi olanların aqibəti yaxşı olmur, amma mənə qəribə gələni bu idi ki, mən Bakuyədə ola-ola bunları anlayırdım, amma Qəzvinin böyründə, Gilanda olan Xan Əhməd isə anlamırdı, ya da ki kiməsə arxayın idi, Allah bilir. Təzədən Xan Əhməd Karkiyaya namə yazıb bildirdim ki, Gilandan Qəzvinə on iki günlük yoldur, amma İstanbula doxsan günlük, uzaqdakına arxayın olub, yaxındakının üzünə ağ olmaq əbləhlikdi. Yazdım ki, Sultan Muradın bu vilayətlərdə at oynatması beş günlükdü, sabah Rum məmləkətində nəsə olsa, yenə də ləşkərini çəkib aparacaq, sən qalacaqsan qızılbaşlarla təkbətək. Papağını qabağına qoy, yaxşı fikr elə. Müxtəsəri, namələrimin xeyri olmadı, Xan Əhməd kimlərəsə arxayın olub öz bildiyini elədi və bir də gözünü açıb gördü ki, Şah Abbas otuz min qorçiylə qəfildən kəsdirib Lahicanın qapısını. Xan Əhməd var-dövlətini, hərəmxanasını atıb Rəşt limanına qaçmağa güclə macal tapdı, ordan da gəmiyə oturub Bakuyəyə gəldi. Yaman dəyişmişdi bu müddətdə, onu görəndə tanımadım, qabağımda əvvəlki qədd-qamətli, şax yerişli, şəvə saqqallı Xan Əhməd deyildi, onun əvəzinə, sanasan, doxsan yaşlı bir fəqir qoca gəlmişdi. Binəva elə bütün günü başına döyür, saqqalını yola-yola ağlayırdı ki, bəs, məni yoldan çıxartdılar, çərxi-fələyin güdazına verdilər. Amma nə qədər cəhd eləsəm də, kimlərin onu yoldan çıxartdığını açıb demədi. Hə, sonra da mənim yanımda qalan oğlunu götürüb getdi İstanbula, Sultan Muradın yanına, Sultan da onu Bağdada göndərdi ki, sonrakı ömrünü orada yaşasın. Sultan Murad Bağdad paşasına tapşırmışdı ki, bu kişidən muğayat ol, Şah Abbas gizlincə adam göndərib onu öldürə bilər. Bağdad paşası da şəhər kənarındakı bağlardan birində yerləşdirdi, iki yüz nəfər də yeniçəri ayırdı ki, onun mühafizəsində olsunlar. Şəhərə çıxmağa da izn vermirlər, guya elə onun özünü xətərdən qorumaqçün. Keçən il Xan mənə məktub yazmışdı ki, elə burada da dustaq kimi bir şeyəm. Bakuyədə, mənim yanımda qaldığı müddətdə Xan Əhməd Şah Abbasın qarasınca çox deyindi, çox şikayət elədi, dedi ki, o qızılbaş gədəsinin gözlərini bu saat qan tutubdu, ağına-bozuna baxmır, birini asır, birini kəsir, birinin gözlərini çıxardır. Dedi ki, Fərraşbaşı Şeyx Əhmədin dəstəsi Karkiyalar nəslinin qədim yurdu olan Noxum şəhərinə girəndə, oranın on min əhalisinin hamısını qılıncdan keçirtmişdi, hətta qaçıb gizlənməyə imkan tapmış şəhər hakiminin arvadını sarayın qabağındaca diri-diri yandırmışdı. Deyilənə görə, Şeyx Əhmədin özü də arvad tamam yanıb qurtaranacan dayanıb onun yanmağına baxırmış... Birdən əcaib və boğuq bir pıçıltı eşidildi. - ...Bədəni od tutanda Şeyx Əhmədə tərəf qışqırdı ki, məni yandırsan da kişi olmayacaqsan. Hamı çönüb gözləri dolmuş Mustafa bəyə baxdı, gördülər ki, kişinin sifəti çox əcaib bir şəklə düşübdü, dodaqlarının qıraqları bir az aşağı əyilib, qaşları çatılıb, oturarkən çənəsinə dayaq verdiyi əli isə yüngülcə əsir. Elə bil nəsə çox mütəəssir bir şeyi xatırlamışdı. - Sən də orda olmusan? - Əbülfəz ağa maraqlandı. - Hə ... - Məgər Şah Abbas ləşkərlə səfərə çıxanda sufi xəlifələrini də özüylə aparır? - Yox, məni ayrı məsələdən ötrü göndərmişdilər. - Mustafa bəy bunu deyib bir az yana əyildi, eyvanın açıq yerindən göydəki Aya baxdı - Hə, hələ gecə yarı olmayıb, istəsəz Gilan səfəri barədə sizə rəvayət eylərəm... Bəlli Əhməd darıxdı deyəsən, Mustafa bəyə dedi ki, sən söhbətini elə, mən də bir həyətdəki dəlilərə baş çəkim, birdən yuxu tutar onları. Bunu deyib ayağa qalxdı, çarıqlarını geyib həyətə düşdü, eyvanda qaldı Keçəl Həmzə, Əbülfəz ağa, İbrahim ağa, bunlar da bu tövr söhbətlərin xiridarı olduğundan, Mustafa bəyi həvəsləndirdilər ki, Fərraşbaşı Şeyx Əhmədin vaqeəsini, Noxum şəhərinin hakiminin arvadını diri-diri yandırmağının səbəbini danışsın.
* * * - Onda Gilan səfərinin lap əvvəlindən danışım - Mustafa bəy yerini rahatlayıb söhbətinə başladı - Zillillah Şah Abbasın taxta çıxmasından təxminən dörd il keçmişdi, bir gün hansısa səfərdən Ərdəbilə dönəndə Zülfüqar xan Qaramanlı məni divanxanasına çağırıb söylədi ki, gərəkdi Qəzvinə gedəsən, bəradərim Fərhad xan səni görmək istəyir, nəsə vacib işi var. Mən də, buyruq quluyam deyə, təğyiri-libas olub yola düzəldim, iki gündən sonra gəlib yetişdim Qəzvinə, üz tutdum birbaş dövlətxanaya, naxışlı dəmir darvazanın böyründə növbə çəkən bığıburma qorçilərə özümü nişan verib, Əmir-əl-Üməra Fərhad xan Qaramanlını xəbər aldım. Onlar məni həyətdə saxlayıb içəri adam göndərdilər, bir azdan yekəpər bir qulam dövlətxananın darvazasına yaxılaşdı, növbə çəkənlərdən nəsə soruşdu, onlar da məni göstərdilər. Qulam gəlib mənə dedi ki, əgər sən xəlifə Mustafa bəysənsə, Əmir-əl-Üməra səni gözləyir, yaraq-yasağını çıxart burda qoy, gedək içəri. Mən gülüb söylədim ki, heç dərvişlərdə də yaraq-yasaq olurmu? Biz fəqir adamlarıq. Qulam da dodaqaltı mızıldandı ki, atalar deyib, suyun lal axanı, adamın yerə baxanı. Nə çıxırsa, elə sakitdən çıxır. Sonra üst-başıma əl gəzdirib gördü ki, həqiqətən də, yaraqsızam, məni dövlətxananın həyətinə keçirtdi, ardıyca gəlməyi təvəqqe elədi. Gördüm ki, qulam məni dövlətxana binasına tərəf yox, sol tərəfdəki ucu-bucağı görünməyən gözəl bir bağa tərəf aparır. Soruşdum hara gedirik, qulam heç başını geri çöndərmədən cavab verdi ki, Fərhad xan Qaramanlı bağçanın başındakı firuzəyi hovuzun böyründə Qorçibaşı Hüseyn xan Şamlu ilə söhbət eylir, tapşırıb ki səni də ora gətirim. Dövlətxananın ikimərtəbəli binasının qabağındakı məmurla, qorçi-qulamla dolu olan meydanından keçib bağa varid olduq, uzaqdan gördüm ki, həqiqətən də, Fərhad xan hovuzun böyründədi, ondan iyirmi addım aralıda da yeddi-səkkiz qulam əllərini xəncərlərinin qəbzəsinə sıxıb dayanıblar. Fərhad xan məni görüb başını yüngülcə tərpətməklə uzaqdan-uzağa salamlaşdı, amma hələ yanına çağırmadığına görə keçib qulamların yanında dayandım və onların libaslarını, papaqlarını, xəncərlərini gözdən keçirməyə başladım. Saray qorçilərini qulamardan fərqləndirməkçün Şah Abbas fərman vermişdi ki, birbaşa dövlətxananın keşiyini çəkən qorçilər əvvəlki libaslarını geysinlər, amma ali mənsəb sahibi olan hər bir əmir öz şəxsi qulamlarıyçün müəyyən rəngli bir libas seçsin ki, baxan kimi hansı əmirin xidmətində olduğu bilinsin. Əmir-əl-Üməra Fərhad xanın qulamları tünd göy rəngli mahud çuxa, boz rəngli şalvar geymişdilər, qorçibaşı Hüseyn xan Şamlunun qulamlarının əynindəsə qəhvəyi rəngli qısaqol fərəc, qara şalvar vardı. Başlarındakı külahlar eyni idi. Ümumən saraydakı bütün qorçi-qulamın hamısı eyni cür şiş uclu qırmızı külah qoyur, onun da üstünə ağ rəngli tirmə sarıyırlır. Bircə Şah Abbasın şəxsi gürcü qulamlarına icazə verilir ki, haman külahın üstünə qırmızı rənglənmiş uzun, enli qu quşu lələyi taxsınlar. Elə mən onların yanında dayandığım müddətdə də qulamlar libas barədə söhbət eylirdilər. Qorçibaşı Hüseyn xanın qulamları deyirdi ki, fərəcin altından geydikləri pirəhən nazik kətandan olanda yaxşıdı, ova çıxanda, yainki uzun müddət qılınc çalanda parça adamın tərini özünə yığır, həm də gec cırılır. Amma Fərhad xan Qaramanlının qulamları deyirdi ki, yox, həm çuxa, həm də pirəhən təmiz Şirvan ipəyindən olanda lap rahat olur, parça adamın bədəninə yapışmadığıyçün, qılınc da çalsan, at da çapsan, tərləməyəcəksən. Müxtəsəri, hərə öz libasının üstünlüyünü sübut eləməyə çalışırdı və mənə elə gəldi ki bir az da belə getsə, keçəcəklər alt paltara. Sözün düzü bezdim bu söhbətdən, yaxşı ki, elə bu zaman Fərhad xan məni yanına səslədi, qulamlardan aralanıb firuzəyi naxışlı kaşılarla bəzədilmiş hovuza yaxınlaşdım, hər iki əmirlə kamalü-ədəblə salamməleyk elədim. Fərhad xan mənə dedi ki, Mustafa bəy, sən Səfəviyyə təriqinin ən fərasətli xəlifələrindənsən, o səbəbdən də çox vacib bir məsələnin həllini sənə həvalə eləmək qərarına gəlmişik. Mən dedim ki, nə fərmayişiniz varsa, buyurun, canla-başla yerinə yetirməyə hazıram. Fərhad xan davam elədi ki Gilan hakimi Əhməd xan Karkiya son zamanlar yenə də dinc dayanmır, bizdə olan xəbərə görə, Şirvanın Osmanlı hakimi Həsən paşa ilə yaman tez tez məktublaşır, ona arxayın olub Qızılbaş xanədanına qarşı qiyam bayrağı qaldırıb. Elə hesab edir ki, kürəyini Həsən paşaya söykətsə, Şah Abbas ona bata bilməyəcək, həm də anlayır ki, şahın başı bu saat Xorasanda özbəklərlə müharibəyə qarışıb, Gilan heç yadına da düşmür. O səbəbdən də, Xan Əhməd xəzinəyə çatacaq illik xəracı yubandırır, şahın göndərdiyi adamlara hörmət qoymur, ayrı pis işlər də görür. Zillillah Şahımız dikbaşlığı, hörmətsizliyi, lovğalığı xoşlamır, Əhməd xanı cəzalandırmaqdan ötrü yaxın vaxtlarda Gilan vilayətinə səfər eləmək niyyətindədi. Amma məsələ ondadı ki, xəzinədə bu saat kəm-kəsir var. Həm bu il quraqlıq olduğundan vilayət əmirləri rəiyyətdən vergiləri yığa bilmir, həm də Xorasanda özbəklərlə müharibəyə çoxlu pul sərf olunur. Söhbətin bu yerində sinni altmışı keçdiyindən çox da ayaq üstə dayana bilməyib bayaqdan hovuzun kaşı səkisinin üstəndə əyləşən və ayaqlarını yüngülcə ovuşduran Hüseyn xan Şamlu söhbətə müdaxilə elədi, dedi ki Şah Abbas hətta əmr eləyib ki, həm özünün, həm də əhl-əyalının istifadə elədiyi qızıl-gümüş qab-qaşığın hamısını sikkəxanaya göndərib əritsinlər, pul kəsib yarım il ərzində məvacib almayan qorçilərə paylasınlar. Fərhad xan da təsdiq eləyib dedi ki, düzdü, elə bu səbəbdən də bizimçün vacibdi ki Gilan səfəri zamanı Xan Əhməd Karkiyanın xəzinəsini ələ keçirək. Bizə çatan xəbərlərə görə, Xan, bərayi-ehtiyat, öz qızıllarının yerini dəyişib, Rəşt limanına göndərib ki, vilayətdən tələsik qaçası olsa, elə bu limandan gəmiyə minsin, xəzinəsini də götürüb getsin Şirvana, Həsən paşanın qoltuğunun altına. İndi, Mustafa bəy, sən gərək Gilana gedəsən, ordakı sufi xəlifələrinin köməyilə Xan Əhmədin xəzinəsinin yerini öyrənəsən və hərgah o, qaçıb-eləsə, qızılları aparmağına mane olasan. Mən maraqlandım ki, Gilana yürüş nə vaxt olasıdı. Qorçibaşı Hüseyn xan Şamlu cavab verdi ki, təxminən iki həftədən sonra. Bir az fikrə gedib söylədim ki, Gilanda məni sifətdən çox adam tanıyır, görən olsa şübhələnərlər, işimiz pozula bilər. Ondansa ən etibarlı sufilərimdən on beş-iyirmi nəfərini əvvəlcədən ora göndərim, xəzinənin yerini qaralasınlar, özümsə sizinlə bahəm çıxım, ora yetişən kimi sizdən aralanıb müridlərimi tapım, Xan Əhmədin qızıllarıyla məşğul olum. Fərhad xan Qaramanlı başını yellətdi ki, Mustafa bəy, daha işin cüfviyyatı sənin öhdəndədi, istəsən özün get, istəsən müridlərini göndər. Amma fikrindən çıxartma ki, hargah Xan Əhmədin xəzinəsini əldən buraxsan, Şah Abbas sənin ... Mən ona imkan vermədim ki sözünü bitirsin, tələsik cavab verdim ki, bilirəm, Allah qoysa, hər şey yaxşı olar, taparıq o məlunun xəzinəsini. Əslinə qalsa "bilirəm" sözünü yalandan demişdim, fərmayişi yerinə yetirməyəcəyim təqdirdə, Şahın mənə hansı cəza verəcəyini dürüst bilmirdim, heç bilə də bilməzdim, amma təxmin eylirdim ki, ya məni sarayın həyətində şahın gözünün qabağındaca dara çəkəcəklər, ya da gözlərimi çıxarıb göndərəcəklər Səfəviyyə xanəgahlarının birinə, hal tutan sufilərçün qaval çalmağa. Hər nədisə şah odu, məsləhət də onundu, nə istər onu da eləyər. Elə həmin axşam Qəzvindəki müridlərimi başıma yığıb lazımi tapşırıqları verdim, göndərdim Gilana, sonra təzədən Fərhad xanın yanına gəlib dedim ki adamlarımı yollamışam, özüm də sizinlə bahəm gedəcəm. Amma gərək mən lap qoşunun önündə gedən dəstədə yola çıxam ki, Gilana hamıdan əvvəl yetişəm, o saat da xəzinəylə məşğul olam. Fərhad xan dedi ki, Şah Abbas bu saat Xorasandakı qoşunlarımızı geri çağırıb, hesabla otuz minə yaxın tüfəngçimiz olmalıdı, ləşkərin başındasa Saray qorçilərinin rəisi şeyx Əhmədin üç min nəfərlik dəstəsi gedəcək. Bilirsən ki, saraydakı qorçilərin çoxu adlı-sanlı qızılbaş əmirzadələri, ali mənsəb sahiblərinin oğlanlarıdı, onlar gərək qabaqda gedib hər işdə o biri əsgərlərimizə nümunə göstərsinlər. İndi mən də səni Şeyx Əhmədin yanına göndərərəm, onun dəstəsiylə bahəm yola çıxarsan. Birdən mənim ağlıma gəldi ki, hərgah Şah Abbas ləşkərini Xorasandan bura çığırırsa, bəs özbəklərin qabağında kim dayanacaq? Gəlib Məşhədi, Heratı alarlar ki? Fikrimi Fərhad xan Qaramanlıya dedim, cavab verdi ki, elə Gilan hakimi Xan Əhməd Karkiya da ona arxayındı ki, bu saat Şah Abbasın başı qarışıb Xorasanda Abdulla xanla cəngü-cidala, Gilana hücum eləməkçün qoşunu yoxdur. Amma Şah Abbas ayrı tədbir töküb, Gilan məmləkəti dağlıq bir yerdir, ora qızılbaş atlılarının getməsi uzun çəkər, bu səbəbdən də şahın fərmayişiylə Qəzvindəki bütün qızılbaş atlıları Xorasana - özbəklərlə müharibəyə göndərilib, amma ordakı piyada tüfəngçilər gizlincə Qəzvinə çağırılıb. Gilan yürüşündə yalnız piyadalar iştirak edəcək, bircə baş da at-eşşək olmayacaq. Mən təəccübləndim, soruşdum ki, piyada tüfəngçilər Gilanın qar tutmuş dağlarını nə təhər keçəcək ? Hamı soyuqdan donar ki? Ondansa, elə karvan yoluyla getsinlər da, həmişəki kimi, atla, eşşəklə, dəvəylə. Fərhad xan, güldü ki, elə hamı elə düşünür ki Gilan dağlarını piyada keçmək mümkün deyil. Xan Əhməd də fikirləşir ki, Qızılbaş atlıları adi yolla Gilana gələsi olsalar, o, bundan iki həftə əvvəl xəbər tutacaq və müdafiə üçün tədbir görəcək. Şah Abbasın tədbiri baş tutsa, Xan Əhmədin başının üstünü qəfildən haqlamış olarıq, bir iş görməyə macal tapmaz. O ki qaldı soyuğa, şah fərmayiş verib ki, tüfəngçilərçün isti kürklər və öküz dərisindən məxsusi qalın çarıqlar tikdirilsin ki, soyuq təsir eləməsin. Sonra Əmir əl üməra Saray qorçilərinin rəisi Şeyx Əhmədi öz yanına çağırtdırdı, məni ona tapşırıb dedi ki, Mustafa bəy bizim əzəm xəlifələrimizdəndir, vacib bir işdən ötrü sizinlə bahəm Gilana gedəcək. Şeyx Əhməd "göz üstə" deyib mənimlə bahəm Əmir-əl-üməranın divanından çıxdı, həyətə düşəndə dedi ki, bizim bölüyün qorçiləri Qəzvin kənarındakı şah bağında düşərgə salıb, səfərə orada tədarük görürük. On gün sonra sən də gələrsən ora, təğyiri -libas edərik səni də. Soruşdum ki, bölük nə səbəbdən şah bağında məskən salıb. Şeyx dedi ki, Şah istəmir ləşkərin yürüşə hazırlaşdığını camaat görsün, Xan Əhmədin çuğulları çoxdu Qəzvində, ona xəbər çatdıra bilərlər. Müxtəsəri, on günü birtəhər yola verib şah bağına yol aldım, qapıdakı yekəpər, bığıburma qulamlara özümü nişan verib Şeyx Əhmədi axtardığımı bildirdim, dedilər ki, bağın sol əlində görünən o təpənin arxasındadı düşərgə, Şeyx də indi gərək ki, orda olsun. Qulamların göstərdiyi təpəni aşan kimi, yerimdə duruxub qaldım, gözlərimə inanmadım, elə bildim ki, bir sıx laləliyin qarşısında durmuşam, gördüyüm mənzərə mənə çox əcaib gəldi. Məsələ ondaydı ki, düşərgədə qaynaşan bütün qorçilər təpədən dırnağacan al qırmızı rəngdə geyinmişdilər. Al qırmızı çuxa, şalvar, pirəhən, qırmızı çarıq, başlarına qoyduqları şiş uclu qırmızı külaha o biri qızılbaşlar kimi ağ tirmə parça sarımamışdılar, eləcə qırmızı qalmışdı. Hətta səfər çadırları da al qırmızı rəngdəydi. Elə bil qorçilərin hamısı qan dənizindən çıxmışdı və elə bildim ki, təpədən aşağı ensəm, mən də bu dənizin içinə düşəcəm, hələ bəlkə bu qanın içində boğulub öləcəm. Canımı qorxu bürümüşdü. Üç dəfə əstağfürullah deyib dodaqaltı fatihə surəsini oxudum, bir az özümə gəldim, təpədən enib qırmızı çadırların arasıyla Şeyx Əhmədin düşərgənin lap başında, o birilərdən bir az aralıda qurulmuş məxməri çadırına doğru addımladım. Amma ayaqlarım elə bil qorxudan azca əsirdi. Gələ-gələ fikrimi yayındırmaqçün ətrafımda vurnuxan qorçiləri nəzərdən keçirməyə başladım. Çoxusunu sifətdən tanıyırdım, Əmir-əl-üməranın dediyi kimi, bunların çoxu məmləkətin adlı sanlı qızılbaş əmirlərini oğlanları idi, ümumən əmirlərin çoxu öz övladlarını saray qoçilərinin sırasına qatmağa səy edirdi, çünki zamanə pis idi, bekar qalanda uşaqlar min cür sarsaq işə baş qoşa bilərdilər, amma sarayda, şahın böyründə olanda ata öz oğlundan ötəri arxayın olurdu, bilirdi ki, şahın nəzər-diqqəti altında olsalar, heç vaxt pis yola düşməzlər. Şah Abbasın özü də bu növcavan əmirzadələrə çox diqqət ayırırdı, hamısını adbaad tanıyırdı, xasiyyətlərini bilirdi, öz lütf-mərhəmətini onlardan əsirgəmirdi, çünki bilirdi ki, bu növcavanlar bir azdan yaşı keçmiş, dünyasını dəyişmiş atalarının yerini tutacaqlar, böyük tayfaların əmirləri, iri şəhərlərin hakimləri olasıdılar, onları indidən elə tərbiyə etmək lazım idi ki, gələcəkdə hər zaman Şah Abbas onlar sarıdan arxayın ola bilsin. Növcavan qorçilər də şahın belə isti münasibətini hiss elədikləri üçün ona daha səylə xidmət eləməyə, onun inamını yerə vurmamağa, hətta lazım olarsa, sözsüz-filansız şahın yolunda candan belə keçməyə hazır olduqlarını nümayiş etdirməyə çalışırdılar. O səbəbdən də hər hansı bir hərbi yürüş zamanı ən çətin yerlərə Şah Abbas saraydakı haman qorçilər dəstəsini göndərirdi, hamıya məlum idi ki, göydəki ulduzların hərəsi bir oxa dönüb onların başına yağsa da, günəş odlu bir şeşpərə dönüb onları biçib töksə də, Şahın fərmayişini yerinə yetirəcəklər, ya da hamısı bircəsinəcən qırılacaqlar. Fikirləşirdilər ki, Şahın yanına üzüqara dönməkdənsə, ölmək daha yaxşıdı. Heç olmasa Qiyamət günü Zillillah Şahımızın şəfaətinə nail olarıq. Düşərgədəki qorçilərin də hərəsi bir işlə məşğul idi, bir dəstə qorçi çadırlardan birinin böyründə dayanmış dəlləyin başına toplaşmışdılar və növbəylə başlarını, üzlərini qırxdırıb səliqəyə salır, uzun bığlarının ora-burasını düzəltdirirdilər. Bir dəstə qorçi çadırların arxasından keçən arxda yuyunurdu, on-on ikisi isə çadırldarın böyründə yerə oturub qarşılarına qoyduqları bülöv daşlarında xəncərlərini itiləməklə məşğul idilər. Adətən, səfərə tədarük görən qoşun-ləşkərin düşərgəsində hay-küy, qatmaqarışıqlıq olardı, ağız deyəni qulaq eşitməzdi, amma bu dəfə düşərgədə sakitlik idi, qorçilər bir-biriylə elə asta səslə danışırdılar, elə bil boğazlarından səsləri çıxmırdı. Elə bil əyinlərindəki al qırmızı libaslar, ətraflarındakı qırmızı çadırların görkəmi qorçiləri də ovsunlamışdı, səslərini əllərindən almışdı. Şeyx Əhməd öz iri çadırında oturub ləşkərnevis Mirzə Mürsələ nəsə deyirdi, o da kitaba yazırdı. Mən salamlaşıb elə çadırın girəcəyində əyləşdim və qorçilərin başdan-başa qırmızı libasa bürünməklərinin səbəblərini fikirləşməyə başladım. Şeyx Əhməd də qırmızı libasdaydı, çuxası da, çiyninə saldığı qolsuz fərəc də adi parçadan yox, qızılı saplarla işlənmiş bahalı mahuddan tikilmişdi. Nədənsə Şeyxin Mirzə Mürsələ sadaladığı şeylər mənim diqqətimi çəkdi, gördüm ki, cürbəcür çərəzlər barədə danışırlar, nə bilim, otuz dəvə yükü əncir qurusu, ərik qurusu, iyirmi dəvə yükü qoz-fındıq, yüz çuval kişmiş, mövüc və ilaxır bu cür şeylər. Mirzə Mürsəl deyinirdi ki, kisələr yolda nəm çəkib, əncir qurusunun tamam yarısı kif atıb. Dəvəçiləri tənbeh eləmək lazımdı ki, gələn dəfə işlərində diqqətli olsunlar. Şeyx Əhməd də dedi ki, eybi yox, səfərdən dönəndən sonra onların cəzasını verərəm, amma indi belə xırda şeylərə görə səfəri yubatmaq olmaz, bizim qorçilər möhkəm uşaqlardı, daşdan yumşaq nə varsa, yeyəcəklər. Mirzə Mürsəl çıxandan sonra Şeyxdən soruşdum ki, indi çərəz məqamıdırmı? Neynirsiz o qədər qoz-fındığı, əncir, üzüm qurusunu? Şeyx gülüb əllərini yellədi, dedi məzəyçün gətirmirik bunları, Şah Abbas istəyir ki, bizim Gilan səfərimiz o qədər sürətli və naqafil olsun ki, Xan Əhməd Karkiya macal tapıb bizə qarşı bir tədbir tökə bilməsin. O səbəbdən də yolda ocaq çatıb qorçilərçün təam hazırlamağa vaxt olmayacaq, şah fərmayiş verib ki, hər qorçi on gün ərzində özünə yetdik çərəz götürüb öz heybəsinə doldursun, yolda çərəzlə qarnını doydursun. Çərəz elə şeydi ki, elə ayaq üstə də yemək olar, həm də adamı taqətdən düşməyə qoymaz. Gördüm ağıllı tədbirdi, elə bir ovuc əncir qurusu adama bir kasa pitinin qüvvətini verər. Müxtəsəri, Şeyx Əhməd qulamlardan birinə tapşırdı ki, Mustafa bəyi təğyiri-libas eləsin. Düzü, elə bil qorxurdum ki, qırmızı cəllad libası geyinsəm, mənim də bütün fikrim, ruhum, şüurum dəyişəcək, tamam ayrı adam olacam, amma çarə yox idi. Şeyx Əhmədin tapşırdığı qulamın arxasınca düşdüm, məni düşərgənin ayağındakı uzun bir alaçığa gətirdi, girəcəkdə dayanan silahlı qorçiyə dedi ki, Şeyxin fərmayişi var, bu adamı gərəkdi təğyiri- libas edəsiniz, bizim təki geyinə. Qapıdakı qorçi "göz üstə" deyib, məni alaçığın içərisinə dəvət etdi, gördüm ki, bura ləşkərin libas anbarıymış, hər tərəfdə səliqəylə bükülüb üst-üstə yığılan çuxalar, şiş uclu papaqlar, şalvarlar, kürklər düzülmüşdü. Qorçi dedi ki mən çıxıram, sən də öz bədəninə uyğun libas seç, geyin. Köhnə paltarlarını da bük, apar at böyrümüzdəki hamamın külxəninə, sonra nökərlər yığışdırarlar. Onun dediyi kimi elədim, amma düşərgədə ayinə olmadığından, təzə libasın əynimə nə təhər oturmağını yaxşı görə bilmədim. Özümə yaraq-yasaq da seçəndən sonra təzədən Şeyxin yanına gəlib, hazır olduğumu bildirdim. Şeyx mənim görkəmimi süzüb bığaltı qımışaraq söylədi ki, lap saraydakı cəlladbaşı İlyas bəyə oxşayırsan. Sonra da əlavə elədi ki, sabah sübh namazından sonra yola çıxacağıq, elə azan vaxtı özünü bura yetirsən kifayət eylər. Ordan çıxıb qaldığım karvansaraya üz tutdum, şəhərə yaxınlaşanda yol kənarında xırda bir gölməçə gördüm, maraq mənə güc gəldi, suyun üstünə əyilib öz əksimə baxdım, Şeyx Əhməd haqlıydı, əməlli-başlı cəllada oxşayırdım. Elə bil içimdə nəsə dəyişməyə başladı, özümü cəllad kimi hiss eləməyə başladım. Əvvəl buna əhəmiyyət vermədim, elə bildim ötəri şeydi, amma sonra gördüm, yox, həqiqətən, tamam ayrı şəxs olmuşam. Özümdən asılı deyildi, yolboyu rastıma çıxan adamların hamısına məhkumlar kimi baxırdım, birinə baxıb fikirləşirdim ki, bunun uzun boynu elə bil baltayçün yaranıb, ayrısına baxıb düşünürdüm ki, bunu dara çəkmək daha münasib olar, kəndirdən sallanıb ayaqları yellədəndə lap qəşəng görünər, bir başqasının da gözlərini çıxardıb ovcuna qoymaq istəyi yaranırdı içimdə, ya da qarşıma çıxan hansısa gombul bir adamı şaqqalamağı, hər tikəsini bir ağacdan asmağı düşünürdüm. Ən əcaibi isə bu idi ki, məndən iznsiz fikrimə gələn bu şeylərdən özüm də ləzzət alırdım. Həm də qorxurdum. Qorxurdum ki, bir az da belə getsə, iradəm tükənər, özümü saxlaya bilməyib kimisə vurub öldürəm. Əlimdən xata çıxmamış birtəhər özümü karvansaraya çatdırdım, elə hücrəmə girən kimi al qırmızı libasımı çıxardıb bir qırağa atdım və bayaqdan mənə hücum eləmiş axmaq fikirlər küləklə üzbüz gələn duman kimi bircə anda şüurumdan dağılıb getdi. Elə güman elədim ki, bütün bunlar əynimdəki qan rəngli paltarların təsiriydi. Belə fikirləşəndə adama gülməli gəlir, libas nədi ki, onu geyən adamın şüuruna bu cür təsir göstərə bilə? Amma, görünür, təsiri var imiş. Gecəni çox pis yatdım, səhər alaqaranlıqdan durub geyindim, yaraqlandım və şah bağına getdim. Ora yetişəndə gördüm ki, qorçilərin hamısı ayaq üstədir, düşərgənin içindən keçən arxın suyunda sübh namazıyçün dəstəmaz alırlar. Şeyx Əhməd məni uzaqdan görüb yanına səslədi, dedi Mustafa bəy, yavıq dur, indi şəxsən Şah Abbasın özü gəlib dəstəmizi yola salacaq. Mən də arxın sərin suyunda tez dəstamaz alıb, Şeyxin yanına döndüm. Hava yavaş-yavaş qızarmaq istəyirdi və bir o qədər çəkmədi ki, təpənin başında bir dəstə qulamla bahəm Əmir əl üməra Fərhad xan Qaramanlı göründü, düzdü, alaqaranlıqda mən əvvəl sandım ki, gələn elə şahın özüdü, amma onlar aşağı, düşərgəyə yenəndə gördüm yanılmışam. Fərhad xanın başındakı iri qızılbaş papağına bərkidilmiş qoz boyda qırmızı yaqut qaş alaqaranlıqda da elə parıldayırdı ki, elə bil kişinin kəlləsində çıraq yanırdı. Şeyx Əhməd qorçilərin hamısını düşərgənin qarşısındakı meydanda cərgəyə düzdü, Fərhad xan da ona yaxınlaşdı. Mən onlardan on beş addım arxada, qulamların içində dayandığıma görə nə danışdıqlarını dürüst sezə bilmədim, amma Əmir-əl-üməranın qaşlarının çatılmağından hiss eylirdim ki, deyəsən bir az bir qəzəblidi. Yəqin ki, şahın əhvalı yaxşı deyildi. Bağdakı məsçiddən azan səsi eşidilən kimi Fərhad xan cərgəyə düzülmüş qorçilərin lap başına keçdi, yaraq-yasağını çıxarıb böyrünə qoydu və üzü qibləyə dayandı. Biz də onun kimi elədik və hamımız bahəm sübh namazını qıldıq. Sonra Fərhad xan üzünü ləşkərə tutub bərkdən danışmağa başladı, dedi ki, Zillillah Şahımız özü şəxsən sizə xeyir-dua vermək istəyirdi, amma dün gecə soyuqlayıb, təbiblər tapşırıb ki, axşamacan eşiyə çıxmasın. Öz yerinə məni sizin yanınıza göndərdi. Eşidin, agah olun, Ey qurçiyani-əzəm, Gilan camaatı, başda Əhməd xan Karkiya olmaqla, artıq neçənci kərədi ki bizim mübarək xanədanımıza qarşı çıxır, onların dərsin birdəfəlik vermək gərəkdi, həm də onlar gərək bu dərsi ta qiyamət gününəcən unutmayalar. Şahla birgə əsas qoşun da sabah sizin ardınızca yola düşəcək. O ki qaldı sizə, bilin ki, Şah Abbas sizin hamınızı bir aylıq müddətə cəllad vəzifəsinə təyin edibdir, o səbəbdən də gərək könül mülkünüzün rəhm, mərhəmət qapılarını bağlayasız, Gilanda özünüzü əsl cəllad kimi aparasız. Bu səfər zamanı tökdüyünüz qanın cavabını ruzi-qiyamətdə Şah Abbas verəcək, günahlarınızı boynuna götürəcək, Zillillahın özü belə buyurdu. Ən axırda da söylədi ki, əzəm qorçilərimizə mənim adımdan bu sözləri de: Gedin və asilərə öz şahınızın qəzəb sifətini göstərin.
Bu sözdən sonra qorçilərin hamısı "Allahü əkbər" qışqırdı, təbillər vuruldu, şeypurlar çalındı və al qırmızı bölük yola düşdü. Düzü, mən elə güman eylirdim ki, səfər darıxdırıcı olacaq, amma səhv eləmişdim, məlum oldu ki, o boyda dağları pay-piyada aşmaq o qədər də asan iş deyilmiş. Yaxşı ki Şeyx Əhmədin qorçiləri hamısı say-seçmə igidlər idi, bədənləri dəmir kimiydi, dizlərinəcən çıxan qarın içiylə elə yeriyirdilər ki, elə bil çəmənlikdəydilər, şaxta heç veclərinə də deyildi, yorulmaq da bilmirdilər. Elə yerlərdən keçirdik ki, bəlkə bizdən əvvəl bu dağ-daşa ovçulardan başqa heç bir bəni-adəm ayağı dəyməmişdi. Aşırımlardan birini keçəndən sonra bizlə gedən gilanlı bələdçi dedi ki, daha Lahicana bir günlük yol qalır, amma birdən-birə Xan Əhməd bölüyün başını günbatana tərəf döndərdi, səbəbini soruşanda dedi ki, şahın fərmayişi var, Lahicana getməmişdən əvvəl gərəkdir ki, Noxum şəhrini alaq, oranın əhalisini qılıncdan keçirək. Xan Əhməd Karkiya əslən bu şəhərdəndi, elə indi də buranın əhalisinin çoxu onun qohum-əqrəbasıdır. Qoy o zinazadəyə dərs olsun. Ertəsi gün sübh açılmamışdan şəhərə yaxınlaşdıq, arada bir fərsəx məsafə qalanda Şeyx Əhməd bölüyü saxlayıb sıraya düzdü, özü də hündür bir daşın üstünə çıxıb üzünü al qırmızı geyimli qorçilərə tutdu, bir gün əvvəl mənə söylədiklərini onlara da dedi. Sonra da əlavə elədi ki, biz gərək bu şəhəri yer üzündən silək, ta ki Xan Əhməd Karkiya kimilərə dərs olsun, qoy anlasınlar ki, Səfəvi şahının üzünə ağ olmaq Əzrayıla sillə vurmaq kimi bir şeydi, Zillillah şahımızın sizə göndərdiyi fərmayişi qulağınızda sırğa eləyin, sizin hamınız şah cəlladları kimi girməlisiz Noxum şəhrinə və bilin ki, günorta namazında xəncəri ta qınınacan al qana bulaşmayan qorçinin boynunu elə öz xəncəriylə vuracam. Şeyx Əhməd sözünü bitirib daşın üstündən düşdü, qorçilərin başına keçdi və bölük hərəkətə gəldi. Uzaqdan Noxum şəhrinin məsçidlərinin günbəzləri, minarələri görünsə də qala divarlarına yetişməyimiz iki saatacan vaxt apardı. Yolboyu Şeyx Əhmədin bayaq ləşkərə söylədiyi sözləri, ən əsas da o sözləri nə tövr, hansı bir ifadəylə söyləməsini, əllərini necə oynatmasını fikirləşirdim. Hərçənd ki Şeyx Əhməd Şahdan on beş yaş böyük idi, heç sər-sifətdən də ona bənzəri yox idi, Şah Abbas arıq, solğun çöhrəli olduğu halda, Şeyx Əhməd cüssəli, girdəsifət, qırmızı, kök yanaqlı bir kişiydi, amma daşın üstünə çıxıb danışan zaman, qəfildən mənə elə gəldi ki, qarşımda əl-qolunu yellədərək əcaib səslə danışan adam Saray qorçilərinin rəisi Şeyx Əhməd yox, Səfəvi hökmdarı Şah Abbasdır. Açıq aydın bilinirdi ki, Şeyx qəsdən özünü, öz hərəkətlərin, hətta danışıq tərzini də Şaha bənzətməyə səy edir və məncə buna məharətlə nail olurdu, çünki onun danışığı zamanı sıraya düzülmüş qorçilərin sifətlərinin ifadələrinə baxanda bilinirdi ki, onlar da eynən mən hiss edəni hiss eylirlər. Şəxsən mən ömrüm boyu özümü heç kəsə bənzətməyə cəhd eləməmişəm, amma yox, yalan dedim, Səfəviyyə təriqətinə təzəcə gəldiyim zamanlarda bötün dərvişlər kimi mən də Peyğəmbər əleyhissəlam, Həzrət Əli, İmam Hüseyn, ən nəhayət də, mürşidi kamilimiz Şah İsmayıl barədə şeyxlərimizin eylədiyi söhbətlərə qulaq asmağı sevərdim və çalışardım ki, mən də özümü onlara, ən çox da Şiri Xuda Əli Əleyhüssəlama bənzədim, amma bir vaxt sonra anladım ki, Allah hərəni bir cür yaradıb və kimsə özünü ayrı birisinə, istər imam olsun, istər övliya, bənzətməyə cəhd eylirsə, bununla əslində Allahın işinə qarışmış olur, ona qarşı çıxır, asilik edər, yəni elə bil haman adamın ruhu Allahın ona bəxş etdiyi xislətləri bəyənmir, bir ayrılarına sahib olmaq istəyir, ayrı adam olmaqçün çalışır və şəksiz ki, bu tövr cəhdlərin axırı çox uğursuz qurtarır, çünki bəni-adəm əfi ilan deyil ki, dar bir ağac koğuşuna girib özünü sürtməklə köhnə dərisini siyirib atsın, təzə görkəm əldə eləsin. Düzdü, kənardan baxanda insanların dəyişməyini çox görürük, amma əslində heç nə dəyişib eləmir, sadəcə, elə bir məqam gəlir ki, insan bu vaxtacan içində gizlin saxladığı xislətləri zahirə çıxarır, yaxud zahirdə olan xislətlər içəri çəkilir. Amma bir xislət ki sənə Allah tərəfindən verilməyib, ona necə nail olmaq olar? Bu da libas deyil ki, gedib bazardan alasan. Mən də fəhm elədim ki allah mənim məhz bu cür xəlq olunmağımı, içimdə daşıdığım xislətlərə sahib olmağımı məsləhət bilməsəydi belə olmazdı və mən özümü cırıb dağıtsam da içimdə Şiri-Xuda şücaəti, İmam Hüseyn cəsarəti peyda olmayacaq, yenə də Xəlifə Mustafa bəy kimi qalacam, zərrəcə dəyişməyəcəm. Amma Şeyx Əhmədin özünü şah Abbasa bənzətməyə çalışması aşikar və hüveyda idi. Sonra o biri əmirlərin, xanların, bəylərin danışığını, tərzi-hərəkətini gözümün qabağından keçirtdim və mənə əyan oldu ki, təkcə Şeyx yox, elə Qızılbaş səltənətinin zadəganlarınını çoxu, ələlxüsus da sinni qırxdan aşağı olanlar, yəni cavanlar özlərini Zillillah Şahımıza bənzətməyə çox həvəslidirlər, onun kimi geyinməyə, danışmağa, gülməyə, hətta onun kimi yeriməyə cəhd edərlər. Şah Abbas elə bil ayinə idi, güzgü idi onların nəzərində, amma bu güzgü sənə necə olduğunu yox, necə olmalı olduğunu göstərirdi. Şah Abbasın atası cənnətməkan Şah Məhəmməd Xudabəndə düşdü yadıma, heç kəs özünü ona bənzətməyə çalışmırdı, əksinə, kimsə zəifləyib haldan düşəndə həqarətlə deyərdilər ki, lap Kor Məhəmmədə dönmüsən. Hə, mətləbdən yayındım deyəsən, orda qaldım ki, Şeyx Əhməd başdan-başa al qırmızı geyinmiş qorçiləriylə sübh tezdən Noxum şəhrinə yaxınlaşdı, giləklər bizim belə tez müddət içində Gilana yetişəcəyimizi heç gözləmirdilər, o səbəbdən Noxum şəhərinin qala bürclərinin üstündə heç gözətçi də qoymamışdılar. Şeyx Əhməd əvvəl iki yüz qorçini on-on ayırıb göndərdi ki, şəhərdən çıxan o biri yolları da tutsunlar, heç kəs qaladan çıxıb qaça bilməsin, sonra da qala darvazalarını partlatmağı əmr etdi. Qorçilər beş-altı çuval barıt gətirib darvazanın altına düzdülər, fitili yandırıb kənara çəkildilər, hamımız yerə uzandıq. Elə bir gurultu qopdu ki, bütün qala silkələndi, hər yanı toz basdı. İrəli yeriyib gördük ki, qala darvazalarından əsər-əlamət qalmayıb. Onu da söyləyim ki, qorçilər darvazaları partlatmaqla məşğul olduqları müddətdə yaxınlıqdakı dağlardan üzüaşağı sürünən qatı duman Əzrayıl nəfəsi kimi Noxum şəhrinin üstünə yatdı, vallahi, elə bir duman çökdü ki, otuz-qırx addımdan o tərəfi görmək olmurdu, hətta yüzbaşılardan biri şəhərə hücumu duman çəkilənəcən təxirə salmağı təklif elədi. Şeyx Əhməd razı olmadı ki, biz gərək günorta namazınacan Noxum camaatının işini bitirib, Lahicana üz tutaq, yubansaq, şahın qəzəbinə tuş gələrik. Yüzbaşı dediyindən dönmədi ki, bəs bu dumanda biz nə görə bilərik? Şeyx lap özündən çıxdı, cavab verdi ki, şah bizim hamımızı cəllad təyin eləyib, qorçilərçün fərqi yoxdur, içəri girib qarşılarına çıxan bütün adamları qətlə yetirsinlər, bütün evlərə od vursunlar, bircə məsçidlərdən savayı. Müxtəsəri, darvazanı partladandan sonra qorçilər xəncərlərini siyirib, Allahü əkbər dedilər və şeypurları çalıb, təbilləri vurub, şəhərin içinə üz qoydular, on-on bölünüb küçələrə səpələndilər. Şeyx Əhməd isə, bölüklə gələn bələdçiyə söylədi ki, tez bizi şəhər hakiminin malikanəsinə apar, deyilənə görə o, Xan Əhməd Karkiyanın lap yaxın qohumudu, mütləq gərəkdi ki onu qətlə yetirək, yoxsa qaçıb canını qurtarar. Bu minvalla Şeyx Əhməd, mən və otuz nəfər qorçi bələdçinin dalısınca düşüb şəhərə girdik, dumanın içiylə hakimin malikanəsinə yol aldıq. Bir o qədər keçməmiş dumanda ərimiş şəhərdən qışqır-bağır, ahü-fəğan səsləri eşidilməyə başladı və yavaş-yavaş nalə-fəryad sədaları ərşə bülənd oldu. Şeyx Əhməd qaşlarını çatıb dodaqaltı mızıldandı ki, qırın, kəsin bu məlun uşaqlarını. Ətrafımızdakı dumanın içində od tutub yanan evlərin qızartısı gücləndikcə, bizim də gözümüz qızmağa başlayırdı, xəncərimizi siyirib o biri qorçilərə qoşulmaq istəyirdik, güclə özümüzü saxlayırdıq, yolumuzdan yayınmırdıq, dumanın içindən təsadüfən qabağımıza qaçan adamları qətlə yetirməklə kifayətlənirdik. Ətrafımızda isə əməlli-başlı qırğın gedirdi. Evləri qəfildən od tutan adamlar yuxudan ayılıb vahimə içində çölə tökülüşürdülər və dumanın bətnindən çıxan al qırmızı cəllad geyimli, gözlərini qan tutmuş əli xəncərli qızılbaş qorçilərini görüb lap ağıllarını itirirdilər, dəhşətdən gözləri həlqəsindən çıxırdı. Bəlkə də güman edirdilər ki, qiyamət günü yetişib, bu təpədən dırnağacan qırmızı geyimli məxluqlar da cəhənnəm əcinnələridir, bəlkə də anlayırdılar ki, Şah Abbasa qarşı çıxdıqlarına görə cəzalandırılırlar, amma alt-tuman köynəkdə küçələrə tökülən bu adamların gözlərinə baxanda mənə elə gəlirdi ki, deyəsən bunların yuxulu şüurları işə düşənəcən, bizim qorçilər qətlə yetirirdilər. Heç kimə aman yox idi, qoca da, cavan da, uşaq da, zənən də eyni aqibətə düçar olurdu. Bayaq şəhərə girəndə qorçilərimizin al rəngdə olmayan bircə əlləriylə üz-gözləriydi ki, indi onlar da təmamən qana bulaşıb libaslarının rəngini almışdı. Bizim otuz nəfərlik dəstə bu qırğının içiylə bir neçə məhəllə irəlilədikdən sonra, ətrafımdakı qorçilərin sifətlərinə baxanda anladım ki, onların hamısı, elə mənim özüm də, bu saat xəncərlərimizi siyirib o biri qorçilərə qoşulmaqdan özümüzü zorla saxlayırıq, əgər şəhər hakimini haqlamaq vacib olmasaydı, elə bu saat hamımız qan dəryasına baş vurardıq, kəsərdik, doğrayardıq, öldürərdik. Qırmızı libaslar, deyəsən, bizim hamımızı əsl cəllad eləmişdi, dövrəmizdə qılınc çalan əli, qolu qana bulaşmış qorçilərə baxdıqca elə bilirdim ki, bizi çox ləzzətli bir təamdan məhrum eləyiblər, yainki səhrada gəzən təşnələr idik, yanımızdan axan sudan dadmağa icazə vermirdilər. Nə qədər qana susasaq da, Şeyx Əhmədin əmrindən çıxmağa heç birimiz cəsarət eləmədik, əlli nəfərlik dəstə nizam-intizamla gəlib şəhər hakiminin malikanəsinə yetişdi. Qorçilərimiz hələ gəlib bu məhəlləyə çatmasalar da, şəhər hakiminin nökər-naibi qalanın aşağı başındakı səy-küyü, qışqır-bağırı artıq eşitmişdilər, çünki biz hündür divarla əhatə olunmuş malikanəyə yetişəndə iri darvazalar açıldı və yüzə qədər əli yaraqlı nökər küçəyə töküldü, bizim dəstəni görən kimi əvvəl bir az duruxdular, deyəsən, al qırmızı geyimimiz onları da çaşdırmışdı. Amma tez özlərinə gəldilər, qılınclarını çəkib üstümüzə cumdular, bizimkilər də xəncərlərini siyirdilər, cəng-cidal başlandı. Elə bil otuz ac canavarı qoyun sürüsünün içinə buraxmışdılar, bayaqdan bəri bura tələsdiyimizdən içimizdə sıxıb saxladığımız qəzəb elə bil ki azadlığa çıxıb fəvarə vurdu. Bizimkilərin sayı onlardan üç dəfə az olsa da, nökərlər tez bir zamanda qızılbaş qorçilərinin şücaətini görüb anladılar hücumumuzu dəf eləmək onlara nəsib olmayacaq, o səbəbdən də vuruşa-vuruşa mülkün darvazasına tərəf geri çəkildilər, nəhayət, ölənləri və yaralananları da qoyub içəri çəkildilər, darvazaları da bağladılar. Biz mülkün qarşısındakı meydanda qalıb içəridə gizlənməyə macal tapmayan xidmətçilərin hamısın qılıncdan keçirdik, sonra buranın da darvazalarını barıtla partlatdıq və içəri hücum çəkdik. Gözümüz artıq heç nəyi görmürdü, qarşımıza libası qırmızı olmayan hansı məxluq çıxırdısa, istər adam osun, istər at eşşək, hamısını qılıncdan keçirib al qana boyayırdıq. Elə bil ilahidən bizə vəhy gəlmişdi ki, günortayacan buranın bütün məxluqatı da bizim kimi al qırmızı rəngdə olmalıdır. Şeyx Əhməd yaralı nökərlərdən birindən qəzəblə soruşdu ki, şəhər hakimi hardadı, nökər iniltiylə dedi ki, Xan Əhməd Karkiya onu Lahicana çağırıb, ordadı, hələ geri dönməyib. Şeyxin qəzəbi birə yüz artdı, nökərin başını bir xəncər zərbəsiylə bədənindən ayırıb qorçilərə əmr etdi ki, şəhər hakiminin əhl-əyalını tapıb gətirsinlər, sonra da iki mərtəbəli mülkə od vursunlar. Üstündən bir nəfəs keçməmiş qorçilər ahü-fəryad edən beş-altı zənən xeylağını sürüyə-sürüyə evdən həyətə çıxartdılar. İttifaqən, mən həmin dəm xəncəri al qan içində olan Şeyx Əhmədin böyründəydim və birdən-birə fikir verdim ki, şeyxlə zənənlərdən birinin nəzərləri toqquşdu, elə o an da hər ikisinin matı qutu qurudu, zənənin gözləri təəccübdən bərəldi, Şeyx Əhməd isə elə bil taqətsizlikdən yıxılmamaqçün yanındakı ağaca söykəndi. Sanasan, həyətdəki nökərlərin fəryadını, zənənlərin naləsini heç eşitmirdi. Qorçilərin heç biri buna fikir verməsə də, mən gözümü onlardan ayıra bilmirdim, elə görünürdü ki Şeyx Əhmədlə Noxum hakiminin bu övrəti bir-birini çox yaxından tanıyırlar. Düzü, bu fikir ağlıma batmadı. Bir müddət sonra Şeyx Əhməd elə bil azca özünə gəldi, ölmüş gözləri dirildi. Çuxasının qoluyla üzünə sıçramış qanı silməyə cəhd elədi, amma libasından başdan-başa qan damcıladığından, sifəti daha da bulaşdı, bir az da qızardı. Narahatlıq içində həyətə göz gəzdirdi və qorçilərə qışqırdı ki, beş-altı arşın zəncir tapın. Qorçilər tövlədən zəncir tapıb gətirənəcən Şeyx Əhmədlə yerdə uzanmış haman zənən bir neçə dəfə baxışdılar. O biri övrətlər haray-həşir salıb ah- fəryad eləsələr də, bu, heç səsini çıxartmırdı, eləcə rahat yorğan-döşəkdəymiş kimi, qan gölməçələrinin ortasında yerə çöküb Şeyxə baxırdı, sifətində də qəribə bir cazibə var idi, adamın lap tamahı düşürdü ona. Onlar bir neçə dəfə baxışandan sonra hiss elədim ki, Şeyx Əhməd onun gözlərinin içinə baxmaqdan qorxur, çəkinir, çünki nəzərləri toqquşan kimi ilk olaraq Şeyx Əhməd gözünü çəkirdi. Zəncir gətirildi və Şeyx qorçilərə əmr elədi ki, o biri övrətlərin hamısını qılıncdan keçirin, amma o qıraqdakını gətirin zəncirlə bu palıd ağacına sarıyın, ayaqlarının altına da çır-çırpı, odun yığın. Anladım ki, Şeyx Əhməd bu övrəti diri-diri yandırmaq niyyətindədir. Təəccübüm birə min artdı, axı nə səbəbdən o biri övrətlər adam kimi qətlə yetirilməliydi, bu binəva isə cəhənnəmdəki kimi diri-diri yandırılmalıydı. Övrətin üzünə baxdım, gördüm ki, şeyxin əmrini eşidən kimi sifətində əcaib bir təbəssüm peyda oldu, sanasan, bu saat onu ölümə yox, Şah Abbasın mübarək hərəmxanasına aparacaqdılar. Onu da müşahidə elədim ki, övrətin kinayəli təbəssümü bütün sifətinə yayıldıqca, Şeyx Əhmədin qaşları daha çox çatılırdı, üzü qəzəbdən daha çox əyilirdi. Qorçilər övrəti ağaca bağlayıb ayağının altındakı samana, çır-çırpıya od vurandan sonra təzədən həyətə səpələnib hücrələri, otaqları, tövlələri gəzərək, gizlənmək istəyənləri tapıb qətlə yetirməklə məşğul oldular. Şeyx Əhməd isə heç yerə getmirdi, ağaca bağlanıb yandırılan övrətdən on addım aralıda dayanıb ona baxırdı. Mən də yerimdə quruyub qalmışdım. Onların hər ikisinin hərəkətləri mənə çox qəribə, anlaşılmaz gəlirdi. Şeyx libası cırılıb dağılmış zənənin od tutan bədənini qəzəblə süzsə də, gözlərinin içinə baxmaqdan çəkinir, zənən isə ayağının altında çatılmış alovun tüstüsü gücləndikcə daha artıq şövqlə gülürdü. Tüstü onun bədənini tamamilə bürüyəndə onun gülməyi artıq əməlli-başlı qəhqəhəyə çevrilmişdi. Zalımın qızı ölüm ayağında olsa da, elə gülürdü ki, elə bil təkcə şeyx Əhmədə, Şah Abbasa yox, birbaşa Allahın özünə meydan oxuyurdu və alov bədənini bürüdükcə övrətin sifəti elə bil bir az da gözəlləşir, qızılgül kimi açılırdı. Bütün bu mənzərəni daha yaxından seyr edən Şeyx Əhmədin isə sifətinin ifadəsi tamam dəyişmişdi, bayaqkı qəzəbin yerini təəssüf almışdı, sanki, alovun içinə tullanmaqdan və bu övrətə sarılıb onunla bahəm yanıb kül olmaqdan özünü güclə saxlayırdı. Övrətin bədəni artıq tüstünün içində görünməz olan bir dəmdə, qəfildən onun dili açıldı, şeytani bir səslə qışqırdı ki, Şeyx Əhməd, məni yandırsan da, əvvəlki kimi kişi olmayacaqsan. Bunu deyib yenə qəhqəhə çəkdi və elə qəfildən dilləndiyi kimi qəfildən də susdu. Deyəsən, artıq keçinmişdi. Şeyx Əhməd qırmızı mərmər parçasına dönüb yerindən tərpənmirdi, gözü qızmış qorçilər onun yan-dövrəsində vurnuxsalar da, o, deyəsən heç nə görmürdü, heç nə eşitmirdi, eləcə gözlərini ağaca bağlanan və azacıq tüstülənən qapqara kömürə dönmüş övrətin cəsədinə zilləmişdi. Mənə elə gəldi ki, Şeyx Əhmədçün bu saat vaxt dayanıbdı, nəinki vaxt, elə bil bu saat onun gözləri də, əqli də, ürəyində, damarında axan qanı da donub hərəkətsiz qalmışdı. Məni yandırsan da kişi olmayacaqsan... Bu nə söz idi o ləçər şeyxə qışqırdı, necə yəni kişi olmayacaqsan, həm də bu övrət şeyxin adını hardan bilirdi, şəksiz ki, burda çox böyük bir sirr gizlənirdi və mənə elə gəldi ki, şeyxin sifətinin ifadəsinə diqqət yetirsəm, bu sirri aça bilərəm, amma diqqət eləyib gördüm ki bu dəm onun sifəti öz içindəki hissləri göstərən güzgüyə yox, dəhşətli xatirələrin dəfn olunduğu qəbiristanlığa oxşayır... hərəkətsiz soyuq qəbirlər, yazısı sürtülüb getmiş baş daşları, ot basmış cığırlar... Birdən-birə anladım; Şeyx Əhmədin hazır qazılmış qəbri də, bu saat elə onun öz sifətindədi. Söhbəti çox uzatmayım, həmin anda mənim əqlimdən çox şeylər keçdi, hamısı heç xatirimdə də deyil, bircə o yadımdadır ki, gün asimanın lap ortasına qalxanda yüzbaşılardan bir neçəsi Şeyx Əhmədə yaxınlaşdı, dedilər ki, fərmayişinizə əməl olunub, bir azdan günorta namazıdı və əhalinin, demək olar ki, hamısı qılıncdan keçirilib, şəhər də tamam od içindədi. Şeyxin qəbiristana dönmüş sifəti hərəkətə gəldi, dedi ki, xub, onda qorçilərin hamısını yığın bura, meydanda zöhr namazını qılıb yola düzələk. Şeypurların səsi ərşə bülənd oldu, bu səsi eşidən qorçilərin hamısı bir o qədər keçmədi ki, hakimin mülkünün qarşısına yığışdı. Şeyx Əhməd işarə verdi və biz elə daş döşəməli meydanın ətrafındakı qan gölməçələrində dəstəmaz aldıq, Şeyxin arxasında sıraya düzüldük, yaraq-yasağımızı yanımıza qoyub, namaza dayandıq. Biz ibadət elədiyimiz müddətdə yavaş-yavaş külək qalxmağa başladı və şəhərin üstünü almış dumanı sürüb apardı. Namaz bitəndən sonra Şeyx Əhmədə dedim ki, daha Gilana yetişmişik, mən burda sizdən ayrılıram, gərəkdi ki gedib öz müridlərimi tapam, xanın xəzinəsiylə məşğul olam. Şeyx Əhməd bir söz demədi, mənimlə xudahafizləşib bölüyünü sıraya düzdü və təbillərini çalıb yola düzəldilər, şəhərdən çıxdılar. Amma əvvəlcədən otuz-qırx qorçini burada saxlayıb tapşırdı ki, siz hələlik burda qalın, duman tam çəkiləndən sonra evləri gəzin, gizlənməyə macal tapmış adamları da tapıb qətlə yetirin, sonra özünüzü bizə yetirin. Beləcə, bölük şəhərdən çıxdı, qalan qorçilər də küçələri, evləri gəzməyə başladılar. Mən fikirləşdim ki, bu libasda yola çıxa bilmərəm, gərəkdi ki, ayrı bir libas tapıb geyinəm. Əvvəl istədim meyidlərin əynindəki paltarlardan geyinəm, amma baxdım ki, ölənlərin əynindəki libasların hamısı al qan içindədi, geyiniləsi halda deyil. Nökərlərdən sağ qalanı da yox idi ki, evdəki təzə paltarların harda saxlanıldığını soruşum, onunçün də yuxarı qalxıb mülkü otaq-otaq gəzməyə məcbur oldum. Nəhayət, yataq otaqlarının birindəki çaxçada səliqəylə bükülüb qoyulmuş bir neçə bahalı çuxa, pirəhən, şalvar tapdım. Ziqiymət libaslar olduğundan, fikirləşdim ki, yəqin elə şəhər hakiminiin bayırlıq paltarlarıdır. Elə ordaca təğyiri-libas olmaq istədim, fəqət gördüm ki, üst-başım, sir-sifətim tamam qan içindədi, əgər indi geyinsəm təzə libasımı da bulaşdırmış olaram. Onunçün də bir neçə dəst paltar götürüb aşağı düşdüm. Bayaqkı ah-fəryaddan, nalə-fəğandan əsər əlamət qalmamışdı, sakitlik idi. Həyətdəki quyudan su çəkdim, al qan içində olan qırmızı paltarımı, şiş uclu qırmızı papağımı və qırmızı çarıqlarımı soyunub bir kənara atdım, üst-başımdakı, üz-gözümdəki qanı sərin quyu suyunda yaxşıca yuyub təmizlədim, yalnız bundan sonra yuxarıdan gətirdiyim ağ rəngli kətan pirəhəni, naxışlı mahud çuxanı və saya şalvarı əynimə keçirtdim. Düzdü, paltarlar əynimə bir az böyük gəldi, deyəsən Noxum hakimi yekəpər kişiydi, amma geyinmək olardı, əsas budu ki dar olmasın, yekəliyin zərəri yoxdu. Birdən hiss elədim ki, möhkəm susamışam, quyudan çəkdiyim sudan iki parç doldurub başıma çəkdim, ruhum tamam təzələndi, hiss elədim ki, yenə də əvəlki Mustafa bəy olmaq üzrəyəm. Əynimdən çıxartdığım qırmızı libasın, külahın, çarıqların üstünə su gəzdirib sıxdım, büküb öz torbama qoydum ki, birdən haçansa lazım olar. Sudan bir parç da içib üzümü çevirdim ki, yola düzəlim və qəfildən ətrafıma səpələnmiş cəsədləri görəndə matım-qutum qurudu, gözlərim bərəldi, dilim tutuldu, ayaqlarım nanə yarpağı kimi əsməyə başladı, elə bil ki, bu həyəti birinci dəfəydi görürdüm. İlahi, onmu, yüzmü, minmi... bu qədər də meyid olarmı, bir belə də qan axarmı? Mən hara düşmüşdüm, bura meyitxanadı, nədi...
Şəhər hakiminin həyətindən bayıra sıçradım, amma darvazanın qarşısındakı meydanın görkəmi məni lap əldən saldı. Duman tamam itib getmişdi, o səbəbdən də bayaqdan bəri gözümdən gizlənmiş mənzərə indi əməllicə açılmışdı. Əcaib bir sakitlik vardı ətrafda, cəsədlərin hərəsi bir halda düşüb qalmışdı, birinin başı yox idi, birinin əli, kiminin sinəsi parçalanmışdı, kiminin qarnı. Nəzərlərim meyidlərin üstündə gəzdikcə fikirləşirdim ki, aya, doğurdanmı mən də bu qırğında iştirak eləmişəm, ola bilməz, axı mən fəqir bir dərviş babayam, ömrü boyu bir cücə başı da kəsməmişəm, bəlkə xatirimdəkilərin hamısı bu zəhrimar qırmızı libasın gətirdiyi cəllad yuxusuydu? Özümü sakitləşdirməyə, fikrimi cəm eyləməyə çalışdım. Axı cəsəd görməyim birinci dəfə deyildi, heç vaxt da indiki kimi qeyri-adi bir zad hiss eləməmişdim, bəs indi mənə nə olmuşdu? Heç özüm də bilmirdim, fikirləşirdim ki, bəlkə məsələ cəsədlərin çoxluğundadı? Bu da ağlıma batmırdı, o qədər müharibələrdən, cəng-cidallardan keçmişdim, özüm heç kimi öldürməsəm də, gözümün qabağında o qədər adamı qətlə yetirmişdilər ki. Birdən fikirləşdim ki, görəsən bu adamların hansılarını şəxsən mən özüm qətlə yetirmişəm? Əyilib meyidlərin gözlərinin içinə baxmağa başladım, hansında öz sifətimin şəklini görsəydim, biləcəkdim ki, bu binəva mənim xəncərimə tuş gəlibdi, çün eşitmişdim ki, adam ölən dəmdə gözünün qabağında olan şəkil, bir növ, ora yapışıb qalır, getmir. Çox axtarsam da, heç birinin gözündə adam şəklinə rast gəlmədim, hamısının gözləri qıpqırmızıydı. Yox, qan tutmamışdı gözlərini. Bu, bizim al qırmızı cəllad libaslarının əksiydi. Meyidlərin bədənlərindəki yaralar da elə bil ayrı cür idi. Adi xəncər yaralarına bənzəməzdilər, binəvalar elə bil canavar ağzından çıxmışdı. Ən qəribəsi bu idi ki, meyidlərin qanı heç cür laxtalanmaq bilmirdi, bayaqdan bəri asta-asta axıb su üzünə yayılan yağ kimi meydanın daş döşəməsinə yayılırdı. Bəlkə doğrudan da bütün bunlar qorxulu bir yuxu, axmaq bir vaqeəydi. Amma yox, yuxu-filan deyildi, yuxunun iyi gəlməz, rəngi olmaz. Düzü, həmin dəm mənim burnum ömründə ilk dəfə qırmızı rəngin iyini hiss elədi. Qarnı cırılmış cəsədlərin çölə tökülən bağırsaqlarından gələn nəcis iyi, ətrafa yayılıb heç cür laxtalanmaq istəməyən qan iyinə qarışaraq çox əndrabadi bir qoxu əmələ gətirmişdi ki, insan övladının burnu hələm-hələm beləsinə tuş gəlməz. Hə, adamın ağlını başından çıxarıb cünun eyləyən bu iy məhz qırmızı rəngin iyiydi. Elə bil bu dəm kimsə qulağıma pıçıldadı ki, çiyninə atdığın torbadakı qırmızı cəllad libasını təzədən əyninə geysən, canını bürümüş bu vahimə, xof yox olub gedəcək. Hər şey mənə aydın oldu, - bu adamların hamısın, qırmızı rəng öldürmüşdü. Və məni vahimələndirən də o idi ki, bir az bundan əvvəl özüm də bu vəhşi qırmızı rəngin içindəydim, daha dürüst desəm, mən yox idim, elə haman qırmızı rəngin bir parçasına çevrilmişdim, ovsunlanmış, iradəsi, əqli, şüuru əlindən alınmış adamlar kimi bu mənhus qırmızı rəngin tilsiminə düşmüşdüm, ona sözsüz tabe olmuşdum. Təğyiri-libas olub cəllad libasını çıxardandan sonra isə, onun tabeçiliyindən çıxmışdım və indi qırmızı rəng bu vahiməni, xofu ürəyimə salıb məni qorxutmaqla, təzədən cəllad libasını əynimə geyindirmək, yenə də özünə tabe eləmək istəyirdi. Çünki, həmin dəm mən içimdəki bu cəhənnəm vahiməsini rədd eləməkçün nəinki qırmızı paltarı təzədən geyməyə, hətta özüm də dönüb qırmızı rəng olmağa hazır idim. Hiss elədim ki, burda, bu meyidlərin, ətrafımı qarış-qarış əhatə eləyib məni mühasirəyə almaq istəyən bu qanın içində bir müddət də dayanıb gözlərimi döysəm, qırmızı rəng öz istədiyinə nail olacaq. Onu da hiss elədim ki, torbamdakı cəllad libasını təzədən geysəm, daha heç vaxt soyuna bilməyəcəyəm, yapışıb qalacaq bədənimə, ta Qiyamət gününəcən qırmızı rəngin nökərinə çevriləcəm. Təzə geydiyim boz çarıqları, şalvarımı və çuxamın ətəklərini bulaşdırmamaqçün ətrafa göz gəzdirdim ki, qana batmamış bir yol tapım, cəhənnəm olum gedim bu mənhus şəhərdən. Qırmızı rəng deyəsən mənim qaçmaq niyyətində olduğumu anladı və şüuruma elədiyi hücumun istiqamətini dəyişdi, bayaqdan bəri burnumu pişik kimi cırmaqlayan o vahiməli iy birdən-birə yox oldu, əvəzində qulağımda əcaib səslər peyda olub, yavaş-yavaş güclənməyə başladı. Elə bil hardasa uzaqlarda hay-küy qopmuşdu, möhkəm cəngü-cidal gedirdi. Səslər gücləndikcə ümumi hay-küyün içində, müxtəlif adamların gah imdad dolu ah-fəryadını, gah qəzəbli söyüşlərini, gah da sümüyə çırpılıb onu xırçıltıyla sındıran xəncərlərin vıyıltısını sezməyə başladım. Deyəsən, bayaqkı qırğının səsləriydi, qulağımda qalmışdı. İndi xatırladım ki, bayaq qorçilərlə bahəm qılınc çalanda qulaqlarım nə ah-fəryad, nə də nalə-fəğan səsləri eşitmirdi. Deyəsən, qırmızı rəng bayaq bütün bu dəhşətli səsləri öz içinə yığmışdı ki, bizim qulaqlarımız heç nə eşitməsin, ürəyimiz rəhmə gəlməsin, kar olaq, hələ bəlkə də kor olaq. Ondan qaçmaq istədiyimi duyan kimi, qırmızı rəng məndən qisas alırmış kimi, içində saxladığı ac it sürüsünə bənzəyən bu səsləri bir hovurda açıb mənim üstümə buraxdı, beynim səslərin təzyiqindən az qala dağılıb töküləcəkdi. Qulağımı barmağımla sıxdım, yenə də xeyri olmadı, nazik ət tikəsi bir belə vəhşi səsin qabağında dura bilmədi. Səs-küy artdıqda, onun içindən bir səsi lap aydın eşitməyə başladım, mənə yaman tanış gəldi bu səs... "Vur, kəs, qoyma qaçsın, üz başını, tök bağırsaqlarını..." Tüklərim biz-biz durdu, bu mənim öz səsim idi, daha dürüst desəm, bayaqkı davadakı səsimdi. Xeyli dəyişib əcaib hala düşmüşdü, həm də səsimin içində elə bir vəhşi qəzəb hiss elədim ki, tüküm ürpəşdi, bütün bədənim silkələndi. Sonra nədənsə o biri hay-küy səsləri zəiflədi, amma mənim öz səsim lap yaxınlaşmağa başladı.. "Sapla xəncəri sinəsinə, vur, hələ ölməyib" ....hiss elədim ki, bu səsin gözünü qan tutmuş sahibi bu saat xəncərini siyirib mənim dalımca düşüb, başımı üzmək niyyətindədir. Qırmızı rəng məndən öz qisasını belə alırdı, deyəsən məni elə özümə öldürtdürmək istəyirdi. Biixtiyar çiynimdəki torbanı bir kənara tolazlayıb yerimdən götürüldüm, qan gölməçələrinin içiylə şappıltıyla yüyürməyə başladım. Hara qaçdığımı anlamasam da, onu lap aydın hiss edirdim ki, bu saat qışqıra-qışqıra, söyə-söyə mənim dalımca qaçan al qırmızı geymli, əli xəncərli, gözünü qan tutmuş adam da elə mən özüməm, yəni elə özümdən qaçırdım əslində. Amma hara qaçırdımsa qabağıma qan gölməçələri, adam cəsədləri çıxırdı. Deyəsən azmışdım şəhərin dar küçələrində, ya da şəhər qırmızı rənglə əlbir olmuş, məndən qisas almaqçün yollarımı dolaşdırmışdı. Dalımca gələn adam isə əl çəkmirdi, dayanmadan qaçır, məni haqlamağa çalışırdı. Nə qədər qaçdığımı bilmirəm, amma qəfildən ayağım cəsədlərdən birinə ilişdi və mən üzüqoylu qan gölməçəsinə yıxıldım, gözlərimə qan doldu, hər yan qırmızı rəngə boyandı, vahimə içində fikrimdən keçdi ki, qırmızı rəng deyəsən məni təzədən öz cənginə keçirtməyə nail oldu. Bir nəfəsdə vahimədən huşumu itirdim. Ayılanda başımın üstündə Əmirgunə xan Qacarın böyük fərzəndi Hüseynqulu bəyi gördüm, qaçıb gizlənən adamları tapıb qətlə yetirməkçün Şeyx Əhmədin şəhərdə saxladığı qorçilərin içində o da vardı və özünün dediyinə görə, küçələri gəzərkən təsadüfən məni görüblər, qan gölməçəsinə yıxıldığımdan əvvəl elə biliblər ki evlərdə gizlənmiş şəhər əhlindən hansı birininsə pusqusuna tuş gəlmişəm, qətlə yetirilmişəm. Amma sonra görüblər ki, yox, sağ-salamatam, eləcə huşum başımdan çıxıb. Sürüyüb həyətlərdən birinə gətiriblər, üzümə su çiləyib birtəhər ayıldıblar məni. Düzü, gözümü açan kimi təzədən məni vahimə basmışdı, çünki başımın üstə yenə də qırmızı rəng gördüm, amma bu dəfə tez özümə gəldim, Hüseynqulu bəyin gülər üzü onun əynindəki al qırmızı cəllad libasının mənim şüuruma olan təsiri heçə endirmişdi. Bayaq fikrimdən keçənləri qorçilərə söyləməyə lüzum görmədim, elə bircə onu dedim ki, tələsdiyimdən ayağım daşa ilişdi, yıxıldım, huşum başımdan çıxdı. Qorçilər bu adi bəhanəyə inandılar, məni şəhər kənarınacan yola saldılar, özləri isə yenə şəhərin içinə döndülər. Yol getdiyim müddətdə məni az qala öldürmüş bu qırmızı rəngin sirrini çox fikirləşdim, Qəzvindən çıxanda Fərhad xanın Şah Abbasın dilindən bizə dediyi sözləri xatırladım. -Gedin və onlara öz şahınızın qəzəb sifətini göstərin. Bunu xatırlayan kimi elə bil sirrin üstü bir az açıldı və elə həmin dəmdən etibarən mən də Şah Abbasdan qorxmağa başladım. Öndə gedən dəstənin qorçilərini təpədən dırnağacan al qırmızı geyindirməkdə də məqsəd təkcə gilanlıları qorxuzmaq deyildi. "Gedin və onlara öz şahınızın qəzəb sifətini göstərin" - bu bir kəlmə sözü Şah Abbas elə bil qırmızı rəngin içində əridib bizim bədənimizə yapışdırmışdı, yəni Şahın qəzəbi al qırmızı qan rəngi alıb bizim ruhumuzu, cismimizi təpədən-dırnağacan sarımışdı və bizim iradəmizi özünə tabe eləmişdi. Bəli, əynimizə haman cəllad libasını geyindikdən sonra bizim heç birimiz daha faili-muxtar deyildik, bizim bütün əfkarımızı, ehsasatımızı, amalımızı, duyğularımızı, hərəkətlərimizi, hətta, görüb-eşitdiklərimizi da haman qırmızı rəngin vasitəsiylə Zillillah Şahımızın özü idarə edirmiş. İçimdə belə bir hiss yarandı ki, Səfəvi məmləkətindəki hər daş, hər ağac, hər çay, hər ev, hər dağ, yəni bütün canlı və cansız məxluqatın hamısı Şah Abbasın iradəsinə tabedi, biz isə onun aciz bəndələriyik, heç bir hərəkətimiz, əməlimiz onun gözündən yayına bilməz. O, hər şeyi biləndi, əbəs deyil ki, ona Zillillah, yəni allahın kölgəsi deyirik. Şəksiz ki, bütün bu kəramətləri ona Allahın özü veribdi.... Yaxınlıqdakı Sultan Murad məscidinin minarəsindən qalxan azan səsi ətrafı bürümüş sükutu sığallamağa başladı. Nəfəsini dərən Mustafa bəy əyilib eyvanın naxışlı məhəccərinin arasından gündoğana tərəf boylandı, gördü ki hava yavaş-yavaş qızarmaq niyyətini büruzə verir. - Söhbətim uzun çəkdi deyəsən ... Ev yiyəsi Ordubadlı İbrahim ağa böyrünə atdığı mütəkkəyə söykənib şirin-şirin mürgüləməyindəydi və söhbəti harayacan dinləyə bildiyi naməlum idi, amma Keçəl Həmzəylə Əbülfəz ağa huş-guşla qulaq asmışdılar, bununla belə sifətlərinin ifadəsindən bilinirdi ki, gözlədiklərini hələ eşitməyiblər. Bayaqdan bəri fikri-zikri Mustafa bəyin söhbətinin yanında olduğundan, Əbülfəz ağa sübhün soyuğunu hiss eləməmişdi, yalnız indi bunu duyub böyründə qatlayıb qoyduğu qalın əbanı çiyninə atdı və yuxulu gözlərini ovuşdurub xəbər aldı: - Ay Mustafa bəy, axı sən bizə Şeyx Əhmədin o övrətlə olan vaqeəsini danışacaqdın, yəni ki hadisəni danışdın, amma onun səbəbini açmadın, bəlkə heç maraqlanmamısan ki, bu övrətlə Şeyxin arasında əvvəllər nəsə olubmuş, yainki yox? Mustafa bəy gülümsündü, elə onun bu gülüşü həmsöhbətinin cavabını müəyyən mənada vermiş oldu, yəni ki heç elə şeymi olar, əlbəttə ki maraqlandım... Gözlərindəki dilinə gəldi Mustafa bəyin: - Mən o vaqeənin kökünə getməsəydim maraqdan bağrımi çatlardı, amma indi day gecdi, səhər açılır, namaz vaxtıdı, bu gün ərzində də gözlədiyimiz adamlar gəlməsə, axşam söhbəti axıracan sizinçün danışaram. Bunu söyləyib qarşılarındakı süfərinin üstündə yüngülcə titrəyən yağ çırağını götürüb ayağa qalxdı, Əbülfəz ağa isə İbrahim ağanı yuxudan oyatdı, dördü də həyətə düşüb hovuzdan dəstəmaz aldılar, təzədən eyvana qalxıb elə ordaca sübh namazlarını qıldılar, sonra o biri qonaqlar içəri otağa keçdilər, Keçəl Həmzə isə həyətə düşüb növbədə olan dəlilərə baş çəkdi ki, bəlkə yuxuya getmiş olalar, hamısını təyin olunan yerlərdə, oyaq görüb sakitləşdi, yalnız bundan sonra yuxarı qalxıb yataq otağına keçdi. Ertəsi gün də, demək olar ki, heç bir hadisə baş vermədi, günorta namazından sonra Mustafa bəy yenə də heç kimə heç nə demədən harasa çıxıb getdi, Əbülfəz ağayla İbrahim ağa eyvanda oturub bala-bala qəlyan çəkdilər və məxməri tüstüyə bürünüb eşqə mübtəla olan ruhlar kimi axşamacan şeirdən-qəzəldən danışdılar, ruhəfza beytləri dilə gətirdikcə yanıqlı-yanıqlı ahlar çəkdilər, Həmzə isə həyətdə növbə çəkən dəlilərin içində dolaşdı, aşıq-aşıq oyununda Bəlli Əhməddən üç axça pul uddu, arabir eyvandakı şeirbazların yanına qalxdı, müxtəsəri, birtəhər günü başa vurdu. Gün batandan sonra Mustafa bəy də gəlib çıxdı, üst-başının toza batmağından Həmzə hiss elədi ki deyəsən elə günün yarısını at belində olubdu, yerişindən də bilinirdi ki, yaman yorğundu. Mustafa bəy həyətdəki hovuza yaxınlaşıb əl-üzünü yuyan dəmdə Həmzə day özünü saxlaya bilmədi, yavığ gəlib maraqla gəbər aldı: - Yaman əldən düşübsən. Olmaya harasa səfərin vardı? Mustafa bəy boynunu, üzünü, başını yaxşıca yuyub sərinlənəndən sonra cavab verdi: - Şəhərdəki müridlərimə baş çəkdim, dedilər ki Xanağa kəndindəki xanəgahda sizin dəlilərlə sufilər arasında nəsə söz-söhbət qalxıb. Getdim görüm nə olub orda. Həmzənin ürəyi düşdü, fikirləşdi ki yəqin dəlilər haranısa partladıb dağıdıblar, bəlkə də hansısa dərvişi, yainki müridi tutub döyüblər, ya da ayrı şey eləyiblər. Ürəyindəki dilinə gəldi: - Dava salıblar... -bir az da qorxa-qorxa soruşdu. - Yox əşi, dünən günorta sizin dəlilər bekar oturmaqdan beziblər, vaxtlarını öldürməkçün qurşağacan soyunublar, elə xanəgahın həyətindəcə başlayıblar hay-küylə güşt tutmağa, güləşməyə. Dərvişlər də əvvəl qorxublar, elə biliblər ki, dəlilərin sözü çəp gəlib, dava-dalaşa çıxıblar. Sonra hər şey məlum olub, xanəgahın sufiləri dəlilərə deyiblər ki, bura ziyarətgahdı, hər yerdən adamlar gəlir, nəzir gətirir, sizin həyətin ortasında soyunub güləşməyiniz ayıbdı. Dəlilər də razılaşıblar və gedib sufilərin, dərvişlərin zikr elədiyi, hal tutduğu iri səmaxananın içinə giriblər, orda güləşməklərini davam ediblər. Səmaxanadı, xəlvətxanadı, bunlar xanəgahın ən müqəddəs guşələrindən hesab olunur, o səbəbdən sufilər yenə də dəlilərə etiraz bildiriblər, təvəqqe eyləyiblər ki burdan da çıxsınlar. Amma bu dəfə sizin dəlilər qəzəbləniblər, elə biliblər ki, dərvişlər onlarla şəxsi-qərəzlik aparır, bununçün də xanəgahın xidmətçi sufilərini səmaxanadan qovalıyıblar, qapıları da içəridən bağlayıb təzədən güləşməyə, qurşaq tutmağa girişiblər. Dərvişlər də məcbur olub Xanəgahın Piri-mürşidi Şeyx İslamı çağırıblar, o gəlib öyüd-nəsihət verəndən sonra dəlilər səmaxanadan sakitcə çıxıb öz hücrələrinə çəkiliblər. Mən ora yetişəndə artıq məsələ həll olunmuşdu. Həmzəni fikir götürdü, belə məlum olurdu ki, Çənlibel dəliləri sufi xanəgahlarında, təkyələrdə çox qalsalar, nəsə hoqqa çıxardacaqlar. - Mustafa bəy, əgər bir neçə gün də Əbülfəz ağaya yaxın gələn olmasa, pusqunu götürək, dəliləri də yığıb aparım Çənlibelə, çünki xanəgahlarda bir az da qalsalar, mütləq nəsə bir xata çıxacaq əllərinnən. - Əşi, heç zad olmaz, fikir eləmə -Mustafa bəy onu sakitləşdirməyə cəhd elədi -Əgər sən deyən tək olsa, bir şey fikirləşərik. Şam yeməyindən sonra Keçəl Həmzə, Əbülfəz ağa, Mustafa bəy və ev sahibi İbrahim ağa yenə də dünənki kimi eyvana cəm oldular, bir az ordan-burdan söhbətləşdilər, səhəri gün Əbülfəz ağanın şəhər hakiminin yanına necə müşayiət etməyi müzakirə elədilər, tədbir tökdülər, nəhayət, Əbülfəz ağa qarşılarına düzülmüş sinilərin içindəki qoz-fındığı barmaqlarının arasında ovuşduraraq Mustafa bəyə baxdı: -Gərək ki dünənki söhbətin yarımçıq qaldı, bəy. Deyirəm, əgər ağalar etiraz eləməzsə, vaqeəni təmamə yetirərdin. Mustafa bəy əvvəlcə təəccüb elədi: -Nə vaqeə? -Gilan səfərindən danışırdın dün gecə -Əbülfəz ağa xatırlatdı. -Hə, tamam xatirimdən çıxmışdı, meyliniz varsa danışım, ta dünənki kimi çox çəkməz.- Mustafa bəy bunu söyləyib eyvanda oturanlara baxdı və sifətlərinin ifadələrindən hiss elədi ki, Şeyx Əhmədin vaqeəsi onlara elə maraqlı gəlib ki, elə dünənki kimi səhərəcən danışsa da şövqlə qulaq asacaqlar, bəlkə də məsələ heç maraqda-filanda deyildi, sadəcə, adam bekar olub darıxanda, vaxt deyilən o zalım məxluqu öldürməkçün bütün vasitələrə əl atır və bu səbəbdən də ən sarsaq vaqeələr də ona maraqlı görünür. - Gilan səfərimiz gözlədiyimiz təki müzəffər oldu, düzdü, deyilənə görə, Xan Əhməd şəxsən Şah Abbasın özünün Gilana gəldiyinə inanmaq istəməmişdi, elə bilmişdi ki, çaparlar onu aldadır, çün heç ağlına da gəlmirdi ki Şah Abbas ləşkərlə bahəm pay-piyada Gilanın şaxtalı dağlarını aşmağa ürək eliyər, amma qorçilər Lahicana hücum edəndə görmüşdü ki, yox, deyəsən doğrudan da Şahın cəza xəncəri artıq onun başının üstünə qalxıb və bir az da yubansa, boynu dibindən üzüləcək, başını da Şah Abbas qızıla tutdurub hərəmxanası üçün gilabpuş düzəldəcək. Bu minvalla, Xan Əhməd Karkiya tələsik şələ-küləsini yığıb, bizim fikirləşdiyimiz kimi, Rəşt limanına qaçdı, amma xəzinəsini tapşırdığı adamları orada tapa bilmədi, o vaxtacan mənim müridlərim artıq onun qızıllarının yerini dəyişmişdi, o səbəbdən də Xan Əhməd lüt-üryan gəmiyə minib Şirvanın Bakuyə limanına, Həsən paşanın yanına getdi. Şah Abbas da özünün ən yaxın qızılbaş əmirlərindən olan Mehdiqulu xan Şamlunu Gilan hakimi təyin elədi, on iki min qorçini də onunla bahəm Lahican şəhrində qoydu ki, giləklər innən belə daha dikbaşlıq eləməsinlər, Səfəvi xanədanına qarşı qiyama qalxmasınlar. Şahın müzəffər ordusu Qəzvinə dönəndən sonra bu qalibiyyətin şərəfinə atəşfəşanlıq təşkil olundu, şadyanalıq keçirildi, Şah Abbas Gilan qiyamının yatırılmağı şərəfinə beş yüz qulu azadlığa buraxdı, bütün qorçilərə xələt payladı. Xan Əhmədin gizlətdiyi xəzinəni tapdığıma görə əmir-əl Üməra Fərhad xan Qaramanlı dövlətxanada məni qəbul elədi, dedi ki, Mustafa bəy, şah sənin işini çox bəyənibdi və tapşırıb ki, sənə Ərdəbil ətrafında bir kənd bağışlayaq, üstəlik də, piyada gəzməməyinçün qızıl yəhər-yüyənli bir Qarabağ atı peşkəş verək sənə. Mən təşəkkür elədim, dedi lüzum yoxdu, şahım fərmayişi bizimçün Allah hökmüdü, əməl eləməsək cəhənnəmlik olarıq. Səfər bitəndən sonra Ərdəbilə, öz iqamətgahımıza dönməliydim, amma Şeyx Əhmədi görüb Noxum şəhərində diri-diri yandırdığımız övrətin vaqeəsini öyrənməsəydim, maraq məni öldürəcəkdi, onunçün də daha bir neçə gün Qəzvində qalası oldum, dövlətxananın həyətində Şeyx Əhmədi tapıb məsələnin səbəbini ondan soruşdum. O, mənim sualımı eşitcək əvvəl dilxor oldu, çün güman eylirdi ki, o övrətin yanarkən nə qışqırdığını ətrafdakı adamlardan heç birisi eşitməyib, amma indi görürdü ki, mən hər şeyə fikir vermişəm və vaqeəni danışmasa, heç vəchlə ondan əl çəkən deyiləm. Bir az fikr edəndən sonra Şeyx dedi ki, söhbət çox uzundur, dövlətxanadakı otağımda danışmağa imkan olmayacaq, yanıma gündə əlli adam-girib çıxır, hərəsi bir işçün gəlir, ya Şahın yanına çağırırlar. Sən istəsən axşam evimə təşrif buyurarsan, nəql eylərəm. Mən etiraz eləmədim, dövlətxanadan çıxıb qaldığım karvansaraya döndüm, şam namazından sonra havanın qaraldığı dəmlərdə getdim Şeyx Əhmədin malikanəsinə, nökərlərə özümü nişan verdim, məni ev sahibinin yanına apardılar. Şeyx ikimərtəbəli, pəncərələrinə şəbəkələr vurulmuş imarətin eyvanında əyləşmişdi, mən ora qalxanda gördüm ki, şeyx xalça üstə bardaş qurub oturubdu, qarşısında açdığı taxta rəhilin üstünə qoyduğu bir kitabı vərəqləməklə məşğuldu. Böyründə də saxsı yağ çırağı yanırdı. Amma deyəsən heç oxuyub-eləmirdi, eləcə barmaqlarını yazıların ətrafındakı alabəzək naxışların üstündə bir az gəzdirib vərəqi çevirirdi. Mənim eyvana qalxmağımı da hiss eləmədi, nədənsə mən də səsimi çıxartmadım, çiynimi eyvana açılan taxta şəbəkəyə söykəyib alaqaranlıqla ona, daha dürüst desəm, onun barmaqlarına baxmağa başladım. Əlli sinni olmamışdı hələ Şeyxin, qırx idimi, qırx beş idimi, dəqiq bilmirdim, amma ümumən Şeyx Əhməd yaşsız adamlardan idi, yəni yaş əslində hər bir bəni-adəmin xislətində, ruhunda hansısa təğyirlərin, təbdillərin, dəyişikliklərin ölçüsüdür, elə adamlar da var ki, bu gün on beş yaşlı növcavandı, sabah həştad yaşlı qoca, o biri gün qırx yaşlı kamil bir qoluzorlu adam, məsəlçün deyirəm, belə adamlar ümumən qocalmırlar, hətta zahirən də dediyim əlamətlərin saxlayırlar, Şeyx Əhməd Gilan səfəri zamanı qırx yaşlı kamil ağıllı, təmkinli, tədbirli bir nər igid idi, Noxum şəhrini alanda birdən-birə dəyişdi, ömründə birinci dəfə ova çıxan, özünü dövrü-bərindəkilərin gözünə soxmağçün rastına gələn bütün heyvanları oxa basan gözü qızmış qızılbaş növcavanlarına döndü, kəsdi-doğradı, qırdı-çatdı. İndi isə belini bir az qatlayıb, qarşısındakı kitabın üstünə taqətsiz halda əyilən, sifətinin dərisi qırışların altında görünməz olan və əlləri yüngülcə titrəyə-titrəyə kitabın vərəqlərini çevirən Şeyx Əhmədi seyr edəndə mənə elə gəlirdi ki, qabağımdakı doxsan yaşlı qoca bir adamdı. Ömrümdə inanmazdım ki, vərəqlərə az qala gücü çatmayan bu arıq, uzun əllər, titrək barmaqlar xəncər-bıçaq tutur, kiminsə başını kəsir, kimisə cəhənnəmə vasil edir.. Qəfildən həyətin aşağı başındakı tövlədən at kişnərtisi eşidildi və Şeyx Əhməd səsə çevrilib məni gördü, bir az diksinəntəhər oldu, xırda gözlərini qıyıb əcaib bir səslə dedi ki, lap bayquş kölgəsinə oxşadın, Mustafa bəy.
Mən də ağlıma gələn ilk sualı verdim ki, məgər bayquşların kölgəsi olur, axı onlar gecələr çıxırlar bayıra... Şeyx başını yellədib cavab verdi ki, yox, bayquşların ancaq gözləri olur, qoz boyda, onların ruhu da gözlərində olur, neyləyirlərsə, elə gözləriylə edirlər. İçini çəkib əlavə elədi ki, elə adamı da gözləriylə öldürürlər, yeyirlər. Düzü, Şeyx Əhmədin nə demək istədiyini fəhm edə bilmədim, yaxın gəlib onunla rubəru əyləşdim, kitabı göstərib soruşdum ki, bu nədi belə oxuyursan? Şeyx başını yenə aşağı salıb, barmaqlarını naxışların üstüylə gəzdirdi və elə bayquş kölgəsiylə danışırmış kimi cavab verdi ki, Ustadi-Əzəm Əbdürrəhman Caminin "Yusif və Züleyxa" mənzuməsidi. Sonra kimisə xatirinə gətirib əlavə elədi ki, o, bu kitabı çox xoşlayırdı, həmişə barmaqlarını naxışlara bu tövr sürtərdi, elə bil buradakı xırda gül-çiçək təsvirlərini danışdırmaq, onların dərdü-sərini, qəzavü-qədərini dinləmək istərdi, istədiyinə də nail olurdu. Bu vərəqlərdəki gül çiçəklər, yarpaqlar, kollar heç nəyi ondan gizləmirdilər, ürəklərini açıb danışırdılar, o isə sonra hər şeyi mənə söyləyirdi. Amma beş il bundan əqdəm, bir kəbutərə dönüb mənim bağımdan uçdu. O vaxtdan bəri illərdi ki, mən eynən onun kimi bu kitabı vərəqləyirəm, barmaqlarımı naxışlara sürtürəm, amma heç zad eşidə bilmirəm, şəkillər mənlə danışmaq istəmir. İnnən belə yəqin ki, üzümə də baxmaq istəməzlər, çünki bir həftə əvvəl mən öz əllərimlə onu yandırdım. Bu məqamda mən söhbətin kimdən getdiyini anladım, bildim ki Şeyx Əhməd Gilanda yandırdığımız haman övrətdən danışır. Bir müddət gözlərini yumandan sonra Şeyx Əhməd dərindən bir ah çəkib dedi ki, Mustafa bəy, yerini rahat elə, eşitmək istədiyin mətləbləri söyləyim. Bilirəm, siz sufilər allah adamısız, qeybət eləməyi sevməzsiniz, arxayınam, ta ki mən sağam, burda eşitdiklərini sənduqi sinənə qoyub ağzını da kilidləyəcəksən.... Mustafa bəy söhbətin bu yerində həm Keçəl Həmzəyə, həm də Əbülfəz ağayla İbrahim ağaya baxdı, özünə haqq qazandırırmış kimi əlavə elədi: - Nə qədər ki Şeyx Əhməd sağ idi, mən həqiqətən də bu vaqeəni heç kimsənin yanında açmamışdım, söz verdiyim kimi, gizli saxlamışdım. Səd heyf ki, keçən il bəzi bədxahlar Şeyx Əhmədlə Əmir-əl-Üməra Fərhad xan Qaramanlının arasını vurdular, nifaq saldılar, Şeyx Əhməd saraydan uzaqlaşdırıldı, Xorasandakı İsfərian qalasındakı qorçilərin rəisi mənsəbinə təyin edildi. Bundan bir o qədər keçməmiş Özbək hökmdarı Abdulla xanın ləşkəri Xorasana hücum eylədi və Şeyx Əhməd elə qala qapısının ağzında özbək nişançılarının oxuna tuş gəldi, canını şahımıza tapşırdı. Deyilənə görə, özbəklər onun başını nizəyə keçirdib Abdulla xanın çadırının böyrünə taxmışdılar ki, cəmi qızılbaşların gözünü qorxutsunlar. Ölümündən sonra isə, onun vaqeəsini sizə danışmağımda bir o qədər qəbahət yoxdur. Mustafa bəy bunu deyib nəfəsini dərdi və Şeyx Əhmədin ona danışdıqlarını nəql eləməyə başladı, amma səsinin, danışıq tövrünün dəyişməsindən Həmzəyə elə gəldi ki, bu saat Mustafa bəy əriyib gedib və bu vaqeəni onlarçün danışan elə Şeyx Əhmədin özüdür, bəlkə də bu dəm Şeyxin ruhu Mustafa bəyin cisminə girib onun diliylə öz qəziyyəsini söyləyib, bir növ, ürəyini boşaldırdı. - ...Onda mən hələ saraya gəlməmişdim, İmamqulu xan Qacarın ləşkərində minbaşı mənsəbindəydim. Şahzadə Həmzə mirzənin ölümü ərəfəsində bizim bölük gürcü məmləkətinə hücum eləmişdi, ordan qalibiyyətlə geri dönəndə Şəmşəddin mahalına çatmamış çuğullar bizə xəbər yetirdi ki, qarşımızdakı dağ keçidlərini birində gürcülərin böyük bir dəstəsi pusqu qurubdu, ləşkərimizin başına daş-qaya parçaları yağdırıb, sonra da üstümüzə tökülüşüb bizi qılıncdan keçirtməyə tədarük görürlər, dəstənin başında da hansısa bir gürcü knyazı durubdu. İmamqulu xan mənim minliyimi ayırdı, tapşırdı ki gizli dağ cığırlarıyla gedib qəfildən gürcülərin haman dəstəsinin başının üstünü alaq, qılıncdan keçirdək onları ki, qızılbaş qoşunu sağ-salamat bu dağlardan çıxa bilsin. Özümüzlə bələdçi götürüb nihani cığırlarla yuxarı qalxdıq, bizə pusqu qurmaq istəyən gürcülərin dəstəsini qəfildən haqlayıb hamısını cəhənnəmə vasil elədik, yalnız on-on iki adam qaçıb yaxınlıqdakı kəndlərdən birində gizlənə bildi. Yaralı gürcülərin dediyinə görə, dəstəyə başçılıq edən knyaz döyüş zamanı yaralanıb və indi qaçıb haman kəndə sığınanların arasındadı. Əvvəl istədik daha qaçanları təqib eləməyək, amma sonra ağlıma gəldi ki, bu gürcü knyazını əsir alıb şahzadə Həmzə mirzəyə təhvil versək, çox yaxşı olar, onun yanında qədrü-hörmətimiz də artar. Minliyimi ayağa qaldırıb haman kəndə tərəf yol aldıq, axşam tərəfi ora yetişdik. Elə də iri kənd deyildi, iki yüz ev ancaq olardı, əvvəlcə bənd-bərəni, kəndə qalxan yollları tutduq ki axtardığımız adamlar, ələlxüsus, da, o knyaz qaçıb aradan çıxmasın. Kəndi gizlincə mühasirəyə alandan sonra qərara gəldik ki adam göndərib yoxlayaq, birdən kəndin ətrafında bizə pusqu qurmuş olarlar. Nəsə elə bil şeytan məni yoldan çıxartdı, dedim, qlovuzlarla bahəm mən də gedirəm kəndin ətrafını gözdən keçirtməyə. Sonralar oturub fikirləşirdim ki, hərgah həmin gün o qlovuzlara qoşulub kəşfiyyata getməsəydim, başıma heç bu vaqeə də gəlməzdi. Hə, kəndin bir yanı sıldırım qayalara çiyin vermişdi, o biri tərəfi də sıx meşəlik idi, biz də meşəliyin içiylə gizlənə-gizlənə gəlib kəndin ətrafındakı xırda yamaca çıxdıq, rastımıza bir bəni-adəm gəlmədi, yamacın bir tərəfində kəndin üzümlükləri görünürdü, qlovuzlarımı yamac boyu səpələdim ki, ta üzümlüklərəcən gedib hər tərəfi yoxlasınlar. Özümsə yamacın sağ əlinə keçdim ki, qayaların dibiylə kəndə yaxınlaşım. Hündür dağ kollarının arasıyla bir xeyli sürünəndən sonra su səsi eşitdim, başımı qaldırıb gördüm yuxarıdakı kəndin içindən keçən xırdaca çay qayaların dibiylə üzüaşağı axır. Bir az nəfəsimi dərib arxın böyrüylə üzüyuxarı, kəndə tərəf sürünməyə başladım və əlli-altmış addımdan sonra birdən gülmək səsi dəydi qulağıma, tez kolluğun içinə yatdım, sürünüb lap arxa yaxınlaşdım, kolları aralayıb baxdım ki, məndən on addım aralıda on yeddi - on səkkiz yaşlarında bir qız xeylağı arxın suyunda xırdaca bir keçini çimizdirir, keçi də şıltaqlıq edir, atılıb-düşür. Qızın görkəmi məni valeh elədi lap, az qala huşumu başımdan çıxaracaqdı, iri qara gözləri, ceyran baxışları, zil qara rəngli ipək saçları elə bil allahın lütfü-mərhəmətinin nişanəsiydi. Əynindəki nazik ağ don suda islanıb əyninə yapışdığından bədəni tamam görünürdü, elə bil çılpaq idi. Təndürüst qamətindən nəzər çəkmək olmurdu. Bir müddət sonra qız keçini otluğa buraxıb diqqətlə o yan-bu yana baxdı, ətrafda heç kimin olmadığına arxayın olandan sonra islanmış donunu əynindən çıxarıb kolların üstünə atdı ki, günün istisində qurusun, özü isə tamam çılpaq qaldı, biixtiyar gözlərimi yumdum, elə bil işıq düşmüşdü gözümə. Qız bir az yuyunub sudan qırağa çıxdı, kolluğun yanındakı sıx otluqda böyrüüstə uzanıb gözlərini yumdu. İmamqulu xan Qacarın əmri də, bu kəndə nə səbəbdən gəlməyim də, elə öz kimliyim də bu qızın hüsnü-camalının istisində qar kimi əriyib getdi, hər şey yadımdan çıxdı. Zalım qızının çılpaq bədəninə elə bil yapışqan sürtmüşdülər, nəzərlərim onun mərmər sinəsinə, zərif boynuna, ağappaq ayaqlarına elə bərk yapışıb qalmışdı ki, bu dəm həzrəti Cəbrayıl da gəlsəydi, gözlərimi oradan qopara bilməzdi. Düzdü, Qəzvində gürcü kənizləri çox görmüşdüm, bir zaman üç-dördünü mən də alıb hərəmxanama qatmışdım. Ümumən, tərsa qızlarına məxsusi meylim vardı, amma bu qız tamam ayrıydı. Elə bil ayın bir parçasıydı, gətirib atmışdılar gözdən iraq bu dağ kəndinə. Qızın nə qədər uzandığını dürüst bilmirəm, bəlkə yuxuya getmişdi, bəlkə elə belə uzanıb özünü günə verirdi. Şəxsən mənim ürəyimdən elə bir istək keçirdi ki, bu çılpaq qız daha heç zaman yerindən tərpənməsin, mən də ta qiyamət gününəcən bu kolluğun içində uzanıb ona tamaşa eyləyəydim, həzrəti İsrafilin suru çalınan kimi isə elə bu çılpaq qızla bahəm durub birbaşa gedəydim Məşhər ayağına, Allah-təalanın suallarına cavab verməyə. Nəhayət, qız yerindən qalxıb əsnədi, kolluqların üstünə atdığı donunu əliylə yoxladı, quruduğunu görüb götürdü və yavaş-yavaş əyninə geyindi, böyründə otlayan xırda keçini də qabağına qatıb arxın yanındakı cığırla üzüyuxarı, kəndə tərəf yol aldı. Mən yerimdən tərpənmədim, təəccüblüsü bu idi ki, qızın çılpaqlaşıb arxda yuyunması, otluqun üstündə uzanıb özünü günə verməsi yox, məhz donunu əyninə geyinməsi səhnəsi mənim lövhi-xəyalıma ilişib qalmışdı. Bunun səbəbi mənim özümçün də pünhan idi. Düzdü, heç bircə dəfə də zənən xeylağının əyninə necə paltar geyməsini görməmişdim və məncə, burda qeyri-adi bir şey olmalı deyildi. Paltardı da, götürüb sakitcə keçirdir çılpaq əndamına. Amma bu qızın öz donunu otların üstündən götürməsi, başına keçirtməsi, yavaş-yavaş aşağı çəkməsi, yaxasının düymələrini bağlaması təkrar-təkrar gözümün qabağına gəlirdi və heç cür bu lövhənin cazibəsindən xilas ola bilmirdim. Bunun səbəbi çox-çox sonralar mənə aşikar oldu, bərgüzidə şüəramızın hansı birininsə əşarından bir beyti eşidəndə, gərək ki hürufi Nəsiminin əşarıydı və hərçənd, orda mətləb tamam ayrıydı, amma o kafər qızının əyninə libas geyməsi səhnəsinin nə üçün aylar boyu gözümün qabağından getməməsini mənimçün əyan elədi. Beyt gərək ki, beləydi: Nəqşi-xəyali-surətin sanma ki məndən ayrıdır, Mən bu xəyali-nəqş ilə nəqşi-xəyal içindəyəm. Mənimçün belə bir nəticə hasil oldu ki, cismlə ruh eyni zamanda, eyni bir dəmdə vüsala yetişərək, zövqü səfa içində əriyə bilməz. Cismin istəkləri, ehtirası, şəhvəti həmişə ruhun ayağına dolaşır, ona mane olur. Cismlərin vüsalı zamanı, yainki maddi didar dəmi, əslində, aşiqin ruhu hicranda olur. Fəqət cisimlərin vüsali təmamə yetəndən sonra ki hicran dəmi gəlir, aşiqlərin bədənləri, cisimləri biri-birindən ayrılır, məhz bu vaxt aşiqin ruhu vüsal bağına qədəm qoymuş olur, yəni cismani vüsalla ruhani hicran üst üstə düşdüyü kimi, cismani hicran da ruhani vüsalla üst-üstə düşür. Cismani vüsal zamanı insanın bütün fikri-zikri, diqqəti yalnız bədəninin istəklərinin, cisminin ehtiraslarının yanında olur, ruhaniyyata, bir növ, yer qalmır. Fəqət cismlər biri birindən uzaq olanda aşiqin cismi müəyyən mənada susur, yalnız bundan sonra ruh öz içindəki eşqi zahirə çıxartmağa müvəffəq olur, çünki bədənin ehtirasatı daha ona maneçilik törətmir, yəni Nəsiminin diliylə desək, aşiq məşuqəsinin nəqşü-xəyalı içində qərq olur, ruhən vusala yetir, bütün fikri-zikri yalnız məşuqunun yanında olur. O çılpaq gürcü qızının da əyninə libas geyinməsi səhnəsi ona görə mənim gözümün qabağından getmirdi ki, əslində, onun üryan bədəninin asta- asta örtülməsi, cismani gözəlliyinin hicaba bürünməsi maddi hicranın başlanğıcı olduğu kimi, eyni zamanda, ruhani vüsalın ilk dəmləriydi və o səbəbdən də ruhumun nəqqaşı haman səhnəni xəyalımın lövhəsinə bu cür səylə nəqş eləyibmiş, yenə də Nəsiminin sözü olmasın, onun çılpaq əyninə libas geyinməsi səhnəsi mənim ruhumun nəqşü-xəyal içində olmasının başlanğıcıydı. Müxtəsəri, kafər qızı boz keçisini də qabağına qatıb arxın boyunca kəndə tərəf qalxandan sonra mən daha bir müddət kolluğun içində uzanıb qaldım, hələ yerimdən tərpənməyə taqətim yox idi. Birdən arxa tərəfimdə yüngülvari bir fışıltı səsi eşitdim, çönüb gördüm ki, biləyim yoğunluğunda alabəzək bir ilan baldırımın üstündən sürünüb gedir. Biixtiyar əl atıb ilanın belindən yapışdım, götürüb arxa tərəf tolazladım. İlan bir şey fəhm edənəcən şappıltıyla suya düşdü, bir az suda çapalayıb birtəhər qırağa çıxdı və mənə sarı baxdı, nədənsə, ilanın gözləri mənə o gürcü qızını xatırlatdı. Heyvan bir dəm mənə baxıb arxın o biri tərəfindəki kolluqların içində yox oldu. Mən də gizləndiyim yerdən qalxıb dəstəmizin yanına gəldim. Demə o biri qlovuzlar çoxdan qayıdıblarmış və mənim gecikməyim hamını nigaran qoyubmuş, elə biliblər ki, gürcülərin pusqusuna düşmüşəm. Qlovuzların hamısı bir yerə yığışıb gördüklərini danışdılar və belə məlum oldu ki, kəndin ətrafında pusqu-filan yoxdu, şəksiz ki, gürcülər bizim dağların içində pünhana çəkilmiş bu xırda kəndə hücum eyləyəcəyimizi ağıllarına gətirmirdilər, o səbəbdən də arxayın idilər. Səhəri gün sübh tezdən ora hücum elədik, kəndin cəmi-cümlətanı beş-altı yüz əhalisi vardı ki, onlar bizim qızılbaş qorçilərini görən kimi ayaqlarımıza düşüb yalvardılar, aman istədilər, biz də söz verdik ki əgər qızılbaşlara pusqu quran o knyazı bizə təhvil versələr, heç kəsi qılıncdan keçirməyəcəyik. Amma camaatın tərpənməyinə lüzum qalmadı, qorçilərimiz kəndi alan kimi sağ ayağı, bir də başı cunayla sarınmış zadəgan geyimli arıq, uzun bir oğlan axsaya-axsaya hüzuruma gəlib dedi ki, bilirəm, siz mənim dalımca gəlmisiz, qızılbaşlara pusqunu mən təşkil eləmişdim. İni də sizə təslim oluram, daha camaata dəyməyin. Qorçilər onun ayaqlarını qandallayandan sonra mən fərman verdim ki, camaatın hamısını kəndin içindən keçən arxın böyründə sıraya düzsünlər, iyirmi-otuz adam seçib özümüzlə görov götürəcəyik ki, gürcülər ardımızca təzədən silahlı dəstə göndərməsinlər. Yəni əslində məqsədim dünən arx kənarında gördüyüm qızı özümüzlə götürmək idi, amma istəyirdim ki, nə dəstəmdəki qorçilər, nə də İmamqulu xan Qacar bir şeydən şbhələnməsin, çünki məhz bu yürüş zamanı ləşkərin sürətini azaltmamaqçün əsir götürmək bizə qadağan olunmuşdu. Hamı düzüləndən sonra, haman qız da daxil olmaqla, on nəfər zənən xeylağı, on nəfər də növcavan gədə seçib ayırdım, dedim ki sizi Səfəvi məmləkətinin paytaxtına aparıram, onlar da ailələriylə sağollaşıb dinməzcə dalımızca düşdülər, üzlərindən bilinirdi ki yalan olmasın elə, bil sevinəntəhər olublar. Çün bilirdilər ki, əsir götürülən gürcü gədələrinə çox vaxt islamı qəbul elətdirib onları Səfəvi sarayındakı qulamların cərgəsinə qatırlar, övrətlər də adlı-sanlı əmirlərin hərəmxanalarına verilir. Şübhəsiz, belə həyat onlarçün bu dağ-daşın içində ömür çürütməkdən daha maraqlı görünürdü. Şəmşəddin mahalında öz minliyimi İmamqulu xan Qacarın dəstəsinə yetirdim, gürcü knyazını da ona təhvil verdim, ordan da yola düzəldik Gəncə şəhrinə. Çaparların gətirdiyi əxbara görə, şahzadə Həmzə mirzə əsas qızılbaş ləşkəriylə bahəm Gəncə civarında düşərgə salıb və İstanbul sultanının ən əzəm sərkərdələrindən olan Fərhad paşa ilə müharibəyə tədarük görür. Gəncəyə çatmamış mən xırda bir karvan düzəldib haman kənddən götürdüyümüz əsirləri Qum şəhərinə, qardaşımın yanına yollaldım, namə də yazdım ki o biri əsirləri necə məsləhət bilsən elə də yerbəyer elə, amma filan nişanda olan qızı qat mənim hərəmxanama. Onları yola salıb Gəncəyə üz tutduq, əsas qızılbaş ləşkərinin düşərgəsinə yaxınlaşanda gördük ki aləm qarışıb biri-birinə, it yiyəsini tanımır. Əvvəl elə bildik ki, şahımızın başında qəza var, fəqət başılovlu ora-bura qaçışan qorçilərdən soruşub öyrəndik ki, yox, şah Məhəmməd Xudabəndə sağdı, başına qəza gələn isə böyük şahzadə Həmzə mirzədi. Demə, şahzadə dünən gecə öz çadırında yatıbmış və onun şəxsi dəlləyi olan Xoy ermənisi Xudaverdi gecə yarı onun çadırına gəlib, qorçilərə deyib ki, Həmzə mirzənin fərmayişinə görə, onunçün səhər geyinməyə təzə libaslar gətirmişəm. Qorçilər də heç zad deməyiblər, çün bu erməni dəlləyi şahzadənin ən yaxın xidmətçilərindən biriyidi, nə vaxt istəsə, onun yanına girməyə ixtiyarı vardı. Bu minvalla vələdüzna erməni çadıra girib Həmzə mirzənin boğazını öz dəllək ülgücüylə kəsib və sakitcə çıxıb eşiyə, növcavan şahzadə elə yuxudaca canını tapşırıb. Yalnız səhərə yaxın onun sübh namazına çıxmadığını görən qulamlar içəri girməli olublar və şahzadənin qətlə yetirilməsi əyan olub. Bizim dəstə düşərgəyə girəndə ah-fəğan səsləri biri-birinə qarışmışdı. Kimisi lənət oxuyurdu, kimisi qarğış edirdi, kimisi ağı deyirdi. Qızılbaş əmirləri də, elə Şah Məhəmməd Xudabəndənin özü də çox pəjmürdə halda idilər. Hamısı güman edirdi ki səltənətin dirəyi, hamının ümidi-pənahı olan Həmzə mirzənin qətlindən sonra İstanbul sultanının ləşkərinin qabağında dayanmaq müşkül olacaq. Ən çox da əhvalı pozulan Şah Məhəmməd Xudabəndə idi. Son vaxtlar gözləri yavaş- yavaş tutulur, bədəni taqətdən düşürdü. Böyük fərzəndi Həmzə mirzənin cəngü-cidal meydanında, səltənətin idarəsində göstərdiyi məharət onu yaman sevindirirdi, eşitdiyimə görə, hətta fikri varmış ki, yaxın zamanlarda Qızılbaş məmləkətinin tacını iyirmi yaşlı şücaətli, cəsarətli Həmzə mirzəyə təslim eləsin, onu taxta əyləşdirsin. Amma bir gecənin içində onun bütün ümidləri pozulmuşdu, bu məlun erməni dəlləyinin sui-qəsdi, böyük fərzəndinin belə növcavan yaşında qətlə yetirilməsi şahın belini qırmışdı. Elə bütün günü düşərgənin içində gəzir, ağarmış saqqalını yolur, gözlərinin yaşını axıdırdı. Mən Gəncə civarında dayandığımız iki gün ərzində bu məsələnin kökünə getməyə cəhd elədim, birbaşa rəisim olan İmamqulu xan Qacarın yanında bu xüsusda söz saldımsa da, o, nə səbəbdənsə cavabdan boyun qaçırtdı. Ya heç nə bilmirdi, ya da bildiyini adi minbaşıya açmaq istəmirdi. Qoşunun içində bu sui-qəsdlə bağlı çox söhbətlər gəzirdi. İnandırıcı olanı da vardı, nağıla oxşayanı da. Kimi deyirdi ki, sui-qəsd olmayıb, dəllək Xudaverdi şahzadənin üzünü təraş eləmək istəyib, amma bir müddət əvvəl hər ikisi bahəm şərab içib sərxoş olduğundan, dəlləyin əli əsib, iti ülgüc təsadüfən Həmzə mirzənin boğazını kəsib. Bir qism adamlar deyirdi ki, Xorasan əmirləri tərəfindən taxt-tacın yeganə varisi elan edilən Şahzadə Abbas mirzənin göndərdiyi adamlar təşkil edib bu qətli. Üçüncü qism adamlar isə, söyləyirdilər ki, bu qətli məmləkətdəki tacik və kürd əmirləri təşkil edib, erməni Xudaverdidən isə, onlar, bir növ, alət kimi istifadə ediblər ki, niyyətlərini həyata keçirtsinlər, məqsədləri də bu olub ki, Səfəvi xanədanı Həmzə mirzə kimi şücaətli, cəsarətli şahzadədən məhrum olsun, qızılbaş əmirləri arasına nifaq düşsün, tayfalar bir-birini qırsınlar və nəhayətdə, xanədan gücdən düşsün, dağılıb getsin, taxta başqa sülaləni çıxartsınlar. Ləşkərin içindəki tacik məmurları da şahzadənin qətlinin əsas səbəbkarı kimi onun ən yaxın əmirlərindən olan İsmayılqulu xan Şamlunu, Əliqulu xan Fəth oğlu Ustaclunu görürdülər, deyirdilər ki guya şahzadə onlardan üz döndərib, türkman və əfşar əmirlərinə meyl etdiyinə görə, qərara gəliblər ki, onu tələf eləsinlər, əvəzinə azyaşlı şahzadə Təhmasib mirzə varis elan olusun. Düzü, axırıncı fikir mənim ağlıma batmırdı, çünki adıçəkilən əmirlər həmişə Həmzə mirzəyə sadiq olmuşdular, ən çətin məqamlarda da şahzadəni tərk etməmişdilər. İndi Həmzə mirzənin onlardan üz döndərib Təkəlilərə, Türkmanlara sığınmaq istəməsi doğru sözə bənzəmirdi. Müxtəsəri, hiss edirdim ki ləşkərin içində dolaşan bu söz-söhbətin çoxu həqiqətdən xeyli uzaqdı, uydurmadı. Elə bu zaman ağlıma gəldi ki, qohumum olan Sufi Xəlil uzun müddətdi ki, Həmzə mirzənin möhrdarıdır. Şəksiz ki, o, bir çox gizli mətləblərdən xəbərdar olmalıydı. Sufi Xəlili çox çətinliklə tapdım, düşərgənin sakit bir bucağına çəkib şahzadənin qətliylə bağlı sorğu-suala çəkdim. Düzdü, o da əvvəl danışmaq istəmədi, yəqin kimlərdənsə çəkinirdi, ya ayrı səbəb vardı, amma çox çək-çevirdən sonra bildiklərini söyləməyə qərar verdi, dedi ki, Şeyx Əhməd, əmirlərimizin arasına nifaq salmaq, tayfalarımızı bir-birinə qırdırmaq, bu minvalla da Səfəvi xanədanının devirmək istəyənlər çoxdu, şahzadə Həmzə mirzə də bu fitnə-fəsadların qurbanı oldu. Ən əvvəl onu deyim ki, bu erməni dəlləyi Xudaverdini bir zamanlar səltənətin baş vəziri tacik Mirzə Salman İsfahani məsləhət görmüşdü şahzadəyə, niyyəti də bu idi ki, Həmzə mirzənin lap yanında onun öz adamı olsun, şahzadənin hər addımı barədə Mirzə Salmana xəbər versin, həm də lazım olanda dəlləyin köməkliyi ilə şahzadənin fikrini öz istədiyi istiqamətə döndərə bilsin, yəni ona təsir imkanı olsun. Dəllək Xudaverdi də bütün ermənilər kimi hər cür fitnə fəsadda, riyakarlıqda məxsusi məharət sahibiydi, o səbəbdən də qısa bir müddətdə min cür üsulla Şahzadənin qılığına girib hörmətini qazanmağa nail ola bildi. Baxmayaraq ki mən, Həmzə mirzənin şəxsi möhrdarıydım, həm də onun yanında bu ermənidən çox əvvəl xidmətə başlamışdım, amma bu dəllək ona elə sifətlər göstərmişdi ki, Həmzə mirzə onu məndən də, o biri xidmətçilərindən də yaxın bilirdi özünə, bütün gizli sirlərini ona danışardı, bu dəyyus da o saat qaçıb hər şeyi gizlincə Vəzir Mirzə Salmana çatdırardı. Bu barədə şahzadəyə bir neçə kərə eyham vursaq da inanmamışdı, elə bilmişdi ki, bizim kimi türkman olmadığıyçün ona paxıllığımız tutur, onu saraydan uzaqlaşdırmaq istəyirik. Həm də bu erməni öz işlərini həmişə elə qururdu ki, heç zad sübut eləmək olmurdu.
Baş vəzir Mirzə Salmanın qızılbaş əmirlərinə qarşı min cür fitnə-fəsadlar törətməsi, onların arasına nifaq salması, nəhayət ki, əmirləri bezdirdi, sözü bir yerə qoyub Herat civarında onu qətlə yetirdilər. Bundan sonra mərhum vəzirin saraydakı bütün yaxın adamları cəzalandırıldı, mənsəbdən çıxarıldı, amma şəxsən Həmzə mirzənin səyi nəticəsində dəllək Xudaverdiyə toxunan olmadı. Rəhmətlik şahzadə onun xətrini çox istəyirdi. Ən əcaibi isə bu idi ki, Mirzə Salman öldürüləndən sonra da Xudaverdi əvvəlki işlərindən qalmırdı, şahzadənin ətrafında cürbəcür fitnə-fellər törədirdi, məni ən çox heyrətə salan bu idi ki, bu erməni dəlləyinin özü elə bir fərasət yiyəsi deyildi ki, təkbaşına bu işləri görə bilsin, Mirzə Salman da daha yox idi, bəs onda indi kim idi bu erməninin dalında dayanan, onu bir növ yol göstərən? Bunu düzü heç kəs bilmirdi. Son aylarda hiss eləyirdim ki. Xudaverdi bizim şahzadəni Qəzvindəki ən nüfuzlu qızılbaş əmirlərindən olan İsmayılqulu Xan Şamlu, İmamqulu xan Qacar və Əliqulu xan Fəth oğlu Ustacluya qarşı qaldırmağa səy eylir, onların guya Xorasandakı həmtayfaları ilə gizli əlaqə yaradıb o biri şahzadə Abbas mirzəni Qəzvinə dəvət etmək, taxta otuzdurmaq niyyətində olduqlarını söyləyirdi. Sonra da şahzadənin beyninə doldururdu ki, Qəzvindəki Şamlu və Ustaclu əmirlərindən üz döndərsin, əvəzində, Kaşana qaçmış Mürtəzaqulu xan Türkmanı saraya dəvət etsin və Təkəlu, Türkman tayfalarının köməyiylə Şamluları, Ustacluları məğlub eləsin, yoxsa bu tayfaların Qəzvindəki əmirləri Xorasandakı həmtayfaları ilə birləşib Həmzə mirzəni hakimiyyətdən kənarlaşdıracaq, Abbas mirzəni gətirib taxta otuzduracaqlar. Dəllək Xudaverdi belə danışanda mən də etiraz edirdim ki, yox, bu düzgün iş olmaz. Hərçənd, vaxtıyla Məşhəd hakimi olmuş Mürtəzaqulu xan Türkmanı Xorasandakı Şamlu və Ustaclu əmirləri sıxışdırıb ordan çıxartdılar, o da qaçıb Kaşan hakimi olan qohumu Əli xan Türkmana sığındı, o vaxtdan da Şamlu və Ustaclu əmirləriylə ədavət aparır, onları özünə düşmən sayır. Amma bir məsələ də var ki Təkəli, Türkman və Zülqədər tayfaları keçən il Şah Məhəmməd Xudabəndəyə qarşı qiyama qalxmışdılar, hətta şahzadə Həmzə mirzə Rum yeniçəriylə Təbriz civarında vuruşanda, onlar, müvəqqəti də olsa, Qəzvini tutub kiçik şahzadə Təhmasib Mirzəni taxta əyləşdirmişdilər. Sonra da biz qiyamçıların ləşkərini zəbun eləyə bildik. Dediyim odu ki, Türkman və Təkəlü tayfaları kiçik şahzadə Təhmasib mirzəni taxta varis elan eləməyin tərəfindədirlər. Onda əgər biz onları Qəzvinə dəvət eləsək və onların köməyilə Şamluları, Ustaclıları uzaqlaşdırsaq, nə bilmək olar, bəlkə onlar Həmzə mirzəyə xəyanət edib, yenə də Təhmasib mirzənin tərəfinə keçdilər? Şahzadənin özü də mənim fikrimi daha məqbul sayırdı, təkrar eylirdi ki, möhrdar Sufi Xəlil düz buyurur, Türkmanları Qəzvinə çağırmağın axırı pis qurtarar, həm də Şamlu, Ustaclu, Qacar tayfalarının Qəzvindəki əmirləri həmişə mənə sadiq olublar, heç ağlım kəsmir ki onlar Xorsandakı həmtayfaları ilə əlbir olalar, İsmayılqulu xan Şamlu da, Əliqulu xan Fəth oğlu Ustaclu da məni heç vaxt bəd ayaqda tək buraxmayıblar, mən onları Mürtəzaqulu xan Türkmanın ayağına verə bilmərəm. Müxtəsəri, şahzadəylə bizim məhrəm məclislərimizdə belə söhbətlər çox olurdu. İki gün əvvəl bu qoduq erməni gecə çadıra girib, yatdığı yerdə Həmzə mirzənin boğazını kəsdi, sonra da İsmayılqulu xan Şamlunun yanına qaçıb onun yanında gizləndi. Hamımız heyrətləndik ki nə səbəbdən İsmayılqulu xan bu dəyyusun dərisini boğazından çıxartmayıb, bəlkə bu qətli elə o özü təşkil edib? Məsələnin səbəbini öyrənməkçün mərhum şahzadənin bir neçə yaxın adamıyla bahəm İsmayılqulu xanın yanına getdik, o erməni dəlləyini nə səbəbdin gizlədibsən, cəzasını niyə vermirsən? İsmayılqulu xan bizə hər şeyi danışdı, məlum oldu ki, haman gecə bu erməni dəlləyi xanın yanına gəlib deyibmiş ki, Şahzadə Həmzə mirzə Şamlu və Ustaclu əmirlərindən üz döndərib, Türkman və Təkəlu əyanlarıyla birləşmək niyyətindədi, dediyini sübut eləməkçünsə Şahzadənin guya Kaşana, Mürtəzaqulu xan Türkmana yazdığı gizli naməni də İsmayılqulu xan Şamluya göstərib. Namədə yazılıbmış ki, əgər Türkman, Təkəli və Zülqədər əmirləri Qəzvinə gəlib şahzadə Həmzə mirzənin xidmətində durmağa razı olsalar, onların düşməni olan İsmayılqulu xan Şamlunun və Əliqulu xan Fəth oğlu Ustaclunun başı kəsilib nizələrə keçiriləcək. Bu naməni oxuyandan sonra İsmayılqulu xan qəzəblənib deyibdi ki, o bədxislət, riyakar gədənin başını kəsib itlərə yedizdirmək lazımdır. Bu söz onun ağzından çıxan kimi dəllək Xudaverdi deyib ki, mən artıq onun başını kəsmişəm, bununla da sizi xilas eləmişəm. Xan bütün bunları danışandan sonra mən lap çaşıb qaldım . Axı şahzadənin şəxsi möhrdarı mən idim, möhür də yalnız məndə idi, nə namə yazılsaydı, məni çağırırdılar ki kağızın altından möhürü basım. Amma şahzadənin Mürtəzaqulu xan Türkmana namə yazmasından mənim xəbərim yox idi. Sözümü İsmayılqulu xana dedim və təvəqqe elədim ki, əgər mümkünsə, o naməni göstərin baxım. Xanın mirzəsi naməni gətirdi, mən açıb baxan kimi anladım ki, bütün bunlar qurmadı, bu saxta naməni şahzadə yazmayıb. İsmayılqulu xana dedim ki, o erməni dəlləyi sizə yalan satıb, bu naməni ayrı adam yazıbdı, düzdü, xəttini şahzadənin xəttinə oxşadıblar, amma mən onun şəxsi möhrdarı olduğumdan, şahzadənin xəttinə lap yaxından bələdəm, hər hərfi necə yazmağını bilirəm, şəksiz ki, bu onun xətti deyil. Həm də bu möhür ayrıdır, mənim möhürümün sağ tərəfi azca yeyilibdi, nə qədər bərk sıxsan da, bir yanı açıq düşür, amma bu namədəki möhür izi tamam aydındı, bilinir ki təzə düzəltdiriblər. Yəqin ki bu qurmanı quran adamlar şahzadənin adından namə də yazıblar, onun möhürünün tayını da düzəltdiriblər. Bunu deyib rəhmətlik Həmzə mirzənin hələ də məndə olan möhrünü çıxarıb haman namənin üstünə basdım və İsmayılqulu xana verdim ki, al, özün tutuşdur. Xan baxıb gördü ki mən düz deyirəm, lap qəzəblənib özündən çıxdı, o erməninin çadırına gətizdirib elə hamımızın qabağındaca it kimi çırpdı, sonra da əmr elədi ki, düşərgənin ortasında ocaq qalayıb bu dəyyusu diri-diri yandırsınlar. Amma erməninin bu işi kimlərin təhrikiylə gördüyünü öyrənə bilmədik, ona nə qədər işgəncə versək də, heç nə demədi, yəni ermənilər elə də igid deyillər ki kişi kimi hər cür işgəncəyə dözüb sirri saxlayalar, yox, əgər o qoduq bilsəydi, hər şeyi deyərdi, yəqin ki, sui-qəsdi təşkil edənlər bu erməniylə tamam ayrı adamların vasitəsilə əlaqə saxlayırmışlar ki, bəd ayaqda heç kimi sata bilməsin. Müxtəsəri, Şeyx Əhməd, bu gün zöhr namazından sonra o dəllək Xudaverdinin hamımızın gözünün qabağına diri-diri yandıracaqlar, lakin çifayda, məgər bu üsulla Həmzə mirzəni geri qaytarmaq mümkün olacaqdımı? Səltənətimizi qara günlər gözləyir, Allah bizə rəhm eləsin. Hər şeyi mənə danışdığına görə möhrdar Sufi Xəlilə çox sağ ol dedim və bahəm getdik düşərgənin ortasındakı meydana ki, o erməni dəyyusun yandırılmağına tamaşa eləyək. Ertəsi gün Şah Məhəmməd Xudabənə düşərgəni ayağa qaldırdı, Həmzə mirzənin cənazəsini Ərdəbilə gətirib Şeyx Səfinin məqbərəsində, o biri qızılbaş şahlarının və şahzadələrinin yanında dəfn elədik və Qəzvinə gəldik. Həmzə mirzənin qətlindən sonra Şah Məhəmməd Xudabəndə tamam haldan düşdü və məmləkətin azman əmirləri məşvərət qurandan sonra qərara gəldilər ki, Xorasandan Şahzadə Abbas mirzəni Qəzvinə dəvət eləsinlər. Müxtəsəri, Şahzadə Abbas mirzə paytaxta gəldi, taxta əyləşdirildi və səltənətin idarəsinə başladı. Mən də bir zaman rəisim olan İmamqulu xan Qacarın köməyiylə saray qorçilərinin yüzbaşısı təyin olundum, saraydakı xidmətimin birinci ilinin tamamında isə Şah Abbas xidmətimi çox bəyənib məni bütün saray qorçilərinin rəisi təyin elədi. Hə, yalnız sülh bağlanandan və sarayda mənsəb sahibi olandan sonra vaxt tapıb münasib bir mülk aldım və külfətimi Qumdan paytaxt Qəzvinə köçürtdüm, əhli-əyalım təzə malikanədə yerbəyer oldu. Yalnız bundan sonra, iki il əvvəl əsir götürdüyümüz haman gürcü qızını könlüm istədi. Düzdü, əvvəllər də xatirimdəydi, fəqət cəng-cidaldan başım ayılmadığından, heç bircə kərə üzünü görməyə də macalım olmamışdı. Təzə mülkdə yerbəyer olandan sonra, axşamların birində böyük hərəmim Gövhərbəyim son vaxtlar hərbi yürüşlərdə, qovğa meydanlarında taqətdən düşmüş, yel tutmuş ayaqlarımın oynaqlarını məlhəmlə ovuşdurduğu zaman yavaşca xəbər aldım ki, tərsa qızı neyləyir, sizi çox incitmir ki? Yaşı otuzu təzəcə keçsə də əməlli-başlı xanım-xatın olmuş Gövhərbəyim bu sualı eşidən kimi bir anlıq əl saxladı, nəzərini ayaqlarımdan ayırıb başını qaldırdı, düz gözlərimin içinə baxdı, amma heç nə söyləmədi, ağır-ağır içini çəkib yenə də ayaqlarımı ovuşdurmağını davam elədi. Gövhərbəyimin içini çəkməyindən anladım ki, deyəsən tərsa qızıyla aralarında nəsə söz-söhbət olubdu. Heyrət bürüdü canımı. Axı Gövhərbəyim həmişə mənim evimin, bir növ, ağbirçəyi olmuşdu, hərəmxanamdakı o biri üç-dörd övrətə də, kənizlərə də, qul-qaravaşa da böyüklüyü həmişə o eləmişdi, əsl ağbirçək kimi də hamısını yola verirdi, qoymurdu ki, aralarında artıq-əskik söz-söhbət olsun, hansı bir övrətin, ya kənizin dərdi, azarı olsaydı, əvvəl Gövhərbəyimə deyərdilər, imkanı olsaydı özü əlac eylərdi, olmasaydı, o gəlib mənə deyərdi, mənim də hansı bir arzu-istəyim, sözüm olsaydı, o çatdırardı hərəmlərə. Həm də çox ağıllı-kamallı övrət idi Gövhərbəyim, o birilərdən təfavütü bu idi ki, mənim fikrimdə tutub demək istədiklərimi yarı sözdən anlayırdı. Mən də bununçün hərəmxanamın külli-ixtiyarını vermişdim ona, bütün mübahisələrdə, narazılıqlarda son söz onunku olurdu, o da, istər kəbinli arvad olsun, istər qul-qaravaş, yainki kəniz olsun, fərq qoymazdı, hamıya ədalət nəzəriylə baxardı, heç kimi incitməzdi. O səbəbdən də gürcü qızını soruşanda onun bu tövr ah çəkib cavab verməməyi və başını aşağı salmağı mənə birtəhər gəldi. Elə bil nəsə demək istəyirdi, amma otağın döşəməsinə salınmış alabəzək xalçalardan, divarlara bərkidilmiş qızılı tikmələrdən, tavandan asılmış gümüş qəndillərdən utanırdı, çəkinirdi, onların eşidəcəyindən qorxub sözünü deməyə ehtiyat edirdi, eləcə istəyirdi ki, onun susmağından mən anlayım hər şeyi. Nədənsə, həmin dəm ayaqlarımdakı ağrını unudub otağın içinə nəzər yetirəndə mənə də elə gəldi ki, xalçaların üstündəki gül-çiçək təsvirləri, tikmələrin səthindəki qızılı yarpaqlar, qəndillər üstə yonulmuş kollar, bir sözlə, ətrafdakı bütün nəbatat təsvirləri bu saat cana gəlib öz yerlərindən elə bil bir az qabağa çıxıblar, qulaqlarını şəkləyib gözlərini bizim ağzımıza dikiblər, nə danışdığımızı xatirlərində saxlayıb sanki kiməsə çatdırmaq niyyətindədilər. Biixtiyar "bismillah" dedim, bu kəlmə ağzımdan çıxan kimi ətrafımdakı nəbatat təsvirləri sakitləşəntəhər oldular, öz yerlərinə çəkilib farağat durdular. Tərsa qızını soruşandan sonra hiss elədim ki, Gövhərbəyimin əllərinin gücü azaldı, daha əvvəlki kimi barmaqları oynaqlarımın qurumuş yerlərini həssaslıqla axtarıb tapmırdı, eləcə ayaqlarımı yüngülcə ovxalamaqla məşğul idi, fikri də ayrı yerdəydi. Özümü saxlaya bilməyib xəbər aldım ki, bəyim, niyə əhvalın dəyişdi, olmaya gürcü qızı rəncidə eyləyib sizləri? Gövhərbəyim əvvəlcə yenə danışmaq istəməsə də, daha bir yol içini çəkəndən sonra əl saxlayıb başını qaldırdı, yenə də gözümün içinə zillənib əcaib tərzdə ağırlaşmış bir səslə dedi ki, şəyatin göndərmisən evimizə, Şeyx, bunun axırı heç yaxşı olmaz, ürəyimə damıb. Gövhərbəyimin səsi boğazından yox, sinəsindən yox, ruhunun ən zülmət, ən soyuq bir mağarasından çıxırdı və hiss elədim ki, bu ağır səs özbaşına zühur eləmir, onun ruhunun künc-bucağında dolaşan, azadlığa çıxmağa cəhd eləyən qorxu, vahimə yelidi bu səsi qabağına qatıb işıqlı dünyaya çıxardan, bununçün də kəlmələr onun ağzından çıxan kimi haman vahimə, qorxu yeli mənim də üzümə çırpıldı, soyuqluğu bədənimə yayıldı, biixtiyar tüküm ürpəşdi. Soruşdum, neyləyib gürcü qızı ki, sən bu tövr xəyala düşübsən? Gövhərbəyim nəzərlərini məndən ayırıb oturduğumuz otağı diqqətlə gözdən keçirdi, baxışları yerdəki xalçaların, divarlardakı tikmələrin, tavandakı qəndillərin üstüylə sürüşdükcə mənim heyrətim də artırdı, axı onun gözləri nəyi görmək istəyirdi, nə axtarırdı belə səylə, bəlkə nəyisə görmək istəmirdi? Allah bilir. Bəyimin nəzərləri otağı süzəndən sonra əynindəki açıq göy rəngli, daş-qaşlı tirmə çəpkənin, bəzəkli ipək donunun üstündə dayandı və birdən bayaqkı kimi ağır bir səslə dedi ki, onun gözləri bəni-adəm gözləri deyil, Şeyx, Allaha and olsun ki, düz deyirəm, gözlərini zilləyəndə, sanasan Əzrayıl baxır adama. Gövhərbəyimin sözündən fikrə getdim, fəqət nə qədər cəhd eləsəm də, gürcü qızının gözlərini xatirimə gətirə bilmədim, xəyalımda dolaşan onun yalnız çılpaq bədəninə paltar geyinməsi lövhəsiydi. Soruşdum ki, bəyim, sən məgər Əzrayıl görübsən ki? Cavab verdi ki görməmişəm, amma o gürcü qızı mənə hər dəfə baxanda hansısa lahuti bir səs qulağıma pıçıldayır ki, Əzrayılın nəzərləridi bu saat sənin üstündə gəzişən. Allaha and olsun ki, o qızın nəzərində dırnaqları var, adamın ruhunu cızıb dağıdır. Mat-məəttəl qaldım, əvvəl elə bildim ki, Gövhərbəyimin ayinə kimi təmiz ruhunu büxl tozu tutubdu, paxıllıqdan haman gürcü qızını mənim nəzərimdən salmaq istəyir. Amma bəyimin gözlərinə diqqətlə baxanda məlum oldu ki, yox, onun ruhunda heç zad dəyişməyibdi, elə əvvəlki Gövhərbəyimdi. Xub, bəs onda bu danışdıqları nəydi? Bəlkə doğrudan da cadugər gətirmişdim evə? Ayağa qalxıb otağın içində bir az var-gəl elədim, fikirləşdim, sonra Gövhərbəyimdən soruşdum ki, bəs evdə sizinlə necə yola gedir, özünü necə aparır? Gövhərbəyim başındakı zərli ləçəyin qıraqlarını düzəldib cavab verdi ki, təzə gələndə bizimkilərə qaynıyıb-qarışmırdı, yalnız öz kəndlərindən gələn əsirlərlə üns tuturdu, fəqət sənin qardaşın o biri əsirləri aparıb satandan sonra bu qızın əhvalı lap korlandı, bir müddət heç kimlə danışıb-eləmədi, elə bütün günü ağlaya-ağlaya otaqları gəzib kor adamlar təki əllərini divarlara, xalça-palaza sürtürdü. Mən güman eyləyirdim ki, cünun olubdu bu qız xiffətdən, amma diqqət elədikcə gördüm ki, barmaqlarını elə-belə sürtmür divarlara, xalça-palaza, onların üzərindəki gül-çiçək, kol-kos təsvirlərinin üstüylə gəzdirir, öz dillərində nəsə pıçıldayır. Day bilmirəm cadu edir, yainki ayrı işlə məşğuldu, sanasan doğma adamlarıyla öz dərd-sərini bölüşür. Bir-iki aydan sonra yavaş-yavaş sakitləşdi, gözünün yaşı da qurudu, o biri hərəmlərə, kənizlərə qaynayıb-qarışmağa başladı. Bizim dilimizdə yazıb-oxumağı da öyrəndi, davranışı bir az dəyişdi, amma gözlərindəki şeytanlar itmədi, eləcə bir az dərinə çəkildilər, gizləndilər. Şeyx Əhməd, Allaha dua elə ki, o şeytanlar təzədən zühur eləməsin. Gövhərbəyimin sözləri məni çox düşündürsə də, sonrakı on gün ərzində də gürcü qızını görməyə vaxtım olmadı, başım yaman qarışdı, çün Xarəzm hakimi Nur Məhəmməd xanın elçiləri təşrif buyurmuşdu Qəzvinə. Son vaxtlar Buxara hakimi Abdulla xan bizim Xorasana basqınlar elədiyi kimi, Xarəzmə, Urgəncə də hücumlar edirdi, niyyəti də buydu ki, sələfi Şeybani xanın zamanında olduğu kimi, bütün Mavərənnəhri, Xarəzmi, Xorasanı birləşdirib möhtəşəm bir dövlət qursun. Xarəzm hakimi Nur Məhəmməd xanın zoru da o qədər olmazdı ki, təkbaşına qılıncını siyirib Abdulla xanın ləşkərinin qabağında dursun, bu səbəbdən də onun düşmənləriylə yaxınlıq axtarırdı, ən əvvəl də Şah Abbasla ittifaq qurmaq istəyiylə elçi göndərmişdi, şahımıza çatdırmışdı ki, Abdulla xan Özbək sənin də, mənim də düşmənimdi, vacibdi ki, müttəfiq olaq, birliyimizi əyan edək, onda Abdula xan həm sizin Xorasana, həm də mənim hakim olduğum Xarəzmə basqın eləməkdən qorxar, çəkinər. Şah Abbasın özü də Xarəzm hakimləriylə müttəfiq olmağın tərəfdarıydı, hərçənd onlar bizim kimi Əli şiəsi deyildilər, sünniməzhəb idilər, onunçün də Şah ümid edirdi ki, xarəzmlilər bizdən asılı olsalar, yavaş-yavaş batil əqidədən dönüb biz kimi haqq yoluna gələrlər, şiə olarlar. Müxtəsəri, on gün ərzində Nur Məhəmməd xanın elçilərini hər yerdə müşayiət eləmək mənə həvalə olundu, çün bir zamanlar Mərvdə zindəganlıq eləmişdim, cığatay ləhcəsindən xəbərim vardı. Elçiləri əvvəl Əmir-əl-üməra Fərhad xan Qaramanlı qarşıladı, sonra Vəziri-Əzəm Hatəm bəy Ordubadi ilə görüşdülər, Xarəzmdə, Xorasanda əyanların, rəiyyətin güzəranından danışdılar, Buxara hakimi Abdulla xanın ləşkərinə qarşı bahəm cəng eləmək barədə tədbir tökdülər, nəhayət, səfərin yeddinci günü müqəddəs dərgaha üz qoyub, Zillillah Şah Abbasın əlini öpmək şərəfinə layiq görüldülər, Nur Məhəmməd xanın öz dəst-xəttiylə yazdığı mübarək naməni şahımıza təqdim eylədilər, baş vəzirlə, əmir əl üməra ilə danışdıqları mətləbləri şahla da müzakirə eylədilər və belə tədbir tökdülər ki, üzümüzə gələn ildə Şah Abbas Abdulla xanın ləşkərini Xorasandan dəf eləməyə yol alanda, Nur Məhəmməd xan da Xarəzmdən onun köməyinə qoşun göndərsin, birləşib Abdulla xanı kunfəkun eləsinlər. Tədbir töküləndən sonra Şah Abbasın fərmayişiylə elçilərin hərəsinə qızıl yəhər-yüyənli bir at bəxşeyiş eylədilər, bundan izafə, Qəzvin xəttatlarının nəstəliq xəttiylə köçürdükləri üç ziqiymət kitabı da Nur Məhmməd xana çatdırmaqçün elçilərə təqdim eylədik. Kitablardan biri ustadi-əzəm Gəncəli Nizaminin Xəmsəsi, biri MirƏlişir Nəvainin Divanı, biri də Zillillah Şahımızın ulu babası, Səfəviyyə xanədanının binasını qoyan İsgəndərşan İsmayıl padşahın külliyyatı idi, hər üçü də çox səlis xətlə yazılmışdı, nəqqaşlar da səhifələrda çox lətif təsvirlər həkk eyləmişdilər. Hamımıza məlum idi ki, Xarəzm hakimi Nur Məhəmməd xan əşar xiridarıdı, sarayında da tez-tez şüəra məclisləri təşkil eylir, sanballı da kütubxanəsi var Urgəncdə, əmindik ki, şahımızın bəxşeyşləri onun ürəyincə olacaq. Şahla görüşdən sonra elçilər daha iki-üç gün Qəzvində qaldılar, onları şəhər kənarına covkan oyunlarına tamaşa eləməyə apardım, saray kütubxanəsində oldular, xəttatlarımızla, nəqqaşlarımızla söhbət eylədilər, Qəzvin bazarlarını gəzdilər, nəhayət, tədarük görüb, geri döndülər, mən də onları Mazandarana qədər ötürüb Qəzvinə qayıtdım. Yalnız onlar gedəndən sonra bir az başım açıldı, təzədən hərəmxanamdakı o gürcü qızını görmək istədim, fəqət bundan əvvəl Gövhərbəyimin bir təvəqqesi oldu, söylədi ki, son on -on iki il müddətində bizim padşahlar İstanbul sultanıyla cəngü-cidal eylədiyindən, yollar xətərliydi, Bağdad, Nəcəf tərəflərə gedib-gəlmək olmurdu, şükür ki, indi hər iki padşah sülhə barmaq basıb, əmin-amanlıqdı, mən də istərəm ki imkan var ikən Məkkəyə, Kərbəlaya, Nəcəfə gedəm, Kəbeyi-ülyanı, həm də qurban olduqlarımın qəbirlərini ziyarət eyləyim. Zamanəyə etibar yoxdu, bir də gördün iki-üç il sonra təzədən müharibələr başlandı, yollar bağlandı. Mən etiraz eləmədim, qohumum tacirbaşı Əşrəf ağanı yanıma dəvət elədim, mətləbi ona söylədim, dedim əhl-əyalımı sənə etibar edirəm, iyirmi-otuz qorçi də verəcəm, apararsan Hicaza, sonra da İraqi-Ərəbə, qoy haranı istəsələr ziyarət eləsinlər, savab qazansınlar. O biri iki övrətim də Gövhərbəyimə qoşuldu, Tacirbaşı Əşrəf ağanın karvanıyla beş gün sonra Bağdada yol aldılar. Evdə zənən xeylağından gürcü qızından əlavə, cəmi iki kəniz qaldı. Gövhərbəyimi ziyarətə yola saldığım günün axşamı gürcü qızının hərəminə getdim. Hücrəyə girəndə gördüm ki pəncərənin böyründə oturub şam işığında kitab oxuyur. Əvvəl heyrət elədim buna, ancaq yadıma düşdü ki, Gövhərbəyim gürcü qızının bizim dildə yazıb-oxumağı öyrəndiyini söyləmişdi. Qız kitabın üstünə düşən kölgəmi görüb mənə çöndü, diqqətlə süzüb salam-kəlamsız soruşdu ki, gözlərin cismindəki ağrıdan xəbər verir, mərəzin varmı, Şeyx? Dedim, tərsa qızı, at belində zindəganlıq eləmək məgər asan gəlir sənə? Bir gün dağdasan, bir gün səhradasan, gah gün yandırır səni, gah yağış isladır. Ayaqlarımın oynaqları yaman ağrıyır. Qız uzun boğazlı, naxışlı yun corablara bürünmüş ayaqlarıma baxıb içini çəkdi, elə bil bir az ehtiyatla pıçıldadı ki, bağ-bağçasını, əkin-tikinini tapdaladığın adamların ahı tutub bəlkə sənin ayaqlarını? Dedim, mən özbaşına heç kimin toyuğuna daş atmamışam, padşah nə buyurubsa onu eləmişəm, çün padşahın əmri Allahın əmridir. Qız danışmadı, mən mahud çuxamın ətəklərini yığıb nalçalardan birini altıma çəkdim, dizlərimi qatlayıb onun böyründə oturdum, kitabı vərəqləyən zərif barmaqlarına baxa-baxa söylədim ki, tərsa qızı, mənim kənizim çox olubdu, fəqət indiyəcən heç birisinin yanında əyləşməkdən, hüsnünü seyr etməkdən bir belə zövq almamışam. Bunun səbəbi sənin xəttü-xalınmı, gül-camalınmı, bilmirəm, amma istərəm ki sən mənim evimdə adi kəniz, qul qaravaş kimi qalmayasan, məzhəbi-İsanı tərk edib bizim dinimizə gələsən və mənim kəbinli övrətim olasan. Qız kitabdakı naxışları sığallayıb cavab verdi ki, səninçün nə fərqi, Şeyx, elə indi də əsirinəm, kənizinəm, hökmündən çıxmaq qüdrətim yoxdu, nə istərsən eyləyə bilərsən mənimlə. Dedim, sözün həqdi, tərsa qızı, ancaq mən sənin hüsnünün elə bir tərəfin görmüşəm ki, onu zorla ələ gətirmək namümkündü, istəyim də budu ki, məni öz xoşunla könül bağçana dəvət edəsən, hərgah qapıları sındırıb içəri girsəm, mən görmək istədiyim lətif çiçəklər qorxudan, vahimədən solacaq, quru xəzəl olacaq mənim nəsibim.
Deyəsən, gözlənilməz oldu mənim sözüm onunçün, təəccüblə dodaqlarını yığıb fikrə getdi, nə fikirləşdi, nə fikirləşmədi məlum deyil, nəhayət, dizinin üstündəki kitabı bağlayıb bir kənara qoydu, yavaşca ayağa qalxdı, naxışlı pəncərəni açıb mənə çöndü ki, Şeyx, hərgah həqiqətən də istərsən ki, mənim könül bağımın qapıları səninçün, bax, bu pəncərə kimi taybatay açılsın, onda gərəkir ki mənim bir təvəqqemi yerinə yetirəsən. Dedim, tərsa qızı, bu dəm Gülüstani-İrəm bağındakı tavus quşunun lələyini də istəsən məndən, canımdan keçib taparam, gətirərəm. Qız gülümsündü ki, tavus quşunun lələyi qızılbaş əmirzadələrinin çalmalarına taxmaqdan ötəridi, mənə gərək deyil, ayrı istəyim var səndən. Bizim kənddən çıxanda sən mənimlə bahəm daha bir neçə adamı girov kimi götürmüşdün, mənim kiçik qardaşım da onların içindəydi. Nə qədər ki onlar burdaydı, mənim əhvalım da xoşnud idi, ürəyim sakit idi, bilirdim ki tək deyiləm, qardaşım yaxındadı. Sonra o biri əsirləri harasa apardılar, mən binəva burda yalqız qaldım. İndi səninlə şərtim budu ki, hərgah qardaşımın harda olduğunu öyrənib məni onunla görüşdürsən, ürəyim rahatlanar, nigarançılığım qalmaz, söz verirəm ki ondan sonra hər şey sən istəyən təki olacaq. Mən də and içdim ki, elə günü sabahdan əsirlərin kimlərə satıldığıyla maraqlanaram. Əgər Qəzvindədilərsə, tapmaq asan olacaq, mümkün olarsa, təzədən alıb gətirərəm ki, elə bizim həyətdə nökərçilik eləsin. Bundan sonra daha bir müddət ordan-burdan söhbət elədik, otağından çıxanda birdən ağlıma gəldi ki, hələ bu gürcü qızının ismindən bixəbərəm. Soruşdum ki, xatirimdən çıxıb xəbər almaq, adın nədi, tərsa qızı? Qız ağzını açıb nəsə demək istəsə də, birdən özün saxladı, dedi nə vaxt qardaşımı tapıb gətirsən onda söylərəm. Səhəri gün dövlətxanaya gedəndə qorçilərimdən birini göndərdim o vaxt bizdən əsirləri alan tacirin yanına, tapşırdım öyrənsin o gürcü gədələrinin aqibəti nə təhər oldu. Axşamtərəfi qorçim gəlib söylədi ki, bizdən alınan gürcü əsirləri Qəzvin bazarının darğası Süleyman bəy Əfşarın eşikağası Kazım ağa alıbdı. Süleyman bəy də onların içindən ən yekəpərlərini seçib, müsəlman eləyib öz mülazimlərinin cərgəsinə qatıbdı, çəlimsizlərini də axtalayıb hərəmxanasına xacəliyə göndəribdi. Süleyman bəylə haqq-salamım vardı, çox yaxşılığım dəymişdi ona, hətta bir müddət əqdəm onun mülazimləri Qəzvin bazarında səhvən bir xorasanlı taciri döyüb mallarını talan edəndə, mənim üstümə xahişə gəldi, mən də məsələni ört-basdır elədim ki, qərib tacirin bisəbəb döyülüb malının talan edilməsi söhbəti Şah Abbasın qulağına çatmasın, hərgah Zillillah şahımız bu işdən xəbər tutsaydı, Süleyman bəy Əfşarı darğalıqdan çıxaracaqdı, hələ bəlkə zindana da saldıracaqdı. Ərkim çatdığına görə haman qorçimi bu dəfə Süleyman bəyin yanına göndərdim, xəbər yolladım ki, sənin malikanəndə filan nişanlı gürcü gədəsi olmalıdı, o mənə təcili gərəkdi, neçəyə desən alaram. Axşam qorçim o gədəni də qabağına qatıb yanıma gətirdi, dedi ki, Süleyman bəy bir dinar da tanxa almadı, dedi mənim bütün qul-qaravaşım Şeyx Əhmədə qurbandı. Xülasə, nökərlərə tapşırdım ki, gədəni yuyundursunlar, geyindirib-keçindirsinlər, özüm də bu xəbəri gürcü qızına söyləyib onu xoşnud eləməkçün tələsik qalxdım yuxarı mərtəbəyə, onun hərəminə. Qız mənim sifətimdəki xoşluğu görən tək anladı ki, qardaşından bir xəbər var. Naxışları çəmən gülləri kimi ahəstəcə yırğalanan yaşıl ipək donunun ətəklərini yığıb ayağa qalxdı, mənə sarı yeriyib nərgis gözlərini qıyaraq azca nigarançılıqla soruşdu ki, tapa bildinmi qardaşımı, Şeyx Əhməd? Dedim, tapmışam, gürcü qızı, qardaşın darğa Süleyman bəyin hərəmxanasında xidmətçiymiş. Elə bu gün.. Sözümün dalını deyə bilmədim, çünki bir ləhzədə gürcü qızının gülüstana bənzər çöhrəsində elə bil səmum yeli əsdi, qönçə dodağları, lalə yanaqları, nərgis gözləri bir nəfəsdə qupquru cansız xəzəl yığınına döndü. Elə bil Əzrayılın qanadı toxundu onun üzünə. Elə Əzrayıl səsiylə də məndən soruşdu ki, qardaşımın hərəmxanada nə işi var? Yoxsa... Mən heç zad danışmadım, çün onun yarımçıq sualının cavabı məlum idi. Hərgah, kişi xeylağı kiminsə hərəmxanasında xidmətçiydisə, məlum məsələdi ki, zənən tayfasının içinə buraxmazdan əvvəl onu axtalayıb xacə eləyiblər... Gürcü qızın sinəsindən qəfildən elə fəryad çıxdı ki, sanasan başına bir kasa qaynar qatran tökdülər. Mənim nəinki bədənimdəki bütün tüklər, hətta başımdakı çalmaya taxdığım qu lələkləri də qorçilərimizin nizələri kimi dim-dik dayandı. Qızın fəğanından hücrədəki xalıxalçanın üstündəki bütün naxışlar titrəməyə başladı, sanki binəvalar bu qızın öz qəzəbini məhz onların üstünə tökəcəyindən ehtiyat edirdilər. Elə də oldu, qız ağlaya-ağlaya divar boyu gəzərək, asılmış al-əlvan xalça-palazı var gücüylə yumruqlamağa və öz dilində nəsə söyməyə, saçlarını yola-yola qarğış eləməyə başladı. Birinci dəfəydi ki zənən xeylağının qəzəblənməyini görürdüm, kişi kimi boynuma alıram ki, heç Zillillah Şah Abbasın qəzəblənməyi bir belə müdhiş, dəhşətli deyildi. Çün şah qəzəblənəndə hamı bunun nəticəsini qabaqcadan bilirdi, məlum idi ki şahın qəzəbinin baiskarı olan adam ya gözlərinin, ya da elə gözlərqarışıq bütün başının fatihəsini verməlidi. Amma bu gürcü qızının ah-fəğanı məni o səbəbdən belə vahiməyə saldı ki, bu qəzəb selinin hansı səmtə axacağı, haraları dağıdıb tökəcəyi naməlum idi. O da məlumdur ki, dünyada naməlum şeydən vahiməli bir şey yoxdur. Biixtiyar hücrədən çıxdım, bir də onda özümə gəldim ki, həyətin ortasında dayanıb qoyun kimi gözlərimi döyürəm, tövlənin böyründə dayanıb atları qaşovlamağa məşğul olan nökərlər də heyrət içində mənə zilləniblər. Nə mehtərlər, nə də nökər-naib heç vədə məni bu sifətdə görməmişdilər. Elə mənim özüm üçün də içimdə tüğyan eliyən və yəqin ki sifətimdə zahirə çıxan bu əhval çox nagah bir şey idi. Çün dizimi qatlayıb həyətin ortasındakı hovuzda sərinləmək istədim, qəfildən nəzərim sudakı əksimə sataşdı, biixtiyar diksindim, hövl elədim, elə bildim kəlləsi dar ağacının kəndirinə keçirilmiş bir bəni-adəm baxır mənə sudan. Sifətim səmərqənd kağızı kimi ağarmışdı, gözlərim həlqəsindən çxmışdı, dodaqlarım da gömgöy zəbərcəd rəngi almışdı. Qaftanımın yaxasını açıb əllərim əsə-əsə sinəmi, boynumu, üzümü sərin suyla yudum, amma özümə gəlmədim, bədənim od tutub yanırdı, cismimdə bir qızdırma peyda olmuşdu ki, ovcuma doldurduğum bumbuz su üzümə gəlib çatanacan əllərimin istisindən az qala qaynar olurdu. Bir müddət elə çarhovuzun kənarında dayanıb fikrə getdim ki, aya, görəsən bu gürcü qızının qışqırmasında nə tilsim vardı ki, mənim əhvalım ondan bu tövr təğyir tapdı, pozuldu? Həm də, görəsən qardaşının axtalanıb xacə olması nə böyük bir iş imiş ki, ondan ötrü böylə qəmnak olasan, fəğanü ah edəsən. Ərin deyil ha, qardaşındı da, qoy onun kişiliyinin fikrini öz övrəti çəksin, o da bu müddət ərzində, şəksiz ki, özünə təzə ər tapmış olar, çün gürcülər də daxil olmaqnan bütün İsəvi məzhəblər belə işlərdə biz müsəlmanlar kimi möhkəm deyillər, bir növ açıq-saçıqdılar. Müxtəsəri, elə həmin gecəni də bu minvalla çox narahat yatdım, sübh tezdən namazdan sonra təzədən gürcü qızının hərəminə getdim, içəri girəndə gördüm ki, qız hücrənin xırdaca pəncərəsinin böyründə dayanıb Qəzvinin üstünü örtmüş və gombul arvadlara bənzəyən ağ buludları seyr eylir. Üzünü mənə çöndərəndə gözlərinin qızartısından fəhm elədim ki, deyəsən bütün gecəni yatmayıbdı, fəqət bilinirdi ki, dünənkinə nisbətən xeyli sakitləşib. Ayağımdakı qara məstləri qapının ağzında soyunub içəri keçdim, gəlib gürcü qızının yanındakı şəbəkəli, taxta kürsünün üstündə əyləşdim, gülümsünüb dedim ki, tərsa qızı, mən vədimə əməl elədim, qardşını tapıb gətirdim, indi gərək sən də vədinə əməl edəsən, yəni əvvəl ismini deyəsən mənə, sonrasını da ki, özün bilirsən. Qız yanıqlı bir ah çəkib pıçıldadı ki, Şeyx Əhməd, sən mənim qardaşımın tən yarısını, hələ bəlkə yarısından da azını gətirmisən mənə. Çaşıb qaldım, dedim, nə təhər yəni yarısını? O dey qardaşın orda, ağılın yanında dayanıb qoyun qırxan nökərlərə kömək edir. Özü də turp kimidi. İnanmırsansa, boylan o pəncərədən bax, özün görəcəksən. Qız buludlara zillənmiş nəzərini aşağı endirmədən söylədi ki, mənim qardaşım bu saat, bax, ordadı, o buludların üstündə, sən gətirdiyinsə qardaşımın quru, cansız kölgəsidi. Mənim qardaşım kişiydi, o olan yerdə mən elə bilirdim ki, arxamı dağa, qayaya söykətmişəm. Sən gətirdiyin məxluqsa zahirən o qayaya bənzəyir, içini ovub tökmüsüz, yüngülcə silkələyən olsa, qırılıb dağılasıdı. Dedim gürcü qızı, day o mənlik döyül, mən sərəncam verməmişəm ki, qardaşını axtalayıb ondan hərəmxana xacəsi qayırsınlar. Qız əhvalını pozmayıb cavab verdi ki, sənsən bu işin baiskarı, Şeyx Əhməd, sən olmasaydın, biz heç öz mahalımızdan çıxıb bu qərib diyara düşməzdik, qardaşım da yarısını itirib, içini qurd yemiş şam tirinə dönməzdi. Doğrusu, bezdirdi məni qızın belə danışıb ittiham eləməyi, əvvəl istədim acılayım, öz yerini göstərim ona ki, çox da yuxarıdan getməsin, fəqət bu dəm onun çılpaq bədənə paltar geyinməsi lövhəsi yenə də xatirimə gəldi, onunçün də səbrimi basıb dedim ki, qəm yemə, tərsa qızı, bu da onun qismətidi, Allah təala onunçün də elə yazıbdı. Qəzvində filan qədər axtalanmış xacə var, hamısının da keyfi kök, damağı çağ, bizdən xoş keçir zindəganlıqları. Sənin bəradərin də mənim evimdə xoşnud olacaq, söz verirəm sənə, heç kimsənə onu incidib əziyyət verə bilməyəcək. Birdən qızın gözlərində əcaib bir şərər parıldadı, düz başımın üstündə dayanıb şahzadə bəyimlər kimi çox məğrur bir tərzdə elan elədi ki, Şeyx Əhməd, mən sənin kəbinli övrətin olmağa razıyam, fəqət qardaşımı bütöv gətirmədiyinə görə ismimi sənə söyləməyəcəm. Heyrət içində söylədim ki, hərgah adını bilməsə, binəva molla nə təhər kəbin kəsə bilər? Axı kəbin kağızına adın yazılmalıdı. Qız nərgis dodaqlarını büzüb cavab verdi ki, hesab elə, adım Məryəmdi, kəbin kağızında da elə yazarsız, fəqət bircə sən biləcəksən ki, mənim əsl adım o deyil. Sonra bir dəfə də ah çəkib elə bil öz-özünə pıçıldadı ki, mənim əsl adım qardaşımı axtalayan cəlladın qan tutmuş gözlərində əriyib getdi, indi mən istəsəm də, adımı ordan tapıb çıxara bilmərəm. Beləcə, adını bilmədiyim gürcü qızıyla kəbin kəsdirdim, oldu mənim üçüncü övrətim. Fəqət, elə zifaf gecəsi çox qəribə bir vaqeə oldu, axşam namazından sonra gürcü qızının hücrəsinə gəldim, gördüm yenə də əlində haman kitabdı, Caminin Yusif-Züleyxası. Məni görüb kitabı örtdü, amma kənara qoymadı, dizinin üstündə saxladı, sonra bir müddət qulluqçu zənənlərin gətirdikləri dolu sinilərdən meyvəcat yedik, sərin sərin şərbətlər nuş elədik. Gecəyə yaxın haman kitabı təzədən açdıq, içindəki təsvirlərə, nəqşlərə baxdıq, xəttatların xəttindən, nəqqaşların təsvirindən danışdıq. Hərçənd, qız cəmi iki il olardı ki, Qəzvindəydi, fəqət əşar, xəttatlıq, nəqqaşlıq karını məndən yey öyrənmişdi, şeirlərə, şəkillərə, naxışlara baxıb elə şeylər danışırdı ki, mənim gözlərim kəlləmə çıxırdı. Haman gecə qız mənə təsivrlərdən biri haqqında daha çox danışdı. Orada Yusifin şahzadə Züleyxanın məclisinə gətirilməsi məqamında saray zənənlərinin heyrətdən əllərindəki turuncun əvəzinə barmaqlarını kəsməsi lövhəsi təsvir olunmuşdu. Gürcü qızı danışırdı ki, bu zənənlər Yusifin hüsn-rüxsarını gördükdə təəccübdən barmaqlarını yox, öz bətnlərindəki qüruru, kibri kəsmişdilər, Tanrı Yusifin gözəlliyi ilə bu zənənlərin lovğalığının qabağına sədd çəkmişdi ki, bundan sonra çox da məğrur olmasınlar, fəhm eləsinlər ki, aləmdəki cümlə gözəlliklərin sahibi o bir olan Tanrıdı, kimə istəsə verər, istəməsə alar, yainki ondan da gözəlini xəlq edər. Gecə yarıyacan bu minvalla söhbət elədik, axırda kitabı onun dizlərinin üstündən götürüb taxçaya qoydum, sonra da ona bəxş eylədiyim allı- güllü qaftanın yaxasındakı qoz boyda qızıl düymələri aça-aça böyrümdəki çırağı söndürmək istəyəndə, qız birdən-birə üzümdən tutub özünə tərəf çəkdi ki, söndürmə, qoy qalsın. Əlimi qızın yaxasından çəkib təəccüblə xəbər aldım ki, nə təhər yəni söndürmə, səhərəcən yanası döyül ha? Dedi, qoy yansın, mən züləmatdan qorxuram. Az-qala təzədən qəzəbim tüğyan edəcəkdi, yenə özümü saxlayıb dedim ki, heç zifaf gecəsi də hücrədə səhərəcən çıraq yandırarlar? Qız güldü ki, burda əcaib nə var ki? Onsuz da sən mənim çılpaq əndamımı iki-üç il əvvəl arxda çimən yerdə görmüsən. Dedim, o ayrı, bu ayrı, sən malı mala qatma. Mən elə indi də sənin çılpaq əndamına tamaşa etməkdən ötrü sino gedirəm. Amma cima zamanı işığı söndürmək bizdə dədə-baba adətidi. Qız dedi ki, nə olsun, dədə-baba adəti məgər qiyamətəcən qalmalıdı? Mən çox üz vurdum, qız razı olmadı. Axırı onun söylədiyi kimi oldu, çırağı düz başımızın böyrünə qoyduq. Eləcə səhərəcən yandı. Gürcü qızı bircə onu dedi ki, hərgah həya edirsənsə, ayrı yerimə baxma, gözlərini gözlərimə zillə. Mən də zillədim, elə axıracan onun gözlərinə baxdım. Bir həftəyə yaxın belə davam elədi, gecələr çıraq işığında qızın gözlərinin içinə baxa-baxa eyş-işrətlə məşğul olduq, səhərlər də onun çılpaq bədənə libas geyinməsinə tamaşa eylədim. Sonra necə oldusa, özüm də hiss eləmədən başladım onun gözlərində öz əksimi axtarmağa. Axı insanın gözü bir növ ayinə kimi bir şeydi, gördüyünü əks elətdirir. Hə, elə əsl həngamə də bundan sonra başladı. Xeyli fikir versəm də, qızın gözlərimdə öz əksimi görmədim. Çaşıb qaldım. Bir gecə, iki gecə, üç gecə- hara itmişdim görəsən? Qızın gözlərində hər şey var idi - haman bizim bu hücrə, divardakı xalça-palaz, xalılar, tavandan asılmış çıraqlar, taxta şəbəkəli pəncərə - bircə mən yox idim. Yəni bu qız məni görmürdü? Onun gözlərinin lövhəsində mən yox idim? Bəs bütün bu müddət ərzində bu qız kiminlə eyş-işrət edirdi? Bəlkə mən heç dünyada yox idim? Bəlkə bilə-bilə görmürdü məni? Elə vaxt olurdu ki gözlərimi az qala onun bəbəklərinə söykəyirdim ki, bəlkə özümü hardasa künc-bucaqda, pərdənin arxasında, qapının dalında, yorğan-döşəyin altında, hətta yağ çırağının içində gizlənmiş bir vəziyyətdə tapdım. Amma heç bir şey çıxmırdı. İlim-ilim itmişdim elə bil. Hər gecə də bu vaqeə eyniylə təkrar olurdu. Əvvəl gürcü qızını soyundururdum, bədənini ağuşuma basırdım, amma elə ki gözlərim onun gözlərinə dirənirdi, hər şey yadımdan çıxırdı, başlayırdım onun gözlərində eşələnməyə. Elə bilmə ki, süst düşüb qalırdım, yox, həmin vaxtda cismim elə bil mənim iradəmdən çıxırdı, özbaşına iş görürdü, əllərim onun bədənini sığallayırdı, sinəm onun sinəsinə sıxılırdı, bir sözlə, hər şey öz axarıyla geylirdi. Amma mən elə bil heç zad eşitmirdim. Gürcü qızının altımda səhərəcən çırpınıb titrəyən bədənini də, sinəmi, boynumu cırmaqlayan iti dırnaqlarını da, az qala divarlardakı naxışları da ox kimi cızıb dağıdan iniltilərini, qışqırıqlarını ya heç hiss eləmirdim, ya da ki yuxulu kimi dərk eylirdim. Bir də qız haldan düşüb gözlərini yumandan sonra mən özümə gəlirdim, elə bil yuxudan ayılırdım. Bu nə iş idi, bu nə tilsim idi, şəksiz ki bu əcaib işlərin baiskarı onun gözləri idi. Bəlkə doğrudan da cadugər idi bu qız? Şeytan idi, əcinnəydi, nəydi, Allah bilir. Gündüz özümə söz verirdim, Zillillah şahımızın mübarək cəddinə and içirdim ki, gecə o gürcü qızının gözünün içinə baxmayacam. Elə ki, axşam olurdu, onu soyundurarkən qızın gözündən nəzərimi yayındırmağa cəhd edirdim, gürcü qızı bircə kəlmə, gözümün içinə bax, Şeyx Əhməd, deməklə sanasan məni təzədən tilsimə salırdı, hər şey yenidən təkrar olunurdu, ta rahatlanıb kənara çəkilənəcən onun gözlərinə girirdim. Düz on dörd gün gürcü qızının gözlərində özümü axtardım, tapa bilmədim. Hücrə yerində, xalı-xalça divarda, çılçıraq tavanda, hətta oxuduğu kitab da rəhilin üstündəydi, bir sözlə, otaqda nə vardısa, hamısı eynilə onun gözlərinə köçmüşdü, bircə məndən savayı. On beşinci gün rahatlanmağıma bir nəfəs qalmış otağın qapısında bir qaraltı gördüm, əfsus ki, yaxşı nəzər yetirə bilmədim, çün haman dəm bədənimin cövhəri içimdən çıxdı, süst düşdüm, gürcü qızı da iniltilərini kəsib gözlərini yumdu. Sonrakı üç-dörd gündə qıza yavıq düşə bilmədim, Şah Abbas məni Qum şəhrinə göndərdi, oranın valisi Məhəmməd xan bəzi bəd əməllərə yol vermişdi, şahın əmriylə onun gözlərini çıxardıb Qəhqəhə qalasına göndərdim, sonra geri döndüm. Amma, axırıncı gecə gürcü qızının gözündə gördüyüm qaraltı bu üç dörd gündə fikrimdən getmirdi. Hələ bir az da sevinirdim. O qaraltı mənim özüm idim və əgər onun gözündə peyda olurdumsa, məni görməyə başlayırdısa, demək həqiqətən də onun dil-məcruhində mənə bir məhəbbət yaranırdı. Bundan xoş nə ola bilərdi ki. Məgər son aylarda istədiyim bircə bu deyildimi? Qəzvinə dönən gün sarayda çox otura bilmədim, Zillillah şahımızın hüzuruna təşrif buyurub Qum şəhrində gördüyüm tədbirlərdən onu agah eylədim, bildirdim ki, fərmayişi yerinə yetirilib, Məhəmməd xanın gözləri çıxarılıb, özü də Qəhqəhə qalasında dustaq edilib. Bunu deyib heybəmdən qoyun dərisindən tikdirdiyim balaca kisəni götürdüm, ağzını açıb Məhəmməd xanın gözlərini ordan çıxartdım, şahın qənşərinə qoydum. Şah dodaqucu gülümsünməklə razılığını bildirdi, sonra da daş-qaşlı xalatının altında görünməz olan sağ ayağını ovuşdurmağa başladı, uzun müddət mənim üzümə baxaraq dedi ki, bəni-adəm ruhunun darvazasıdı gözlər, şəyatin də gözlərdən keçib girər adəm ruhuna. Sonra səsini bir az da sərtləşdirib əlavə elədi ki, gözlərini qoru, Şeyx Əhməd, ölüm də gözdən gələr nagəhan. Müxtəsəri, Şah Abbasın hüzurundan aralanan kimi daha dövlətxanada yubanmadım, hərçənd ki, Əmir-əl-üməra Fərhad xan Qaramanlı tapşırmışdı ki, şahın qəbulundan çıxan kimi mənim də yanıma gələrsən, Qum şəhrindəki vaqeələri söylərsən, amma fikrim-zikrim evdəki gürcü qızının yanında olduğundan, Fərhad xanın təvəqqesini qulaqardına vurdum, fikirləşdim ki, səhər onu görüb söhbət eylərəm. Həmin gecə də hər şey təkrar oldu. Gözlərim onun gözlərinə dirənən kimi altımda inildiyən, qışqırıb dırnaqlarıyla sinəmi, kürəyimi cırmaqlayan gürcü qızının şəhvani səsi eşidilməz oldu, yenə fikrim onun gözlərində cəmləşdi ki, axırıncı dəfə orda gördüyüm qaraltını bir də seyr edəm. Bir o qədər çəkmədi ki qaraltı yenə peyda oldu onun gözlərində. Qıza tərəf gəlib qənşərində əyləşdi. Düzü, nə libası, nə də sir-sifəti səhih görünmürdü, bir növ, kölgəyə bənzəsə də, məlum olurdu ki, bəni-adəm kölgəsidi. Qaraltı bir müddət başını aşağı salıb qızın qənşərində əyləşdi, oturuşundan elə bilinirdi ki, nə səbəbdənsə xəcalət çəkir. Qız onun əlindən tutdu, mehribanlıq elədi, nəsə danışmağa başladı. Qaraltı isə bir müddət qızı dinləyəndən sonra qəfildən elə bil özündən çıxdı, cəld ayağa qalxıb sürətlə aralandı, qapıda bir nəfəs ayaq saxlasa da, geri dönməyib eşiyə sıçradı, qapını da ardıyca elə möhkəm çırpdı ki, az qala həncamələr yerindən qopacaqdı. Evin bütün divarları silkələndi. Sonra daha heç nə görmədim, qızın qışqırıqları qəfildən dayandı, hərəkətsiz düşüb gözlərini yümdu. Mən də onun üstündən düşüb böyründə uzandım, gözlərində gördüyüm qaraltını fikr eləməyə başladım. Görəsən həqiqətənmi bu mən idim? Axı məndən başqa kim ola bilər ki? Bu hücrəyə ayrı kişi xeylağı girmir. Bəs onda qapını çırpıb getmək nə idi? Axı mən heç zaman belə kobudluqla burdan çıxmamışdım? O biri gecələrdə qaraltı yenə gəlirdi, gürcü qızın qənşərində əyləşirdi, qız yenə də onun əlindən tuturdu, mehribanlıq eylirdi, nəsə danışırdılar, amma hər dəfə qız onu özünə tərəf çəkmək istəyəndə, qaraltı hirs ilə ayağa dururdu, qapını da ardıyca möhkəmcə çırpıb qızın hücrəsindən çıxırdı. O gedən kimi də qız gözlərini yumurdu, mən daha heç zad görmürdüm, yenə də sarsaq fikirlər içində çapalıyırdım. On-on iki gün bu minvalla davam eyliyəndən sonra qız, axırı ki, qaraltını özünə tərəf çəkib saxlamağa müyəssər oldu, bir xeyli müddət beləcə qucaqlaşıb oturdular, qız onun əllərini sığalladı, boynundan öpdü, amma qaftanının düymələrini açmaq istərkən qaraltı yenə də, nəsə qışqırıb özündən çıxdı, qızı kənara itələyib ayağa durdu, hücrədən eşiyə sıçrayıb qapını həmişəki kimi dalıyca çırpdı.
Həftənin axırında qız uzun xahiş-minnətdən sonra onu soyundura bildi. Düzdü, qaraltı yenə də müqavimət eylirdi, dartınırdı, qızın ağuşundan çıxmaq istəyirdi, fəqət hərəkətlərindəki sərtliyin azalmasınnan bilinirdi ki, özü də artıq qıza təslim olmaq niyyətindədi, ancaq bunu açıq hiss elətdirmək istəmir. Marağım bir az da füzun oldu, fikr elədim ki, axırı qız istədiyinə çatıb, qaraltını öz qoynuna çəkməyə müvəffəq olub, amma məlum oldu ki, istəyinə bir elə də çatmayıb. Çün qaraltı ilə qız soyunub biri birinə sarıldılar, qaraltı qızın boynunu, çiyinlərini, sinəsini xeyli öpəndən sonra yenə də özündən çıxdı, ayağa durub qışqıra-qışqıra paltarını geyindi, otaqdan çıxıb qapını möhkəmcə çırpdı. Düzü, hər gecə gürcü qızının gözündə seyr elədiyim bu lövhələr mənim əqlimi tamam aparmışdı, elə bil ki, hansısa naməlum hücrənin damında əyləşib içəridəki vaqeələrə tamaşa eylirdim. Tamam fikrimdən çıxmışdı ki, qızın gözlərində gördüyüm otaq mənim evim idi, qız da mənim kəbinli övrətim. Bu zəhrimara qalmış maraq məni əməllicə çaşdırmışdı. Özümün istəklərim, gürcü qızına olan şövqüm elə itmişdi ki, axtarsaydım da, tapa bilməzdim. Hər gecə gürcü qızının qoynuna girəndə onun gözlərində seyr elədiyim vaqeələri fikirləşirdim, elə bil ruhum bədənimdən aralanırdı. Cismim adətkərdə olduğu kimi cimayə məşğul olardı, şəhvani yanğısını söndürərdi, ruhumsa qızın gözlərindən keçib tamam ayrı aləmə düşərdi, o aləmdəki vaqeələri seyr eylərdi. Gürcü qızının gözləri öylə bil ki, ayinə idi, mən də ona zillənəndə, sanasan, ayinəni içərisindəki aləmə düşərdim. Ordakı vaqeələr mənim bütün fikrimi-zikrimi özünə çəkmişdi. Görəsən bu qaraltı nə məxluqdu, nə səbəbdən qız onu həmişə yalvar-yaxarla özünə tərəf çəkir və ən əsası da, bu məxluq niyə görə bu cür dilrüba gözəlin ağuşindən qaçır həmişə? Bu aralarda hiss elədim ki, başıma gələn bu vaqeatı bir kimsənəyə söyləməsəm ürəyim partlayacaq, bəlkə bir adam mənə nəsə qandırıb məsləhət verə bildi. Məsləhət verən olmasa da, hər halda, danışıb ürəyimi boşaldardım. Qəzvində bir qaraçı arvadı zindəganlıq eylərdi, düzdü, heç yaxşı işlərlə məşğul olmazdı, dul arvadlarçün kişi tapardı, kimisə kiməsə siğə elətdirərdi, arvad hamamlarını gəzib əmirlərin, əyanların hərəmxanalarıyçün gözəl-göyçək qız uşaqları gözaltı eylərdi. Hərçənd ki, camaatın ondan zəndeyi-zəhləsi gedərdi, fəqət peşəsi, bir növ, lazımlı olmağı səbəbindən, dəyib-dolaşan olmazdı ona. Mən bu arvadla neçə il əqdəm yaxınlıq eləmişdim, bir işdə köməyi dəymişdi mənə, o vaxtdan bəri bir-birimizə inanardıq. Bu dəfə də ağlıma gəldi ki, onu evimə dəvət eyləyim, başıma gələnləri söyləyim. Axşamların birində kənizlərimdən ən kiçiyini o qaraçı arvadın dalısıyca göndərdim. Evi çox uzaqda deyildi, onunçün də bir o qədər keçmədi ki, kəniz onunla bahəm mənim hücrəmə daxil oldu, özü baş əyib çıxdı, qaraçı isə hücrədəki döşəkçələrdən birinin üstündə əyləşdi. Salam-kəlamdan sonra hər şeyi qaraçı arvada söylədim, dedim bu nə məsələdi? Bəlkə həqiqətən də bu gürcü qızı, Gövhərbəyim demişkən, cadügərdi, ovsunçudu? Nə səbəbdən mən onun gözlərinə dirənən kimi hər şeyi xatirimdən çıxarıb o bəbəklərin içindəki vaqeələrə maraq göstərirəm? Bu marağın səbəbi nədir? Mən danışdıqca başındakı qara yaşmağının bir ucunuyla sifətinin yarısını örtmüş qaraçı arvadın kök əndamı astaca yırğalanır, başı isə asta-asta yellənirdi. Söhbətimi bitirəndən sonra arvad bir müddət heç nə söyləmədi, elə yavaşca yırğalanmağını davam elədi, nəhayət, içini çəkib söhbətə başladı, dedi ki, Şeyx Əhməd, mən belə bir vaqeəni birinci kərədi eşidirəm, onunçün də dürüst bir söz söyləyə bilməyəcəm. Ancaq əqlimə gələn fikirləri bəyan edəcəm. Qəbul edərsən də, etməzsən də, özün bilərsən. Mən belə güman eylərəm ki, o gürcü qızı sənə məhəbbət bəsləmək istəyir, fəqət səndən əvvəl xoşladığı hansısa kişini xatirindən çıxarda bilmir. Onun gözlərində gördüyün də haman kişinin qaraltısıdır. O qız səninlə cima edəndə də, öz xəyalında onunladı, elə təsəvvür edir ki, haman dəm onun bədəninə sarılan adam sən yox, o kişidi. Bundan qurtulmağın, məncə, bir çarəsi var, sən o qızın gözlərindəki kişinin hərəkətlərinə diqqətlə baxasan, o kişi qızın bədənini necə oxşayırsa, necə öpüb sığallıyırsa, necə cima eylirsə, sən də məhz o tövr eliyəsən, ta ki, bu minvalla qız görə ki, sən heç də onun mülki- dilində qərar tutmuş haman adamdan bəd deyilsən, bir növ, heç nədə ondan geri qalmırsan. Bəlkə bu üsulla hər şey öz yoluna düşə. ...Qaraçı arvadın ovcuna bir abbası basıb yola saldım, sonra əyləşib onun söylədiklərini fikr eləməyə başladım. Hərgah dürüst düşünürdüsə, onda belə çıxır ki, bu qız məndən irəli, yəqin elə kəndlərində kiməsə aşiq olubmuş, hətta onunla yaxınlıq da edibmiş, indi də o adamı heç cür xatirindən çıxara bilmir, bəlkə də heç çıxartmaq istəmir. Amma ayrı bir məsələ də heç cür beynimə girmirdi, birincisi, bu qız mənimlə kəbindən əqdəm bakirə idi, buna heç şəkk ola bilməzdi. İkincisi də, gözlərindəki adam nə səbəbdən həmişə qızdan qaçmağa cəhd edirdi, çox çətinliklə onu yaxına buraxırdı? Qaraçı arvadın söylədiklərində həqiqət varıydı və bundan savayı ayrı mətləblər də olmamış deyildi ki, bunları da o gürcü qızıyla onun gözlərindəki qaraltıdan savayı heç bir kimsənə bilməzdi. Gərək mən hər şeyi öyrənəydim, yoxsa bağrım çartlardı. İlk olaraq qaraçı arvadın söylədiklərini eləməyə qərar verdim. Qızın gözlərindəki qaraltının hərəkətlərini diqqətlə izləyir, hər şeyi xatirimdə saxlayırdım, sonra haman şeyləri mən özüm eylirdim, ondan artıq heç bir iş görmürdüm. Onu da söyləyim ki, çox çətin idi bu. Çün o sarsaq qaraltı gəlib-gəlib məsələnin ən əsas yerində həmişə dayanardı, o tərəfə keçməzdi. Yəni qızla bahəm soyunardılar, qızın bütün bədənini tələsmədən öpərdi, oxşayardı, hətta qızın övrətinə də dodaqlarını sürtərdi, yalayardı, amma cima eləməzdi, bu minvalla səhəri açardı. Mən haman şeyləri təkrar edəndə ən çətini cimadan özümü saxlamağım idi. Əvvəl-əvvəl heç saxlaya da bilmirdim, hər şeyi o qaraltı kimi edirdim, fəqət axırda dözə bilməyib daşa dönmüş əzamı qızın bətninə yeridirdim. Sonra birtəhər yarıda dayanmağa özümü məcbur eyləyə bildim, bir neçə müddət sonra isə öyrəşdim buna. Bilinirdi ki, gürcü qızının davranışı da dəyişib. Mən özümü onun gözündəki o qaraltıya oxşatmağa başlayanı qız elə bil yavaş-yavaş çiçək açırdı, rəngi-rufu özünə gəlirdi. Hiss eylərdim ki, mənə məhəbbəti də artıb. Neçə müddət ara vermədən şəhvani hisslərimi yarımçıq saxlamağım mənim cismimə bəzi ağrılar gətirsə də, bunun fikrini çəkmirdim, elə hər gecə gəlib gürcü qızını soyundurub qoynuna girirdim, gözlərimi onun gözlərinə dirəyirdim və başlayırdım o qaraltının elədiklərini təkrar eləməyə. Hər şey yaxşı gedirdi, amma bir neçə həftədən sonra Asitani-əladə, vəzarət divanında əcaib bir vaqeə oldu. Şah Abbas Qəzvinə təşrif buyurmuş firəng elçilərinin qəbulu ilə bağlı məşvərət qurmuşdu. Bütün saray əyanları da ordaydı, hamımız ayaq üstəydik, çün Şahın özü də əyləşməmişdi, divanın ortasında var-gəl edə edə-söhbət eyləyirdi. Söhbət əsnasında mənim qabağımdan keçəndə birdən-birə gözü mənim gözümə sataşdı, nəsə onun diqqətini cəlb elədi, sözünü kəsərək bir balaca sola dönüb lap qənşərimə gəldi və diqqətlə gözlərimin içinə baxmağa başladı. Elə bil məni görmürdü, mənim gözümün dərinliyində vaqe olan hansısa hadisələrin seyrinə dalırdı. Baxdıqca başı da yüngülcə o yan-bu yana əyilirdi, elə bil nəyisə lap yaxşı görmək istəyirdi, amma görə bilmirdi. Ətrafımızda dayanmış bütün əmirlər də, elə mənim özüm də xəyal eylədim ki, yəqin şahın yanında hansısa qələt bir əmələ yol vermişəm, onunçün də şah sözünü kəsib mənə beləcə zənlə baxır, yoxsa mənim sifətimdə ayrı nə ola bilərdi ki? Yəqin indi cəlladı çağırıb məni sözsüz- filansız edam etdirəcəkdi. Sarayda o qədər belə işlər görmüşdüm ki... Haman dəm qəfildən canımı almış edam qorxusu bir nəfəsdə bütün ömrümü gözümün qabağına gətirdi, ən çox da ona heyfsləndim ki, gürcü qızıyla doyunca eyş-işrət çəkə bilməmişəm, hər şey təzə başlayırdı düzəlməyə. Müxtəsəri, beynimdən əlli cür fikir keçdi, hiss eylərdim ki, Zillillah Şahımızın iti nəzərləri altında əriyirəm, xırdalaşıram, əyilirəm. Beləcə, Şah bir müddət gözlərini qıyıb mənim gözlərimin içinə baxdı, birdən elə bil nədənsə diksinmiş kimi başını silkələdi, nəzərini gözümdən ayırıb dərindən nəfəs aldı, təzədən mənə zilləndi, amma bu dəfə duydum ki, gözlərimin içindəki naməlum yerə yox, məhz mənim özümə baxır. Bir az baxıb narazılıqla başını yellətdi və pıçıldadı ki, Şeyx Əhməd, keçən ay mən sənə söyləmədimmi ki, gözlərini hifz elə? Şahın sualı lap məni çaşdırdı, biixtiyar cavab verdim ki, ya mürşidi- kamilimiz, mənim gözlərimə nə olubdu ki? Əvvəl nə tövr görürdülərsə, elə indi də o cürdülər. Şahın dodağı bir balaca yana sıyrıldı, çox az, bir dırnaq boyda, amma mən bunu o saat hiss elədi və anladım ki, cavabım onu deyəsən qane eyləməyib. - Sənin gözlərini yeyirlər, Şeyx Əhməd, - şah bir nəfəs susub davam elədi - gözlərindən şeytan girib bətninə, gəmirir içalatını. Bir azdan tamam yeyib qurtaracaq səni. Bağla gözlərini, bir aylıq, iki aylıq, təfavütü yoxdur, amma bağla, hökmən bağla. Sözünü deyib aralandı, yenə də müşavirəni davam elədi, amma nə mən, nə də ətrafdakı əmirlər, əyanlar bu sözlərdən heç nə qanmadı. Mən də bir müddət fikr eləyib sonra xatirimdən çıxartdım onun söylədiklərini, çün xəyalım təmamən gürcü qızının yanındaydı. Daha iki-üç həftə heç zad dəyişmədi, hər şey əvvəlki kimi oldu. Vaxt keçdikcə hiss eylirdim ki, qızın gözündəki qaraltıya bənzəmək artıq mənim özümə də xoş gəlir, əsas da ona görə ki, mən o qaraltıya bənzədikcə gürcü qızının da məhəbbətinin artdığını görürdüm. Bu çox xoş idi. Ruhum eşqü məhəbbət göylərində pərvaz edirdi. Daha cima eləməyib özümü yarıda saxlamağa da öyrəşmişdim, əvvəlki kimi çətinlik çəkmirdim. Hərgah əvvəllər qızın çılpaq bədənini başdan-başa öpüb sığallayandan sonra daşa dönmüş, bərkimiş əzam özü az qala mənim iradəmdən çıxıb qızın bətninə təcavüz eylirdisə, indi daha belə qızışmırdı, əməlli başlı sakitləşmişdi, öz varlığını, demək olar ki, büruzə vermirdi, mən də işimi yarıda saxladığımı heç hiss eləmirdim, mənə elə gəlirdi ki, əsl eyşü-işrət, şəhvət elə belə də olmalıdır, cimaya heç lüzum yoxdur. Qızı soyundururdum, gecə yarıya qədər biri-birimizin çılpaq bədəninin hər yerini öpüb qucurduq, sığallıyırdıq, sonra da sarmaşıb yuxuya gedirdik, səhər də onun çılpaq bədənə libas geyinməsini seyr eylirdim. Son ay yarımda əzam bircə dəfə də onun bətninə daxil olmamışdı. Günlərin birində Dövlətxanada olarkən keçən dəfəki vaqeə yenə təkrar oldu. Şah Abbas yenə də gəlib qənşərimdə dayanaraq bir müddət mənim gözümün içinə zilləndi, sonra da dedi ki, Şeyx Əhməd, bağlamadınmı gözlərini? Hərgah bu iş sənə müşkül görünürsə, mən cəlladlara fərmayiş verim, biryolluq məhrum eləsinlər səni gözlərindən. Özümü saxlaya bilmədim, dilləndim ki, ya mürşidi-kamilim, nə günahın sahibiyəm ki, məni o lovğa, xudbin əmirlər kimi dünya işığından məhrum eyləmək fikrinə düşübsən? Şah cavab verdi ki, mən səni dünya işığından məhrum eyləmək istəmirəm, içinə girib ruhunu dağıdan şeytanı ordan çıxartmaq istəyirəm. Cəlladlar müntəzirdi, özün seç, Şeyx Əhməd, ya gözlərin, ya da kişiliyin. Şah sözünü deyib uzaqlaşdı. Onun son sözü elə bir tərzdə deyilmişdi ki, biixtiyar canıma vicvicə salmışdı. Məni lap dərd götürmüşdü. Necə yəni ya gözlərin, ya kişiliyin? Kişiliyin bura nə dəxli vardı ki? Şah nə demək istəyirdi görəsən? Bu əfkar içrə qovrula-qovrula dövlətxanadan evə dönəndə gördüm ki, Gövhərbəyimlə o biri kənizlərim ziyarətlərini bitirib geri qayıdıblar. Bəyimin hücrəsinə qalxıb mübarəkbadlıq elədim, hal-əhval tutdum. Nökərçələrə tapşırdım ki, külfətimin ziyarətdən gəlməsi səbəbindən beş-altı erkək kəssinlər, ətini yetim-yesirə, fəqir-füqəraya paylasınlar. Özüm də qərar verdim ki, bu gecə Gövhər, bəyimini yanında qalım, uzaq yoldan gəlibdi, ziyarət səfəri zamanı gördüklərini danışmaq istər. Elə də oldu, gecə yarıyacan Gövhərbəyim Kərbəlaya, oradan da Məkkəyə necə getməklərindən, Kəbeyi-ülyanı necə ziyarət etməklərindən danışdı, gecə yarıdan keçəndə isə çıraqları söndürüb yorğanı başımıza çəkdik. Hə, görəcəkli günlərim də elə bu zaman başladı, yəni, əslində, çoxdan başlamışdı, fəqət mən yalnız indi hiss eylirdim bunu. Nəyi? Birinci onu hiss elədim ki, tənasül əzam heç cür sözümə baxmaq istəmir, elə bil, ümumən nə məqsədlə xəlq olunduğunu unudub, yainki yuxuya gedib. Lazımsız ət parçası kimi büzüşüb qalmışdı, heç özünü göstərmək barədə də düşünmürdü. Təsirsiz cəhdlərimdən sonra Gövhərbəyim də elə bil nəsə fəhm eliyib pıçıldadı ki, Şeyx Əhməd, uzaq səfərdən dönmüşəm, yorğunam. Mən də özümü o yerə qoymadım, guya elə onun xahişinə görə özümü yığışdırıb farağat uzandım, bir müddət də ordan-burdan söhbət eyliyəndən sonra ayağa durub libasımı geydim, hücrəmə döndüm. Əvvəl-əvvəl əzamın belə haldan düşməsinin səbəbini o qədər də fikr eləmədim, dedim yəqin, cismim az-maz taqətdən düşüb, istirahət eyləmək gərəkdi. Ancaq sonrakı günlərdə də eyni şey təkrar oldu. Hərəmimdəki hansı bir övrətlə, kənizlə yaxınlıq eləmək istəsəm də, bir şey əmələ gəlmirdi. Tənasül əzam elə bil div yuxusuna getmişdi, heç bir vəchlə onu ayıltmaq olmurdu. Bu nə sarsaq hal idi, düşmüşdüm. Özüm də səbəbini bilmirdim. Bir xeyli müddət fikir-xəyal içində dövr elədim, əhvalım tamam pozulmuşdu, bircə gürcü qızıyla yaxınlığım alınırdı, çün söylədiyim kimi, ona mənim əzam gərək deyildi. Amma həmin günlərdə gürcü qızının gözlərində seyr elədiyim lövhələrdə də təğyir vaqe oldu, yəni qızla yaxınlıq edən qaraltı bu dəfə işini həmişəki kimi yarımçıq kəsmədi, kişi kimi başa vurub şəstlə ayağa durdu, qızı bir daha öpüb, qucub hücrədən eşiyə çıxdı və bu dəfə çıxanda qapını da ardıyca çırpmadı. Bu halət məni heyrətə qərq eylədi. Nədən mənim əhvalımdakı təğyir ilə qızın gözlərindək qaraltının davranışındakı dəyişiklik, elə eyni zamana təsadüf eyləmişdi, bunun səbəbi nəydi? Suallarıma cavab tapa bilmirdim. Dövlətxanada da əlim iş tutmurdu. Şah Abbasın ay yarım əvvəl buyurduğu bir neçə fərmayişi vardı ki, indiyəcən düz əməlli yerinə yetirə bilməmişdim, fikrim bütün günü gah gürcü qızının, gah da öz əzamın üstündə olurdu, bir tərəfdən də, canımı vahimə bürümüşdü, çün zillillah şahımız onun fərmayişlərinə barmaqarası baxanları heç xoşlamırdı. O səbəbdən də, şah məni öz hüzuruna çağıranda qorxudan dizlərim əsdi, bimədim fərmayişlərini yerinə yetirməməyimə nə bəhanə gətirim. Nədənsə, Şah buyurduğu fərmayişlər barədə heç söhbət eləmədi, elə hərəmə girib baş əymişdim ki, taxtdan yenib mənə yavıqlaşdı, yenə də başını azca irəli əyib düz gözlərimin içinə baxdı, sonra dərindən ah çəkib əllərini yellədi, təəssüflə söylədi ki, daha gecdi, Şeyx Əhməd, mən gərək bir ay bundan əqdəm səni gözlərindən məhrum edəydim ki, içinə daraşmış şeytanlar səni gəmirib qurtarmağa macal tapmasınlar, heyf, səd heyf, gecikdim. Sözünü deyib yenə qızılı taxta əyləşdi, bir müddət nəsə fikr elədi və son hökmünü söylədi. Dedi ki, Şeyx Əhməd, Ramazan ayınacan sənə möhlət verirəm, hərgah görsəm ki, əhvalındakı təğyirlər dövlətxanadakı işinə mane olmur, onda sənə zaval yoxdur. Yox, hərgah mən fikr elədiyim təkin olsa, səni dövlətxanadakı mənsəbindən kənar eyləyib gəndərəcəm Xorasana, özbək ləşkəriynən cəngü-cidal eləməyə. Mən yenə təzim eyləyib daldalı yeriyərək divanxanadan eşiyə çıxdım. Bütün bu söbətlər məni elə bir heyrət və təəccübə salmışdı ki, lap özümü itirmişdim. Nədənsə ağlıma gəldi ki, yenə də haman qaraçı arvadı çağırım, ondan məsləhət istəyim. Fikirləşdim ki, Gövhərbəyim evdə olanda, onu dəvət eləmək yey olmaz, xəyal eylər ki, yəqin mən də o biri əmirlər kimi, bu qaraçı arvadın köməyiylə təzə novcavan kənizlər axtarıram. O səbəbdən də, səhəri gün gürcü qızı da daxil olmaqla, bütün külfətimi Qəzvin civarındakı bağ mülkümə yola saldım və qulamlarımdan birini qaraçı arvadın dalınca göndərdim. Arvad şam namazından sonra gəlib yetişdi, hücrəmə qalxdı. Mən də onun axırıncı gəlişindən sonrakı vaqeələri söylədim, həm öz əhvalımı, həm qızın gözündəki qaraltının əhvalındakı təğyiri, həm də Şah Abbasın sözlərini, müxtəsəri, hər şeyi ona dedim. Qaraçı arvad yenə də bir müddət fikrə getdi, sonra qəfildən dilləndi ki, Şeyx Əhməd, məni haman gürcü qızının hərəminə apar. Mən onun xahişinin mənasını fəhm qılmasam da, dediyinə əməl etdim, ikimiz bahəm haman hücrəyə qalxdıq. Arvad hücrənin içində bir az var-gəl etdi, ora-bura baxdı, sonra nəsə tapmış kimi məni hücrənin qapısına tərəf səslədi. Yavıq gələn kimi dilləndi ki, Şeyx Əhməd, gərək ki sən söyləyirdin, qızın gözündəki qaraltı əvvəllər hər dəfə hücrədən çıxanda qapını çırpırmış, hə? Başımı yellədim ki, hə, elədi. Dərindən bir ah çəkən qaraçı arvad hücrənin qapısını örtdü və əliylə qapı həncamasını göstərdi. Mən yavıq gəlib həncamaya diqqət verəndə lap çaşıb qaldım. Qapını saxlayan iri-iri mismarların hamısı yerindən oynayıb boşalmışdı, bir müddət də belə getsəydi, yerindən qopacaqdı. Qapı uzun müddət möhkəm-möhkəm çırpılmasaydı, belə hala düşməzdi.
Hə, deyəsən məsələ lap qəlizə düşmüşdü. Şəxsən mən özüm bir zad qanmadım, çün əqlim fəhm eyləmək qabiliyyətin itirmişdi az qala. Qaraçı arvadsa başını bulayıb söylədi ki, Şeyx, ehtimal ki, sənin gürcü övrətin sən olmayanda, bax, haman bu hücrədə yad bir kişiylə zinakarlıq edib, çox böyük günah işlərlə məşğul olub və səninlə də cima edəndə, haman kişini xatirinə gətirirmiş, sənin yerinə onu təsəvvür eyləyirmiş. Sən də gözlərinə baxanda onun xəyalındakıları görmüsən. Dedim bu nə tövr ola bilər? Axı mənim hərəmimə kənar şəxsin daxil olması namümkündür. Elə bir zad olsaydı, şəksiz ki, mən xəbər tutardım, namusuma təcavüz eyliyən kəsin başın kəsərdim. Bura gəlsə-gəlsə, o gürcü qızının haman axtalanmış xədim qardaşı gələ bilər. Buna da ki, özüm izn vermişəm. Ondan da nə xətər çıxar ki? Bir növ, elə övrət kimi bir şeydi. Qaraçı arvad çiyinlərin çəkdi, sonra söylədi ki, sənin böyük övrətin bəlkə də dürüst fəhm edibmiş hər şeyi, ola bilər ki bu gürcü qızında nəsə cadügərlik qabiliyyəti var, yoxsa sən onunla yaxınlıq eylədiyin bir-iki ayın içində böylə bəd əhvalə yetişməzdin, tənasül əzan da belə haldan düşməzdi. Burda nəsə sirr var. Hər nədisə, bir gecə gizlincə bu hücrəni pusa bilsən, heç pis olmaz. Öyrənmək istədiyin çox mətləblər sənə əyan olar. Qaraçı arvadı yola salandan sonra fikirləşdim, düz deyir, gərək nə yollasa onu pusum. Külfəti bağdan geri döndərəndən sonra evdə xəbər yaydım ki, Şah Abbas məni bir məsələdən ötəri Ərdəbilə göndərir, üç-dörd gün sonra geri dönəcəm. Axşam tərəfi evdən çıxdım, dövlətxananın böyründəki karvansaraların birində vaxtımı öldürdüm, ta gecə yarıya yaxın evə tərəf döndüm, əvvəlcədən tədarük eylədiyim kəndirlə dama dırmaşdım, gəlib gürcü qızının hücrəsinin üstündəki xırda bacanın böyründə özümə yer eylədim. Burdan heç nə görmək mümkün olmasa da, içəridəki söhbətləri eşitmək mümkün olurdu. Fikirləşirdim ki, görməsəm zərər yoxdur, elə səsləri eşitsəm mənə hər zad əyan olar. Qız içəridəydi, dodaqaltı nəsə mızıldanırdı, gərək ki, öz ləhcələrində nəğmə oxurdu. Səsini eşidən kimi ruhum ehzaza gəldi, yenə gözümün qabağına onun çılpaq əndamı gəldi. Bir ürəyimdən keçdi ki, damdan enib onun yanına gedim, yenə də eyş-işrətlə məşğul olaq, özümü saxladım. Eyş-işrət məqamı deyildi, mən dama ayrı niyyətdən ötəri çıxmışdım, bir qədər səbr eyləyib istədiyim mətləbləri öyrənməliydim. Gecə yarıdan bir az keçəndən sonra qapı səsi gəldi. Kimsə qızın hücrəsinə daxil oldu. Bir azdan gürcü qızı yanına gələn adamla söhbət eyləməyə başladı, səsindən tanıdım ki, qardaşıdır. Onun gəlməyi məni heyrətləndirmədi. Düzdü, söhbətlərindən heç zad qanmırdım, çün öz dillərində danışırdılar, amma bir müddət sonra içəridən gələn inilti, yüngülvari ah səsləri məni tamam çaşdırdı. Dürüst bilirdim ki, gürcü qızı cima eylərkən bu tövr səslər çıxarır. Xub, yəni qızın gözlərində gördüyüm haman qaraltı o imiş? Öz dost-doğma qardaşıylamı eyş-işrət çəkirdi? Həm də axı o xədimdi, əməlli-başlı axtalayıblar onu, kişiliyindən əsər-əlamət qalmayıb, belə adam zənən xeylağıyla nə tövr cima eylər? Gözləməyə səbrim yetmədi, elə o saat damdan yenib qaraçının evinə üz tutdum, ittifaqən evdəydi, yanında da heç kəs yox idi, bir özüydü, bir də iki qulluqçusu. Bu gecəki vaqeəni də ona söylədim, arvad üzünün yarısını örtdüyü yaşmağı dodaqlarıya sıxıb dedi ki, Şeyx Əhməd, mənim zənnim düz çıxıbdı. Otur, indi mən sənə öz zənn elədiklərimin hamısını deyim. Mən yerimi rahatladım, hərçənd ki, buna rahatlıq demək olmazdı, elə bil bir ovuc iynə dağıtmışdılar altımdakı nalçanın üstünə. Qaraçı arvad qulluqçuya fərmayiş verdi ki, bizə şərbət gətirsin, özüysə söhbətə başladı. Dedi ki Şeyx Əhməd, sənin birinci söhbətindən mən şübhələnmişdim ki, o gürcü qızında nəsə cadügərlik əlamətləri var. Çox yox, bir az, amma var. Buna şəkkim yox idi. Mən neçə sənədi ki, belə işlərə məşğulam, çox şey görmüşəm, cürbəcür əcaib vaqeələrin şahidi olmuşam, fəqət sən danışdığın tamam ayrıydı. O gürcü qızının könlündə bəlkə də əvvəlcə sənə nəsə məhəbbət olubdu, amma qardaşının axtalanması, kişilikdən məhrum edilib, bir növ, övrət halına gətirilməyindən sonra yəqin ki, qeyzlənib, sənə kin saxlıyıb, məhəbbət nifrətə çevrilibdi. Özün yey bilirsən ki, nifrətlə məhəbbətin arası qıl körpüdən də tünükdü. Bundan sonra, səndən qisas almaq niyyətinə düşüb, həm də fikr eləyib ki, axtalanmış qardaşının kişiliyin bərpa eləsin. Yəqin, həddən ziyadə sevirmiş onu. Hə, burda bir qəmbərqulu çıxır ortaya Şeyx Əhməd. Mən özüm də dürüst bilmirəm. Ola bilər ki, o axtalanmış gədə heç bunun qardaşı deyilmiş, adaxlısıymış, ya elə könül verdiyiymiş. Bunu dürüst öyrənmək çətindi, gərək onlarla bahəm haman kənddən çıxan o on-on beş əsiri tapasan, soruşub öyrənəsən. O əsirlər də ki, indi Allah bilir hardadılar. Elə hesab eyliyək ki, bu gədə elə o qızın qardaşıdır. Hə, deməli, qız istəyib ki, qardaşının kişiliyini bərpa eyləsin, əlbəttə ki, sənin köməkliyinlə, sənin kişiliyini alıb ona verməklə. Onunçün də səndən təvəqqe eylirmiş ki, gözünün içinə baxasan. Onun cadusunun bütün gücü gözlərindədi. Öz niyyətini gədəyə söyləyəndə yəqin ki, o, qızı rədd edib. Özün deyirdin ki, qaraltı əvvəllər qızı özünə yavıq buraxmırdı, kənara itələyib qapını da çırpıb çıxırmış. Sonra qız yavaş-yavaş onu özünə yaxın çəkməyə nail olub, fəqət tənasül əzası gərəksiz bir ət parçası təkin olduğundan gədə hər dəfə öz nakişiliyini duyanda yenə də özündən çıxıb qeyzlənirmiş, hər dəfə də qapını çırpıb gedirmiş. Sonra qız onun beyninə yeridib ki, yaxınlıq eləməkçün heç tənasül əzasına ehtiyac yoxdur, təki böyründəki adam sənin istədiyin ola. Beləcə, gədə hər dəfə sən evdə olmayanda gəlib qızla yaxınlıq eylirmiş və qız özünü elə göstərirmiş ki, guya bu yarımçıq yaxınlıq onun ürəyincədi, gədənin nədənsə xəcalət çəkməyinə yer yoxdu. Bununla da gədənin ruhundakı xəcaləti, qorxunu oradan çıxardıb, vadar eylib ki, xədim olmasına rəğmən, o da, özünü yataqda övrətin ağlını başından çıxaran əsl kişi kimi hiss eyləsin. Və elə edib ki, sən onun gözlərində bütün bu vaqeələri seyr edəsən, görəsən ki, qız özünü bu qaraltının yanında daha yey hiss edir, nəinki sənin. Sən də bütün bunları görüb ki, özünü ona bənzətməyə cəhd eləmisən. Biixtiyar başlamısan özünü onun kimi aparmağa, ən əsas da, tənasül əzanı işdən saxlamısan. Qız da özünü sənə elə göstərib ki, bu tövr yarımçıq yaxınlıq ona daha xoş gəlir, bu minvalla səni bir az da həvəsləndirib ki, sən onun gözündəki qarltıya bənzəməyə bir az da çox səy göstərəsən. Hə, Şeyx Əhməd, əsas bəla da elə bunnan sonra zühur eylib. Sən özünü o qaraltıya oxşatdıqca, əslində, yavaş-yavaş onunla yerlərinizi dəyişməyə başlamısız, şəksiz ki, qızın gözlərinin köməyiylə. Sənin kişiliyin, gücün başlayıb o xədim gədəyə keçməyə, onun taqətsizliyi, bir növ, xədimliyi də sənin cisminə təcavüz edib... Şah Abbas da bunu hiss eyləyibmiş. Onunçün deyirmiş ki, gözlərini çıxarım. Yəqin, sənin gözünün içinə baxan kimi hər şeyi anlayıb, gözlərini çıxartmaqla səni xilas etmək istəyirmiş. Qızın gözlərindəki şeytani güc, axırı ki, kişiliyini sənin içindən sovurub o gədəyə verib, bu səbəbdən də, son vaxtlarda o daha gedəndə qapını çırpmırmış, çün öz işini axıracan yerinə yetirməyə taqəti çatdığından, daha xəcalət çəkmirmiş, qeyzlənib özünnən çıxmırmış. Özümü saxlaya bilməyib qaraçı arvada söylədim ki, qanmadım, bəs mən elə həmişə beləmi qalasıyam? Arvad çiyinlərin çəkib dedi, bilmirəm, mən cadügər deyiləm, belə şeylərdən başım çıxmaz. Birdən-birə cismimi elə bir xof, vahimə basdı ki, biixtiyar inildəməyə başladım, fəqət bu çox çəkmədi, içimdəki vahiməni qeyz, qəzəb əvəz eylədi, pul kisəmdəki tamam tanxanı qaraçı arvadın qənşərinə tullayıb onun evindən yel kimi çölə çıxdım, birbaş evimə tərəf götürüldüm. O qədər yolu necə yüyürmüşəmsə, heç özümün də xəbərim olmuyub. Qapımdakı qulamlar bu gecə vaxtı məni görüb lap özlərini itirdilər, heyrət içində soruşdular ki, ya Şeyx, məgər sən Ərdəbilə yol almamışdınmı? Yainki yolda bir qəza üz verib, gecənin bu çağı naqafil geri dönübsən? Qulamlara cavab verməyə səbrim çatmadı, düz yuxarı, gürcü qızının hücrəsinə qalxdım. Qapıya var gücümlə bir təpik vurub açdım, içəri girdim. Qız yatmamışdı, yenə də çırağın böyründə əyləşib Caminin Yusif və Züleyxasını oxurdu. Məni görüb azca qaşların çatdı, bir qəzəbli gözlərimə, bir də var gücümlə çırpdığım qapıya nəzər saldı, dilləndi kə, nə vaqeə üz verib, Şeyx, əvvəllər sən qapını bu tövr çırpmazdın? Dedim, düzdü, tərsa qızı, əvvələr bir ayrısı çırpırdı bu qapını, amma indi çırpmaz, lüzum yoxdu yəqin. Kəlmələr mənim ağzımdan çıxan təki gürcü qızının sifəti dəyişdi, əvvəl-əvvəl qorxu əlamətləri zühur eylədi üzündə. Sonra bunun yerinə əcaib bir asilik ifadəsi peyda oldu. Gözlərini yığıb dedi ki, dürüst anlamısan hər şeyi, Şeyx. Ya da kimsə sənə izah eylib. Hə, sən o bədbəxti kişilikdən məhrum eləmişdin. Sən bais olmuşdun buna. Əvəzində öz kişiliyini verməliydin. Öz xoşunla verməzdin, onunçün də mən səndən bixəbər sənin kişiliyini cismindən sovurub ona üfürdüm, İsa Məsih kimi. İndi nə istərsən elə bizə. Öldür, doğra, asdır, təfavütü yoxdur. Qoy, o, ölsün, amma öləndə heç olmasa özünü kişi hiss eləsin, xədim yox. Bayaqdan bəri içimi didən əsas sualı verdim ona, dedim, düzün söylə, tərsa qızı, o gədə sənin könül verdiyin bir şəxsdi, yainki həqiqətən dost-doğma qardaşındı? Qızın gözlərində şeytan gülüşü parıldadı, dedi, deyəsən maraqlanırsan ki, mən öz qardaşımla necə yatağa girmişəm? Sən bunu heç vaxt bilməzsən. Necə istərsənsə, elə də xəyal et. Mən daha heç zad söyləmərəm. Qız bunu söyləyib qarşısındakı kitabı bükdü, başını aşağı saldı. Elə bil cəllad qabağında baş əyirdi, ağappaq boynu, sanasan, Hə, Şeyx Əhməd, əsas bəla da elə bunnan sonra zühur eylib. Sən özünü o qaraltıya oxşatdıqca, əslində, yavaş-yavaş onunla yerlərinizi dəyişməyə başlamısız, şəksiz ki, qızın gözlərinin köməyiylə. Sənin kişiliyin, gücün başlayıb o xədim gədəyə keçməyə, onun taqətsizliyi, bir növ, xədimliyi də sənin cisminə təcavüz edib... Şah Abbas da bunu hiss eyləyibmiş. Onunçün deyirmiş ki, gözlərini çıxarım. Yəqin, sənin gözünün içinə baxan kimi hər şeyi anlayıb, gözlərini çıxartmaqla səni xilas etmək istəyirmiş. Qızın gözlərindəki şeytani güc, axırı ki, kişiliyini sənin içindən sovurub o gədəyə verib, bu səbəbdən də, son vaxtlarda o daha gedəndə qapını çırpmırmış, çün öz işini axıracan yerinə yetirməyə taqəti çatdığından, daha xəcalət çəkmirmiş, qeyzlənib özünnən çıxmırmış. Özümü saxlaya bilməyib qaraçı arvada söylədim ki, qanmadım, bəs mən elə həmişə beləmi qalasıyam? Arvad çiyinlərin çəkib dedi, bilmirəm, mən cadügər deyiləm, belə şeylərdən başım çıxmaz. Birdən-birə cismimi elə bir xof, vahimə basdı ki, biixtiyar inildəməyə başladım, fəqət bu çox çəkmədi, içimdəki vahiməni qeyz, qəzəb əvəz eylədi, pul kisəmdəki tamam tanxanı qaraçı arvadın qənşərinə tullayıb onun evindən yel kimi çölə çıxdım, birbaş evimə tərəf götürüldüm. O qədər yolu necə yüyürmüşəmsə, heç özümün də xəbərim olmuyub. Qapımdakı qulamlar bu gecə vaxtı məni görüb lap özlərini itirdilər, heyrət içində soruşdular ki, ya Şeyx, məgər sən Ərdəbilə yol almamışdınmı? Yainki yolda bir qəza üz verib, gecənin bu çağı naqafil geri dönübsən? Qulamlara cavab verməyə səbrim çatmadı, düz yuxarı, gürcü qızının hücrəsinə qalxdım. Qapıya var gücümlə bir təpik vurub açdım, içəri girdim. Qız yatmamışdı, yenə də çırağın böyründə əyləşib Caminin Yusif və Züleyxasını oxurdu. Məni görüb azca qaşların çatdı, bir qəzəbli gözlərimə, bir də var gücümlə çırpdığım qapıya nəzər saldı, dilləndi kə, nə vaqeə üz verib, Şeyx, əvvəllər sən qapını bu tövr çırpmazdın? Dedim, düzdü, tərsa qızı, əvvələr bir ayrısı çırpırdı bu qapını, amma indi çırpmaz, lüzum yoxdu yəqin. Kəlmələr mənim ağzımdan çıxan təki gürcü qızının sifəti dəyişdi, əvvəl-əvvəl qorxu əlamətləri zühur eylədi üzündə. Sonra bunun yerinə əcaib bir asilik ifadəsi peyda oldu. Gözlərini yığıb dedi ki, dürüst anlamısan hər şeyi, Şeyx. Ya da kimsə sənə izah eylib. Hə, sən o bədbəxti kişilikdən məhrum eləmişdin. Sən bais olmuşdun buna. Əvəzində öz kişiliyini verməliydin. Öz xoşunla verməzdin, onunçün də mən səndən bixəbər sənin kişiliyini cismindən sovurub ona üfürdüm, İsa Məsih kimi. İndi nə istərsən elə bizə. Öldür, doğra, asdır, təfavütü yoxdur. Qoy, o, ölsün, amma öləndə heç olmasa özünü kişi hiss eləsin, xədim yox. Bayaqdan bəri içimi didən əsas sualı verdim ona, dedim, düzün söylə, tərsa qızı, o gədə sənin könül verdiyin bir şəxsdi, yainki həqiqətən dost-doğma qardaşındı? Qızın gözlərində şeytan gülüşü parıldadı, dedi, deyəsən maraqlanırsan ki, mən öz qardaşımla necə yatağa girmişəm? Sən bunu heç vaxt bilməzsən. Necə istərsənsə, elə də xəyal et. Mən daha heç zad söyləmərəm. Qız bunu söyləyib qarşısındakı kitabı bükdü, başını aşağı saldı. Elə bil cəllad qabağında baş əyirdi, ağappaq boynu, sanasan, baltaya gəl-gəl deyirdi. Düzü, haman dəm mən özümü elə balta kimi hiss eyləsəm də, onun boynuna yenmədim, dodaqlarımı sıxıb fikrə getdim. Elə bu vaxt qız başını qaldırıb son sözünü pıçıldadı, dedi, sən onu öldürsən, öz kişiliyindən həmişəlik məhrum olarsan. Çün, onun bətnindədi bu dəm sənin kişiliyin. O sağ qalarsa, heç olmasa, yatanda ruhu bədənindən müvəqqəti xaric olacaq, haman vaxtlarda sənin kişiliyin də geriyə qayıdacaq, ta o uyğudan ayılanacan. Bu sözləri elə tərzdə söylədi ki, mən inandım. İnandım ki, o gədəni öldürsəm, işim tamam bəd olacaq, axtalanmamış xacəyə dönəcəm. Nəfəsimi dərib qərarımı bildirdim, dedim, o gədəni öldürmərəm, qoymuyacam ki, bir yerdə olasız. Onu öz mülkümdə saxlıyacam, qoy ömrünün axırınacan qul olsun mənə, qapı-bacamda nökərçilik eləsin. Səni də cəzalandırmayacam, tacirlərdən birinə kəniz kimi bəxş edəcəm, tapşıracam ki, burda satmasınlar, aparıb uzaq məmləkətlərin birində xırıd eləyinlər. Amma Allaha and içirəm ki, bir də haçansa qabağıma çıxsan, diri-diri yandıracam səni. Qulağında sırğa eylə son sözümü, tərsa qızı. Dediyimi elədim, elə səhər tezdən Xorasana yol alan tanış tacirlərdən birinə bəxş eylədim qızı.... Bir də neçə illər keçəndən sonra Gilanda çıxdı qabağıma. Yəqin kəniz kimi gəlib şəhər hakiminin hərəminə düşmüşdü. Məni görən kimi tanıdı. Başa düşdü ki, axırı çatıb, çün mən dediyimə əməl elədim, onu hamının gözü qabağında diri-diri yandırdım. Heç uf da demədim. Hə, budu mənim vaqeəm, dalısını da ki, hamı bilir. Mustafa bəy Şeyx Əhmədin dilindən söylədiyi bu rəvayəti tamama yetirəndə artıq xoruzların üçüncü banıydı, hamını yuxu basmışdı, amma, heç kim söhbət bitən kimi ayağa durmadı, hələ danışılan vaqeələr göz qabağındaydı. Hərə bir şey fikirləşirdi, birinin Şeyx Əhmədə yazığı gəlirdi, bir ayrısı qıza haqq qazandırırdı, kimisi də, ümumiyyətlə, inanmırdı ki, axtalanmış adamın kişiliyini təzədən geri qaytarmaq mümkün ola. Ən əvvəl Həmzə qalxdı ayağa, sübhün ayazından azca keyimiş əllərini ovuşdurub dilləndi: - Day bəsdi, gedək yataq, gecə rəvayətləri başımızı elə qarışdırıb ki, əsas niyyətimiz az qala xatirimizdən çıxıb. Günorta xeyli işimiz var.
|
|