Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU


Məti OSMANOĞLU
SÖZSÜZ NƏĞMƏ


Fərqanə MEHDİYEVA
ŞAİRİN YAŞI OLMUR


Elman HƏBİB


Gülşən ƏLİYEVA
FÜZULIŞÜNASLIĞIMIZIN KORIFEYLƏRI


NATIQ RƏSULZADƏ
QARDAŞ
(povest)


POEZİYA
 

Çingiz ƏLİOĞLU


 
***

İsti… soyuq… deyinirəm…
Hər nə tapsam geyinirəm.
Gah özümdən zəhləm gedir,
Gah özümü bəyənirəm.

Min müşküldən baş açıram,
Dümdüz yerdə dolaşıram!
Dost-düşməni yola verib,
Tək özümlə dalaşıram.

Dözümlüyəm güc önündə,
Yazığam aciz önündə.
Yoxsullarla milyonçuyam,
Varlılarla it günündə…

Gah bir şeyi zor qət edir,
Gah da lapdan rəy deyirəm.
Zəiflərə hörmət edir,
Güclüdən kötək yeyirəm…

Gah dastanlı – nağıllıyam,
Gah dilimdə söz işləmir.
Hərdən elə ağıllıyam…
Hərdən başım düz işləmir!

Gör ay Çingiz nə gündəsən…
Ləl tapdınmı səs-ündə sən?!
Nə qızardın fətir kimi,
De ki, küt getmiş kündəsən…

Bu sultanlıq taxtı baha!
Sinən dardı saxta aha…
Kim ağzıynan quş tutub ki?!
Di dur gedək vaxtdı daha…

Sən də belə bir bəndəsən…
Alçaqda, həm hündürdəsən.
Hula qalxdın ulu göydə,
Yerə endin təndirdəsən!..

Fevral, 2008.


ƏN BÖYÜK SEVGİM


Sən məni heç zaman tərk etməmisən,
Mən səni hər zaman qoyub getmişəm.
Sən mənə heç zaman ərk etməmisən,
Hər uzaq səfərə yola salmısan.
Bütün gəmilərin vida fitini,
Son vağzal zəngini özün çalmısan.
Hansı dayanacaq, hansı perronda
Mən ensəm görmüşəm sən qarşımdasan.
Yaxın limanlardan yola ötürüb,
Uzaq körfəzlərdə qarşılamısan.
Qızmar səhralarda azıbdır izim,
Şimalda dizədək qar şumlamışam.
Mən hara baş vursam bu nəhəng şarda
Görmüşəm hər addım, hər qarışdasan
Ürəkli olmuşam sənə söykənib,
Duymuşam, tanrıtək kürəyimdəsən.
O qədər təbii sanmışam bunu,
Demişəm qanımda, ürəyimdəsən.
Bildinmi dünyanın harasındasan?!
Gah zülmət gecənin zil qarasından,
Gah sübhün nurundan mənə baxırsan.
Kitabı açıram arasındasan,
İçirəm, mey kimi qana axırsan…
… Zaman, axan nəhr, bərəçi mənəm,
Səndən sənə yolda bələdçi mənəm.
Havan avazımda, sədan ədamda,
Nə qədər oxşarlıq olar adamda?!
Hər azan sözünün, itən səsinin,
Heç dilə gəlməyən yeni kəlmənin
Ardınca iz tutan ləpirçi mənəm.
Yaşa, ANA DİLİM, zindanda hətta
Sənə zindan döyən dəmirçi mənəm!

Yanvar, 2009.

***

çıppır-çıppır tər tökür
pambığ çöpü, çırpı yığan.
qamış kimi, çubuq tək
yağış çırpır
çöldəki çoban-çoluq,
əkinçi-biçinçini.
allah insaf versin
əzrayılın tutanda cini
cüzam çırpır həyat ağacından
insanları tut kimi.
çırpılırıq…
qayğıların çalağan çaynağında
çırpınır insan.
daha nə çırt-pırtı təmiz söhbətin, -
çoxumuz o dünyamızı da
qazana bilmədik, -
çırthaçırt qaynayır cəhənnəmdə tiyan…
… hər səhər eyvandan
yataq ağını
küçəyə çırpdıqca arvad
hissə-hissə eşiyə
çırpıldığımı
hiss edirəm mən də…

***

Kimlər ki, sənin
Al qanından içiblər,
Daha səndə işləri yox,
Təqsirindən keçiblər.

Kimlərə ki, sən
Qan uddurmusan,
Rahat yata bilərsən, –
Günahından keçiblər.

Kimlər ki, səni
Min kişidən seçiblər,
Əmin ola bilərsən,
Kəfənini biçiblər…

Avqust, 2008.


***

boşalmış bədən satılır…
ruhun tərk etdiyi can
icarəyə verilir.

necə mat qalmasın adam
bakıda
bakirə çıxır
bəlkə də
onuncu kərə
kirayə verilən əndam…

Avqust, 2008.


YAXŞI VƏ PİS

yaxşı – pisin pis olması,
pis – yaxşının pis olmasıdır.
nəticə – dördün ikiyə nisbəti,
isbata ehtiyac olmayan tənlik.
yaxşılar – təkəm-seyrək,
pislərin tingliyi
tünlükdür, tünlük…

Avqust, 2008.


KABRİOLETDƏKİ KÜBAR

ax, kübar adam, ax,
sən ki, bir arxsan,
ax axa bildikcə,
axır baş bir gün,
bir axmaq axmazda
bənd alacaqsan.
kiçicik zərrəyə, damlaya dönüb
o uzaq göylərə hey baxacaqsan.

bu kübar o kübar
qanda kükrəyib
hələ ki, nə qədər qabartmır damar,
ax, ax kübar adam
kabrioletdə,
fitillə bir ömrün dolaylarında.

kabrioletdə
kibrli kübar kimsənə,
kibritim tükənib,
təkəbbüründən
bir an keçsənə! –
o külçə qızıldan
alışqanını,
nə olar, bir anlıq
mənə versənə.

vərdənə dünyanın
coju cocuyar,
fırlanıb bir yana fırladar səni,
mən fərsiz olmasam,
fərqinə var bir,
boynundan kim açar
çarxa dolanıb
canını çarmıxa çəkən o şərfi…

Avqust, 2008.
MUSİQİ

Musiqi, ey saqi, musiqi çağır…
Muskat şərabı tək çuğlaşın bizi.
Musiqi taktının mustanq atları
O göylər tağına bağlasın bizi!

Musiqi ecazı müstəcəb, saqi…
Bişdik bu kürrənin mis tavasında!
Müstasna olaraq müsbət musiqi
Qoparır bizi yer müstəvisindən.

Bilir sabiq dostlar, o sabiq ərlər
Musiqi, tək ağam, tək sahibimdir!
Mənimçün deyil bu müsabiqələr,
Göy üzü, göy səma müsahibimdir.

Kimsəni qınamaq missiyam deyil…
Müstəntiq deyiləm sındırıb-sökəm.
Vallah, bu şuluqluq, pis qiyam deyil,
Müsəlləh sadiqəm, müsəlmanam mən.

Müsaidənizlə… musiqi, saqi…
Demə, nə müstəbid müsafirim var!
Haçandır səsləyir o göylər bağı,
Mənim də oraya bir səfərim var… İyul, 2008.

HESAB DƏRSİ

Gəl bir oyun oynayaq, –
Mən çıxan, sən çıxılan.
Görək qalıq nə olur,
Kimdir evi yıxılan…

Başqa bir oyun da var, –
Mən bölünən, sən bölən!
Elə endir baltanı
Uf deməsin bu ölən…

Bəs bu necədir səncə, –
Mən vurulan, sən vuran!
Səni qane edirmi
Hasil, söylə sən quran?!

Di gəl atam balası,
Axır tapdım çəmini!
Üstəgəldir əlası,
Birgə dadaq cəmini… Yanvar, 2009.


BAŞAĞRI

İşimdən-gücümdən gəl qoyma məni,
Məndə vaxt hardandı söz güləşdirəm.
Yaş o yaş deyil ki, payız şum əkib,
Yazda başşaq yığam, boş küləş dərəm.

Dərdim dərs almaqdı, dərz bağlamaqdı,
Ərzi düşündürmək, ərz ağlatmaqdı.
Səninki bənd olub bənd saxlamaqdı,
Düz adam gedəni yoldan eyləməz.

Bir yetim bəndəyəm nənə-dədəli,
Deyəndə sözümü dedim vədəli.
Bədənə bəndliyin nədir bədəli,
Bir boşqab bedana tut da eyləməz.

Kimdir söz bəddəyib dalcan tez danan,
Sözü dabanından əyri, tərs danan.
Axşam anlamadın, dur sülhdən dan an,
Day ərklə yapışma, yaxam tərk eylə.

Nədir bu dığdığlar, nədir bu dava,
Qırdı bu milləti evdə bəd hava.
Nə fayda, ha deyin, danış bedava,
Əyrilən düzəlmir, düz də əyilir…

…Durub, vallah, vurub təpəmi yarsan,
Yenə də mənimçin istəkli yarsan!
Mən uca zirvəyəm, başımda qarsan,
Onunçün tükənmir başağrım mənim…

Avqust, 2008.

***
Mən şeirimin çoxunu
Gəzə-gəzə yazmışam.
Hər kəlmənin üstünə
Əsə-əsə yazmışam.

Xoşlamadım hap-gopu…
Hər sözə qanım hopub!
Canımdan can qoparıb
Kəsə-kəsə yazmışam.

Yandırmışam özümü…
Hər söz ocaq közümü?!
Gödək edib sözümü,
Kəsə-kəsə yazmışam.

Baxmadım qışa-yaza,
Qələm naşı, dil qısa…
Sözdə lay qaza-qaza,
Aza-aza… yazmışam.

Çox çaşmışam qarıxıb,
Söz dizimi xıxırdıb!
Gah özümdən darıxıb,
Bezə-bezə yazmışam.

Bağlamadım bel yada,
Doğmam kaman, tar ya da!
Dil dediyin dəryada
Üzə-üzə yazmışam.

Dar mühit qəfəsini
Odlayardı nəfəsim!
Düşünmə ki, səsimi
Qısa-qısa yazmışam.

Hər bir misram mismardı, –
Mənə dəmir, mis ramdı!
Sözü döyüb israrla,
Əzə-əzə yazmışam.

Demə Çingiz qocalıb,
Murazından öc alıb.
Mən zirvəyə ucalıb,
Süzə-süzə yazmışam.

P.S.

… Şeir xudam, mən bəndə!
Şairdən söz düşəndə
Yada salın ki, mən də
Nəsə, nəsə yazmışam…
Avqust, 2008.

DANÜZÜ FANTASMAQORİYALARI

Çox yatmam yox… bəlkə də
Dördcə saat yuxum var.
Mənim yuxum çəkidə
Quh çimiridək olar…

Sonra mənəm, dörd divar…
Aynada ay işarır.
Ən doğma yad adamım
Yanımda mışıldayır.

Qalxıb, axır, yataqdan
Əkilirəm yavaşca.
Bir küncdə bir dünyam var,
Çəkilirəm yavaşca.

Yaddaşdan hara qaçım…
Xatirə qatar-qatar!
Ömrün əriş-arğacı
Nəhəng xalçaya çatar.

Nə toxuyub-hörürəm,
Orda nələr oxunur?!
Açıq gözlə görürəm
Mən yuxumun çoxunu.

Yuxu ilə reallıq
Bir-birinə qarışır.
Küsülüsüylə adam
Yuxusunda barışır.

Möhkəm unutduqlarım
Gəlib düşürlər yada.
Günahlar yada düşsə
Heç nə yetişmir dada!..

… Nə oyun-olacaqdı
Məni belə hərləyir?!
Eh, yenə huşlanıram,
Yuxu məni girləyir…

Girib yerimə yenə
Yarım saat yatıram.
Kor uyqu quyusuna
Daştək düşüb batıram…

… Nəhayət, saat zəngi
Məni işə səsləyir!
Masamın üstündəsə
Bu son şeir gözləyir…

Avqust, 2008.