Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU


Məti OSMANOĞLU
SÖZSÜZ NƏĞMƏ


Fərqanə MEHDİYEVA
ŞAİRİN YAŞI OLMUR


Elman HƏBİB


Gülşən ƏLİYEVA
FÜZULIŞÜNASLIĞIMIZIN KORIFEYLƏRI


NATIQ RƏSULZADƏ
QARDAŞ
(povest)



 

Elman HƏBİB


 
***

Yaxşı ki, məhəbbət
hələ varıymış,
Gülənbər çiləyir ruhuma hələ.
Yoxsa ki, məni də haqlayardı qış,
Bir bahar boylanır yoluma hələ.

İçimdə bahardı, çölümdə qışdı,
Yazağzı havalar necəsə, oyam!
Göz yaşım qış günü yağan yağışdı,
Yaz buludu kimi topa-topayam.

Yaxşı ki, məhəbbət
hələ varıymış,
Yoxsa mənası gəlir-çıxarın.
Yenə Kərəm varmış, Lələ varıymış,
Yolunda dayanıb sevən qızların.

Keçdim bu zirvəyə gedən yolları,
Keçdim sevgim ilə, eşqim ilə mən.
Ancaq məhəbbətlə yaşayanların
Ruhuna süzüldüm məhəbbətindən.

***

Sabah
üstümüzdən keçən gecə,
üzümüzə açılan dan.
Yer kürəmiz bir tərəfdə
Yuxulayanda,
Bir tərəfdə ayılır yuxudan.
Sabah sirli bir aləm,
Üzümüzə nə gəlir, deyə bilmərəm.
Ağrımı, acımı!?
Yaxşımı, yamanmı?!
Sabah günəşləmi açılacaq,
yoxsa yolları dumanlı.
Sabah bir dolu
Müəmmadır hələlik.
Sabah nə olacaq, nə bilim!
Yaşayarıq, görərik.


YERLƏ GÖY ARASINDA

Ya Rəbbim, yaxşı bax bu Yer üzünə…
Fəsillər gözündə dönüb deyəsən.
Qış günü bürüdün yaz gülüşünə,
Torpağa sevgin də dönüb deyəsən.

Qışın qış günündə yaz təmtərağı,
Ağlıma gəlməyən başıma gəlir.
Oynayır göylərin əli-ayağı,
Göylərin buludu qarşıma gəlir.

Bu dolu çanaqlar dolur, boşalır,
Göyün qəzəbinə tuş olub torpaq.
Yazın ildırımı başımda çaxır,
Yerləri göylərə o qaldıracaq.

***

İl dolandı,
Güldən, çiçəkdən başlayan il.
Xəzan yarpaqlarından keçib,
Qışın bəyaz donunu biçib,
Yenə gəlib çıxıb
puçur bağlayan ağaclara
Yol gedir məmləkətim üzü bahara.

***

Ömrümdə bir kərə
nə ürəkdən gülə bildim,
nə ürəkdən ağlaya bildim.
Ürəkdən gülmək istəyəndə
Araz dərdim yadıma düşür,
Sonra Qarabağ dərdim yadıma düşür.
Ürəkdən hönkürmək
istəyirəm hərdən.
Düşmənlərim yadıma düşür,
İçimdə ağlaya-ağlaya qalmışam,
Birdən güzgüdə özümü gördüm,
İçimdə ağlaya-ağlaya
nə yaman qocalmışam.


NİKBİNLİK

Daha nə heca axtarıram,
nə vəzn, nə qafiyə.
Onlar ötən xoş günlərin
şeirlərində qaldı,
heca da, vəzn də, qafiyə də
qalxdı ərşə, qalxdı göyə.
Dərdin nə hecası olur,
nə vəzni, nə qafiyəsi.
Dərdin dərd kimi qiyafəsi olur.
Bir ucundan inilti gəlir,
bir ucundan kədər tökülür,
bir ucundan qəm ağlayır,
Qatmaqarışıq dünyamız kimi.
Kim məni qınasa,
qınamasın şeirlərimi,
Zamana şeirləridi.
Hər zamanın öz hökmdarı,
hökmü olduğu kimi,
Qələmi, kağızı,
sözü-söhbəti,
Sədaqəti, nifrətimi olur.
Hər şairin öz içi boyda
məhəbbəti olur.
Mən içimi çölümə,
olumu ölümə çevirən şairəm.
Nahaqqı, nə qədər güclü olsa da belə,
içimdən devirən şairəm.