Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

Çingiz ƏLİOĞLU


Məti OSMANOĞLU
SÖZSÜZ NƏĞMƏ


Fərqanə MEHDİYEVA
ŞAİRİN YAŞI OLMUR


Elman HƏBİB


Gülşən ƏLİYEVA
FÜZULIŞÜNASLIĞIMIZIN KORIFEYLƏRI


NATIQ RƏSULZADƏ
QARDAŞ
(povest)



 

Gülşən ƏLİYEVA
FÜZULIŞÜNASLIĞIMIZIN KORIFEYLƏRI


 

Bu il XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin yaradıcılarından olan iki böyük alimin – akademiklər Həmid Araslı və Məmməd Cəfərin yüz yaşı tamam olur. Görkəmli ədəbiyyat tarixçisi Həmid Araslı və ədəbiyyat nəzəriyyəçisi Məmməd Cəfər qoşa qanad kimi yarım əsrdən artıq bir dövr ərzində Azərbaycan tarixi və nəzəri-estetik fikrini irəli aparmışlar. Həmid Araslının, «Fədakar şair» (İ.Nəsimi), «Böyük Azərbaycan şairi Füzuli», «Azərbaycan ədəbiyyatı tarixi» əsərləri və Məmməd Cəfərin «Hüseyn Cavid», «Azərbaycan ədəbiyyatında romantizm», «Nizaminin fikir dünyası» üç cildlik «XIX əsr rus ədəbiyyatı» kimi tədqiqatları ədəbiyyatşünaslığımızın dəyərli nümunələridir. Bu əsərlər ədəbiyyatşünaslığımızın 50-90-cı illər mərhələsini ləyaqətlə təmsil edib. Fəqət bizə görə bu iki alimi doğmalaşdıran başlıca cəhət elmi-tarixi və nəzəri axtarışlarının dahi Füzuli nəhrində birləşməsidir. Həmid Araslı və Məmməd Cəfər Azərbaycan füzulişünaslığının korifeyləridir. Füzulinin ədəbi-tarixi dərki H.Araslının, bədii-fəlsəfi dərki isə Məmməd Cəfərin adı ilə bağlıdır.
Həmid Araslının 1935-ci ildən başlanan tədqiqatlarını «Böyük Azərbaycan şairi Füzuli» (1958), Məmməd Cəfər 1940-cı ildən apardığı araşdırmalarında, «Füzuli düşünür» (1959) monoqrafiyasında yekunlaşdırmışdır. Hər iki fundamental monoqrafiya beş yüz ilə yaxın tarixi olan Azərbaycan füzulişünaslığının ikinci-tarixilik mərhələsinin əsasını qoymuş əsərlərdir. Bu əsərlərdə tarixilik həm nəzəri-estetik problem, həm də nəzəri –metodoloji prinsip kimi işlənmişdir. Tarixiliyin təcrübəsinə istinad edən alimlər Füzulini bu müstəvidə təqdim etmişlər.

***

Azərbaycan füzulişünaslığında ilk dəfə məhz Həmid Araslı Füzuli irsinin öyrənilməsi tarixini sistemləşdirib. Başqa sözlə desək, klassik ənənəyə uyğun olaraq, özünəqədərki füzulişünaslığa nəzər salıb. Burada Məhəmməd Füzulinin müasirlərindən – Lətifinin «Təzkirətüş-şüəra» (1546), Sam Mirzənin «Töhfeyi-Sami» (1550), təzkirəsindən tutmuş, Füzulinin oğlu Fəzli ilə yaxın dost olmuş Əhdi Bağdadinin «Gülşəni şüəra», (1563) Türkiyə, İran, Hind və Azərbaycan təzkirələrinə təhlil və qiymət verilir. Azərbaycan təzkirəçilərindən Şah İsmayıl Xətainin farspərəst ortancıl oğlu Sam Mirzənin «Töhfeyi- Sami» (1550), alim, şair və rəssam kimi məşhur olmuş Sadıqbəy Sadiqi Əfşarın «Məcməül-xəvas» (1598) kimi təzkirələrini Füzuli irsini tədqiq baxımından yüksək dəyərləndirən H.Araslı, küllən təzkirələrə tənqidi yanaşmışdır. Fikrimizcə, alim təzkirələrə füzulişünaslıq kontekstində düzgün ədəbi qiymət verir: «Füzuli irsinə Yaxın Şərq təzkirəçiləri böyük məhəbbətlə yanaşsalar da şairin yaradıcılıq qüdrətini, əsərlərinin bədii istiqəmətini göstərməkdən çox uzaq olmuşlar».
Həmid Araslı füzulişünaslıqda Qərbi Avropa və rus şərqşünaslarının elmi-tarixi rolunu qiymətləndirir. Özünün «Osmanlı ədəbiyyatı tarixi» əsərinin ikinci cildində Qərbi Avropada ilk dəfə Füzulidən bəhs etmiş Hammer Purqştalın xidmətini qeyd edən müəllif, eyni zamanda, rus şərqşünası Bertelsin bir qənaəti ilə Hammerin dolaşıq və qüsurlu mülahizələrini də tənqid edir. Həmid Araslı ingilis şərqşünası Gibbin «Osmanlı şeiri tarixi» əsərində Füzuliyə daha düzgün ədəbi-tarixi qiymət verildiyini qeyd edir.
Öz tədqiqatında yenidən Türkiyə füzulişünaslığına müraciət edən müəllif, bir yandan, «Çox zaman qədim təzkirəçilərə tənqidi yanaşa bilməyən və Füzulini bir osmanlı şairi kimi öyrənmək istəyən tədqiqatçıların işinə Köprülüzadə yekun vura bilmişdir»- deyə Mehmet Fuad Köprülünün bu sahədə obyektiv alim mövqeyini yüksək qiymətləndirir. Digər tərəfdən, «Lakin o, Füzulinin şiəliyi haqqında fikir söylərkən, bu məsələyə xüsusi əhəmiyyət vermiş və eyni zamanda, böyük sənətkarı fəlsəfi görüş cəhətdən sufi şair kimi qiymətləndirmək və Füzuli əsərlərinin qüvvəsini ilahi eşqin tərənnümdə görmək kimi yanlış fikirlər irəli sürmüşdür» deyərək tənqid edir.
Məhəmməd Füzuli Şərqin üç dilində – türk, ərəb və fars dillərində yazmış dahi bir sənətkar olaraq məşhurlaşmışdır. O, həm Şərqin, həm də xüsusilə Türk dünyasının şairi idi. Türkiyə tədqiqatçıları Faiq Rəşadın, Şəmsəddin Saminin, Məhəmməd Tahirin onu osmanlı (yəni türk!) şairi kimi təqdim etmələri Füzulinin şöhrətini göstərən cəhətdir.
Qüdrətli tədqiqatçı M.F.Köprülüzadənin Füzulini sufi şair hesab edib, əsərlərinin qüvvəsini ilahi eşqdə görməsi də, fikrimizcə, səhv deyil. Əlbəttə, nə XX əsrin 50-ci illərində, nə də sonrakı onilliklərdə sovet elmi Füzulinin böyük mütəsəvvüf olması ilə barışa bilməzdi. Çünki, materializmə dayaqlanan marksizm-leninizm öz düşməni olan idealizmin kökündə dayanan ilahi varlığı və ona olan eşqi heç vəchlə qəbul edə bilməzdi. Füzuli təsəvvüf şairidir və bu ciddi problem ətrafında mübahisə Azərbaycan füzulişünaslığının əsas problemlərindən, aparıcı nəzəri istiqamətlərindən biridir.
Türkiyə ədəbiyyatşünaslığında M.Füzuliyə həsr olunmuş iki fundamental əsər var ki, həm Həmid Araslı, həm də sonrakı yarım əsrin füzulişünasları onlara yüksək qiymət vermişlər. Bunlardan biri Abdulqadir Karahanın «Füzuli: mühiti, həyatı və şəxsiyyəti» (İstanbul 1949), ikincisi Həsibə Mazıoğlunun «Füzuli-Hafiz» (Ankara 1956) kitablarıdır.
Xüsusilə birinci monoqrafiya, çap olunduğu zamandan sonrakı bütün füzulişünaslıq üçün ciddi bir örnək rolu oynamışdır. Kitaba «Əlavələr» bölməsi kimi daxil olmuş təzkirələr, özlərinin də səmimiyyətlə etiraf etdiyi kimi, Azərbaycan füzulişünasları üçün mənbə misalında əhəmiyyət kəsb etmişdir. Həmid Araslı hər iki əsəri yüksək dəyərləndirir, xüsusilə H.Mazıoğlunun «Füzuli- Hafiz» monoqrafiyasını fəsil-fəsil təhlil edir. H.Araslı H.Mazıoğlunun monoqrafiyasının aşağıdakı qüsurlarını göstərir: 1) Müəllif dünya və türk mətbuatında təkrar edilmiş fikirləri qeyd-şərtsiz təkrarlayır; 2) Sovet ədəbiyyatşünaslarının əsərlərinə istinad etmir; 3) Azərbaycan dilini «ləhcə» adlandırır; 4) Füzulinin işlətdiyi bir sıra kəlmələri mənalandıra bilmir. Yeri gəlmişkən, deyək ki, Türkiyə alimləri, məsələn, M.F.Köprülüzadə «Ləhcə» sözünü Azərbaycan türklərinin qəbul etdikləri müəyyən coğrafi ərazidə işlənən dil mənasında deyil, tutaq ki, türk dillərinin oğuz qrupuna mənsubluq mənasında işlədir.
Həmid Araslı Azərbaycan füzulişünaslığına töhfə vermiş S.Ə.Şirvani, A.Sur, F.B.Köçərli, Cəfər Cabbarlı və Mir Cəlalın əsərlərinin təhlilini verir. Xüsusilə A.Sur və F.B.Köçərli kimi XX əsrin əvvəllərini təmsil edən iki professional ədəbiyyatşünasın məqalələrini geniş araşdırır.
H.Araslının Azərbaycan füzulişünaslığında ikinci böyük xidməti Füzulini yaşayıb-yaratdığı dövrün tarixi-ədəbi kontekstində- tarixilik prinsipi əsasında tədqiqata cəlb etməsi idi. Kitabın «Füzuli dövründə Azərbaycan və Azərbaycan ədəbiyyatı» və «XVI əsrdə Bağdad şairləri» bölmələri məhz bu elmi-metodoloji məqsədə xidmət edir.
Tarixiliyi metodoloji prinsip kimi əldə əsas tutan H.Araslı M.Füzuliyə qədərki Azərbaycan ədəbiyyatına müxtəsər ekskurs edərək, ana dilli ədəbiyyatın təşəkkül və inkişafını ön plana çəkir və əsas diqqəti ədəbi-bədii tərəqqini şərtləndirən tarixi amillərə yönəldir. Uzaqgörən alim XV-XVI əsrləri Azərbaycanın ictimai-siyasi və mədəni-mənəvi cəhətdən yüksək inkişaf dövrü kimi qiymətləndirərək, bunu dövlətçiliyin yüksəlişi ilə əlaqələndirir. Əvvəlcə Şirvanşahlar, sonra isə Səfəvilər imperiyasının yaranması Azərbaycan tarixində Atabəylər (Eldəgizlər) dövlətindən sonra iki mühüm mərhələ oldu. Həmid Araslı dolayısı ilə belə qənaətə gəlir ki, ədəbiyyat və mədəniyyət dövlətçiliyin inkişafı dövrlərində xüsusi vüsətlə qüvvətlənmiş, bədii-fəlsəfi təkamül yolu keçmişdir.
Həmid Araslı yazır: «Azərbaycan dilində fəlsəfi şerin ilk nümunələrini yazan Nəsimi şeirimizdə fəlsəfi, dini, elmi fikirlərin ifadəsinə böyük zəmin yaratdı». Çünki «Bu zaman Şirvanşah İbrahimin Azərbaycan feodallarını birləşdirmək və ölkədə vahid dövlət yaratmaq təşəbbüsü müəyyən hüsn-rəğbətlə qarşılanmışdı». Beləliklə, bu dövrün ədəbiyyatı, həm də öz zamanının dövlətçilik ideologiyasını formalaşdırırdı. Füzuli yaradıcılığı mərkəzləşmiş Milli Azərbaycan dövləti olan Səfəvilərin süqutundan sonrakı cəmiyyətin kədər və faciələrinin fəlsəfi dərki və poetik təcəssümü idi.
Külli miqdarda elmi və ədəbi-mədəni faktlara istinad edən H.Araslı XI-XVI əsrləri «Azərbaycan mədəniyyətinin yeni inkişaf dövrü» kimi müəyyən edir. O, Kəmaləddin Bəhzadın(1455-1536) rəssamlıq məktəbinin bədii-tarixi dəyərini verərək yazır: «Maraqlı cəhət burasıdır ki, Azərbaycan rəssamlıq tarixində yüksəliş dövrü olan XVI əsrdə təsviri sənətlə ədəbiyyat forma və məzmuna həmahəng inkişaf etmişdir». Və bu kontekstdə də alim diqqəti Füzuli sənətinin rəssamlıq və memarlıqla əlaqələrinə yönəldir.


Həmid Araslının əsas qənaətlərindən biri də budur: «XIII-XIV əsrlərdə şeimizdə təriqət görüşləri əsas yer tutsa da XV əsrdən etibarən, Azərbaycan ədəbiyyatında məhəbbət lirikası istiqamətverici rol oynayır». Dövrün ədəbi həyatını xalqın ədəbi tarixi taleyi məcrasında izləyən alim bir neçə mühüm cizgini də həssaslıqla nəqş edir: 1. «Bu əsrlərdə mətbuat olmadığından Azərbaycan ziyalıları öz mütərəqqi fikirlərini… daha geniş yaya bilmək üçün qəzəl janrından istifadə edirdilər». 2. «XV əsrdən etibarən Azərbaycan ədəbiyyatı, əsasən öz milli dilində inkişaf etməyə başlayır». 3. «XV-XVI əsrlərdə bir çox Azərbaycan şair, rəssam və alimlərinin Türkiyə torpaqlarına köçdüyünü görürük». Və yaxud: «Hələ məşhur özbək şairi Əlişir Nəvainin (1441-1501) başçılıq etdiyi ədəbi məktəbin şöhrəti Yaxın Şərqdə yayıldığı bir zamanda, Azərbaycan şairlərinin müəyyən hissəsi Herat şəhərinə köçmüşdü». H.Araslı belə bir kontekstdə də Füzuliyəqədərki ədəbiyyatımızın görkəmli simaları Hamidi, Kişvəri, Həbibi kimi sənətkarlar haqqında müxtəsər ədəbi-tarixi məlumat verir, qeyd edir ki, «XV əsrin sonu və XVI əsrin ilk illərində yaşamış təbrizli Həqiri ədəbiyyat tariximizə Azərbaycan dilində ilk «Leyli və Məcnun» müəllifi kimi daxil olub».
H.Araslı Füzuliyəqədərki Azərbaycan tarixi və Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqındakı bu zəngin ədəbi-tarixi icmala XVI əsr Bağdad şairlərinin yaradıcılığından və ədəbi-tarixi durumundan bəhs edən müfəssəl bir oçerk də əlavə edir. Və yalnız bu elmi-nəzəri və tarixi zəmində «Füzulinin həyatı», «Füzulinin yaradıcılığı» və «Füzulinin lirikası» adlı ümumi problematik hissələr təqdim olunur.
Füzuli haqqında təzkirələrə, şairin yaradıcılığında ifadəsini tapan fakt və detallara, ümumən özündən əvvəl Füzuli barəsində yazılanlara istinadən şairin bioqrafiyasını yaradan Həmid Araslı, demək olar ki, Azərbaycanda ilk mükəmməl ömürnamə təqdim etməyə nail olur. O, şairin tərcümeyi –halını əhatə etmək, haqqında bitkin məlumat vermək üçün onlarla mənbəni araşdırmalı, müqayisələr aparmalı, fakt dəqiqləşdirməli olur.
«Füzulinin yaradıcılığı» adlı hissədə alim diqqəti daha çox şairin sözə, sənətə, onun tarixi və nəzəri-estetik rolu ilə bağlı baxışlarına yönəldir. Fikrimizcə, bu, çox doğru yoldur. Çünki Füzulinin söz sənəti konsepsiyasını araşdırmadan, müəyyən etmədən, sözə dair görüşlərini aydınlaşdırmadan, füzuli sənətini təhlil edib dəyərləndirmək mümkün deyil. Həmid Araslı belə bir doğru qənaətə gəlir ki, söz, şeir sənəti haqqında ayrıca bir əsər yazmasa da Füzuli divanlarının dibaçələrində, poemaların giriş hissələrində, ayrı-ayrı qitə və qəsidələrində ruhanilərin sözə, sənətə yalnış münasibətini rədd etmək, sözə bəraət qazandırmaq cəhdi əsas yer tuturdu.
Şair şeirin elmi əsasa malik olmasını, hansı formada olursa-olsun, həqiqəti ifadə etməsini əsas sayırdı. Füzulinin bütün qayəsi orijinal söz yaratmaq və sözü sözqoşanlardan, epiqonçulardan qorumaqdan ibarət olub və bu yolda xeyli iztirab çəkib. Şairin söz, sənət haqqında görüşlərini şərh edib yekunlaşdıran alim belə nəticəyə gəlir: «O, müasirlərinin hamısından fərqli olaraq, sənətin qarşısına yeni və mühüm vəzifələr qoyub, nəzəri görüşlərini şeirləri ilə həyata keçirməyə çalışırdı. Füzulinin sənət haqqındakı mülahizələrinə onun zəngin yaradıcılığı cavab verir».
Məlumdur ki, lirika, onun Şərq ədəbiyyatında ən kamil, ən füsunkar janrı olan qəzəl Füzuli yaradıcılığında əsas yer tutur. Tədqiqatçılar dönə-dönə təsdiq ediblər ki, hətta onun poemalarının xüsusilə də şah əsəri «Leyli və Məcnun» un bu qədər kamil olması, şöhrət qazanması əsərə uğurla bədii-fəlsəfi qəzəllərin daxil edilməsi ilə bağlıdır.
Həmid Araslı da Füzuli yaradıcılığına məhz bu zərif nöqtədən, lirikadan açar salır: «Füzulinin yaradıcılığı son dərəcə zəngin olub, orta əsrin bütün ədəbi növlərini əhatə etsə də, şairin yaradıcılığında lirika mühüm yer tutur. Füzuli Yaxın Şərqdə lirik şerin ən böyük ustadı, Azərbaycan lirikasının atası sayılır».
Füzuliyə verilən bu qiymətdə Həmid Araslının onun bənzərsiz sənətinə münasibəti aydın ifadə olunur. Bəs bu lirikanın gücü, mahiyyəti nədədir? Alim bu suala aydın cavab verir: «Füzulinin qəzəllərinin qüdrətini ilahiyyatda, bəzən də şairin sənətkarlığında axtaranlar olmuşdur. Lakin həqiqətdə Füzuli şeirinin qüdrət mənbəyi məhəbbətdədir. Məhəbbət Füzuli şeirlərinə qol-qanad verib, onu ölkələrdən-ölkələrə, qitələrdən-qitələrə gəzdirən əsas amildir. İnsan qəlbinin bu ali və nəcib hissi şairin əsərlərində elə bir qüvvədir ki, onun təsiri əbədi yaşayacaq və öz müəllifini yaşadacaqdır».
Həmid Araslının füzulişünaslığa gətirdiyi mübahisəli problem şairin məhəbbətinə münasibətidir. O, M.F.Köprülüzadə. Hikmət kimi türk alimləri ilə bu məhəbbətin səciyyəsinə görə mübahisəyə girir, onları tənqid edir. Məsələn, İsmayıl Hikmət yazıb: «Füzulinin ruhunda təsəvvüfün o qədər dərin bir təsiri olmuşdur ki, kəndisini məlamiliyə qədər sürükləmişdir. Füzuli eşqi-ilahidə, eşqi təsəvvüfdə, fəna-fillah mərtəbəsinə varmaq istəyən aşiqlərdəndir». Həmid Araslı digər qüdrətli sovet aliminin- B.Çobanzadənin fikirləri ilə İ.Hikmətin fikrinə etiraz edir. Ümumiyyətlə, sovet alimləri, o cümlədən Həmid Araslı Füzulini realistləşdirməyə cəhd göstərirdilər.
«Böyük Azərbaycan şairi Füzuli» monoqrafiyasında Füzulinin qəsidələri, alleqorik poemaları, şah əsəri olan «Leyli və Məcnun», şairin nəsri, müəmmaları, tərcüməçilik fəaliyyəti, dünya ədəbiyyatındakı mövqeyi, habelə yaradıcılığının dil və üslub xüsusiyyətləri ayrıca təhlil predmetinə çevrilir və Həmid Araslını Azərbaycan füzulişünaslığını formalaşdıran görkəmli alim kimi səciyyələndirir.
«Füzuli Azərbaycan ədəbiyyatında lirik şeirin atası sayılır. O, Azərbaycan ədəbi dilinin banisi və yeni ədəbi məktəbin əsasını qoyan sənətkar olmuşdur» deyən böyük füzulişünas belə nəticəyə gəlir: «Hər beytə yeni bir tablo, bədii bir lövhə canlandırmaq, işlənilmiş sözlərə yeni bir məna verə bilmək bacarığı Füzuli sənətkarlığının əsas xüsusiyyətidir». Bütün deyilənlərə əsaslanaraq, akademik Həmid Araslının Azərbaycan füzulişünaslığındakı rolunu aşağıdakı şəkildə müəyyənləşdirmək olar:
Həmid Araslı Azərbaycan füzulişünaslığını təzkirəçilik mərhələsindən sonra ilk dəfə elmi sistemə saldı.
Özünə qədər məqaləçilik səviyyəsində olan füzulişünaslığı monoqrafik səviyyəyə qaldırdı.
Füzulinin tarixi dövrü, mühiti və tərcümeyi-halı haqqında ilk Azərbaycan monoqrafiyasını yazdı, Məhəmməd Füzulinin böyük Azərbaycan şairi olduğunu sübut etdi.
İlk dəfə Füzuliyə münasibətin doğma- Azərbaycan meyarlarını formalaşdırdı.
Bütün dünyaya Məhəmməd Füzulini sevməyin və onu dərk etməyin yolunu (və üsulunu) göstərdi- füzulişünaslıqda Həmid Araslı yolunu yaratdı.
Azərbaycan füzulişünaslığının ikinci –tarixilik mərhələsinin əsasını qoydu.

***

Akademik Məmməd Cəfərin 1941-ci ildə yazdığı «Füzuli sevir» məqaləsinin ilk cümləsi belədir: «Füzuli sevir, Füzuli düşünür deməkdir». Sonralar bu cümlə Məhəmməd Füzulinin bədii-fəlsəfi görüşlərini əks etdirən aforizm kimi məşhurlaşdı: «Füzuli sevir, Füzuli düşünür deməkdir. Aşiq Füzuli ilə mütəfəkkir Füzuli ancaq vəhdət halında alındığı zaman onu duymaq olur. Füzuli başqa cür dərk edilə bilməz.
Böyük bir ideal kəskin sərrast məntiqlə ifadə edildiyi kimi, dəhşətli bir gülüş, sarsıdıcı bir satira, könül açan və ya ürək parçalayan məhəbbət lirikası ilə də ifadə edilə bilir.
Biz Füzulinin böyük fikirlərini onun aşiqanə deyilmiş sözlərində axtarmalıyıq. Füzulinin aşiqanə sözləri, onun həkimanə sözləridir».
Məhz, bu gözəl, qanadlı, eyni zamanda məzmunlu mülahizələrlə böyük alim dahi Füzulinin sevgi və hikmət dünyasına uğurlu bir açar sala bilir. Elə bu dövrdən də nəzəriyyəçi alimin Məhəmməd Füzuli sənətinə diqqəti başlanır. Onu qəlb şairinin fəlsəfi görüşləri, dünyagörüşü daha çox maraqlandırırdı. Uzun illərin axtarışları öz səmərəli bəhrəsini verdi, şairin vəfatının 400 illiyi bütün dünyada qeyd olunan vaxt M.Cəfər füzulişünaslığa öz töhfəsini– «Füzuli düşünür»(1959) kitabını verdi.
Görkəmli alim 1958-ci ildə tamamladığı kitabın sonunda təvazökarlıqla yazır: «Bu qeydlərin müəllifi Füzulinin dünyagörüşünü, fəlsəfi fikirlərini hərtərəfli aydınlaşdırmaq məqsədini qarşısına qoymamışdır. Bu olsa-olsa böyük şairin milyonlarca oxucularından birinin qeydləridir». Bu etirafın monoqrafiyanın son abzasında verilməsi təsadüfi deyil. Burada dahi Füzuli sənətinə, Füzuli dünyagörüşü və fəlsəfi-estetik sisteminə baş vurub çıxmış nəzəriyyəçi alimin Füzuli dühasına, onun fikri əzəmətinə pərəstişi ifadə olunub. Həqiqətdə isə M.Cəfərin «Füzuli düşünür» əsəri şair Füzulidə mütəfəkkir Füzulini kəşf edən, açıb aləmə göstərən nəzəri monoqrafiyadır. Əslində bu monoqrafiya Azərbaycan füzulişünaslığının tarixilik mərhələsinin nəzəri-fəlsəfi təməlini qoyan dəyərli elmi əsərdir.
Monoqrafiyada Məhəmməd Füzuli «yeni mənəvi istinad nöqtəsi, yeni məslək, yeni həqiqət axtaran… Allah problemini «dövran», «gərdiş», təbiət problemi ilə əvəz etməyə təşəbbüs göstərən»… «əql ilə etiqad arasında tərəddüd edən» şair kimi təqdim olunur.
«Azərbaycan şeirini Füzulisiz təsəvvür etmək mümkün deyil»- deyə araşdırmaya, fikir və mühakiməyə yol alan müəllif onu «bəşəriyyəti orta əsrlər dünyasından eşq, səadət dolu işıqlı bir gələcəyə doğru səsləyən məğrur» mütəfəkkir, bədii təfəkkürümüzün inkişafına nəcib təsirini göstərən canlı müasirimiz olaraq tədqiqata cəlb edir.
M.Cəfər obyektiv həqiqəti aşkara çıxarmağa imkan verən tarixilik prinsipinə istinad edərək Məhəmməd Füzulinin yaşayıb yaratdığı zəmanədən tarixi mühitdən bir an ayırmır, orta əsrlərin şəraitini, zamanın kontekstini diqqətlə nəzərə alaraq yazır: «Füzuli zəmanəsinə son dərəcə həssas münasibət bəsləyən, əsrini bütün mürəkkəbliyi, ziddiyyətləri ilə dərk etməyə çalışan mütəffəkkir şair olmuşdur». Füzulinin böyüklüyünü «insanı, insan mənəviyyatını, şüurları, zövqləri orta əsrlərin hakim, ənənəvi qənaətləri, puç etiqadları çərçivəsindən xilas etməyə can atmasında, feodal münasibətlərini cəsarətlə ittiham etməsində» görən alim, təbii ki, öz meyarlarında sosioloji amilə, sovet elminin tədqiqat metodologiyasının ifadəsi olan sinfi münasibət üsuluna üstünlük verirdi.
M.Cəfər yazırdı: «Feodal dünyasında hökm sürən dini ideologiyaların tutqun, qaranlıq səmasında Füzuli üzünü əql-idrak günəşinə doğru çevirmiş, çox yerdə eşq adlandırdığı bu əql-idrak günəşində qızınmış, özünün dönə-dönə qeyd etdiyi kimi, bu eşqin parlaq şüalarından mərifət hasil etmiş, zahirdə eşq-məhəbbət, əslində isə zamanına görə elmi bir dünyagörüşü olan ölməz eşq dastanını yaratmış, bu aşiqanə mərifət dastanı ilə də səadətin və ədalətin yolunu nurlandırmağa, sağır göylərə sığınmış olan məhkum insana bacardığı qədər həqiqəti deməyə çalışmışdır». Onun Füzuli dünyagörüşündə eşqin rolu haqqında əsas, ümumiləşmiş qənaəti belə idi. Məşhur qəzəllərindən birində M.Füzuli yazır:

Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.

Füzulinin bütün poeziyasında eşq daha çox qəlbin yavrusu, ilahi töhfəsi, tanrı əmanəti, insanı haqqa qovuşduran ilahi qüdrət və əlbəttə, insan kamilliyinin əlaməti kimi mənalandırılır.

Əql yar olsaydı, tərki-eşqi yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?


Bütün sovet alimləri kimi M.Cəfərin də M.Füzuli eşqini göylərdən, ilahi aləmdən yerə endirməsi, onu daha çox təbiətlə əlaqələndirməsi sənətin varlığa estetik münasibətini materialistcəsinə (marksistcəsinə!) həll etmək zorunda qalması ilə bağlı idi. Halbuki məşhur qəzəllərindən birində şair eşqin əql bəhrəsi olmasını deyil, bu qəlb yavrusunun insanı kamala yetirdiyini yazır:

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzalət daxili-əhli-kəmal eylər məni.

Eşq insanı kamala çatdıran bir qüdrətdir, ona görə də Məcnun orta əsrlərin ən kamil şəxsiyyəti, yeni fikirli ziyalısı idi. Füzulidə eşq məhz elə M.Cəfərin dediyi «yeni mənəvi istinad nöqtəsi, yeni məslək, yeni həqiqət axtarışı» idi.
M.Cəfər bu qiymətli monoqrafiyasında Məhəmməd Füzulinin dünyagörüşünü, onun fəlsəfi görüşlərini izah etmək üçün bir neçə ciddi və mübahisəli məsələni nəzərdən keçirir.
1.Füzuli yaradıcılığında eşqin xarakteri; 2. Füzulinin sufi olmadığını sübut etmək; 3. Füzuli poeziyasında ruh və onun mahiyyəti; 4. Füzulidə əql və etiqadın münasibəti; 5. Füzuli dünyagörüşündəki ziddiyyətlərin sufizmdən törənməsini izah etmək.
Müəllif öncə Füzuli eşqinin xarakteri ilə bağlı özündən əvvəlki alimlərlə mübahisələr aparır. Əsasən, türk alimləri – təsəvvüf haqqında dəyərli tədqiqatlar müəllifi M.F.Köprülüzadə və 20-ci illərdə Azərbaycanda fəaliyyət göstərən İ.Hikmət Füzuli eşqinin ilahi bir eşq, sufi eşq olması fikrini iqrar edirdilər. Məsələn, İ.Hikmət yazırdı ki, «Füzuli təvəkküldə dərin bir ilahi zövq duyan şairdir… Füzuli eşqi ilahidə, eşqi təsəvvüfdə fənafillah mərtəbəsinə varmaq istəyən aşiqlərdəndir». M.F.Köprülüzadə də özünün 1926-cı ildə Bakıda çap olunmuş «Azəri ədəbiyyatına dair tədqiqlər» əsərində Füzulidən «eşqi əflatuni»ni tərənnüm edən bir şair kimi bəhs edirdi. Bütün bunları «Qərb burjua şərqşünaslarının təsiri» kimi izah edən M.Cəfər əks mülahizələrə- professor B.Çobanzadənin və türkiyəli tədqiqatçı A.Kölpinarlının fikirlərinə müraciət və istinad edir. Türkiyəli həmkarlarına cavab olaraq B.Çobanzadə belə qənaətə gəlirdi: «Füzuli sufi, mistik deyildir. Gerçək sufilər kibi o da «şərab»dən bəhs edir… «Eşq»inə gəldikdə burada da biz xalqın «Qara sevda» dedigi melanxoliyə, ən yüksək həyəcan və yəs dərəcələrinə qədər çıxan cinsi bir sevgi, səltənət və məzhəb qavğalarından uzaq bir guşədə ailə qurmaq, bəxtli olmaq istəyən həssas fərdiyyətin-individualist sevgisi görüyoruz. Böylə bir sevgi ilə Əhməd Yasəvi, Yunus Əmrə kibi türk sufilərində rast gəldigimiz «Eşqi-İlahi», «Əflatuni məhəbbət» arasında pək böyük fərq vardır…
Gərçi Füzulidə həqiqi sufi parçalar da vardır, çünki o, İranın, Ərəbin klassik sufi şairlərindən nümunələr görmüş, dərs almış, təsir qapmış ola bilir».
M.Cəfər B.Çobanzadənin bu fikirlərini «füzulişünaslıqda müsbət hadisə» kimi qiymətləndirir. Türk füzulişünası A.Karahanın «Füzuliyə saf bir mütəsəvvüf demək çətindir» mülahizəsinə, «Füzuli divanına müqəddimə yazmış A.Kölpinarlının «Füzuli heç bir vaxt kəndisini təsəvvüf çaldırmış şair deyildir… Füzuliyə heç zaman sufi demək olmaz». «Leyli və Məcnun» dakı sufizm aşiqanə bir təsəvvüfdür» kimi fikirlərinə istinadən M.Cəfər Məhəmməd Füzulinin sufi şair, onun eşqinin sufi eşq olmadığını sübuta çalışır. M.Cəfərin məqsədi Füzulinin «realist, rasionalist bir mütəfəkkir» olduğunu isbat etməkdir. Bununla belə, alim yazır: «Füzulinin görüşlərində həqiqətən real maddi varlıqdan başqa bir «ülvi aləmdən feyzlənmək» motivləri də olmuşdur. Lakin bu onun yaradıcılıq və dünyagörüşünün heç də yüksək zirvəsi olmayıb, ancaq müəyyən zəif cəhətləridir».
Məmməd Cəfər sufizmi zahidlik səviyyəsində qəbul edir, «Rindü-Zahid» əsərinə istinadən Füzulini zahidliyə qarşı qoyur. Halbuki, zahidlik sufizmin ilkin, ibtidai mərhələsi idi. «Müsəlman dünyasında zahidlik hərəkatı nizamı pozulmuş, ədalətsizliklərlə dolu cəmiyyətə qarşı müxalifət ovqatından yaranır.
Zahidlik hərəkatının xarakterik xüsusiyyətləri dünyaya ifrat dərəcədə bağlanmamaq üçün dünyadan ifrat dərəcədə ayırmaq və Allahı unutmamaqçün onun adlarını müntəzəm olaraq təkrarlamaq idi. Bu hərəkatı sufizm kimi xarakterizə etməyə imkan verməyən başlıca cəhət mistik yaşantının zəifliyidir». (S.Xavəri)
Tədqiqatçıları Füzulinin eşqi və sufiliyi məsələsində çaş-baş qoyan şairin zahidliyi inkar etdiyi halda «Leyli və Məcnun» poemasında, xüsusilə əsərin sonunda təsəvvüfə gəlib çıxmasıdır. Bu baxımdan M.Cəfər real gözəli- Leylini sevən Qeyslə, real Leylidən imtina edən Məcnunu bir-birindən ayırır: «Füzuli tədqiqatçılarının çoxu Məcnunu varlıq, gözəllik haqqında olan mistik, sufiyanə anlayışını, eynilə onun müəllifinə- Füzuliyə istinad edirlər. Hətta bu sufiyanə mistik eşqi şairin əsas fəlsəfəsi, dünyagörüşü adlandırmağa xüsusi səy göstərirlər. İşin həqiqəti isə bu müddəanı tamamilə şübhə altına alır». Füzuli nəinki Məcnundur, o heç Məcnunu bəyənmir, özünü ondan daha böyük aşiq, eşqi ilahi sahibi hesab edir:

Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.

Və yaxud:

Sürdü Məcnun növbətin, indii mənəm rüsvayi-eşq,
Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.

Məsələ burasındadır ki, «Leyli və Məcnun» da Füzuli artıq zahidliklə mücadilə edən və yaxud ilahi eşqi haqqı bəsirət gözü ilə görənlərin kamillik dərəcəsi kimi tərənnüm edən sufi şairi deyil, irfançı mütəfəkkir idi: «Sufilər dünyanı bir kölgə, etibarsız, dəyişkən sayırlarsa, irfançı mütəfəkkirlər onu həyat və bilik məktəbi, elm xəzinəsi, böyük sirlər aləmi bilirlər». (Ç.Sasani). Bu mərhələdə artıq əqllə eşqin münasibətləri dünyanı dərk edən iki güzgü, iki idrak müstəvisi kimi üz-üzə gəlir. Məhz «Leyli və Məcnun»da adi dünyanı dərk edən əql sahibi, ilahi aləmi içindən nur kimi keçirib insanlara səadət gətirən ziyalı, irfançı, aləmləri bəsirət gözü ilə görən eşq əhli rəmzləşərək üz-üzə dayanır.
«Füzuli düşünür» müəllifinin eşq və sufiliklə bağlı mülahizələrinə münasibət olaraq belə qənaətə gəlirik: biz demirik ki, Füzuli real eşqdən uzaq olub, biz deyirik ki, Füzuli real eşqi ilahiləşdirib, insana kamilliyə gedən nur yolunu- eşqi nişan verib. Bu Qeysdən Məcnuna qədər gedən ən ülvi, ən çətin, ən ali, müqəddəs və pak bir yoldur.
M.Cəfər «Zahid mənfi bir surətdir, Füzulinin ideya düşmənlərindən biridir» dediyi kimi, ilahi eşqin təməlində duran ruhu (Ruh «Quran»da «Allah əmanəti» hesab olunur- G.Ə.)da az qala maddiləşdirir: «Səhhət və Mərəz»də Füzuli «ruh hərəkət mənbəyi olub dimaqda yerləşən bir qüvvədir» deyir. Alim yazır: «Səhhət və Mərəz»də ruhun, nəfsin ülvi bir aləmə doğru səfərindən də bəhs olunmuşdur. Lakin bu cəhət, bu romantik idrak nəzəriyyəsində Füzulinin əsasən realist mövqe tutduğunu kölgələmir».
M.Cəfər Məhəmməd Füzulinin görüşlərində müəyyən ziddiyyətlərin də olduğunu qeyd edir və bunu sufizm təsirinin nəticəsi kimi qiymətləndirir: «Füzulinin görüşlərində olan ziddiyyətlərin çoxu sufizm təsirindən gəlir desək, səhv etmərik. Şairimiz zahidliyi heç saya salmadan qətiyyətlə rədd edirdi. Sufizmə münasibətdə isə Füzuli hər zaman belə bir qətiyyət göstərə bilmirdi və bu mümkün də deyildi».
Məmməd Cəfər Füzulinin sufizmə münasibətinə dair tədqiqatlarda mövcud olan üç nöqteyi-nəzəri qeyd edir və onları birtərəfli hesab edir: birincisi, Füzuli son nəticədə sufizmə qapılmış, transendental eşq yolunu tutub; ikincisi, Füzulinin təsirləndiyi sufizm xüsusi sufizm-materialist sufizm imiş; üçüncü, Füzuli sufizmlə (zahidlikdə olduğu kimi!) üz-üzə gəlmiş, sufizmə qalib gəlmişdir.
Məmməd Cəfər öz üçüncü nöqteyi-nəzərini doğru hesab edir və yazır: «Miskin Zahiddən və zahidlikdən fərqli olaraq, fəlsəfi dona girmiş sufizm Füzuliyə bəzən təbii olaraq cazibəli görünürdü. Daha dəqiq deyilsə, sufizm şairimizin qəlbinə, onun can evinə də yol tapa bilmişdi». Beləliklə, Füzulini bütün monoqrafiya boyu sufizmdən qoruyan alim, son nəhayətdə Füzulinin sufi olduğunu təsdiqləmək zorunda qalır.
Məmməd Cəfər dahi şair Məhəmməd Füzulinin fəlsəfi görüşlərini araşdıraraq belə nəticəyə gəlir ki, «Varlığa münasibətdə Füzuli realistdir; qeyri-maddi varlıq, Allah problemi məsələsində isə o, skeptikdir. Böyük şairin kəskin mənəvi böhranlarına səbəb də bu skeptizmdir».
M.Cəfər M.Füzulinin böyüklüyünü, dünya əhəmiyyətini göstərmək istərkən onun görüşlərində şairin «insan konsepsiyası»nı ön plana çəkirdi. Çünki, bütün Şərq fəlsəfi təlimlərinin zirvə məqamı olan humanizm bilavasitə insan amili ilə bağlı idi.
«Füzuli düşünür» düşünən Füzulini, Füzulinin insanı kamilləşdirən eşqini duyan M.Cəfərin – Azərbaycan füzulişünaslığının ən layiqli elmi əsərlərindən biridir. O, Azərbaycan ədəbiyyatşünaslığının, füzulişünaslığımızın səviyyəsini əks etdirir. Füzuliyə məhəbbət, onun ədəbi-tarixi roluna dərindən bələdik, dünyanın nadir poetik inciləri olan Füzuli qəzəlinə vurğunluq, onu şərh və dərk etmək ehtirası M.Cəfəri füzulişünaslığımızın korifeyi kimi səciyyələndirən əsas cəhətlərdir.