Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…



 

Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


 

Yaradıcılığı haqqında söz açacağımız xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyevin tərtibat verdiyi tamaşalar öz zamanının məhsulu olaraq bu zamanın möhürünü daşımaqdadır. Bu tamaşalar səhnəqrafiya sənətinin inkişafının müəyyən tendensiyalarını özündə təcəssüm etdirməklə yanaşı, eyni zamanda, fərdiliyi, bənzərsizliyi ilə diqqəti cəlb edir. Son on ildə Nazim Bəykişiyevin tərtibat verdiyi çoxsaylı tamaşalardan "Hamlet" (quruluşçu rejissor Azər Paşa Nemət, 2002), "Afət" (quruluşçu rejissor Mehriban Ələkbərzadə, 2004), "Qatil"(quruluşçu rejissor M.Ələkbərzadə, 2004), "Dirilən adam" (quruluşçu rejissor Oruc Qurbanov, 2005), "Ölülər"(quruluşçu rejissor Mərahim Fərzəlibəyov, 2005), "Kaş araba aşmayaydı" (quruluşçu rejissor Bəhram Osmanov), "Arşın mal alan"(Vyana, Avstriya, 2006), "Afinalı Timon" (quruluşçu rejissor Azər Paşa Nemət, 2008, Teatr Xadimləri İttifaqının "Zəfər" teatr studiyası) və s.-də onun bir rəssam kimi istedadının hər zərrəsi açılır. Nazim Bəykişiyevin bədii tərtibat verdiyi tamaşaları asanlıqla tanımaq olur. Bu tanıma zamanı onun həm bir boyakar kimi sənətkarlığı, həm peşəkar sərrastlığının arxasında gizlənən təsviri temperamenti, həm də hər epoxanın bədii təcəssümü seyrçinin estetik qavrayışını müəyyənləşdirir.
Onun bir rəssam kimi quruluş verdiyi tamaşalarda pyesin zaman və məkan özəllikləri, milli koloriti, pyesdə təsvir olunan dövrün əlamətləri tamaşanın parlaq bədii obrazı ilə ifadə edilir. Klassik əsərlərə quruluş verərkən Nazim Bəykişiyev dövrə formal bərpaçı mövqeyindən yanaşmaqdan çox uzaq olur. Bu zaman biz rəssamın çevik yaradıcı təxəyyülünün özünəməxsus virtual bir aləm yaratdığının şahidi oluruq. Güclü səhnəqrafiq intuisiyasının köməyi ilə o, yaranmaqda olan tamaşanın dekorasiyasını bütövlükdə görür. N. Bəykişiyevlə işləyən rejissorlardan nə Mehdi Məmmədov, nə Azər Paşa Nemət, nə Vaqif İbrahimoğlu, nə Mərahim Fərzəlibəyov, nə Mehriban Ələkbərzadə, nə Oruc Qurbanov, nə Hüseynağa Atakişiyev, nə Vaqif Əsədov - heç biri həmmüəllif kimi onun şıltaqlığından, despotizmindən, təkəbbüründən şikayətlənməmişlər. Sadəcə, rəssam ilkin olaraq öz təxəyyülündə canlandırdığı, sonra eskizə çevirdiyi, daha sonra isə üç ölçülü maketdə realizə etdiyi "nəyinsə" səhnədə ilkin konsepsiyasına maksimal dərəcədə uyğunluğunu görməsə, işini bitmiş saymır.
Nazim Bəykişiyevin dəfələrlə söylədiyi kimi, teatrda rejissor və rəssam güclü bir vəhdət təşkil edir. Bu vəhdət elə əvvəlcədən rejissor və rəssam arasında özünü göstərə biləcək ziddiyyətləri baş qaldırmağa qoymur. İmkan daxilində özünü tam realizə etmək istəyi hər bir əsl sənətkarın təbii tələbatıdır. Bu tələbat həm rejissorda, həm də tərtibatçı rəssamda vardır. Amma hər ikisinin işlədiyi sahənin -teatr sənətinin işbirliyi statusu onları bir- birinə tabe olmağa yonəldir. Tamaşa üzərində çalışan bütün sənətkarlar həmfikir olmalı və vahid ideya ətrafında individual şəkildə əsas məqsədə xidmət etməlidirlər. Hazırlanan tamaşada baş verən əməl-fəaliyyətin xüsusiyyətlərinin rəng vasitəsilə və plastik formada açılması rəssamın əsas məqsədidir. N.Bəykişiyev hələ Moskvada A.V.Lunaçarski adına Dövlət Teatr sənəti İnstitutunda (QİTİS) təhsil aldığı illərdə birdəfəlik əxz edib ki, təbiəti etibarı ilə sintetik olan tamaşanın yaradılmasında tərtibatçı rəssam həmmüəllifdir, o, tamaşanın müəyyən bir "hissə"sini yaradır ki, bu "hissə" də özü- özlüyündə ayrıca mövcud ola bilməz, o, digər hissələrlə qaynayıb - qarışaraq yeganə tam olan tamaşanın yaranması ilə nəticələnir.
N.Bəykişiyevin teatrdakı fəaliyyətinin prinsipləri açıq-aşkar göstərir ki, tamaşanın ali məqsədinin açılmasında istifadə olunan formalar, üslublar, vasitələr hər dəfə hazırlanan yeni əsərin spesifik xüsusiyyətləri və yozumçular - həmfikirlər kollektivinin baxım bucağı ilə müəyyən edilir. Bu prosesdə rəssamın fərdi xüsusiyyətləri az rol oynamır. Çünki, yalnız onun prizmasından dramaturji əsərin xüsusiyyətlərinin anlaşılması həyata keçirilir. Tərtibatçı rəssam Nazim Bəykişiyev boyakar rəssam Nazim Bəykişiyevdən fərqli olaraq, tam müstəqil deyil, amma bununla belə, o, tamaşanın yaradıcılarından asılı olduğu kimi, onlara güclü təsir etmək imkanlarına da malikdir.
Teatr - dekor sənətinin bədii "məhsulu" - eskiz həm funksionaldır, həm də bir sənət əsəri kimi universaldır. Teatrın qanunu əməl, hərəkət, dəyişiklik və inkişafdır. Teatr rəssamı bu qanuna əməl etməlidir. Əgər o, bu qanuna əməl etmirsə, teatr sənətinin kollektiv sənət olduğunu qəbul etmirsə, ya teatrdan getməlidir, ya da ki, yaradıcılıq sevinci duymadan yaşamalıdır.
Təəssüf ki, səhnə sənəti bütün sənətlər içərisində ən ölümlüsüdür. Teatr b u a n ı n sənətidir. Çünki o, yalnız yaradıcılıq anlarında mövcuddur. Ünlü rus demokrat tənqidçisi V.Q. Belinski yazır: "…teatr sənəti indiki zamanda güclü təsir göstərərək, gələcək zamandan ötrü ölüdür…"
Tamaşa yaranır… yaşayır… ölür.
Tamaşa yox olur… eskiz qalır. Və bu eskiz istənilən milli teatr tarixini görümlü edir, quru tarixi canlı, emosional, ifadəli, təsirli, özünəməxsus sənədlərlə zənginləşdirir. Bu mənada N.Bəykişiyevin sərgilərdə nümayiş etdirilən tamaşa eskizləri universal sənət faktı statusunu qazanır.
Nazim Bəykişiyev teatr-dekor eskizində gələcək tamaşanı ifadə etməyi ustalıqla bacarır. Sərgiyə gələn tamaşaçı aydın görür ki, onun eskizləri və maketləri "ölmüş" tamaşanın həm də diriliyindən xəbər verən nümunələrdir.
İllər keçdikcə Nazim Bəykişiyev tamaşa məkanı ilə daha çevik davranır. O, səhnəni hündürlüyünə, eninə və dərinliyinə qədər istifadə edir, dekorasiyaları rejissor və bəstəkar ideyalarının üzvi şəkildə inkişafı üçün münbit zəmin yaradır. Səhnəni üfüqi və şaquli şəkildə istifadə edən rəssam yeni "oyun nöqtələri" axtarır. Gah səhnənin lap dərinliklərinə üz tutur, gah da dekorasiyalarını avansəhnəyə düzür. Hər bir halda o, tamaşanın rejissor konsepsiyasına, onun obrazlı həllinə teatrı dərindən bilən professional rəssam düşüncələrini qata bilir. Bununla da Nazim Bəykişiyevin teatr tərtibatı sənəti müasir səhnəqrafiya sənətinin ümumi inkişaf prosesinə təbii yolla qoşula bilir.
Nazim Bəykişiyevin səhnə tərtibatı yaradıcılığının birinci dövrünə aid olan tamaşalarda onun ənənəyə və kanonlara münasibəti aydın ifadə olunur. Ən maraqlısı da budur ki, rəssam bu tamaşalarda ənənəni inkar etməsə də, kanonları qəbul etmir. Məlum olduğu kimi, səhnəqrafiya rəssama kifayət qədər təhlükəli oyun şərtləri təklif edir: rəssam bir çox hallarda sələfləri tərəfindən dəfələrlə yozulmuş ədəbi materialla işləməli olur. Geriyə dönüb baxmadan, nihilist ehtirasa düçar olmadan o, özününki olanı, hazırda qurulmaqda olan tamaşa üçün vacib olan yeganə səhnəqrafik həlli tapa bilir. Nazim Bəykişiyevin müasir teatrdakı prinsipi və yolu da bax budur. Şekspir, Cəlil Məmmədquluzadə, M.F.Axundzadə, Ü. Hacıbəyov, H. Cavid, Mir Cəlal, Anar, Elçin və b. - bunlar Nazim Bəykişiyevin "ünsiyyətdə olduğu" müəlliflərdir.
Klassika eksperimentlər, yeni səhnəqrafik ideyaların təbliği üçün o qədər də rahat bir material deyil. Burada xüsusilə kəskin ölçü hissi, ənənəni hərəkətdə, inkişafda qəbul etmək bacarığı, ciddi və yüksək zövq xüsusilə əhəmiyyətlidir. Nazim Bəykişiyev göstərdiyimiz bu keyyfiyyətlərə yiyələnmiş sənətkar olduğu üçün də klassik əsərlərdə eksperiment aparmaq hüququnu qazanmışdır. Onun klassik tamaşalarında eksperiment ruhu çox güclüdür.
Nazim Bəykişiyevin xalq artisti, görkəmli rejissor Azər Paşa Nemətin quruluşunda oynanılan "Hamlet" və "Afinalı Timon" tamaşalarına verdiyi bədii tərtibat müasir Azərbaycan səhnəqrafiyasının ən parlaq və maraqlı səhifəsi kimi qeydə alınıb. Bu tamaşalarda rejissor ideyasının sərt səhnəqrafik ifadəsi, rejissor partiturasının ən incə nüanslarının qabarıqlaşmasına meydan açan tərtibat elementləri hər iki klassik əsərin gözlənilməz yozumunu daha da gücləndirir. Nəzərə alanda ki, Azər Paşa Nemət bir rejissor kimi özü də yüksək və incə səhnə məkanı duyumuna malik olan sənətkardır, onda N.Bəykişiyevin bu tamaşada quruluşçu rejissorun ideyalarının səhnəqrafik həllində bir həmfikir kimi işləməsi xüsusi önəm daşıyır.
Nazim Bəykişiyevin H. Cavidin "Afət" pyesinin tamaşasına (quruluşçu rejissor Mehriban Ələkbərzadə) verdiyi tərtibatda vaqeənin baş verdiyi məkan teatr-dekor sənətinin inkişafının müasir tendensiyalar kontekstində həllinin nümunəsidir. Bu tərtibat tamaşaçı təxəyyülündə assosiativ düşüncələrin yaranmasına təkan verir.
Teatr sənətinin hər dəfə yenidən həll edilməsi zəruri olan əbədi ziddiyyətlərindən birini belə formalizə etmək olar: pyes həmişə bizə o r a - d a və o z a m a n olanlardan danışır, tamaşa isə həmişə b u r a d a və i n d i baş verir. Nazim Bəykişiyevin bir teatr rəssamı kimi tərtibat verdiyi hər bir tamaşa məhz b u r a d a və i n d i baş verir. Gəlin etiraf edək ki, Azərbaycan teatr səhnəsində oynanılan bütün tamaşalar bu prinsipə cavab vermir.
Nazim Bəykişiyev teatrda çalışan son dərəcə teatral rəssamdır. Onun tərtibat işlərində həm rejissor fantaziyası, həm də aktyor oyunu üçün lazım olan şərait incəliklərə qədər yaradılır. Onun dekorasiyaları tamaşanın müxtəlif komponentləri arasında lazım olan zəruri bir tarazılığı saxlayır. Bunlar fəaliyyətdə olan dekorasiyalardır. Çünki rəssam onların vasitəsilə quruluşçu rejissorun ideyasının, əsas fikrinin plastik həllinə nail ola bilir. Yuxarıda sözügedən "Qatil" və "Dirilən adam" tamaşaları buna bariz misaldır. "Dirilən adam" tamaşasında B.Brextin epik teatr estetikasına söykənən Nazim Bəykişiyevin sərt və funksional baxımdan geniş imkanlar verən səhnə qurğusu təbiəti etibarı ilə epik janr olan romanın "səhnə oxunuşu" üçün səmərəli və təsirli şərait yaradır. Tamaşa başlamamışdan hadisələrin ovqatını, dövrün atmosferini, ab - havasını müəyyənləşdirən səhnəqrafiya funksionallığı ilə yanaşı, tamaşanın vizual obrazını yaratmağa müyəssər olur. Sözügedən obraz dövrün zahiri sərbəstliyini, möhkəmliyini və daxili sabitsizliyini ifadə edərək, görkəmli yazıçı Mir Cəlalın "Dirilən adam" romanının başlıca ideyası ilə üzvi bağlılıqda tamaşanın çağdaş səslənməsini öncədən müəyyənləşdirir.
"Geniş yaradıcılıq diapazonuna malik bir rəssam kimi Nazim Bəykişiyev Azərbaycan səhnəqrafiya sənətinin inkişafına böyük töhvələr vermişdir. Onun teatr - dekor sənəti sahəsindəki yaradıcılığı rəssamın dramaturji əsərlərin dərin qatlarına nüfuz etməsi və ədəbi materialın çox dəqiqliklə yozulması faktları ilə əlamətdardır". Görkəmli sənətşünas alim, əməkdar incəsənət xadimi, professor Leyla Axundzadəyə məxsus olan bu sözləri biz onun quruluş verdiyi "Qatil" tamaşasına da aid edə bilərik. Belə ki, "Qatil" tamaşasında rəssam hər şeydən əvvəl, pyesin tarixçəsini qabarıq açmağa yönəlmiş əşyalardan istifadə edir. Onun yaratdığı obraz - tamaşanın obrazı əsərin müəllifi Elçinin ədəbi mətn və quruluşçu rejissor Mehriban Ələkbərzadənin aktyor oyunu vasitəsilə yaratmaq istədiyi atmosferin daha da güclənməsini şərtləndirir. Nazim Bəykişiyev "Qatil" tamaşasına bədii tərtibat verərkən, ilk öncə tamaşanın ifadəli, məntiqli və təsirli obrazını - TAMAŞANIN OBRAZINI yaratmağa nail olub. Bu tamaşada biz N.Bəykişiyev tərəfindən səhnədə yaradılan səhnəqrafik obrazın vasitəsi ilə teatr adlanan mürəkkəb və əbədi bir aləmin ziddiyyətli təbiətinin bədii təqdimatını görürük.
Tamaşanın obrazı onun sintetik və hərtərəfli təzahürüdür. Bu gün tamaşanın obrazı anlayışı nəzəri olmaqdan daha çox işçi termin kimi işlədilməkdədir. Rejissorların, rəssamların, tənqidçilərin məqalələrində tamaşanın obrazı gah quruluşun mənasının, məğzinin ifadəçisi kimi işlədilir, gah da bu anlayış simvol mənasını əks etdirir. Bəzilərində isə tamaşanın obrazı anlayışı bədiiliyin sinonimi kimi qəbul edilir.
"Qatil" tamaşasında görünür ki, rəssam əşyalarla oynamağı, tranformasiya sevincini, əşyanın yeni keyfiyyətdə tanınma effektini, teatrdan real həyata ötürülən yeni-yeni assosiasiyaların yaratdığı möcüzəni sevir. Və bütün bunları səhnəqrafik obrazın tamlığında, bütövlüyündə ifadə edə bilir. Bu tamaşada konkret predmet rəssam tərəfindən yeni bədii kontekstdə təqdim edilir və biz, əgər belə demək mümkünsə, məğzinə görə psixoloji xassəli dekorasiya ilə üzbəüz dayanırıq.
Əbədi üslublar olmur, onlar formalaşır, təsdiq olunur, qələbə çalır, rəqabətə girir və yenisi üçün yol açaraq köhnəlir. Teatrda isə psixologizmin mənbəyi əbədi olaraq dəyişməz qalır: həyatı onun sonsuz rəngarəng təzahürlərində görmək bacarığı… ətraf aləmdə yeni olanın insana münasibətdə açılması… yad taleləri özününki kimi yaşamaq qabiliyyəti… Bəli, bu bacarıq nəinki aktyora və rejissora, həm də teatr rəssamına çox vacibdir!
Nazim Bəykişiyev yaradıcılığına yaxından bələd olanlar və o cümlədən, bu sətirlərin müəllifi əmindir ki, Nazim Bəykişiyevin yaradıcılığı məhz bu təməl üzərində qurulub. O, tamaşanın obrazının yaradılması prossesinin ilkin mərhələsindən səhnə formaları axtarışına başlayır. Onun "İblis", "Hamlet", "Dirilən adam", "Afinalı Timon" və b. tamaşaları səhnəqrafiyanın obrazlı həlli və güclü assosiativliyi ilə diqqəti cəlb edir.
Tamaşanın görünən obrazı çoxlaylı obrazdır. Onun görünən tərəfi vizual təsir vasitələri ilə - həcm, məkan, səth, rəng-işıq-ton, faktura, mebel və rekvizit, bu tərkib hissələrinin qarşılıqlı münasibətlərinin dinamikası, hərəkətdə olan kostyumlu aktyorların rəng trayektoriyası vasitəsilə yaradılır. Özünün mürəkkəb tərkibli olmasına baxmayaraq, tamaşanın görünən obrazı eyni zamanda bu çoxlaylı obrazın yalnız bir hissəsidir. Çoxlaylı tamaşa obrazının yaranması yalnız teatrın sintetik təbiətini təsdiq edən proqram tamaşalarda yarana bilir. Buna misal Nazim Bəykişiyevin "İblis" (quruluşçu rejissor M.Məmmədov), "Hamlet", "Afinalı Timon" (quruluşçu rejissor Azər Paşa Nemət) tamaşalarını göstərə bilərik.
Dəzgah boyakarlığı sahəsində böyük uğurlar qazanmış, mənzərə janrında bənzərsiz əsərlərin müəllifi Nazim Bəykişiyev nə üçün məhz teatra bağlandı və teatr rəssamı kimi şöhrətləndi? Görünür ki, teatr eyni zamanda yenilik axtarışları üçün rəssamdan ötrü həm bəhanə, həm də bir meydandır. Məncə, rəssamın teatra bağlılığının bir səbəbi də ondadır ki, burada həyatın təzahürləri durmadan yeni-yeni cildə girir. Və bir də ki, Nazim Bəykişiyev teatrda… TEATRI SEVİR.