Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…


EL SƏNƏTLƏRİ
 

Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


 

Rəşid Məmmədov əsərləri dünyanın bir çox mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilən, vətənində isə az tanınan ustad zərgərlərimizdəndir. Onun böyük zəhmət, təmkin, yüksək texnika, zövq tələb edən zərif nümunələrini gördükcə heyran qalmamaq mümkün deyil. Bu əsərlərdə qədim tarixə malik zərgərlik sənətimizin ənənələrinin davamı da var, onun bu sənətə gətirdiyi yeniliklər də.
Rəşid Qasım oğlu Məmmədov 1946-cı il mayın 30-da Bakıda dünyaya gəlib. 208 nömrəli orta məktəbdə, 1 nömrəli texniki-peşə məktəbində oxuyub, neft emalı zavodunda operator ixtisası qazanıb. 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika və telemexanika fakültəsini bitirib. 1970-72-ci illərdə orduda xidmət edib, leytenant rütbəsi alıb. Ordudan qayıtdıqdan sonra Azərbaycan Dövlət Layihə İnstitutunda mühəndis, baş mühəndis, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Texnikası komitəsində baş mühəndis, idarə rəisi, kollegiya üzvü vəzifələrində çalışıb.
Lakin onun gənclik illərindən könül verdiyi sənət zərgərlik olub. Bu sənətə necə yiyələnməsi barədə Rəşid Məmmədov deyir: "Mən bu sənəti atamın dayısı oğlu usta Həsəndən öyrənməyə başlamışam. Atam işləmək üçün Çəmbərəkənddəki evində ona yer ayırmışdı. Mən onun işinə elə valeh olmuşdum ki, bütün asudə vaxtımı Həsən dayının yanında keçirir, diqqətlə, səbirlə bu sənətin sirlərini öyrənməyə çalışırdım. Dərsdən çıxan kimi, tələsə-tələsə onun balaca emalatxanasına gedirdim. Sonralar o mənə bəzi tapşırıqlar verməyə başladı. Mən həvəslə bu işləri yerinə yetirir, görürdüm ki, usta gələcəkdə mənim də kamil zərgər olacağımı duyub".
Usta Rəşid sözünə davam edərək deyir: "Zərgərliyin elə sirləri var ki, onları heç kimin köməyi olmadan özüm tapmışam. Bu işin texnikasında elə üsullar tapmışam ki, mənə qədər heç kim istifadə etməyib, indi də etmirlər".
O, 1979-cu ildən SSRİ rəssamlar ittifaqının üzvüdür. Dəfələrlə Ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı, diplomçusu olub.
R.Məmmədovun bir çox zərgərlik nümunələrini Bakının Xalça və Dekorativ-tətbibi sənət muzeyi, Azərbaycan Tarix muzeyi, Moskvanın Şərq xalqları muzeyi, Sankt-Peterburqda ermitaj əldə etmişdir. Ümumiyyətlə, o, ilk gənclik illərindən hərtərəfli istedadı ilə hamının diqqətini cəlb edirmiş. Rəşidin çox gözəl səsi olmuş, vaxtı ilə mahnı müsabiyəsində qalib gəlmişdi. Politexnik İnstitutun estrada orkestrinin solisti kimi tanınmışdı. İdman sahəsində də uğurlar əldə etmiş, futbol üzrə respublikanın gənclərlən ibarət yığmasında çıxış etmiş, boks üzrə gənclər arasında Bakı çempionu olmuşdur.
Sənətkarın əsərləri incəliyi, zərifliyi ilə diqqətimizi cəlb edir. Lakin bunların əsl dəyərini vermək mütəxəssis işidir. Usta Rəşidin dedi-ynə görə zərgərlikdə bir sıra üsullar unudulmaqdadır. Elə üsullar da var ki, bu sahədə çalışan sonuncu sənətkar da, təəssüf ki, artıq dünyasını dəyişmiş, indi onun yolunu davam etdirən yoxdur. Məsələn, isti emal texnikası sahəsində artıq ölkəmizdə heç kim çalışmır.
R.Məmmədov zərgərlik əsərlərinin çoxunda şəbəkə texnikasından istifadə edir. Baxıram: demək olar ki, hamısı gümüşdəndir. Səbəbini soruşduqda deyir ki, qızıl bahadır. İmkanım olsaydı, qızıldan da əşyalar düzəldərdim.
Usta düzəltdiyi zərgərlik əşyalarının çoxuna ad verib. "Gəlin" diademası; "Mehri", "Tovuz", "Gəlin", "Payız yarpaqları" boyunbağıları; "Səbət", "Piyalə", "Saçaqlı", "Payız yarpaqları" sırğaları; "Tovuz" üzüyü; "Gəlin" qolbağı və s. Bunlardan başqa, onun əsərləri arasında quranqabı, sinəbənd, qadın kəməri diqqəti çəkir. "Payız yarpaqları" adlı boyunbağı və sırğalar elə zərif, dəqiq işlənmişdir ki, kənar bir tamaşaçı da onlara baxıb eyni adı verə bilər. İncə zövqlə işlənmiş bu əsərlərdə ağacını tərk etməkdə olan payız yarpaqlarının kədərini, özünəməxsus gözəlliyi duyulur. "Gəlin" diademası üç tərkib hissədən ibarətdir, onların bir-birinə bu cür qaynaq edilməsi xüsusi məharəttələb edir. Bu əsərlərdəki çox kiçik, lupayla görünən kürəciklərin materiala qaynağını da çox az yerdə görmək olar. Quranqabındakı günbəz və minarə rəssam dəqiqliyi ilə nəqş edilibdir.
Söhbət zamanı R.Məmmədov öz sənəti barədə maraqlı müşahidələrindən danışdı: "Hər bir xalqın zərgərlik sənəti məhsullarında onun xarakteri, psixologiyası əksini tapır. Məsələn, ləzgilər coğrafi cəhətdən bizə yaxın olsalar da, özünəməxsus xüsusiyyətlərə, sərt xarakterə malikdirlər. Zərgərlik işlərində də belədir. Deməzdim ki, onların işi kobuddur. Mən o işləri düzəltməkdə çətinlik çəkərəm. Amma bizimkilər daha incədirlər. Onların 100-150 qram metal sərf etdikləri işə biz 20-30 qram sərf edə bilərik. Qardaş türkmən xalqının necə mərd, zəhmətkeş, eyni zamanda sadəqəlbli olduğunu bilirik. Bu xüsusiyyətləri onların ustalarının düzəltdiyi zərgərlik əşyalarında görə bilərik. Sadəlik göz qabağındadır. Ermənilərin işlərinə də söz ola bilməz. Mən dəfələrlə Ermənistanda olmuş, zərgərlərin əl işləri ilə tanış olmuşam. Lakin bütün digər sahələrdə olduğu kimi burada da plagiatlıq göz qabağındadır. Onlar başqa xalqların yaradıcılıq üslubunu utanmadan, heç bir vicdan əzabı çəkmədən, asanlıqla özününküləşdirirlər. Biz azərbaycanlıların zərgərlik işlərinə baxdıqca isə bu xalqın nümayəndələrinin necə incəliklərə vara bildiklərini, tükü-tükdən seçdiklərini açıq-aşkar görürük.
Rəşid müəllim 1997-ci ildən Almaniyada yaşayır. Səbəbini soruşduqda incikliyini bildirdi, sənətinə qarşı laqeydlikdən danışdı. O, ölkəmizin bir sıra məqamlarına gedib sənətini gənc nəslin nümayəndələrinə öyrətmək üçün emalatxana, məktəb yaradılmasını xahiş etmiş, xahişinə cavab ala bilmədikdə isə xaricə getmək qərarına gəlmişdir. Onun Almaniyada necə işə başlaması da bizə maraqlı gəldi. Əhvalatı R.Məmmədovun öz sözləri ilə çatdırırıq: "Almaniyada zərgərlik emalatxanasına malik olmaq üçün usta adını almaq lazımdır. Bu adı almaq üçün isə müvafiq məktəb bitirib üç il işləmək və sonra imtahan vermək lazımdır. Mən lazımi müəssisəyə müraciət edərkən öz işlərimi onlara göstərdim. O qədər xoşlarına gəldi ki, ilk dəfə olaraq istisna hal kimi məktəb bitirmədən, imtahan vermədən mənə usta adını və zərgərlik emalatxanası açmaq üçün icazə verdilər".
Bu gün Rəşid Məmmədov Almaniyada normal təminatlı həyat yaşasa da, vətənində, Azərbaycanda sənətinin davamçısının olmaması qayğısı onu çox narahat edir. O indi öz sənətinə, bu sənətin sirlərinə dair kitab üzərində çalışır. Ustanın dediyinə görə bu peşənin sahibləri öz sirlərini başqalarına asanlıqlaı vermirlər. Zərgərliyə aid kitablarda da çox məsələ barədə xəsisliklə danışılır. R.Məmmədov nəzərdə tutduğu kitabında peşəsinin sirlərini mümkün qədər açmaq, gənclərə çatdırmaq fikrindədir. Lakin zərgərlik yalnız kitabla öyrənilən bir sənət deyildir. Mütləq bu işi gənclərə öyrədən bir ustad lazımdır. Rəşid müəllimlə söhbətim zamanı əmin oldum ki, əgər ölkəmizdə şərait yaradılarsa o, məmuniyyətlə vətənə qayıdıb istedadlı gənclərə bu peşəni öyrədər, incə şəbəkə üsulu ilə işləyən yeni zərgərlər nəslinin yetişməsinə səbəb olar, məmləkətimizdə bu sənəti ölməyə qoymazdı. Möhtəşəm layihələrin həyata keçirildiyi, böyük quruculuq işlərinin getdiyi bir ölkədə bir ustad üçün zərgərlik emalatxanası açmaq o qədər də çətin iş olmasın gərək. Təsəvvür edin: respublikamızın müxtəlif bölgələrindən gələn gənclər R.Məmmədovun yanında bu sənətə yiyələnər, sonra öz yerlərinə qayıdaraq daha çox sayda adama zərgərliyin sirlərini öyrədə bilərlər.
Nə qədər gec deyil, bu işi görmək lazımdır. Əsrlərdən bəri bizə gəlib çatmış bir sənətin gələcəyini təmin etmək müqəddəs borcumuzdur!