Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…


İSTEDADLAR
 

Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


 

Haqqında söhbət açacağımız istedadlı müğənni Fidan Hacıyevanı musiqisevərlər yaxşı tanıyır. Onun gənc olmasına baxmayaraq, sənətinin heyranları çoxdur. Odur ki, müğənninin istedadına pərəstiş edənlərin marağını nəzərə alıb, onları çox intizarda qoymayıb, birbaşa mətləbə keçirik.
Əvvəlcə onu deyək ki, Fidanın müğənnilik taleyi çox qəribədir. Musiqinin, çalıb oxumağın divanəsi olan Fidan respublikamızın aparıcı musiqi təhsil ocağı - Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano üzrə təhsil alarkən "Musiqi ədəbiyyatı" fənnindən növbəti dərslərin birində təsadüfən Azərbaycan vokal sənətinin ustası Firəngiz Əhmədovanın ifasını eşidir. Bu ecazkar səsə qulaq asdıqdan sonra vokal onun sənət taleyini yerli - dibli dəyişir. Filarmoniyaya səsini yoxlatmağa gedən pianoçu Fidan birdən - birə özünə naməlum olan istedadı aşkar edir və müğənnilık sənətinə ömürlük bağlanır.
1994-cü ildə məktəbin fortepiano sinfini bitirərək, Fidan Hacıyeva konservatoriyaya daxil olur və iki fakültə (fortepiano, vokal) üzrə təhsilini davam etdirir. Onun vokal müəllimi, opera səhnəsində German, Kavaradossi, Xose, Rudolf, Koroğlu kimi mürəkkəb obrazların əsrarəngiz ifaçısı Hüseyn Əliyev Fidana ifaçılıq sənətinin bütün qaydaları üzrə oxumağı öyrədir. Əməkdar artist, Musiqi Akademiyasının professoru, habelə klassik oxuma üzrə praktiki tədris repertuarının bilicisi kimi tanınan Hüseyn müəllimin böyük pedaqoji təcrübəsi sayəsində Fidan ilk addımlarını atmağa başlayır. Hüseyn Əliyevin sayəsibdə yüksək ixtisaslı, dərin musiqi savadı olan müğənni yetişir. Fidan da öz növbəsində daim üzərində çalışır, dünya opera sənətinin zirvəsində dayanan opera ifaçılarının yüksək peşə keyfiyyətlərindən bəhrələnir. Konservatoriyanın II kursunda ikən özünü professional səhnədə sınamaq qərarına gələn 19 yaşlı Fidan Azərbaycan Dövlət Opera və Balet teatrında gənc vokalçıların dinləyişi üçün təşkil olunmuş xüsusi komissiya qarşısında Kamill Sen - Sansın "Samson və Dalila" operasından Dalilanın ariyasını, Jorj Bizenin "Karmen" operasından Karmenin "Segidilya"sını, Üzeyir Hacıbəylinin "Sevgili canan" romans - qəzəlini uğurla ifa edir. Fidan eyni proqramla Türkiyənin İstanbul şəhərində keçirilən "Leyla Gəncə" adına müsabiqədə ən gənc ifacı kimi diplomla təltif olunur.
Gənc qızın böyük iradə və cəsarətlə professional səhnəyə çıxması Opera teatrımızın müdiriyyətinin nəzərindən yayınmır və Fidan tezliklə ilk debyut çıxışına ciddi hazırlaşmağa başlayır. Onun yaratdığı rollar içərisində J. Bizenin "Karmen" operasından Mersedes, Ü.Hacıbəylinin "Koroğlu" operasından Xanəndə qızın mahnısı Fidan Hacıyevanın professional səhnədə ilk addımları olmuşdur. Fidanın gələcəkdə ümidverici, perspektivli müğənni olmacağına artıq heç bir şübhə qalmırdı. Odur ki, gənc müğənni böyük həvəs və məsuliyyətlə Karmen obrazını yaratmaqdan ötrü tələb olunan bütün şərtlərə (fransız dilinin mükəmməl tələffüzü, ispan rəqslərinin səhnədə ifası) uyğun çalışmağa başlayır. Qeyd edək ki, bütün opera boyu fikri Karmen kimi mürəkkəb obraz üzərində cəmləşdirmək asan iş deyildir. Lakin çoxları inanmasa da, Fidan çətinliklərə sinə gərir və bu maraqlı qadın obrazını opera sənətimizin fəxri Fatma Muxtarovadan sonra özünəməxsus ifası ilə zənginləşdirir. 1996 - cı ildə Fidan Hacıyevanın iştirakı ilə tamaşaya qoyulan "Karmen" operası musiqi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.
Maraqlıdır ki, Fidanın yaratdığı Karmen obrazı onun sənət mövqeyini müəyyənləşdirərək böyük səhnədə həlledici rol oynayır. Fidana sonralar dəfələrlə bu obrazı səhnədə yaratmaq xoşbəxtliyi nəsib olur və Karmen obrazı bir növ müğənninin daxilində dərin kök salır. Qeyd edək ki, o, tək Azərbaycanda deyil, onun hüdudlarından kənarda da istər Karmen partiyasını, istərsə də Cüzeppe Verdinin "Aida" operasından Amnerisin partiyasını uğurla ifa edərək, vətənimizi layiqincə təbliğ etmiş və Azərbaycanı tanıtmışdır. 1996 - cı ildə müğənni Türkiyədə keçirilən "Türksoy" festivalında iştirakından sonra Mersin, İzmir, Ankara opera teatrları ilə əməkdaşlıqdan ötrü Türkiyə Dövlət Teatr müdiriyyəti tərəfindən müqavilə ilə işləmək təklifini qəbul edir. Fidanın Türkiyə ilə yaradıcı əlaqələri əslində onun səhnə taleyi üçün növbəti ciddi sınaq idi. Müğənni Kuzey Kıprız Türk Cümhuriyyətində keçirilən beynəlxalq festivalda müvəffəqiyyətlə çıxış edir. Çox keçmir ki, müğənninin sorağı Antalyanın 12 minə yaxın tamaşaçı tutumu olan eramızın II əsrinə aid antik "Aspendos" teatrının səhnəsindən gəlir!
Aspendosdakı uğurlu çıxışından sonra Türkiyə Fidana operanın beşiyi sayılan İtaliyaya qapı açılır və müğənni İtaliyanın Siyena şəhərində yerləşən musiqiçilərin Kidjana Akademiyasında sənətini təkmilləşdirmək imkanını əldə edir. Fidan Hacıyeva burada xüsusi təqaüdə layiq görülərək, Akademiyanın mötəbər pedaqoqlarından biri olan Marqarita Manka de Nisadan dərs alır. Buraya dünyanın hər yerindən axışıb gələn müğənnilər içərisində Fidana aydın olur ki, bizim zəngin vokal məktəbimiz vardır və o öz kökləri ilə bilavasitə vaxtilə Bülbül, Şövkət Məmmədova, Müslüm Maqomayev, Lütfiyar İmanov və digərlərinin sayəsində dərin iz qoymuşdur.
Azərbaycan operasının inkişafı naminə İtaliyada təhsil almış, vokal ustalıqlarını təkmilləşdirməklə mədəniyyətimizin inkişafına xidmət etmiş bu sənətkarların davamçısı olmaq Fidanın çiyinlərinə düşür və müğənni bunu çox gözəl anlayırdı. 2002 - ci ildə Kidjana Akademiyasının məzunu olan Fidan qala - konsertdə uğurla çıxış edərək "Diploma di Merito" mükafatına layiq görülür.
Qeyd edək ki, İtaliyanın Siyena şəhəri Fidanın həyatında təkcə professional keyfiyyərlərin təkmilləşdirilməsi ilə yadda qalmır. Məqaləni hazırlayarkən müğənni ilə səmimi söhbətdən bir neçə epizodu oxucularla bölüşmək məqsədilə Fidanın həmin günlərlə bağlı təəssüratlarını təqdim edirik: "İtaliyanın Siyena şəhəri Toskana vilayətində yerləşir. Eramızdan əvvəl I əsrdə romalılar tərəfindən salınan ecazkar yerdir. Bu şəhər - muzeyə o qədər bağlanmışdım ki, gələcək həyat yoldaşım Filipplə ailə qurub, onu bir daha görmək xoşbəxtliyini ulu Tanrıdan dilədim. Şəhərə təşrif buyuran turistlər kimi mən də qədim quyuya pul atdım ki, arzum həyata keçsin, toyum el adət - ənənələrinə uyğun olsun. Görünür, ulu Tanrı səsimi eşidibmiş. Çünki Siyenaya həyat yoldaşımla ikinci səfərim də çox mənalı oldu. Siyena italyan dilindən tərcümədə "xəyal" deməkdir. Mən dua etdim ki, qızım dünyaya gəlsin və atasına oxşasın. Odur ki, qızımın adını təsadüfən Xəyalə qoymamışam. Mən taleyə inanıram".
Fidan Hacıyeva həm sənətdə, həm ailədə əldə etdiyi uğurları ilə kifayətlənməyərək, aramsız çalışır, müəllimi Hüseyn Əliyevin quruluş verdiyi klassik Avropa operalarından, o cümlədən Coakkino Rossininin "Sevilya bərbəri" operasından Rozina, Cüzeppe Verdinin "Trubadur" operasından Azuçena kimi mürəkkəb partiyaları lazımi səviyyədə ifa edir. Fidan söyləyir: "Opera müğənnisi olmaq çox məsuliyyətlidir. Ailə qayğıları bir yana, həyatımda elə çətin anlar yaşamışam ki... atam uzun müddət ağır xəstə olub, bacım əməliyyat keçirib. Lakin məqsədimə nail olmaq üçün hər cür əziyyətə qatlaşmış, bir an belə öz əqidəmdən dönməmişəm. Əsl professional olmaqdan ötrü aramsız məşq etmək, səbirli və təmkinli olmaq lazımdır".
Səhnədə hər yeni tamaşanın uğuru üçün qızğın məşqləri canlı məktəb kimi dəyərləndirən müğənni özünün tərəf müqabillərini də unutmur. Fidan Hacıyeva həm yerli - o cümlədən Vladimir Rayevski, Hakan Aysev və digərləri ilə çıxış edərək, onlarla tərəf müqabili kimi də yüksək peşəkarlıq göstərmişdir. Bu korifeylərin sənəti ilə təmas sevinci duyan müğənni, onlarla sənət meydanında hər bir görüşdə özü üçün canlı təcrübə əldə etmişdir. O, ifa etdiyi kiçik rollar içərisində Cüzeppe Verdinin "Traviata" operasından Flora, "Riqoletto" operasından Maddalena, Fikrət Əmirovun "Sevil" operasından Gülüşün partiyası ilə də opera teatrımızın səhnəsində bacarıq nümayiş etdirmişdir.
Fidan Hacıyevanın opera müğənnisi kimi malik olduğu geniş repertuarı özündə həm də xalq musiqisini opera üslubunda, opera və estrada sənətini sintezləşdirə bilən rəngarəng mahnı çələngini ehtiva edərək, dinləyicilərin estetik zövqünü oxşayır. Əsasən məşhur klassik nümunələrə üstünlük verməyi xoşlayan Fidan hesab edir ki, dünya musiqi klassiklərinin, Azərbaycan bəstəkarlarının və zəngin xalq musiqisinin ifası sənətdə varislik yolu ilə davam etdirilməlidir. Milli musiqimizin seçilən nümunələri - Üzeyir Hacıbəylinin "Sənsiz", "Sevgili canan" romans - qəzəlləri, Asəf Zeynallının "Ölkəm", Niyazinin "Arzu", Əşrəf Abbasovun "Heyran olmuşam", Ağabacı Rzayevanın "Oxuma, gözəl" habelə klassik rus bəstəkarlarından P.İ.Çaykovski, S. Raxmaninov və digərlərinin romansları Fidanın ifasında sənətkarlıqla səslənir. İfaçılıq sənətimizin zirvəsində duran Şövkət Məmmədova, Firəngiz Əhmədova, Fatma Muxtarova, Fidan və Xuraman Qasımovalar kimi Fidan Hacıyeva da Azərbaycan opera səhnəsində dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirir. Təsadüfi deyil ki, müğənninin ifa mədəniyyətini və yüksək musiqi duyumunu görkəmli incəsənət xadimləri, o cümlədən, mərhum Heydər Əliyev və Müslüm Maqomayev, Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli, Rüstəm İbrahimbəyov, Rusiya Federasiyasının mədəniyyət naziri Mixail Şvıdkoy, Yevgeni Baskov, İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kosta və digərləri yüksək qiymətləndirmişlər.
Azərbaycan televiziyası ilə vaxtaşırı çıxış edən Fidan əsasən incəsənətimizin, mədəniyyətimizin taleyi barədə düşünür. O söyləyir: "Böyüməkdə olan gənc nəslin klassik musiqiyə marağını artırmaq məqsədilə bu sahədə geniş təbliğat aparmaq lazımdır. Buna görə də mən gənclərin uğurlu gələcəyini təmin etmək üçün repertuarımı xalq musiqisi, muğamlar, klassik operettalarımızdan məşhur nümunələrlə zənginləşdirirəm. Gənc nəsli oxuya bilməyən, zorla müğənnilik eşqinə düşən, dünyabaxışı məhdud dırnaqarası müğənnilərdən qorumaq hamımızın borcudur.
Fidan Hacıyeva yeni konsert proqramları üzərində işləyərək daim repertuarını yeniləşdirir. Xalq musiqisini sevən müğənninin bu üslubda ifa tərzi klassik ifasından xeyli dərəcədə fərqlənir, o tam başqalaşır. Fidanın milli musiqi ənənələrinə qayğı ilə yanaşması, bunlara yeni məzmun qazandırması Cavan Zeynallı ilə yaradıcı əməkdaşlığında öz həllini tapmış, muğam, caz və klassik operanı qovuşduran üç üslubda ifa tərzi öz uğurlu bəhrəsini vermişdir. Ümumiyyətlə, Fidan Hacıyeva həmişə sənətsevərlərin yaddaşına yeni və təravətli kompozisiyaların ahəngdarlığını hopdurmağa çalışır. Onun ifa etdiyi "Vətənimin övladları", "Ülvi andımız" kimi vətənpərvərlik nəğmələri xoş duyğular oyadır, fədakarlığa, qəhrəmanlığa ruhlandırır.
Müğənni Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini həm respublikamızda, həm də xaricdə fəal təbliğ edir. Onun Dövlət tədbirlərində çıxışı, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında, Dənizçilər evində solo konsertləri böyük uğurla keçmişdir. O, maraqlı konsert proqramı ilə Moskva, Ukrayna, Sankt - Peterburq Dövlət Filarmoniya və Konservatoriyalarında , eləcə də Almaniya ( Berlin, Frankfurt ), Yaponiyada (Naqoya) qastrol səfərlərində çıxış etmişdir. Fidan Hacıyeva bu gün ən məşhur və sevilən gənc opera müğənnimizdir. Güclü və gözəl səsə ( metso - soprano), yüksək aktyorluq məharətinə, coşğun tempetamentə malik müğənninin ifası təbiiliyi, müstəsna emosionallığı ilə diqqəti cəlb edir.
Hamının tanıdığı Fidan Bakı Musiqi Akademiyasının aspirantı, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, respublikanın əməkdar artistidir. O, adi həyatda həlim musiqili səsə malik, sadə, qayğıkeş və ciddi insan kimi ailəyə, torpağa bağlıdır. Ən əsası isə Fidan bütün uğurlarına görə öyünmür, ailə ilə peşə keyfiyyətlərini tənzimləməyi bacarır və bilir ki, əsl sənət yolunda çox çalışmaq gərəkdir. Sənətdə hər addımını ciddi ölçüb-biçən, məqsədyönlü əməlilə iş görən Fidan kimi istedadlar mədəniyyətimizin fəxridir. Arzumuz budur ki, o bundan sonra da tükənməz qüvvə, yorulmaz fəaliyyəti ilə dinləyicilərə gözəllik aləmi ilə ünsiyyət sevinci bəxş etsin.