Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…


SƏNƏT
 

Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


 

Folklor və klassik poeziya ilə sıx əlaqədar olan Azərbaycan xalq musiqisinə məzmun, xarakter, ifa tərzi və melodik xüsusiyyətlərinə görə bir-birlərindən seçilən mahnı, aşıq havaları, muğam və rəqs melodiyaları aiddir.
Milli musiqimizə əmək, mərasim, məişət, adət-ənənələrlə və tarixi qəhrəmanlıqla bağlı 1000-ə qədər mahnı, 500-dən artıq rəqs melodiyaları, 7 əsas və 5 kiçik həcmli muğam, 9 zərbi-muğam və 200-dən çox aşıq havaları və onların variantları daxildir. Göründüyü kimi, musiqimiz çox şaxəli və zəngindir.
Xalqın milli sərvəti olan çalğı alətləri isə mədəniyyətimizin çoxəsrlik inkişaf yollarını və durumunu əks etdirən əyani göstəricidir. Simli, nəfəs, zərb və özüsəslənən növlərə ayrılan çalğı alətlərimizin hərəsinin özünə məxsus səsi, ifa tərzi və yeri vardır.
Orta əsr musiqişünaslarımızın risalələri, maddi-mədəniyyət abidələri, klassik şairlərimizin şeirləri, rəssamlarımızın miniatürləri, ölkəmizə səyahət etmiş müxtəlif peşə sahiblərinin yol qeydləri, divar rəsmləri və muzey kolleksiyalarına əsaslanaraq müxtəlif dövrlərdə Azərbaycanda 90-a yaxın çalğı alətinin istifadə olunmasını göstərir. Lakin təəssüf ki, onların əksəri zaman axarında unudularaq sıradan çıxmışdır
Hazırda Azərbaycanda ən çox yayılan tarın geniş diapazonu, ahəngdarlığı, çoxsəsli akkord və virtuoz passajların çalınmasının mümkünlüyü, onu muğamların əvəzsiz alətinə çevirmişdir. Saz insanı düşündürməyə, emosiyalara qapılmağa sövq edir. Udun yumşaq, qanunun isə incə səsinə saatlarla qulaq asmaqla belə doymaq olmur. Balaban və neydə səslənən həzin lirik havalar insanı məftun edir. Çoban bayatıları elə bil tütək üçün bəstələnmişdir. Zurnanın möhtəşəm sədaları insanları cuşa gətirir, onlara mübarizlik aşılayır. Mərasim tamaşalarında iştirak edən zurnaçılar dəstəsinin çıxışı hamıya sevinc, xoş ovqat gətirir. Toy və el şənliklərində aşıqların sazda səsləndirdikləri havalar üstə müxtəlif şeir növləri (qoşma, gəraylı, bayatı, divani, ustadnamə, qıfılbənd, hərbi-zorba, gözəlləmə, vücudnamə, dodaqdəyməz, dildönməz, qoşayarpaq, təcnis və müxəmməslər, zəncirləmə) oxunur, qəhrəmanlıq, məhəbbət, ailə-əxlaq mövzusunda dastan, rəvayət, hekayə və nağıllar söylənir. Tulumçu dəstəsi yallı gedənləri müşayiət edir. Qarmonun şirin dilləri, nağara, qoşanağara və dümbəkdə vurulan ritmlər adamı, necə deyərlər, yerində oynadır.
Muğam, xalq mahnı və aşıq havalarını ifa edən, milli çalğı alətlərində şöhrət qazanmış mahir musiqiçilərimizin, habelə rəqs ustalarımızın adları keçmişdə olduğu kimi, indi də respublikamızda və ondan kənarda da məşhurdur.
Xalq musiqisi kimi təsviri sənət də çox şaxəlidir. Buraya boyakarlıq, heykəltəraşlıq, qrafika, qliptika, dekorativ-tətbiqi, bədii foto sənəti, rəqəmli təsvir və kompüter qrafikası daxildir.
Əsrlər boyu Şərq boyakarlığı təsviri sənətin özünəməxsus növü olan miniatür əsasında inkişaf etmişdir. Bu sənətin Yaxın, Orta Şərq, Mərkəzi Asiya və Hindistanın mədəniyyət mərkəzlərində kompozisiyaların düzülüşü və rənglərin əlvanlığı ilə seçilən öz məktəbləri (Təbriz, Şiraz, Herat, Buxara, İsfahan, Xorasan, Moğol) inkişaf etmişdir. Onların sırasında, hamı tərəfindən təsdiq edilən və daha məşhuru istedadlı rəssam Soltan Məhəmmədin başçılıq etdiyi Təbriz məktəbi idi. Bu məktəbə daxil olan rəssamların çəkdikləri miniatürlər Şərq poeziyası klassiklərinin - Firdovsi, Nizami, Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Şah İsmayıl Xətai, Fizuli və başqaların əsərlərinin xəttatlar tərəfindən köçürülən əlyazmalarını bəzəmiş, onlara xüsusi rövnəq vermişdir.
Rəssamlar fırçaları ilə oxuduqları misralara və poemalarda cərəyan edən hadisələrə öz münasibətlərini bildirmişlər. Onların yaratdıqları əsərlərdə insana xas olan cəhətlər, məişət səhnələri, saray təmtərağı və hərbi döyüş anları əks olunmuşdur. Bununla da, rəsm əsərləri cəmiyyətin mənəvi və maddi aləmi haqqında məlumat verən qiymətli mənbəyə çevrilmişdir. Belə ki, miniatürlərə görə orta əsr dövrünün baş örtükləri, paltarları, hərbi geyimləri və silahları, ovçuluq ləvazimatı və s. ilə yanaşı mövsüm, ailə-məişət mərasim və şənliklərində, meydan tamaşalarında, oyun və əyləncələrdə, şadlıq məclislərində, məişətdə, hərbi döyüşlərdə və ovda səslənən müxtəlif çalğı alətləri haqqında dəyərli məlumatlar əldə etmək mümkündür. Miniatürlərə əsasən musiqi haqqında konkret mühakimə yürütmək mümkün olmasa da, çalğı alətlərindən (xüsusən nəfəs və zərb) çıxan səslərin ucalığı barədə müəyyən fikir söyləmək olar. Bundan başqa, miniatürlər çalğı alətlərinin yayılma məkanını və inkişafının öyrənilməsində böyük əhəmiyyət kəsb edir. Bunlara əsasən, zaman çərçivəsində alətlərin xarici görünüşünün dəyişdirilməsini müəyyən, qismən də olsa, cəmiyyətin geniş kütlələrinin həyatında musiqinin rolunu dərk etmək olur.
Miniatürlərə görə, başqa mənbələrdən fərqli olaraq, çalğı alətlərinin xarici görünüşü, konstruktiv elementləri (çanaq, üz-deka, qol, kəllə, aşıq, sim və pərdələrin sayı), quruluş xüsusiyyətləri, çalınma tərzi haqqında əyani məlumat almaq mümkündür. Çalğı alətlərini ifaçılar və ya miniatürdə əks olunmuş başqa əşyalarla müqayisə edərək, onların ümumi və müxtəlif hissələrinin ölçüləri haqqında da fikir yürütmək olar.
Şəkillərdə əks olunan eyni çalğı alətlərinin müqayisəsi, onların çanaqlarının forması, simlərinin sayına görə fərqlənən növlərini ayırd etməklə yanaşı, inkişafını da izləmək olur. Təsvir edilmiş musiqili məclislərdə səsləndirilən çalğı alətlərinə əsasən ansamblların növləri və tərkibi barədə də bilgi əldə etmək çətin deyil.
Miniatürlərdə orta əsrlərdə Azərbaycanda keçirilən musiqi ilə müşayiət olunan mövsüm mərasim və şənliklərinə, Novruz bayramı ərəfəsində göstərilən tamaşa və oyunlara ("Təkə oyunu", "Cütcü şumu", "Çövkən"), kef, şadlıq məclislərinə, dəbdəbəli qarşılanma, döyüş və ov səhnələrinə və eləcə də rəqslərə geniş yer verilmişdir. XVIII əsrin sonu - XIX əsrin birinci yarısında Avropa rəngkarlığının təsiri ilə rəssamlıqda Qərb və Şərq ənənələrini özündə birləşdirən, yəni əlvan rəng, geyimlərin dəqiq verilməsi ilə seçilən yeni boyakarlıq nümunələri yaradılır (Əbülqasım Təbrizi, Mirzə Qədim İrəvani). Bu dövrdə əsasən çalğı alətlərini səsləndirən qadın surətləri çəkilir. Tədricən müasir boyakarlıq növləri inkişaf edir. Bunlarda da müxtəlif musiqi səhnələri geniş yer alır
Obyektiv varlığı - insanı, təbiəti, real həyat hadisələrini, mifoloji surətləri kətan, divar, ağac, şüşə və s. üzərində rəsm və rənglərlə əks etdirən boyakarlıq təsviri sənətin əsas növlərindən biridir. Bədiilik, canlılıq, ifadə gözəlliyi bu sənətin əsas əlamətləridir. Onu ərsəyə gətirəndə ideya, mövzu, süjet və xarakterlərin vəhdətinə çalışırlar. Boyakarlığın monumental (freska, mozaika, vitraj, mayolika), dekorativ (müxtəlif məişət qablarının bəzəkli naxışlarla işlənməsi), teatr-dekorativ (kinofilmlərin bədii tərtibatı ilə bağlı işlənilən dekor, əlbəsə və təsvirlər), miniatür və molbert adlanan xüsusi dəzgaha bənd edilən kətan, taxta lövhə, karton və s. üzərində əsasən yağlı boya və həmçinin akvarel - sulu boya (adətən bitki yapışqanından hazırlanan rəngin su ilə qarışdırılması), quaş (buğda nişastası və başqa yapışdırıcı maddələrlə narın piqmentdən suda hazırlanıb ağ mineral boyaqla qarışdırılan rəng), tuş (qara və başqa rəngli akvarel mürəkkəb) işləmə üsulları və rəqəm texnikası ilə çəkilən dəzgah növlərində musiqi səhnələri geniş əks olunmuşdur. Bu təsviri sənət növündə ön plana ifaçılar vasitəsilə musiqinin insanlarda yaradığı emosiya, xoş duyğular çəkilir. Rəssam elə bil səsin rənglərini görür. Onların qarşısında duran məqsəd - şəkilə baxan tamaşaçıların musiqini duymasıdır. Ona görə də rəssamlar musiqinin ecazkar gücünü hərəkət və üzün cizgiləri ilə vermək istəyirlər. Çalğıçının surətini və ya çalğı alətlərinin görünüşünü kətan üzərinə köçürən rəssam, bir qayda olaraq, onları dəqiqliklə verməyə o qədər də cəhd etmir. Yalnız xarakter cəhətlərini canlandırmağa çalışır. Rəssamlar ifaçını və çalğı alətini müxtəlif rakurslarda göstərərək, musiqi səhnələrinin insanlara təsir edən amilləri qabardırlar. Bu cəhətdən muğam və xanəndə mövzularında Toğrul Nərimanbəyov, Hafiz Məmmədov, Oqtay Şıxəliyev, Şöhrət Ələkbərov, Eldar Mikayılzadə, Asif Azərelli, İsmayıl İsmayılov, Faiq Əkbərov, Emin Ələkbərov, İsmayıl Məmmədov, Arif Qəndi, Anar Əlizadə, Qüdrət Məmmədov, Həmzə Abdullayev, Tofiq Qəzənfər, Asim Məmmədov, Eldar Qurban və başqalarının işlədiyi tablolar səciyyəvidir. Boyakarlıq əsərləri sırasında Namiq Məmmədov, Akif Əsgərov və Arif İsmayılovun xanəndə surətləri, Asəf Cəfərov, Elşən Hacızadə və Faiq Qəmbərovun kamançanı, Nazim Rəhmanovun isə udu səsləndirən çalğıçılar, Toğrul Nərimanbəyov, Asəf Cəfərov və Ağa Mehdiyevin yaratdıqları milli güləş ustalarının möhtəşəm görkəmləri böyük maraq doğurur. Toy səhnələrini (Yusif Hüseynov, Cavad Mircavadov, İsmayıl Məmmədov, Ağəli İbrahimov, Şöhrət Ələkbərov və b.), xalq tamaşa və bayramlarını (Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Elçin Aslanov, Tələt Şıxəliyev) canlandıran şəkillər də az deyildir. Portret janrında qopuzu əlində tutan və ya səsləndirən Dədə Qorqudun nurani siması canlandırılmışdır (Nüsrət Hacıyev, İsmayıl Məmmədov, Asif Azərelli, Sakit Məmmədov və b.). Mirzə Sadıq Əsəd oğlu (Bayram Qasımxanlı, Davud Kazımov), Qurban Pirimov (Salam Salamzadə), Bəhram Mansurov (Oqtay Şıxəliyev), Hacı Məmmədov (Hafiz Məmmədov), Habil Əliyev (Eldar Mikayılzadə) kimi məşhur ifaçıların, xanəndələrdən Xan Şuşinski (Odtəkin Ağababayev) və Sara Qədimovanın (Böyükağa Mirzəzadə), müğənnilərdən isə Rəşid Behbudovun (Asəf Cəfərov) dolğun surətləri yaradılmışdır. Aşıqlardan Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı (Elçin Aslanov), Aşıq Alı (Tahir Məcidov) və Aşıq Ələsgərin (Mikayıl Abdullayev, Sadıq Şərifzadə, Böyükağa Mirzəzadə) surətləri çəkilmiş, aşığın ümumiləşdirilmiş obrazı (Toğrul Nərimanbəyov, Həsən Məmmədov, Bağır Maratlı, Telman Cəfərov) yaradılmışdır.
Müxtəlif çalğı alətlərini birləşdirən ansambl (Toğrul Nərimanbəyov, Ağəli İbrahimov,) zurnaçılar dəstəsinin (Asəf Cəfərov, Elturan Avalov) və rəqqasələrin çıxışı (Nadir Əbdürrəhmanov, Aidə Əfəndiyeva) canlılığı ilə seçilir.
Vahid mühitdə qrup şəklində yerləşdirilən müxtəlif əşyaların təsviri verilən natürmortlar çalğı alətləri əsasında işlənilmişdir (Mir İsmayıl Cəfərov, Heydər Cabbarlı, Asif Azərelli, Nazim Şamxalov, Məmməd Səfəroğlu). Bu vaxt təsvir obyekti kimi çalğı alətlərinin seçilməsində əsas meyar onların xalq arasında geniş yayılması, orkestr və ansamblların tərkibində daha çox istifadə olunması götürülmüşdür.
Tar bağlayan ustanın da surəti çəkilmişdir (Elçin Məmmədov).
Azərbaycanda həcmli (üçölçülü) təsvir prinsipinə əsaslanan incəsənət növü olan heykəltəraşlıq sənətinin ilk elementlərinə Qobustan qaya təsvirlərində rast gəlinir. Qafqaz Albaniyası dövründə (IV-VII əsrlər) daş və metal üzərində qabartmalar - barelyeflər geniş yayılmışdı. Qəbirüstü daşlarda oymalar, naxışlar, at və qoyun heykəlləri ilə yanaşı, çalğıçılar və çalğı alətləri həkk edilmişdir.
Dövrümüzdə heykəltəraşlıqda təsvir obyekti kimi Dədə Qorqud (Səid Rüstəm, Namiq Zeynalov, Elman Cəfərov), məşhur müğənni Rəşid Behbudov (Cümşüd İbrahim), mahir tarzən Hacı Məmmədov (Cəlal Qaryağdı), kaman ustası Habil Əliyev (İbrahim Zeynalov, Xanlar Əhmədov), Aşıq Hüseyn Saraclı (Fərhad Heydərli) vardır. Nurəli Şahbazov, Zakir Əhmədov, Hamlet Musayev və Müslüm Eldarov tərəfindən yaradılan muğam sənətini yaşadan üçlük öz emosiyalığı ilə seçilir. Xanəndə (Sahib Quliyev, Akif Əsgərov) və zurnaçı (İsa Məmmədxanov) böyük maraq doğurur. Güləş (Fuad Bakıxanov) və rəqs səhnələri (Arif Qazıyev, Telman və Eldar Zeynalov qardaşları və b.) və eləcə də çalğı alətləri (Teymur Qəribov) heykəltəraşlıqda öz əksini tapmışdır.
Musiqi mövzusu qrafikaya aid edilən əsasən kağız (bəzən perqament və parça üzərində cizgi, xətt, ştrixlərlə əllə çəkilən rəsm, müvafiq olaraq lövhə üzərində həkk edilmiş rəsmin basma (çap) üsulu ilə və rənglə örtülmüş yastı şəklin təzyiq altında kağıza və ya başqa materiallara köçürülən qravür və litoqrafiya əsərlərində, eləcə də kitab qrafikası, karikatura, plakat, kitab sahibinin adı yazılan və simvolik şəkil çəkilən bədii kitab nişanında - ekslibrisdə də yer almışdır.
Qrafik əsərlərdə xalq tamaşalarını Ələkbər Rzaquluyev, Həsənağa Mustafayev, Adil Rüstəmov, muğam sənətini Ələkbər Rzaquluyev, Əşrəf Heybətov, Cəfər Əliquluyev, Mir Teymur, Mənzər Ağayev, Mətanət Aslanova, çalğıçıları Nadir Axundov, Adil Rüstəmov, Nazim Yunisov, Müslim Abbasov, Mais Əliyev, ansambllar Ələkbər Rzaquluyev, Arif Ələsərov, rəqs səhnələrini Altay Hacıyev,
Maral Rəhmanzadə, Əsmər Əliyeva, Rafiq İsmayılov, çalğı alətlərini Şəhla Qəhrəmanlı və onları emalatxanada hazırlayan ustanı Arif Ələsgərov və eləcə də Aşıq Ələsgər, Aşıq Pərinin və Aşıq Alının surətlərini müvafiq olaraq Ələkbər Rzaquliyev, Maral Rəhmanzadə və Nəcəfqulu əks etdirmişlər.
Musiqi sənətinə həsr olunmuş atlas, kitab və məcmuələrin üz qabığının bədii tərtibatında təsviri sənətin müxtəlif növlərində işlənmiş şəkillər (Kazım Kazımzadə, Əmir Hacıyev, Elturan Avalov və b.) geniş yer almışdır.
İctimai-sayası və məişət mövzulu satirik və ya yumoristik rəsmlərlə şarj və qrotesk (insanların və ya əşyaların fantastik böyüdülmüş, eybəcər-komik şəkildə verilməsi) vasitələri ilə nəzərə çatdıran karikaturalarda, xüsusən Azərbaycanda ilk şəkilli satirik jurnalı olan "Molla Nəsrəddin"də verilmiş şəkillərdə xalqın gündəlik həyatında rast gəlinən xoşagəlməz mənfi halları, çatışmazlıqları əks etdirmək üçün xalq tamaşaları, rəqs və çalğı alətlərindən bacarıqla istifadə edilmişdir (Ə.Əzimzadə, O.İ.Şmerlinq).
Qrafikanın geniş yayılan növü olan və təşviqat, reklam, məlumat və tədris məqsədini daşıyan plakatlarda (Elmira Şahtaxtinskaya) orta əsrlərdə Azərbaycanda yaşamış görkəmli musiqişünaslar Səfiəddin Urməvi və Əbdulqadir Marağinin surətləri əks olunmuşdur.
Musiqi məzmunlu ekslibrisin tərtibində (Ələkbər Rzaquluyev, Yevgeniya Şalıgina, Ehtiram Lazımov) şəxsin (Ş.Mirzəyeva, Arif Məlikov, Firudin Şuşinski) sənəti, onun yaradıcılığında baxılan məsələlər və maraq dairəsi əsas götürülmüşdür.
İctimai və şəxsi məişətdə təcrübi əhəmiyyət kəsb edən bədii məmulatlar (qobelen, keramika, naxış tikmə, toxuma, zərgərlik) və tökmə, ağacişləmə, döymə, metalişləmə, cızma, oyma, yandırma, divara naxış çəkmə, bəzək vurma üsullarla işlənmiş əməli əşyaların daxil olduğu dekorativ-tətbiqi sənət nümunələri Azərbaycanda çox qədimdən yaranmışdır. Bu sənətə aid olan nümunələr müxtəlif materiallar (keramika, çini qab, şüşə, parça, metal, ağac, daş və s.) əsasında hazırlanmışdır. Ağac və daş oyma işlərində başqa səhnələrlə yanaşı, xanəndə və çalğıçıların şəkilləri vardır. Metalişləmədə oyma, döymə, qravür, yəni dəmir qələmlə cızma üsullarla həndəsi (üçbucaq, romb) buta, badam şəkilli fiqurlar və nəbati naxışlar vurulmuş, musiqi məzmunlu şəkillər həkk edilmişdir. Bu sənət növündə Zivər Məmmədovanın yaratdığı rəqqasə surəti, Əzizə Əliyevanın toy tamaşasına həsr etdiyi dekorativ pannosu, Eldar Əhmədov və Səlhab Məmmədovun "Mənim torpağın" dekorativ və Səmədağa Cəfərovun saxsı boşqab üzərində çəkdiyi muğam üçlüyü diqqəti cəlb edir.
Kilimə çox yaxın olan qobelenlərdə, yəni əl ilə toxunulmuş divar xalçalarında (Hətəm Yusubov, Pavel Kuzmenko), keramika (Cəlil İbrahimov) və parça üzərində (Qərib İbrahimov) musiqili səhnələr də yer almışdır.
Çalğı alətlərini təşkil edən çanaq, sağanaq, qol, kəllə, aşıq hissələrinin naxışlarla bəzədilməsi nadir dekorativ sənət nümunəsidir. Muzey eksponatları göstərir ki, tar, saz, qaval, zurna və balabanın bəzədilməsi Azərbaycanda XIX əsrin ikinci yarısından başlayaraq geniş yayılmağa başlamışdır. İndi də bu ənənə davam edir.
Dekorativ-tətbiqi sənət növünə aid edilən xalçaçılıq xüsusi qeyd olunmalıdır. Qədim yunan filosoflarının qeydləri, arxeoloji qazıntılar Azərbaycan ərazisində yaşayan xalqların xalçaçılığa çox qədimdən meyl etmələrini göstərir. Çünki bu sənətlə məşğul olmaq üçün lazım olan bütün materiallar (yun əldə etmək üçün qoyunçuluq təsərrüfatı, əlvan boyalar hasil etmək üçün müxtəlif bitki növləri) burada var idi.
IX-X əsrlərdə Azərbaycana gələn səyyahlar, o cümlədən tarixçilər burada istehsal edilən xalça və xalça məmulatları haqqında məlumat verirlər. Xalçaçılıq, xüsusən, XV-XVII əsrlərdə Səfəvilər dövründə daha geniş inkişaf edir. Orta əsrlərdə Azərbaycanın demək olar ki, bütün şəhərlərində xalça toxunulmuşdur. Xalça növlərinə də şəhərlərin adı verilmişdir (Quba, Şirvan, Bakı, Təbriz, Qarabağ, Gəncə, Qazax və s.). Bu xalçalar çeşnilərinə, yəni naxışlarına, başqa bəzək elementlərinə, işlədilən boyalara və ölçülərinə görə seçilmişdir. Azərbaycanda toxunmuş xalçalara diqqətlə baxdıqda, yallı, qaytağı kimi xalq rəqslərini andıran naxış kompozisiyalarını sezmək olur.
Otağın divarına vurulan xalça üstündən asılan tar, kamança və saz üçün yaraşıqlı fon rolunu oynayır. Təsadüfü deyildir ki, ürəyə yatan naxış ritminə və rəng ahəngdarlığına görə xalça musiqiyə və şeirə oxşadılmışdır (X.Masse). Xalılar simfonik musiqi kimi müxtəlif tərkibə malik sənət növünə aid edilmişdir (A.Paon). Xalça rəssamı bəstəkarla müqayisə edilmiş, toxucu musiqi ifaçısı ilə eyniləşdirilmişdir (A.Vasilyev). Toxucuların çevik və iti barmaqları skripkaçının və ya pianoçuların barmaqları ilə müqayisə edilmişdir. Taxta çərçivədə tarım çəkilmiş iplər və hana bütövlükdə qəribə bir arfaya - çəngə bənzədilmişdir (K.Əliyava, E.İbrahimov). Musiqi və xalça - incəsənətin unikal forması, xalqın improvizasiya dahiliyinin təkrarolunmaz yaradıcılıq məhsulu sayılmışdır (Anar).
Böyük qürur hissilə qeyd etməliyik ki, muğam, aşıq yaradıcılığı, çalğı alətlərimizdən ən mükəmməli tar və miniatür sənəti kimi Azərbaycan xalçaçılığı da ölkəmizə şöhrət gətirən milli mədəniyyətimizin simvollarından biridir.
Naxışlı və portret xalça növlərindən başqa, müxtəlif mövzuda, o cümlədən musiqi ilə əlaqədar süjetli xalçalar da yaranmışdır. Onların sırasında ney çalan çobanın təsviri olan "Dörd fəsil" (XIX əsrin sonunda Təbrizdə toxunub), "Səfiəddin Urməvi", "Əbdülqadir Maraği" (Lətif Kərimov), Dədə Qorqud (Məmməd Şirzad), "Şəbi-hicran" , "Segah", "Musiqi korifeyləri" (Eldar Mikayılzadə), "Yallı" (Arif İsmayılov), "Ləzginka" (Mahmud Çelabov) xalçalarını göstərmək olar.
Həqiqəti obyektiv canlandırmaq deyil, müəyyən niyyəti ifadə etmək üçün xüsusi seçilmiş səhnələri qeyd etmək məqsədini güdən bədii foto sənətində musiqili səhnələr daha dəqiq görünür (Hüseyn Hüseynzadə, Ağdəs Bağırzadə və b.).
Əsərləri elektron təsvirlərin insanın kompüter imitasiyası yolu ilə yaranan rəqəmli boyakarlıq və kompüterlə rəsmlərin sintezi və həmçinin real dünyadan alınan vizual məlumatların işlənməsi olan kompüter qrafikası kinematoqrafiya və cizgi filmlərində geniş yer tapmışdır. Təsviri sənətin bu növlərində musiqi səhnələrindən geniş istifadə olunmuşdur.
Göründüyü kimi, xalq mərasim və oyun tamaşalarında, şifahi ənənəli musiqi sənətində ifaçı və çalğıçıların iştirak etdiyi səhnələr rəssam və heykəltəraşlar üçün dərin məzmunlu və qiymətli mənbədir. Şübhə yoxdur ki, onlar bundan sonra da musiqi mövzusunda işlənilmiş yeni əsərlərlə tamaşaçılara böyük mənəvi zövq verəcəklər.