Ana səhifə Repressiya Qurbanları Qurultayların materialları Nəşrlər Fotoalbom

ÖN SÖZ


Yüsif BALASAQUNLU
Şah İsmayıl XƏTAİ
Abbas TUFARQANLI
Ağ AŞIQ
Dirili QURBANİ


Meh­di HÜSEYN
"OTELLO"


Sevda MƏMMƏDOVA
OPERA SƏHNƏMIZIN
SÖNMƏZ ULDUZU


Aydın DADAŞOV
İS­TE­DA­DIN QÜDRƏ­Tİ


Məryəm ƏLİZADƏ
О, ТЕАТРДА…ТЕАТРЫ СЕВИР


Könül ƏLİYEVA
M.S.ƏFƏNDIYEVIN
TEATRŞÜNASLIQ FƏALIYYƏTI


İmruz ƏFƏNDİYEVA
TANINMIŞ DIRIJOR VƏ BƏSTƏKAR


Paşa ƏLİOĞLU
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR


Kəmalə ƏLƏSKƏRLİ
VOKAL SƏNƏTİMİZİN FƏXRİ


Səadət ABDULLAYEVA
AZƏRBAYCAN XALQ MUSİQİSİ
VƏ TƏSVİRİ SƏNƏTİ


Sürəya QARACABƏY ÇELİK
1940-60-Cİ İLLƏR ARASINDA TEATR


Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


Orman ƏLİYEV
TARİXİ FİLMLƏRDƏ
MİLLİ HƏYATIN TƏSVİRİ


Vaqif YUSİFLİ
MUĞAM SEVGİSİ


Kamilla SƏDİRXANOVA
BAKI MUSİQİ AKADEMİYASININ KONSERTMEYSTER
USTALIĞI SİNFİNİN ƏHƏMİYYƏTİ VƏ FORMALAŞMASI


Firuz MUSTAFA
DÜNYA- TEATR MODELİ…
və ya əksinə,
Teatr dünyanın modeli kimi


ÇOXŞAXƏLİ YARADICILIQ


Eyvaz ZEYNALLI
QOBUSTANDA BİR GÜN


Nəsib BAYRAMOĞLU
ARI DÜNYASI


AYDAN
HEYKƏLLƏR, HEYKƏLLƏR…



 

Afaq AŞUMOVA
PARLAQ ORQAN IFAÇISI
(Rəna İsmaylovanın yaradıcılıq fəaliyyəti haqqında)


 

Azərbaycan orqan mədəniyyətini müasir dövrümüzdə bacarıqlı və layiqincə təmsil edən əməkdar artist, Rəna İsmaylovanin orqan məktəbinin inkişafında əməyi böyükdür. O, təkcə əla texnikaya və üslub duyumuna malik parlaq ifaçı deyil, həm də orqan üçün əsərlərin istedadlı tərtibatçı-redaktoru, təbliğatçısıdır, təcrübəli pedaqoq, hərtərəfli ictimai-musiqi xadimidir.
1974-cü ildə Rəna İsmaylova Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını orqan üzrə (professor Z.Cəfərovanın sinfi) bitirmişdir. 1983-86-cı illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində professor L.İ. Royzmanın sinfində orqan sənəti üzrə assistent-stajorluğu keçmişdir. 1989-cü ildə o, Leo Kremerin ustad kurslarında iştirak etmişdir. Öz məşhur müəllimlərinin dəyərli məsləhətlərinə əməl etməklə Rəna İsmaylova seçdiyi yolda çox gözəl nailiyyətlər əldə etməyi bacarmış, parlaq yaradıcı şəxsiyyət kimi formalaşmışdır.
Azərbaycanlı orqan musiqiçisinin ifaçılıq taleyi 70-ci illərdə başlamış və indiyə qədər davam edir. Bu gün onun konsertlərinin coğrafiyası çox genişdir və musiqi dünyasının bir çox şəhərlərini əhatə edir: Bakı, Moskva, Riqa, Minsk, Yaroslavl, Nijni Novqorod, Berlin, Köln, Altenberq və s. 1984-89-cu illərdə R.İsmaylova Moskva Dövlət Konservatoriyasının Kiçik və Böyük Zallarında solo konsertləri ilə çıxış etmişdir.
1984-cü ildə "Vışka" qəzeti Moskva Konservatoriyasının aspirantı R.İsmaylovanın solo konsertlərinin uğurlarından yazırdı. O vaxtlar iki hissəli konsertdə onun ifasında A.Vivaldi, İ.S.Bax, İ.Brams, O.Messian, F.Əlizadə və başqalarının əsərləri səslənmişdi. Mətbuatın fikrincə, "bu çıxışın qeyri-adiliyi onda idi ki, R.İsmaylova orqan kimi "ciddi" musiqi alətində ilk dəfə olaraq Oskar Pitersonun caz kompozisiyasını çox böyük məharətlə ifa etmişdir".
Professor L.Royzmanın orqan sinfində assistent-stajorluğu bitirərkən azərbaycanlı orqan ifaçısı hesabat kimi Moskva Konservatoriyasının Kiçik Zalında solo konserti ilə çıxış etmişdir. Hesabat konsertində o, artıq ənənə halını almış qaydaları pozaraq, konsert proqramına yalnız və yalnız müasir bəstəkarların son onillik ərzində yazdıqları əsərləri daxil etmişdi. M.İ.Qlinka adına Musiqi Mədəniyyəti Muzeyinin baş elmi işçisi N.Mileşina qeyd etmişdi ki, Moskva Konservatoriyasında orqan ifaçılığı təcrübəsində repertuarın belə təfsirinə ilk dəfədir ki, rast gəlinir. Konsertin proqramı Moskva, Latviya və Azərbaycan bəstəkarlarının əsərlərindən tərtib edilmişdi. R.İsmaylovanın ifasında Sofiya Qubaydulinanın violonçel və orqan üçün "İn kroçe" ( RSFSR əməkdar artisti Vladimir Tonxanın iştirakı ilə ), Nazim Əliverdibəyovun "Bayati-Şiraz"ı, Firəngiz Əlizadənin "Fantaziya" əsərləri səslənmişdi. Bu konsertdə, həmçinin, Moskvada ilk dəfə olaraq Cəlal Abbasovun Qara Qarayevin xatirəsinə həsr etdiyi "Postlyud", R.Yermaksın latış xalq mahnısı "Vey, veterok" mövzusuna "Passakalya" və P.Vasksanın "Pesnopeniya niru" əsərləri ifa olunmuşdu.
Rəyçilər bu konsertdən sonra R.İsmaylova haqqında yazırdırlar ki o, formalaşmış fərdi dəsti-xəttə malik, xüsusi improvizə ifa tərzi ilə seçilən musiqiçidir. Təsadüfi deyildir ki, konsertin proqramına, başlıca olaraq, improvizə üslubunda yazılan əsərlər daxil edilmişdi.
1987-ci ildə Moskvada M.İ.Qlinka adına muzeydə R.İsmaylovanın solo konserti baş tutmuşdu. Rəyçilərin gəldikləri qənaətə görə, onun "özünəməxsus ifa tərzi sayəsində" Vivaldi-Bax Konsert a moll və Bax "Fantaziya" G Dur özünün yeni səslənməsini tapmışdı. Konsertin proqramına, həmçinin, N.Məmmədov, N.Əliverdibəyov, F.Əlizadə, H.Rzayev, C.Mixaylov və P.Vasksın əsərləri daxil olunmuşdu. R.İsmaylova orqanın rəngarəng tembrlərindən və dinamiki imkanlarından sərbəstliklə istifadə etdiyini, registr cəhətdən qarşıya çıxan bütün məsələlərin gözlənilməz həlletmə bacarığını nümayiş etdirmişdi. H.Rzayevin "Çahargah muğamı" əsəri ifa edilərkən "orqanın səslənməsi, qeyri-ixtiyari olaraq, azərbaycan nəfəs alətlərinin dəfin müşayəti ilə səslənməsini xatırladırdı".
R.İsmaylovanın istedadının maraqlı cəhəti - interpretasiyada - təfsirdə dəqiqlik və sadiqlik, psixoloji cəhəti bir yerə cəm etmək və onu son həddə çatdırmaq, musiqi kompozisiyasını "rejissor sayağı" çox inandırıcı şəkildə qurmaq bacarığıdır. Alətin təbiətini çox gözəl duyaraq, manual və pedal texnikasına virtuozcasına yiyələnməklə, o, səmimiliyi ilə fəthedici hisslərin cərəyanı ilə dolu atmosfer - əhatə yaradır. Bu zaman orqan ifaçısı tez-tez qeyd olunmuş təfsilatdan əl çəkərək formanın iriləşdirilməsinə meyl etdiyini, həm də emosional-dramatik mənşəyə üstünlük təşkil verdiyini təzahür etdirir. Texniki çətinliklərin həlli başlıca şeyi, yəni, bəstəkar düşüncəsinin dinləyicilərə çatdırılması cəhdlərini kölgədə qoymur.
1986-88-ci illərdə R.İsmaylova Yurmalada (Latviya) Orqan və kamera musiqisi festivalında iştrak etmişdir. Festivallar ictimai əsaslarla, bəstəkar və orqan ifaçısı R.Qrauzdının təşəbbüsü ilə keçirilmişdi. Təşkilatçılar müasir orqan musiqisinin təbliğini öz qarşılarına əsas məqsəd kimi qoymuşdular.
Festival günlərində R.İsmaylova solo proqlamla çıxış etmişdi. "Sovet orqan musiqisinin təbliğində onun israrlığı və yorulmazlığı bizi heyran edir, Azərbaycan orqan ifaçısının konsertləri ilə əlaqədar 1988-ci ildə R.Yermak qeyd edirdi, - gənc artistin parlaq plastikliyi, ehtiraslı ifası və cazibədarlığı valeh edir"(İ.Romuldova).
1990-cı ildə Latviya Bəstəkarlar İttifaqının dəvəti ilə R.İsmaylovanın Riqada Domski Soborda konserti keçirilmişdi. Domski Konsert Zalında onun ifasında İ.S.Bax, Messian və müasir Azərbaycan və Latviya bəstəkarlarının əsərləri səslənmişdi.
Azərbaycan orqan ifaçısı müntəzəm olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında və "Kirxa" Orqan və kamera musiqisi zalında konsertlərlə çıxış etmişdi.
R.İsmaylova müxtəlif orijinal musiqi proyektlərinin - "Orqan dünən və bu gün" silsilə konsertlərin, alman, norveç, fin, fransız və ingilis musiqisi konsertlərinin təşkilatçısıdır.
2006-cı ildən R.İsmaylova Almaniyanın Köln şəhərində yaşayır. Son illərdə o, Kölndə, Altenberqdəki Domski Soborda Solo konsertlər keçirmişdir. Bütün konsertlərdə o, Qərbi Avropa və Azərbaycan bəstəkarlarının, o cümlədən, İ.S.Bax, H.F.Hendel, Q.Fore, A.Qilman, V.Adıgözəlov, S.İbrahimova, F.Bədəlbəyli, V.Mosart, O. Messian və digərlərinin əsərlərini ifa etmişdir.
R.İsmaylovanın zəngin yaradıcılıq tarixinə həm də xalq artisti N.Rzayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Kamera Orkestri ilə, müasirliyin digər aparıcı solistləri - Rusiyanın əməkdar artisti V.Tonxa, Azərbaycanın xalq artistləri F.Qasımova və X.Qasımova, S.Qəniyev, əməkdar artist Ç.Məmmədov, A.Manaflı, R.Abdullayev ilə birgə çıxışlar daxildir. Almaniyada azərbaycanlı orqan ifaçısı alman müğənnisi Anqelika Müller (soprano) ilə ansamblda çıxış etmişdir.
Fəal konsert fəaliyyətinə görə R.İsmaylova 2000-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür.
Radio və televiziyanın Qızıl fondunda R.İsmaylovanın ifasında çox saylı Azərbaycan orqan musiqisinin lent yazıları vardır. 2008-ci ildə o, "East - West" ("Şərq - Qərb") adlı kompakt diskini buraxdırmışdır.
Kompakt diskə iki disk daxildir:
1."Azərbaycan orqan musiqisi"
2."Avropa orqan musiqisi"
Bütün əsərlər Kölndə Müqəddəs Yozef Kilsəsində, "Shulte" firmasının istehsalı olan orqanda ifa edilərək diskə yazılmışdır.
Azərbaycan orqan musiqisi R.İsmaylovanın repertuarında xüsusi yer tutur. O, bir çox Azərbaycan bəstəkarlarının orqan üçün çoxsaylı əsərlərinin ilk ifaçısı olmuşdur.
Geniş imkanlara malik olan bu musiqi alətinin xüsusiyyətlərinə görə orqan ifaçısı bir çox hallarda əsərin taleyində və müvəffəqiyyətində böyük rol oynayaraq bəstəkarın həmkarına çevrilir. Azərbaycan bəstəkarları orqan üçün bir çox əsərləri Rəna İsmaylova ilə sıx yaradıcılıq əlaqəsində yazmışlar. V.Adıgözəlov geyd edir ki, R.İsmaylova "Azərbaycan musiqisinin yaranmasında fəal iştirak edir, forma axtarışında öz məsləhətləri ilə bizə kömək göstərir, tematika seçimində öz köməyini əsirgəmir və bununla bizim aramızda hörmət qazanmışdır. Ən ümdəsi budur ki, o əsərləri sonradan klassik orqan əsərləri ilə eyni sırada ölkədə təbliğ edir" ("Vışka" qəz. 18 may, 1989) .
2000 və 2001-ci illərdə R.İsmaylovanın rəhbərliyi altında iki cildlik "Azərbaycan bəstəkarlarının orqan musiqisi" çap edilmişdir. Birinci cildə üç əsər - N.Əliverdibəyovun "Bayatı-Şiraz", V. Adıgözəlovun "Muğam-fantaziya" və A. Əlizadənin " Muğam sədaları" daxil edilmişdir. Bu əsərlərdən hər biri muğamın ahənginin improvizə məğzinin təcəssümüdür. İkinci cildə C.Abbasovun Q.Qarayevin xatirəsinə "Postlyud", İ.Mirzəyevin "Sonata", N.Mirişlinin "İki ofort", F.Hüseynovun "Sonata"("Mərasimlər") əsərləri daxildir. Müasir yazı texnikasından istifadə edilmiş bu əsərlər ifadə vasitələrinin - registrləşdirmə effektləri, tembr səciyyələri, parlaq artikulyasiya və s. - seçilməsində ifaçılara geniş sərbəstlik verir. Onu da qeyd etmək lazımdır ki, N.Əliverdibəyovun "Bayatı-Şiraz", C.Abbasovun Q.Qarayevin xatirəsinə "Postlyud" əsərindən başqa, adı çəkilən bu əsərlər müəllifləri tərəfindən R.İsmaylovaya həsr olunmuşdur.
İfaçılıq fəaliyyəti ilə yanaşı R.İsmaylova 1987-ci ildən 2005-ci ilə qədər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orqan sinfində dərs demişdir. O, 1994-cü ildən Bakı Musiqi Akademiyasının "Orqan və klavesin" kafedrasının dosentidir. BMA-da dərs dediyi müddətdə R.İsmaylova çox sayda Azərbaycan orqançıları yetişdirmişdir ki, onların arasında müsabiqələr diplomantları və laureatları, beynəlxalq orqan musiqi festivallarının iştirakçıları vardır. Pedaqoji işindəki uğurlarına görə R.İsmaylova Azərbaycan Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
R.İsmaylova Azərbaycan mədəniyyətini ölkə hüdudlarından kənarda təbliğ edən fəal ictimai musiqi xadimidir. 1987-ci ildə o, Kiyevdə orqan ifaçılığı üzrə təşkilati komissiyanın tərkibinə daxil edilmiş, 1991-ci ildə Nijni Novqorodda "Orqan dünən və bu gün" adlı beynəlxalq festival və konfransın iştirakçısı, 1992-ci ildə Riqada "Qadınlar əmək bazarı şəraitində" adlı beynəlxalq seminarın iştirakçısı olmuş, 1994-cü ildə, xeyriyyəçi kimi Dağlıq Qarabağdan olan qaçqın uşaqların bir qrupunu Almaniyaya aparmışdır.
İndi R.İsmaylova Almaniyada yaşayır və Azərbaycan bəstəkarlıq məktəbini fəal təbliğ edir, konsert fəaliyyətilə uğurla məşğul olur.
Parlaq fərdi xüsusiyyətlərə malik ciddi musiqiçi R.İsmaylova cəmiyyətin musiqi və mədəni həyatında fəal iştirakı ilə böyük fədakarlıqla incəsənətə xidmət edir.